Azərbaycanın siyasi tarixinin Heydər Əliyev epoxası

 

Ümummilli lider Heydər Əliyevin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün önəmli fakt və hadisələri çağdaş siyasi təqvimimizdə aktuallığı ilə daim gündəmdədir. Bu baxımdan ulu öndərin Azərbaycanda birinci dəfə siyasi olimpə yüksəldiyi 14 iyul 1969-cu il günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində, həqiqətən, yeni bir dövr başlandı. Heydər Əliyevin görünməmiş bir sərbəstliklə respublikanı idarə etməyə başlaması nəinki Moskvada, heç Bakının özündə də rahat qarşılanmadı. Yeni dövlət başçısı neçə illərin sükunətini hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, ictimai əxlaqı saflaşmaya yönəltdi.

Heydər Əliyevin dövləti idarə məharətinin formalaşmasında 50-60-cı illər həlledici rol oynamışdı. Məhz bu illərdə vəzifə pillələrində yüksəlişi, eyni zamanda, ona imkan verirdi ki, sovet dövlətçiliyinin həm məzmununa, həm də praktikasına dərindən bələd olsun. Bu isə qırx yaşlarında artıq yetkin dövlət adamı olmuş Heydər Əliyevə kifayət qədər mürəkkəb sosial-siyasi mühitdə fəaliyyətinin strategiyası ilə taktikasını düzgün əlaqələndirmək məharəti qazandırdı.

Bakıda Azərbaycan rəhbərliyində M.C.Bağırovun mühakiməsindən sonra milli kadrlar artıq heç nəyi həll etmirdilər, dövlət təhlükəsizliyi orqanlarında isə vəziyyət, sadəcə olaraq, milli mənafelər baxımından faciəli idi. Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdırmaqla kifayətlənmir, mənsub olduğu millət üçün çox böyük işlər görməyə, strateji planlarını həyata keçirməyə çalışırdı. Həmin planlardan biri, bəlkə də birincisi xalqı özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi.

Heydər Əliyev Azərbaycan tarixinin ən müxtəlif problemlərinin öyrənilməsinə, milli tarixi təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verdi. İxtisasca tarixçi olan (o, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir) Heydər Əliyev üçün tarix yalnız "üzü keçmişə siyasət" deyildi, həm də millətin öz həqiqi keçmişini dərindən öyrənib gələcəyə hazırlıqlı getməsi üçün bir məktəb, ilham mənbəyi idi. Azərbaycan xalqının mənşəyi, formalaşması, Azərbaycan millətinin təşəkkülü kimi mühüm tarixşünaslıq problemləri məhz 70-ci illərdə bütün elmi-ideoloji kəskinliyi ilə qoyuldu, müşavirələr, müzakirələr keçirildi. Və bu gərgin axtarışlar respublikanın yeni başçısı Heydər Əliyevin bilavasitə rəhbərliyi altında gedir, vaxtaşırı ona məlumatlar verilirdi. Onun üçün tarix sosial-siyasi tarixlə məhdudlaşmırdı. Heydər Əliyev milli dil, ədəbiyyat, mədəniyyət və s. tarixinin problemləri ilə də maraqlanır, mütəxəssisləri səfərbər edirdi.

Milli ədəbiyyatın, mədəniyyətin yalnız tarixi ilə deyil, bugünü ilə də sonsuz enerji ilə məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət, incəsənət xadimləri ilə ardıcıl görüşən, onların qurultaylarında fəal iştirak edən respublika rəhbəri yaradıcı qüvvələri əvvəlki illərin ətalətindən çıxardı. Onlarla görkəmli yazıçı, incəsənət, mədəniyyət, elm xadiminin sədası məhz respublika rəhbərinin nüfuzu sayəsində qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə başladı. Yəni Azərbaycan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşdı.

Heydər Əliyev dövlət idarəçiliyi məharətinə görə sələfləri ilə müqayisə eləmək çətindir, çünki onların heç biri bu sahədə böyük istedada malik olmamış, bir sıra hallarda isə şəraitin birbaşa əsirinə çevrilmişdir. Və bu isə o deməkdir ki, həmin görkəmli şəxsiyyətlərin təcrübəsi tamamilə başqa tipli bir rəhbər olan Heydər Əliyevə çox az şey vermişdir. Sual olunur: Heydər Əliyevin böyük dövlətçilik düşüncəsi, qeyri-adi ictimai-siyasi idarəçilik məharəti (və ümumən zəmanəmizin böyük türkünün əzəmətli şəxsiyyəti!) hansı əsaslar üzərində formalaşıb inkişaf etmişdir?

