Ana dili qürbətdə bir Vətəndir

 

Söz vaxtına çəkər, deyiblər. On il bundan əvvəl - 2001-ci ilin iyul ayında ümummilli lider Heydər Əliyev Zuğulbadakı dövlət iqamətgahında xarici ölkələrin kütləvi informasiya vasitələrinin və Azərbaycan diasporunun rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşürdü. Ümumrusiya Azərbaycanlıları Konqresinin təmsilçisi Məmməd Əliyev orada ulu öndərdən soruşdu ki, Rusiyada və bütövlükdə dünyada fəaliyyət göstərən Azərbaycan diasporu qarşısında hansı vəzifələr qoyursunuz?

Prezident Heydər Əliyev sualı qəribə bir təbəssümlə qarşıladı. Bununla sanki demək istəyirdi ki, axı diaspor qarşısında duran vəzifələri mən dəfələrlə bəyan etmişəm...

Ulu öndərin çöhrəsindəki təbəssümün yerini tədricən ciddi görkəm aldı. O, Rusiyadan gələn diaspor fəalına üzünü tutaraq dedi: "Bilirsinizmi, bizim ən zəif yerimiz budur ki, Azərbaycan diasporu zəifdir. Onu erməni diasporu ilə heç vəchlə müqayisə etmək olmaz. Məsələn, müxtəlif rəqəmlər göstərir, yazırlar və hətta deyirlər ki, Rusiyada azərbaycanlıların sayı 2 milyon nəfərdir. Onlar haradadır? Onlar nə üçün Azərbaycanın müqəddəratı ilə əlaqədar öz səslərini ucaltmırlar? Hərə öz işi ilə məşğuldur. Onlar Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq ağır vəziyyətə düşmüş Azərbaycanın mənafeyi naminə birləşməli, erməni diasporunun əməllərinə özlərinin haqlı dəlilləri ilə cavab verməlidirlər".

Ümummilli liderin düz on il bundan əvvəl Rusiyadakı soydaşlarımızın fəaliyyətinə vurduğu bu acı eyham əslində digər ölkələrdəki Azərbaycan icmalarına, diaspor təşkilatlarına da ünvanlanmışdı və onları qəflət yuxusundan ayıltmağa, "Vətən üçün sən nə etmisən və nə etməlisən?" sualı ətrafında düşünməyə hesablanmışdı.

Heydər Əliyev xaricdə yaşayan və fəaliyyət göstərən soydaşlarımızın təşkilatlanmasına, daim Vətən barəsində düşünmələrinə xüsusi önəm verirdi. Müstəqil Azərbaycana rəhbərliyinin elə ilk illərindən bu məsələni diqqət mərkəzində saxlayan ulu öndər hələ 1994-cü ilin fevral ayında Böyük Britaniyaya səfəri zamanı orada yaşayan soydaşlarımızla Londonun "Hilton" otelindəki görüşü zamanı demişdi: "Vətəndən kənarda yaşayan soydaşlarımızın ürəkləri gərək daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada yaşamasından, vəziyyətin ağır və çətinliyindən asılı olmayaraq gərək hər bir kəs Ana Vətəni haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha çox bilməlidirlər ki, indi bizim, nəhayət, müstəqil dövlətimiz, Azərbaycan Respublikamız var, azərbaycanlılar üçün Ana Vətən var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli, harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən".

Şübhəsiz, müdrik dövlət qurucusunun apardığı belə məqsədyönlü və ardıcıl siyasət öz bəhrəsini verməyə bilməzdi. Məhz ümummilli liderin gərgin zəhməti və qətiyyəti sayəsində, demək olar ki, yox yerdən Azərbaycanın xaricdə diasporu yaranmağa və təşkilat kimi formalaşmağa başladı.

Bu iş 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsindən sonra sistemli şəkil aldı. Dünyanın 36 ölkəsindən 1105 nümayəndənin və yüzlərlə qonağın qatıldığı bu forum çox möhtəşəm bir tədbirə çevrildi. Ulu öndər həm qurultayda, həm də forum iştirakçılarının şərəfinə "Gülüstan" Sarayında verilən ziyafətdə geniş və əhatəli nitq söylədi. Bu çıxışlarda, əslində Azərbaycan diasporlarının, ayrılıqda xaricdə yaşayan hər bir soydaşımızın sonrakı fəaliyyət proqramının konturları öz əksini tapdı. Dahi şəxsiyyətin çıxışı zamanı böyük qürur hissi ilə "...həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deməsi bütün salonu ayağa qaldırdı. Heç şübhəsiz, ulu rəhbərin bu odlu-alovlu çıxışı Azərbaycanda və xaricdə yaşayan çox soydaşımızı silkələdi, özünü, mənsub olduğu xalqın böyüklüyünü, şərəfli keçmişini duymağa, anlamağa sövq etdi.

Qurultayda qəbul edilən qətnamə Azərbaycan diasporlarının uzunmüddətli fəaliyyət proqramına çevrildi. Orada göstərilirdi ki, müstəqil Azərbaycan Respublikası, bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında Azərbaycan dövləti durur. Azərbaycanı özünün tarixi Vətəni hesab edən insanlar Azərbaycan dövlətçiliyi ətrafında birləşməli, ümummilli məsələlərdə sarsılmaz birlik nümayiş etdirməlidirlər. Xüsusi olaraq vurğulandı ki, müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Biz azərbaycançılığı, milli-mənəvi dəyərləri, adət-ənənələri yaşatmalıyıq.

