Səbail rayonunda
ilin birinci yarısında görülmüş işlərə
yekun vurulmuşdur
Bakı şəhərinin Səbail rayonunda 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlərə yekun vuruldu. Rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələri rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda uğurlar və qarşıda duran vəzifələr geniş müzakirə olundu.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov öncə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə birinci gəlişinin ildönümünü unudulmaz siyasi hadisə kimi yada saldı. O, qeyd etdi ki, həmin gündən başlayaraq Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə şəxsi hünər timsalına çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına məhəbbət və sədaqət meyarı olmuşdur. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi sayəsində ölkəmizin indiki sürətli sosial-iqtisadi inkişafının təməli qoyulmuşdur. Onun adı və xatirəsi hər bir azərbaycanlının şüurunda əbədi iz buraxmışdır. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkənin iqtisadiyyatı ilbəil inkişaf edir.
Asif Əsgərov hesabat məruzəsində 201-ci ilin I yarısında Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verdi, rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışdı. Qeyd olundu ki, 2011-ci ilin 6 ayı ərzində rayonda 10617 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat sektorunda 308,6 milyon manatlıq və ya 44,6 faiz çox, rabitə müəssisələrində 361,7 milyon manatlıq və ya 3,7 faiz çox xidmətlər göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1023,6 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz çoxdur.
İlin əvvəlindən əhaliyə 257,8 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 6,5 faiz çoxdur. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin həcmi 47,1 faiz, əhaliyə göstərilən pulu xidmətlərin xüsusi çəkisi 52,9 faiz təşkil etmişdir. 2011-ci ilin yanvar - may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 88912 nəfər, orta aylıq əmək haqqının məbləği isə 901,7 manat olmuşdur. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz çoxdur. 6 ayda Səbail rayonu ərazisində 364 yeni daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2011-ci ilin iyul ayının 1-dək 33803 iş yeri açılmışdır ki, bunlardan 32935-i daimidir.
2011-ci ilin əvvəlindən rayonda yerləşən müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Bu ilin əvvəlindən ölkə rəhbərinin iştirakı ilə "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin yeni inzibati binalarının, Qafur Məmmədov adına parkın açılışı olmuşdur.
Aprelin 20-də Prezident İlham Əliyev Badamdarda aparılan quruculuq işləri ilə tanışlıqdan dərhal sonra qəsəbədə 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb binasının tikintisinə başlamaq üçün 2 milyon manat vəsait ayrılmışdır. Sonradan imzalanmış Dövlət Proqramına əsasən burada xəstəxana tikintisi də nəzərdə tutulmuşdur.
Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, təmir-bərpa işləri davam etdirilir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri» kompleksinin, "Four seasons", "Hilton" və "Marriot" mehmanxanalarının, Badamdar qəsəbəsində MTN-nin hospitalının və Oksford məktəbi üçün tədris korpusunun tikintisi aparılır. Neftçilər və Bülbül prospektlərində yeni yeraltı keçidlərin inşası başa çatmaq üzrədir.
Bu ilin may ayından Səbail rayonunun simvolu olan Qız qalasının bərpa və konservasiyası işlərinə başlanmışdır. Bu gün Səbail rayonunda 6 saylı məktəb-liseyin tam əsaslı təmir və yenidən qurulması, "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunun, Dövlət Musiqili Komediya və Mahnı teatrlarının, Səadət Sarayının binalarının əsaslı təmiri aparılır, Badamdar qəsəbəsində 2 su anbarının tikintisi, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin inzibati binasının təmiri başa çatmışdır. Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi, 14, Üzeyir Hacıbəyov küçəsi, 45 və Mətbuat prospekti, 2 ünvanlarında həyətlər, 39 saylı uşaq bağçası təmir olunmuşdur. Badamdar qəsəbəsində Tofiq Məmmədov və Məktəbli küçələrində yeni istirahət guşələri yaradılmışdır. Qəsəbədəki xeyir-şər evində əlavə zalın tikintisinə başlanmışdır. Bibiheybət qəsəbəsində Salyan yolu, 32 ünvanda piyadalar üçün yol keçidi tikintisi başa çatmaq üzrədir.
Hesabatda daha sonra bildirildi ki, ölkə başçısı tərəfindən təsdiq olunmuş Dövlət Proqramına əsasən, rayonun infrastrukturunun yeniləşməsi, mövcud sosial obyektlərin əsaslı təmiri nəzərdə tutulmuşdur və artıq bu işlərə başlanmışdır.
Təkcə son 3 ay ərzində RİH təşkilatçılığı ilə Çernobıl qəzasının 25-ci ildönümü ilə bağlı, "Qarabağ uğrunda qələbə naminə" devizi altında pnevmatik güllə atıcılığı üzrə respublika birinciliyinin final mərhələsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Gül bayramı", Azərbaycan Dövlət Pedaqoji Universitetində könüllü qanvermə aksiyası, Daxili Qoşunların Biləcəri qəsəbəsindəki "N" saylı hərbi hissəsində tədbirlər, II Dünya müharibəsində Qələbənin 66-cı illiyi münasibəti ilə veteranlarla görüş, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mərasim, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi" mövzusunda konfrans və s. təşkil olunmuşdur. Yarım il ərzində keçirilən iməciliklərdə 16200 ədəd ağac əkilmişdir.
Hazırda məktəbli və yeniyetmələrin yay istirahətinin təşkili istiqamətində işlər görülür. Tədris ilinin yekunlarına görə, 51 və 91 saylı orta məktəblər "Ən yaxşı ümumtəhsil müəssisəsi", "Ən yaxşı müəllim" müsabiqəsində isə rayon məktəblərinin 6 müəllimi qaliblər sırasında olmuşdur. Sevindirici haldır ki, rayon məktəblərinin 6 məzunu "Qızıl", bir məzunu isə "Gümüş" medala layiq görülmüşlər.
2011-ci ilin birinci yarısı ərzində rayondakı imtiyazlı təbəqəyə aid 15 ailə yeni mənzillərlə təmin olunmuşdur. İlin sonuna kimi daha bir neçə ailəyə mənzil verilməsi planlaşdırılmışdır. Yarım ilə ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 7 min nəfər olmuşdur.
Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olundu, yeni vəzifələr müəyyənləşdirildi.
Milli Məclisin deputatı Fuad Muradov hesabat yığıncağında iştirak etmişdir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 15 iyul.- S. 7.