Əvvəla, Heydər Əliyev qədim türk torpağı olan Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvanın min illərlə ölçülən mürəkkəb, gərgin bir tarixi var. Bu torpaqda onlarla böyük türk hökmdarının marağı, siyasəti, ehtirasları toqquşmuş, qanlı vuruşmalar, qırğınlar olmuşdur. Bugünkü naxçıvanlıların dünyagörüşündə, mənəviyyatında, əxlaqında çox-çox qədim dövrlərin bir-birinin üstünə qalanmış, süxurlanmış düşüncə mədəniyyətinə rast gəldiyimiz kimi, dillərində, danışıqlarında da həmin qədimlikdə olan türk leksikonunu, intonasiyasını görürük.

İkincisi, Naxçıvan kasıb yerdir, qışı soyuq, yayı istidir. Naxçıvanlıların çörəyi, özləri demişkən, daşdan çıxır. Görünür, sərt həyat tərzi bu yerlərin əhalisinin, insanlarının xarakterinin formalaşmasında az rol oynamamışdır. Lakin naxçıvanlılar bu kasıb torpağı min illər boyu canları bahasına qorumuşlar, qurbanlar, şəhidlər vermişlər. Ona görə də naxçıvanlıların nəzərində, yəqin ki, Naxçıvandan gözəl bir diyar yoxdur.

Nəhayət, Heydər Əliyevin qısa bir zamanda qazandığı müqayisəyəgəlməz ictimai-siyasi uğurların ən mühüm şərti, heç şübhəsiz, onun qorxmazlığı, cəsarəti, qranit kimi möhkəm iradəyə malik olması idi.

Azərbaycanda, ümumən keçmiş Sovetlər İttifaqında Heydər Əliyev barədə əfsanələr dolaşırdı. Əlbəttə, məsələ bu əfsanələrin reallığa nə dərəcədə yaxın olub-olmamasında deyil, ondadır ki, cəmiyyət, ictimai şüur Heydər Əliyevi əfsanəvi şəxsiyyət kimi tanıyır.

O, istər dövlət təhlükəsizliyi orqanlarında, istərsə də Azərbaycan Respublikasının bilavasitə rəhbərliyində çalışdığı illərdə cəsarətli qərarlar qəbul etmiş, həmin qərarları dönmədən, heç bir məneəyə güzəştə getmədən həyata keçirmiş, demək olar ki, bir dəfə də sözündən, əməlindən dönməmişdir. Özündən əvvəlki respublika rəhbərliyinin liberallığına, mərkəzdən (Moskvadan!) asılılığına, şəxsi rahatlığa meyilli olmalarına qarşı Heydər Əliyev əsl milli rəhbər obrazını qoymuş, siyasətçi özəlliyini bütün kəskinliyi ilə təsdiq etmişdir. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan nəinki sovet dövlətinin - mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri də dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu - 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi.

Heydər Əliyev xalqıın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. O, bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli orlarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına) malik ikinci bir şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu - 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanı ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.

Sovet dövləti dağıldıqda Azərbaycanda ən çox xatırlanan lider, sonra isə müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi. Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sıra siyasi mütəxəssislər, publisistlər 1993-cü ilin iyul böhranını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir.

Ümummilli lider kimi, Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi"ni tələb edirdi. Hüdudsuz "demokratiya"nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti ortaya çıxdıqca və nəhayət, Heydər Əliyevin 70-80-ci illərdə yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyl də güclənirdi. O, Azərbaycan xalqına yalnız idarəedici, dövlət qurucusu kimi yox, Tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi Tarixi də axtarırdı. Həmin Tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi. Azərbaycan SSR tarixinin Heydər Əliyev dövrünün milli yüksəliş təcrübəsi isə kifayət qədər zəngindir.