Həm qurultay sənədlərində, həm də çıxışlarda Ana dilimizin qorunub, inkişaf etdirilməsi zərurəti üzərində xüsusilə geniş dayanıldı. Hətta çıxışların birində belə fikir səsləndi ki, Ana dilimiz qürbətdə yaşayan biz azərbaycanlılar üçün, əslində Vətəndir, doğma Azərbaycanımızın ətrini ondan alırıq. Ana dili bizi gözəgörünməz tellərlə Vətənə bağlayır, onu unutmaq, qoruyub yaşatmamaq milli kimliyimizdən imtina etmək deməkdir.

Ümummilli lider də bu məsələdən danışarkən xüsusi olaraq vurğuladı ki, Ana dili xalqın milli varlığını müəyyən edən ən mühüm amillərdəndir. Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinin dərdinə yansınlar və bizim milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər... Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar...

Bu fikirlərin səsləndiyi vaxtdan təqribən on il keçir. Bu müddətdə Azərbaycan diasporu nəzərəçarpacaq inkişaf yolu keçmişdir. Həmin qurultayda böyük dövlət qurucusu Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində mühüm rolu oldu. DAƏŞ xaricdə yaşayan soydaşlarımızın fəallığının artmasında, diaspor təşkilatlarının yaradılmasında və formalaşmasında, onların fəaliyyətinin əlaqələndirilməsində və bir məcraya yönəldilməsində, habelə Vətənlə əlaqənin möhkəmləndirilməsində çox iş gördü.

Sonra - 2002-ci ilin iyul ayında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin ( 2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi adlanır - Q.P.) yaradılması nəticəsində bu sahələrdə görülən işlər daha səmərəli xarakter aldı. Həmin ilin dekabr ayında "Xaricdə yaşayan azərbaycanlılarla bağlı Dövlət siyasəti haqqında" Qanunun qəbul edilməsi ilə dünya azərbaycanlılarının təşkilatlanması prosesi daha da gücləndirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. Bu forumda xaricdə yaşayan azərbaycanlıların qarşısında diaspordan lobbiyə çevrilməsi vəzifəsi qoyuldu.

Bundan sonra, 2007-ci ilin mart ayında Bakıda keçirilən Azərbaycan və Türk Diaspor Təşkilatları rəhbərlərinin I Forumunun türkdilli dövlətlərin xaricdəki diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi maraq naminə bir məcraya yönəldilməsi baxımından xüsusilə böyük əhəmiyyəti oldu.

Ötən müddətdə xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor hərəkatına fəal girişməsi xüsusilə təqdirəlayiqdir. Bu amildən daha məqsədyönlü və səmərəli istifadə etmək üçün ölkə rəhbərinin göstərişi ilə 2010-cu ilin noyabr ayında Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirildi. Azərbaycan gəncliyi Dövlət Proqramına uyğun olaraq keçirilən bu tədbirin təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyi idi. Konqresdə 25 ölkədə fəaliyyət göstərən 41 diaspor təşkilatının rəhbərləri iştirak edirdilər.

Həmin forumda bir sıra gənclər təşkilatlarının, ilk növbədə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının çoxşaxəli fəaliyyəti əsl nümunə kimi qeyd olundu. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələrin, həyata keçirilən tədbirlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müstəsna əhəmiyyəti xüsusi vurğulandı. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə Leyla İlham qızı Əliyeva xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalına layiq görüldü.

Bu il iyulun 5-6-da dünya azərbaycanlıları özlərinin III qurultayına toplaşdı. Heydər Əliyev Sarayında keçirilən mötəbər tədbirdə dünyanın 42 ölkəsindən gəlmiş 579 nümayəndə, 30 ölkədən 211 nəfər qonaq, həmçinin Azərbaycandan 677 nümayəndə və 405 nəfər qonaq iştirak edirdi.

Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli nitq söylədi. Ölkəmizin son illərdəki uğurları, sosial, iqtisadi sahələrdə qazandığı nailiyyətlər barədə qurultay iştirakçılarına məlumat verən dövlət başçısı əsas diqqəti xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətinə yönəltdi. Prezident İlham Əliyev dedi: "Çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb... Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıb. Bu, çox vacibdir... Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir..."

Dövlət başçısı bundan sonra öz tövsiyə və iradlarını bildirdi. Qeyd etdi ki, diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. Ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir... Biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir.

Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə diqqəti yönəldən Prezident İlham Əliyev qəti şəkildə bildirdi ki, bundan sonra diaspor təşkilatları və səfirliklər bir komanda şəklində, bir yumruq kimi işləməlidirlər.

Güclü və hiyləgər erməni lobbisinə qarşı daha da səfərbər olmaq, səmərəli mübarizə taktikası seçmək zərurətindən danışarkən Azərbaycan Prezidenti burada hücum diplomatiyasına üstünlük verdiyini diqqətə çatdırdı: "Hesab edirəm ki, növbəti dövrdə də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik". Dövlət başçısı bu işdə xaricdə buraxılan qəzet və jurnalların sayının artırılmasını, internetin imkanlarından geniş istifadə olunmasını məsləhət gördü. Bundan əlavə, o, diqqəti soydaşlarımızın yaşadıqları ölkələrin hökumət və dövlət qurumlarında təmsil olunmalarına, bu işdə bir-birinə dəstək vermələrinə yönəltdi. Həmçinin bildirdi ki, bu məsələdə onlar Azərbaycan dövlətinin dəstəyinə arxalana bilərlər.

Azərbaycan Prezidenti çıxışında həmçinin bildirdi ki, bizim xaricdə yaşayan böyük ailəmiz var, bu azərbaycanlılardır...Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

 

 

Qüdrət PİRİYEV

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Xalq qəzeti.- 2011.- 14 iyul.- S. 6.