Dünya azərbaycanlıları bir məqsəd ətrafında sıx birləşiblər
Xaricdə
fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri
son illər daha da təşkilatlanmış, mütəşəkkil
bir qüvvəyə çevrilmişdir. Onların öz fəaliyyətini
genişləndirməsi vaxtilə öz gücü və
imkanları ilə öyünən erməni lobbisini ciddi
narahat etməkdədir. Bu mənada, ermənilər Dünya Azərbaycanlılarının
III Qurultayının gedişini və onun nəticələrini
təlaşla izlədilər.
Qurultayın
yüksək səviyyədə baş tutması və
dünyaya səs salması isə forpost dövlət olan Ermənistanda
həyacanla qarşılandı. Çünki ermənilər
də yaxşı başa düşürlər ki, milli
maraqların qorunması, həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
üçün diaspor fəaliyyəti çox önəmlidir.
Azərbaycan diaspor təşkilatlarının fəaliyyət
strategiyalarını lobbiçilik istiqamətində müəyyənləşdirməsi
isə onu göstərir ki, artıq xaricdəki cəmiyyətlərimiz
tam şəkildə formalaşmış və yeni şəraitdə
daha böyük qüvvəyə çevrilməyə
başlamışdır. Bu isə öz növbəsində
Ermənistanın iflasa uğramaqda olan xarici siyasətinə
növbəti zərbə, erməni lobbisinə isə ciddi dərs
ola bilər.
Ermənilərin
iç üzlərinin ifşası və onların tarix boyu
azərbaycanlılara qarşı törətdikləri
soyqırımı barədə müxtəlif ölkələrin
ictimaiyyətlərinin məlumatlandırılması çox
önəmlidir. Çünki bu, ümumilikdə, dünyada
ictimai rəyin Ermənistanın və onun
işğalçılıq siyasətinin əleyhinə
köklənməsinə gətirib çıxaracaqdır.
Xaricdə yaşayan bütün soydaşlarımızın
yeganə məqsədi də budur. Bizimlə söhbətində
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
"Dostluq" medalı ilə təltif olunmuş Avropa Azərbaycanlıları
Konqresinin prezidenti Başar Kömür də bu məsələni
daim diqqət mərkəzində saxladıqlarını
bildirdi. O, Azərbaycan barədə məlumat vermək məqsədiylə
görüşdüyü hər kəsə bu haqda
danışdığını dedi:
- Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması xaricdə yaşayan və fəaliyyət göstərən hər bir azərbaycanlını, hər bir türkü ciddi narahat edir. Ermənistanın işğalçılıq siyasətini inadla davam etdirməsi, beynəlxalq hüquq normalarına sayğısızca yanaşması, onu ayaqlar altına atması bizi çox hiddətləndirib. 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır, bir milyon məcburi-köçkün öz doğma ata-baba yurdundan çıxarılıb, onların hüquqları vəhşicəsinə tapdalanıb. Belə olan halda, insan hüquqlarının qorunmasından danışan Qərb ölkələri, dünya ictimaiyyəti nəyə görə səssiz qalıb?
BMT Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarına dair 4 qətnamə qəbul edib. Amma bu icra olunmur. Dünənədək deyirdilər ki, qətnamələrin icra olunmamasının səbəbi BMT Təhlükəsizlik Şurasının qərarlarının icraetmə mexanizminin olmamasıdır. Bunun böyük yalan olduğu Liviya məsələsində ortaya çıxdı. BMT Təhlükəsizlik Şurası Liviyaya dair qərar qəbul edəndən qısa zaman sonra müxtəlif ölkələrin, sonradan isə NATO-nun qırıcı-bombardmançı təyyarələri bu ölkəyə zərbələr endirməyə başladı. Bu ikili standart deyilmi? Nəyə görə BMT TŞ, NATO Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində, necə deyərlər, yaxalarını kənara çəkirlər, müxtəlif bəhanələr gətirirlər? Deyirlər ki, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğuldur. Onda biz də deyirik ki, madəm Minsk qrupu bu münaqişənin həlli ilə məşğuldur, onda nəyə görə 18 ildir heç bir irəliləyiş olmayıb? Biz nə vaxta qədər bu haqsızlığa dözməliyik? Biz Avropadan və bütün dünyadan bir milyon insanın pozulmuş hüquqlarının bərpasını, beynəlxalq hüquq normalarına əməl olunmasını tələb edirik. Biz öz haqqımızı, hüququmuzu tələb edirik və mübarizəmizi sonadək davam etdirəcəyik.
Qeyd etdiyim
kimi, xaricdə yaşayan
bütün azərbaycanlılar bu məsələdə həmrəylik nümayiş etdirir. Türk diaspor təşkilatları
da Azərbaycanın haqq
səsinin dünyada eşitdirilməsini
özlərinin əsas prioriteti hesab edirlər. Başqa cür də ola bilməz.
Çünki ulu
öndər Heydər Əliyevin dediyi kimi: "Biz bir millət, iki dövlətik".
Bizim
biri-birimizə, necə deyərlər, vəfa borcumuz,
qardaşlıq borcumuz var.
1915-ci ildə baş verən Çanaqqala savaşında yüzlərlə
azərbaycanlı şəhid oldu, Türk Qurtuluş
Savaşında azərbaycanlılar ön
sıralarda döyüşdü. Nəriman
Nərimanovun böyük Atatürkə
yazdığı cavab məktubu bu gün də
yaddaşlarımızda yaşayır. Bilirsiniz
ki, Qurtuluş
Savaşında Azərbaycan türk ordusuna dəstək olmaq üçün xeyli miqdarda neft, qızıl, pul, paltar göndərmişdi.