1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikdən xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ilə ifadə etdi. Həmin inam xırda "xalq qəhrəmanları"nın, heç bir Tarixə söykənməyən siyasət fəallarının "obraz"ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Bu "qəhrəman"ları Tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.

Müstəqil Azərbaycanı ümummilli lider Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan həqiqi öndər Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır. Azərbaycanın Qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır - bu fəaliyyət xalqın yalnız bugününü müəyyən etmir, onun gələcəyinə də əhəmiyyətli təsir göstərir. Bu mənada Azərbaycanın Qurtuluşu bugünlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Azərbaycanın Qurtuluşunun yekunu, yaxud nəticəsi Qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Bu sözlərin deyilməsindən keçən dövr bir daha göstərir ki, dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstənil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Ulu öndər Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil Respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (və tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".

Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini, sadəcə, elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-nəfs"ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq" hissini, inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda mübarizə prosesində məhz müstəqilliyini itirir. Odur ki, Qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Müstəqillik epoxası böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra yenidən müstəqilliyini qazanmaqla bütün dünyaya tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin.

Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasport"u idi.

Artıq 20 ildir ki, müstəqil Azərbaycan Respublikası yaşayır, dünyanın üzvü tərkib hissəsi olmaq uğrunda mübarizə aparır. Bu mübarizənin qalibiyyətini təmin edən əsas qüvvə isə heç şübhəsiz, Ulu öndər Heydər Əliyevin şəxsiyyətində təzahür edən milli iradə, möhtəşəm xalq ruhudur ki, Azərbaycanı hər cür iqtisadi, sosial-siyasi problemlərdən çıxararaq gələcəyə - əbədi müstəqilliyə aparır.

Zəngin dövlət idarəçiliyi təcrübəsi (və potensialı) olan Azərbaycan rəhbəri Heydər Əliyev türk dünyasının birliyi üçün də böyük işlər görmüşdür. Burada söhbət gözəl nəzəri fikirlər söyləməkdən, "Çinə türk bayrağı sancmaq"dan deyil, konkret, perspektivli işlərdən gedirdi. Azərbaycan rəhbərliyinə yenidən gəldikdən, siyasi hakimiyyət əldə edildikdən sonra Heydər Əliyevin fəaliyyətində bir sıra sahələr aydın cizgiləri ilə seçilirdi: Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllində türk dünyasının imkanlarından istifadə etmək; türk dünyasının qüvvələrini birləşdirərək, hər hansı türk dövlətinin (xüsusilə beynəlxalq) problemlərinin həllində birgə mövqeyə nail olmaq və s.

Heydər Əliyev hələ Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi ilk illərdə bütün aydınlığı ilə göstərdi ki, o, qeyri-müstəqil bir respublikanın növbəti başçısı yox, milli liderdir. Heydər Əliyevin məhz milli lider olaraq fəaliyyətinin bir təzahürü də Azərbaycan dilinin siyasi nüfuzunun 70-ci illərdə sürətlə yüksəlməsi idi. Həmin yüksəliş 80-ci illərdə də davam etdi. Böyük dövlət xadiminin Azərbaycan dilinin inkişafı sahəsindəki fəaliyyəti barəsində, sadəcə, qeyd etmək istəyirik ki, milli liderin, müasir Azərbaycan dövlətçiliyinin banisinin müstəqillik dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. Biz xüsusilə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" barədə tarixi fərmanı nəzərdə tuturuq.

Etiraf etmək lazımdır ki, Azərbaycan dilinin tarixində hələ ona (Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamasıdır. Eyni zamanda, Azərbaycan dilinin tarixi əsasları heç bir elmi mənbədə bu qədər aydın şəkildə verilməmiş, onun müasir vəziyyəti barədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" haqqında fərmanda irəli sürülmüş ideyalar içərisində aşağıdakılar diqqəti daha çox cəlb edirdi: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.

Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev "Öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" - söyləməklə başlamışdı. Azərbaycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Nə yaxşı ki, Heydər Əliyev kimi böyük mütəfəkkir bu şansdan istifadə edərək xalqını da öz arxasınca bu yolla apara bildi. Xalq isə seçdiyi, inandığı Öndərin bu tarixi quruculuq missiyasından Azadlığını və Liderini qazandı. Yeni dövlətçiliyin ən yeni tarixi də məhz həmin andan yazılmağa başladı. Tarixi yaradan da, yazan da lider özü idi.

