Kirməkini turizm məkanına çevirmək olar

 

Kirməki Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşir. Kirməki ərazisi eyniadlı palçıq vulkanı, vadi, "Yanar dağ" və " Qotur su" kimi nadir geoloji obyektlərlə zəngindir ki, bunlar da elmi və turizm baxımından çox maraqlıdır.

Kirməki palçıq vulkanının yüksəkliyi 104 metrdir.Vulkanının morfologiyası günbəzə oxşardır. Vulkan sönmüş vulkanlara aid olsa da, ərazisində çoxlu sayda salzalara və qrifonlara rast gəlinir. Salzalardan çıxan neftli məhsullar qrifonlar əmələ gətirməklə uzun müddət açıq atmosfer şəraitində qalır və bu müddət ərzində onların tərkibindəki qaz, maye və s. ayrıldığından yerdə qır qalır. Burada qır axımlarının sayı həddən artıq çox olduğundan yerli əhali bu ərazini "qır məkanı" adlandırmışdır. Bu söz sonradan transformasiya olunaraq, bugünkü "kirməki" şəklini almışdır.

Kirməki palçıq vulkanını digərlərindən fərqləndirən cəhət burada neft daşıyan süxur laylarının yer səthinə çıxması, çoxlu sayda əl ilə qazılmış neft quyularının (kənkanlarının) olmasıdır. Neft kənkanlarının çoxu dağılmışdır. Onların bəzisinin görünən dərinliyi 5-6 metrə qədərdir. Quyuların taxta ilə bərkidilməsi müşahidə olunur.

Kirməki vadisi eyniadlı aşırımın şimal-şərqində yerləşir. Vadinin ərazisi dünya əhəmiyyətli nadir geoloji muzeyi xatırladır. Burada neftli layların yer səhtinə çıxmasını, onların yatım elementlərini (azimut, düşmə bucağını və s.), neftli layların tərkibini, amplitudalarını, geoloji pozulmaları , çoxlu sayda "qır bulaq"larını, müşahidə etmək mümkündür. Bundan başqa, burada dünya miqyasında çox az yerlərdə müşahidə olunan dördüncü dövrün fauna məzarlıqlarından biri yerləşir. Bunu isə vadidə rast gəlinən paleontoloji qalıqlar təsdiq edir. Qeyd edildiyi kimi, Kirməki ərazisində yerli əhali tərəfindən "qotur su" adlandırılan kükürdlü-qazlı su mənbəyi də müşahidə olunur. Sudan ayrılan qazı kibrit vasitəsi ilə alışdırmaq mümkündür.

"Yanar dağ" dövlət tarix- mədəniyyət və təbiət qoruğu ərazinin şimalında Məhəmmədi kəndinin qərbində yerləşir. "Yanar dağ"da yüksəklik 58 metrdir. Yanardağ məşəlindən cənubda müşahidə olunan palçıq vulkanından ətrafa atılan palçıqla bərabər qaz və su da çıxır. Bu da onu göstərir ki, vulkan mərkəzindən ayrılan qaz digər tektonik çatlar vasitəsi ilə yer səhtinə çıxmış və müxtəlif təsirlərdən (təbii və ya antropogen) alışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında imzaladığı sərəncamla "Yanar dağ" ərazisi qorunan tarixi abidələr sırasına daxil edilmişdir.

"Yanar dağ" təbiət abidəsi milli qoruq elan edildikdən sonra bir çox ölkələrdən gələn turistlərin böyük marağına səbəb olmuşdur. "Yanar dağ" qoruğunda abadlaşdırılma işlərinə ehtiyac vardır. İnsanlar "Yanar dağ"a ziyarətgah, müqəddəs bir yer kimi də baxırlar. Göründüyü kimi, adları çəkilən nadir geoloji obyektlər özlərinin forma və mahiyyəti etibarı ilə diqqət çəkəndir. Belə ki, Kirməki palçıq vulkanının morfologiyasını, məhsullarını (neftdaşıyan layları və s.) vadidə olan fauna və floranın paleontoloji qalıqlarını, "Yanar dağ"da qaz məşəlini, "Qotur su" bulaqlarını görmək, onlardan estetik və müalicəvi zövq almaq hər adam üçün maraqlı olardı.

Kirməki ərazisi dünya və respublika əhəmiyyətli nadir geoloji obyektlərin yerləşdiyi bir məkandır. Bu ərazini qorumaq və ondan faydalanmaqla gələcək nəsillərə catdırmaq bizim borcumuzdur.

 

 

Fəxrəddin ABDULLAYEV

 

Xalq qəzeti.- 2011.- 12 iyul.- S. 5.