Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Müstəqilliyinin 20 ilini qeyd etməyə hazırlaşan Azərbaycanda iqtisadiyyat dinamik inkişaf edir, insanların yaşayış səviyyəsi getdikcə yaxşılaşır, ölkədə davamlı sabitlik hökm sürür. Bunu biz 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın materiallarını oxuyarkən bir daha yəqin edirik. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin həmin iclasında iftixarla qeyd edilmişdir ki, ölkənin iqtisadiyyatının neft və qaz amilindən asılılığı getdikcə aşağı düşür, qeyri-neft sektoru isə sürətlə inkişaf edir. İlin birinci yarısında qeyri-neft sektorunda 7,2 f aiz artım olmuşdur. Bu, əslində Azərbaycan hökumətinin son illər ərzində apardığı islahatların parlaq nəticəsidir.

Ölkədə qeyri-neft sektoru ilə yanaşı kənd təsərrüfatı da inkişaf edir. Bu da sevindirici haldır. Yarım ildə kənd təsərrüfatı sahəsində 6,2 faiz artım əldə edilmişdir. Əhalinin pul gəlirləri 17 faiz, inflyasiya isə cəmi 8,8 faiz artmışdır. Bu onu göstərir ki, yenə də insanların rifah halının yaxşılaşdırılması üçün əlverişli şərait yaranacaqdır.

Bir sözlə, ölkəmizin ümumi inkişafı son altı ayda çox uğurlu olmuşdur. Bütün infrastruktur layihələri, sosial məsələlər müvəffəqiyyətlə həll edilmişdir. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklər nəticəsində Azərbaycanın tarixində büdcə xərcləri ilk dəfə 20 milyard dollara çatdırılmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, hökumətə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoysun.

Ölkəmizin strateji valyuta ehtiyatları da ildən-ilə artır. Təkcə son altı ayda valyuta ehtiyatlarımız 9 milyard dollar çoxalmışdır. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollara bərabərdir. Sevindirici haldır ki, əldə edilən gəlirlər xalqın rifah halının yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə daha çox yönəldilir.

Nazirlər Kabinetinin iclasında giriş və yekun nitqi söyləyən Prezident İlham Əliyev altı ayın nəticələrindən razı qaldığını bildirdi, yubiley ilinin qalan aylarında qarşıda duran vəzifələrdən danışdı. Ölkə başçısı həyatın bütün sahələrində gedən inkişaf tempindən söz açdı, bu tempi daha da sürətləndirməyin yollarını müəyyənləşdirdi. Əsas diqqət insan amilinə yönəldildi. Qeyd olundu ki, iqtisadiyyatın gücləndirilməsi hesabına əldə edilən külli miqdarda maliyyə vəsaitləri əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə daha çox sərf olunmalıdır.

Prezident giriş nitqində dedi ki, bu ilin birinci yarısında həmişəki kimi, sosial məsələlərin həlli də diqqət mərkəzində olmuşdur və bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bəzi kateqoriya üzrə - büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları qaldırılmışdır. Ən böyük nailiyyət pensiyaların artımı ilə bağlıdır. Bir neçə gün bundan əvvəl qəbul edilmiş qərarlar nəticəsində iyulun 1-dən 2006-cı ilə qədər pensiyaya çıxmış pensiyaçıların orta pensiyası təxminən 40 faiz artmışdır. İndi dəqiqləşmə gedir, hesablamalar aparılır və bu, çox böyük artımdır. Demək olar ki, bəlkə də dünya miqyasında bu illər ərzində buna bənzər hadisə olmamışdır. Çünki bəzi ölkələrdə - harada ki, maliyyə və iqtisadi böhran özünü büruzə verir, nəinki pensiyalar artırılır, əksinə, azaldılır, maaşlar, sosial proqramlar kəsilir, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları və sosial təminatı aşağı düşür. Azərbaycanda isə 900 minə qədər pensiyaçının pensiyası 40 faiz artmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün iqtisadi uğurlar hökumətə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar atsın. Söz yox ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması nəticəsində bir milyona qədər Azərbaycan vətəndaşı maddi vəziyyətini böyük dərəcədə yaxşılaşdıracaqdır.

Məlumdur ki, ölkədə ünvanlı sosial yardım proqramı həyata keçirilir. Bu proqram hazırda 125 min ailəni əhatə edir. Hər ay orta hesabla hər bir ailəyə 104 manat kömək göstərilir. Bu da yoxsul təbəqəyə Azərbaycan dövləti tərəfindən göstərilən qayğıdır. Məqsəd ondan ibarətdir ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan yaxın zamanda bu məqsədə çatacaqdır. Son 7 il ərzində ölkəmizdə yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə aşağı düşmüşdür. Heç şübhəsiz, cari ilin yekunlarına görə bu rəqəm yenə də aşağı düşəcəkdir.