Böyük Heydər Əliyev itkisi ilə barışmaq mümkün deyil. Hətta "itki" sözünün özü bu çatışmazlığı heç cür əhatə etmir. Bu gün onun bizimlə birlikdə olmamasından nə qədər acılar duysaq da, hər halda, təsəlli də bir o qədər böyükdür. Heydər Əliyev yaratdığı müasir Azərbaycan dövlətçiliyinin özü kimi əbədidir. Bu, yalnız siyasətçilərin, toplumun düşüncəsi deyil, zamanın qənaətidir!.

Azərbaycan xalqı əsrlər boyu bir-birindən ağır tarixi sınaqlardan keçib və öz müqəddəratını şərəflə həll edib. Millətin mübarizələrlə zəngin ömürlüyündə qazancı da, itkisi də azadlıq idealı kimi böyük olub. Vətənin ikinci müstəqillik dövründə isə iki milli əhəmiyyətli sınaqla üz-üzə gəldik və xalq yenə də bu olduqca mürəkkəb məqamlarda son dərəcə müdriklik nümayiş etdirdi.

Xalq 1993-cü ildə ümummilli lider Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində ulu öndərin ən layiqli varisi İlham Əliyevin şəxsində öz yeni prezidentini - yeni liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. İlk mərhələdə Azərbaycan xalq dövlətçiliyinin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını, Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrı-acılar bahasına yaradılmış ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum talenin oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğuna mükəmməl sübut idi.

Əslində, bu, varislik Heydər Əliyev siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmış, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi əxlaqın - mədəniyyətin gəlişidir. Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi yeni ideyaların axınıdır. Bu günlərdə keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayı bu ideyalar axınında dəyişməz bir həqiqəti yenidən təsdiqlədi: Heydər Əliyev dünya azərbaycanlılarının lideri, İlham Əliyev isə bütün soydaşlarımızın prezidentidir.

Vaxtilə ulu öndər Heydər Əliyev birmənalı şəkildə Azərbaycan insanına tövsiyyə edirdi: "Hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq". O, bu zaman bütöv xalqın - azərbaycanlı superetnosun harada və hansı vəziyyətdə olmasını, vəziyyətini fərqləndirmədən ümumilikdə onların milli duyğularının canlanması işinə bir iradəlilik, sürət impulsu verirdi.

İndiki zamanda Avropa ölkələrində, Amerikada, MDB məkanında və Asiyada məskunlaşmış həmvətənlərimiz Azərbaycan dövlətinin onların üzərində sahiblik hissini gücləndirməsindən şərəf duyurlar. Bu əsnada daha sıx birləşmək, Vətənin həyatındakı həqiqətlər, qayğılar barədə övlad hissilə düşünmək, ölkəmizin dünya birliyində yerinin möhkəmlənməsi uğrunda fəal mübarizə aparmaq gərəkdir.

Bu gün artıq özünü təsdiqləmiş, nəticələri ilə xalqın böyük hissəsinin etibarını əldə etmiş ideologiya Prezident İlham Əliyevin milli birlik, vətənçilik barədə məxsusi düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilir. Mustəqilliyin tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar müdaxilələri, baxışları olmasaydı, bu gün dünya azərbaycanlılarının yeganə dövləti olan Azərbaycan Respublikası xalqımızın taleyinə sahib çıxa bilməz, ölkəmiz bugünkü yüksəlişə qovuşmazdı. Qədirbilən xalqımız bütün bunları bilir və yeri gəldikcə daha geniş miqyasda xatırlayır.

Heydər Əliyevin liderlik bioqrafiyası Azərbaycanın XX əsrin son qərinəsində və XXI əsrin ilk illərində siyasi tarixinin yönünü və məzmununu ifadə edir. Ümummilli liderin 1969-cu il iyulun 14-dən başlanan siyasi marafonu Azərbaycanın çağdaş tarixinin ən parlaq səhifələri olmaqla, həm də bugünkü davamı ilə xalqımızı aydın gələcəyə aparır.

 

 

Xalq qəzeti.- 2011.- 14 iyul.- S. 3.