Qüdrətli Azərbaycan Ordusu
qarşıda duran bütün vəzifələri yerinə
yetirməyə qadirdir
Müstəqilliyinin
20-ci ildönümünü təntənəli şəkildə
qeyd edən Azərbaycan Respublikası bu gün bir çox sahədə
böyük uğurlar qazanmışdır. İqtisadi cəhətdən
sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə
durmadan nüfuzunun artması, həyata keçirdiyi regional və
qlobal layihələr onun gələcək nailiyyətlərinin
qarantıdır. Zamanın tələblərinə uyğun
olaraq aparılan düzgün daxili və xarici siyasət Azərbaycanı
regionun ən qüdrətli dövlətinə çevirmişdir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan iqtisadiyyatı Cənubi
Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Ümummilli
liderimiz Heydər Əliyevin dediyi kimi, iqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir.
Güclü iqtisadiyyatı olan ölkənin güclü
orduya malik olması isə onun mövqelərini daha da möhkəmləndirir,
gücləndirir, milli maraqların qorunmasında öz rolunu
oynayır. Məhz buna görə də ölkə rəhbərliyi
dövlət üçün əhəmiyyətli olan
bütün sahələrlə yanaşı, ordu quruculuğu
sahəsinə də xüsusi diqqət yetirir, müdafiə və
təhlükəsizlik məsələlərini daim diqqət
mərkəzində saxlayır. Azərbaycanın müstəqilliyinin
20-ci və Silahlı Qüvvələrin 93-cü
ildönümləri münasibətilə iyunun 26-da
Bakının "Azadlıq" meydanında keçirilən
təntənəli hərbi parad da bu fikirlərimizi bir daha
sübut etdi.
Dünyada yaşayan bütün azərbaycanlıların fəxrlə izlədiyi hərbi paradda Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin nümayiş etdirdiyi nizam-intizam, Azərbaycan hərb sənayesinin istehsalı olan hərbi texnika və müasir silah-sursatlar daha çox diqqəti cəlb etdi. "Tütək" raket kompleksləri, "Qırğı" tank əleyhinə raket kompleksləri quraşdırılmış "Əqrəb" markalı xüsusi zirehli avtomobillər, Daxili Qoşunların "SOFA", Dövlət Sərhəd Xidmətinin "Kobra" zirehli maşınları, xüsusi təyinatlı bölmələrin "Land Rover" və "Mercedes" maşınları, Daxili Qoşunların "Cardom" tipli minaatanlarını görən hər kəs sonsuz qürur hissi keçirirdi. Hərbi birləşmələrimizin malik olduğu silah və texnika bununla bitmirdi. Müxtəlif çaplı, müasir tipli yedəkli artilleriya sistemləri, avtomatik minaatanlar, tank əleyhinə toplar, haubitsalar, qoşqular, zireh sistemləri bir-birinin ardınca meydanda boy göstərdilər. Onlar arasında olan "Dolu-1" 20,4 kilometr, "Leysan" 45, "Şimşək" 150, "Qasırğa" isə 70 və 90 kilometrlik məsafələrə reaktiv mərmi atmaqla hədəflərə dəqiq zərbə vurmaq imkanına malikdir.
Azərbaycan Silahlı Qüvvələri müasir zenit-raket komplekslərinə də malikdir. Ölkəmizdə yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində "Kaman" zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş "Qalxan" zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfiqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. "Favorit" zenit-raket sistemi isə eyni anda saniyədə 2800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. "ARI-1T" mobil avtonom zenit-raket kompleksinin ölkəmizdə modernləşdirilməsi nəticəsində 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına malik olmuşdur. Özüyeriyən "Nərgiz" topları xüsusi mərmilərdən istifadə edilməklə 47,5 kilometr dərinlikdə olan hərbi təyinatlı strateji obyektlərə zərbələr endirməyə qadirdir. Azərbaycanda aparılan modernləşdirilmə nəticəsində "T-72" tankları - "Aslanlar" ən müasir tələblərə uyğunlaşdırılmış, atəşi və döyüşü idarəetmə sistemləri təkmilləşdirilmiş və tam kompyuterləşdirilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi, sevindirici hal ondan ibarətdir ki, müasir dünya ordularında da istifadə olunan həmin silahların böyük bir qismi ya ölkəmizdə istehsal olunmuş, ya da modernləşdirilmişdir. Bu isə bir daha göstərir ki, Azərbaycanın hərbi sənayesi kifayət qədər inkişaf etmiş, Silahlı Qüvvələrimizi silah-sursatla tam təmin edəcək səviyyəyə çatmışdır.
Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığına yiyələnməsində rol oynayan əsas amillərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Son illər müvafiq sahədə də ciddi irəliləyişlər əldə olunmuşdur. Hərbi qulluqçularımızın döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri fərdi qəhrəmanlıq nümunələri buna ən yaxşı sübutdur. Ölkə ictimaiyyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Fərid Əhmədovun, Əhməd Abdullayevin simasında bir daha bunun şahidi oldu. Bu gün ordumuzun sıralarında Mübariz İbrahimov kimi yüksək döyüş hazırlığına yiyələnmiş, Vətəninə və xalqına bağlı minlərlə hərbi qulluqçu xidmət edir.
Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, döyüş hazırlığının daim artırılması ilə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsi də həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Hazırda Azərbaycan Prezidentinin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Hərbi qulluqçular üçün ümumilikdə 627 mənzilli yaşayış binalarının tikintisi yaxın vaxtlarda başa çatdırılacaqdır. Bu gün Silahlı Qüvvələrimizin 43 hərbi hissəsində əsaslı tikinti və təmir-bərpa işləri aparılıb. Bu il 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində xalqımız hərbi qulluqçulara dövlət qayğısının növbəti bir nümunəsinin şahidi oldu. Azərbaycan Prezidentinin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları müvafiq olaraq 25 və 10 faiz artırıldı. Bütün bunlar ölkənin milli maraqlarının təmin olunmasında dövlətimizin hərbi qulluqçulara göstərdiyi etimadın nümunəsidir. Şübhə yoxdur ki, ordu mənsubları bu etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğruldacaqlar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, ordumuzun daha da güclənməsi istiqamətində aparılan işlər dövlət başçısı kimi onun fəaliyyətinin prioritet məsələsidir. Bu bir faktdır ki, ölkəmizin iqtisadi potensialı artdıqca Silahlı Qüvvələrimizin daha da güclənməsinə və modernləşdirilməsinə ayrılan xərclər də artırılır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, bu il dövlət büdcəsindən bu sahəyə ayrılan məbləğ 2,6 milyard manat (3 milyard 250 min dollardan çox) olmuşdur. Bu isə Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur.
Ölkəmizin müdafiə və təhlükəsizlik sahəsinə ayrılan xərcləri artırması təbiidir. Çünki artıq 20 ildir ki, Azərbaycanın 20 faiz torpağı işğal altındadır . Beynəlxalq səylərə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri əraziləri azad etməyib. Bu barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib. Həm BMT TŞ-nin, həm də ATƏT-in, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarlarında qoşunların işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Ancaq rəsmi İrəvan nəinki bu qərarlara hörmətlə yanaşır, hətta Azərbaycanın sülh siyasətindən sui-istifadə edərək danışıqlar prosesinində vaxt uzatmağa çalışır.
Təssüf ki, beynəlxalq birlik hələ də ermənilərin bu hərəkətlərinə "səbrlə" yanaşır. Halbuki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdı. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Belə olan halda təbii ki, gec-tez son sözü Azərbaycan Ordusu deyəcəkdir. Bu il iyunun 26-da keçirilən hərbi paradda biz bir daha şahid olduq ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmək gücünə malikdir. Məhz bundan təlaşa düşən rəsmi İrəvan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında yaranmış təlaşı ortadan qaldırmaq üçün yeni-yeni hərbi təlimlər və hətta hərbi parad da keçirməyə hazırlaşır. Ancaq, necə deyərlər, qorxunun əcələ faydası yoxdur. Vaxtı çatanda Azərbaycan Ordusunun qətiyyətli zərbəsi işğalçıların sonunu gətirəcəkdir. O vaxta isə çox az qalıb...
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 12 iyul.- S. 4.