Həmin dövrdə Türkiyə savaş
meydanına döndüyü üçün təbii ki,
göndərilən heç bir şeyə pul ödəmək
və ya verilən pulu
vaxtında geri ödəmək
gücündə deyildi. Bu
mənada ulu öndər Atatürkün
Bakıya yazdığı üzrxahlıq dolu
məktubuna cavab olaraq
Nərimanov belə cavab vermişdi:
"Paşam, qardaşın qardaşa borcu olmaz". Bax, Türkiyə
ilə Azərbaycan dövlətləri, diasporları
arasındakı münasibətlər də qardaşın qardaşa olan dəstəyi,
qardaşlıq borcudur. Bunu
ən gözəl ifadə edən fikirlər isə Prezidentimiz cənab İlham
Əliyevə məxsusdur. O, çox doğru
olaraq "Bir millətin iki diasporu ola
bilməz"-demişdir.
Mən Dünya Azərbaycanlılarının III Qurultayının diasporlarımızın
güclənməsi baxımından
yeni mərhələyə
start verdiyi qənaətindəyəm.
İnanıram ki, sayın
Cümhurbaşqanımız İlham Əliyevin çıxışında qarşıya
qoyduğu tapşırıqlar
xaricdə fəaliyyət
göstərən diaspor
təşkilatları tərəfindən
tamamilə yerinə yetiriləcək. O zaman
biz dünyanın aparıcı
dövlətlərində real gücə çevriləcəyik.
Azər Babayev, Almaniyanın
Frankfurt Sülh Araşdırmaları
İnistitutunun elmi işçisi, siyasi elmlər doktoru:
- Dünya Azərbaycanlılarının
III Qurultayı çox
müsbət əhval-ruhiyyədə
keçdi. Hiss olunurdu
ki, tədbirin yüksək səviyyədə
keçirilməsi üçün
təşkilatçılar hər bir detalı
peşakarlıqla nəzərə
almışdılar. Dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən
Azərbaycan cəmiyyətlərinin
rəhbərlərinin bir
araya gəlməsi özü-özlüyündə müsbət haldır.
Bu, dünya azərbaycanlıları
arasında təşkilatlanmanın,
şəbəkələşmənin daha da yüksək
səviyyədə davam
etdirilməsinə stimul
verə bilər.
Çünki hər bir məsələdə şəxsi
əlaqələr, daha
doğrusu lazım olan insanlarla birbaşa əlaqə, ünsiyyətin qurulması
çox önəmlidir.
Ümid edirəm ki, bu tədbir xarici ölkələrdə
fəaliyyət göstərən
Azərbaycan diasporlarının
daha da böyük
qüvvəyə çevrilməsinə
böyük töhfə
verəcəkdir.
Mən 2 ildir ki, Almaniyanın ilk və ən böyük elmi-tədqiqat
inistitutu olan Frankfurt Sülh Araşdırmaları
İnistitutunda çalışıram. İnistitunun əsas tədqiqat istiqaməti dünyanın
bəzi bölgələrində
sülhün təmin
olunmasının imkanlarını
araşdırmaq, məsələyə
elmi baxımdan yanaşmaq və bu barədə elmi işlər ortaya qoymaqdır. Məlumdur ki, hazırda, ümumən, dünya siyasətində ən aparıcı, ən yüksək dəyər sülhdür. Sülh olmayan
yerdə heç bir digər məsələlərdən söhbət
gedə bilməz.
Biz bu dəyərlərin
qorunmasına töhfəmizi
vermək üçün
hazırladığımız hesabatları siyasi qərarlar qəbul edən güc mərkəzlərinə göndəririk.
Bu yolla siyasətçilərin
hansı konkret addımlar atmalı olduğu da müəyyənləşə bilir.
Bundan başqa,
ölkəmizin əhəmiyyəti
hər gün daha da artır. Azərbaycan Avropada
Cənubi Qafqazın lider dövləti kimi qəbul olunur. Bölgə iqtisadiyyatının 75 faizinin Azərbaycana aid olması da bunu təsdiq edir. Ölkəmizin enerji təhlükəsizliyindəki
rolu hər kəs tərəfindən
yüksək qiymətləndirilir.
Bu gün Azərbaycan
bütün dünyada
etibarlı tərəfdaş,
strateji müttəfiq
kimi tanınır.
Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həllinə nail olacağımıza
ümidlərimizi artırır.
İstənilən halda dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar
olaraq biz həqiqətləri
yaşadığımız ölkələrin ictimaiyyətinə
çatdırmaq üçün
səylərimizi əsirgəməməliyik. Hər fürsətdə
bölgədəki vəziyyəti
və beynəlxalq hüququn məhz Ermənistan tərəfdən
kobud şəkildə
pozulduğunu lazımi
siyasi instansiyalara çatdırmalıyıq. Diasporumuzun bu istiqamətdəki fəaliyyəti çox əhəmiyyətlidir. Həm ölkəmiz,
həm də onun xaricdəki dayaqları hesab olunan Azərbaycan cəmiyyətləri çox
güclənməlidir. Dediyim kimi, Azərbaycan Respublikası bu gün kifayət qədər güclənib.
Qalır,
diasporumuz. Bunun üçün,
artıq lobbiçiliklə
məşğul olmaq
zərurətə çevrilib.
Mən müşahidələrimə əsasən
deyə bilərəm
ki, Dünya Azərbaycanlılarının III Qurultayı təşkilatlanmadan
lobbiçiliyə doğru
addımlamanın yollarını
göstərdi.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 14 iyul.- S. 6.