Əlbəttə, bunu etmək üçün kompleks tədbirlər görülür. Həm iqtisadi siyasət, siyasi sabitlik, sahibkarlığın, kənd təsərrüfatının inkişafı, kreditlərin, subsidiyaların verilməsi, texnikanın alınması və fermerlərə icarəyə verilməsi, gübrə və yanacağın güzəştli şərtlərlə fermerlərə verilməsi - bütün bu kompleks tədbirlər, üstəgəl ölkəmizdə aparılan böyük infrastruktur layihələrin icrası, elektrik xətlərinin, yolların, o cümlədən kənd yollarının çəkilişi, qazlaşdırmanın aparılması bu vəziyyətə gətirib çıxarıbdır.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hökumət son illər ərzində çox gərgin işləyib. Azərbaycanda bir neçə proqram icra edilir. Hər bir proqram konkret məna daşıyır. Heç bir proqram sadəcə olaraq, hansısa bir niyyət, şüar xarakteri daşımır. Hər bir proqramın təməlində icra mexanizmləri, maliyyə resursları və düşünülmüş iş cədvəli vardır.

Bölgələrdə, o cümlədən regional inkişaf proqramının icrası nəticəsində təkcə bu ilin altı ayında 38 min yeni iş yeri açılmışdır və bu proses davam edir. Son illər ərzində 1 milyona qədər yeni iş yeri açılmışdır.

Bu ilin birinci yarısında iki vacib proqram qəbul olunub. Onlardan biri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Proqramıdır. Əminliklə demək olar ki, Proqramın icrası nəticəsində mühüm məsələlər öz həllini tapacaqdır. Ölkə başçısının gənclərlə görüşləri zamanı onlar tərəfindən qaldırılan məsələlərin, demək olar ki, hamısı o proqrama daxil edilibdir. Yerlərdən gələn təkliflər də təhlil edilibdir. İnamla demək olar ki, proqramda nəzərdə tutulmuş bütün məsələlər 2015-ci ilə qədər həllini tapacaq və beləliklə, gənclərin həm məşğulluğu, həm təhsillə bağlı olan problemlər, asudə vaxtlarının təşkili, gənclər üçün xüsusi fondun formalaşması və o fondun xətti ilə müxtəlif proqramların həyata keçirilməsi təmin olunacaqdır.

İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram daha da qısamüddətlidir - 2011-2013-cü illəri əhatə edir. Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, iki il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq, abadlıq işləri aparılacaqdır. Artıq bu işlərə başlanılmışdır. İndi qəsəbələrdə yeni su xətləri çəkilir. Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. O qəsəbələrin əksəriyyətində bəzi yollar torpaq yolları idi, yararsız vəziyyətdəydi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə gözəl yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir. Yəni, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir. Bu, çox böyük hədəfdir, böyük proqramdır və iki il yarım ərzində bunu icra etmək çox çətindir. Nə qədər çətin olsa da həlli vacibdir. Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, kreditlər daha böyük məbləğdə veriləcəkdir ki, orada kiçik emal müəssisələri, mini zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin.

Nazirlər Kabinetinin yığıncağında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov respublikamızın paytaxtında həyata keçirilən kompleks yenidənqurma tədbirlərindən danışaraq dedi:

- Keçən altı ay ərzində Bakı şəhərinin mərkəzi küçə və prospektlərinə 196 min 400 kvadratmetr asfalt örtüyü salınmış, 692 ədəd xaricdə istehsal olunmuş müasir işıq dirəyi, 340 ədəd Almaniya istehsalı olan metal-kommunal örtük vasitələri - lyüklər və 14 min poqonmetr qranit səki daşları quraşdırılaraq istifadəyə verilmişdir. Həmçinin metronun "Nizami" stansiyasının qarşısında fəvvarələr kompleksi və istirahət parkı salınmış, Bakı şəhərinin ilk azərbaycanlı baş memarı Zivərbəy Əhmədbəyovun abidəsi ucaldılmışdır. Bu ilin sonuna qədər "Alov-büllur" fəvvarə kompleksi, Koroğlu abidəsi və istirahət parkları istifadəyə veriləcəkdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Bakı şəhərinin və onun qəsəbələrinin sürətli inkişafına yeni təkan vermiş və bu istiqamətdə əməli konkret addımlar atılmış, çevik, həssas sosial mexanizmlərin və sistemlərin səmərəli tətbiqi nəticəsində nəzərəçarpan nailiyyətlər və uğurlar əldə edilmişdir. Belə ki, Bakıətrafı qəsəbə və kəndlərdə yollara 390 min 835 kvadratmetr asfalt örtüyü salınmış, 4 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşları quraşdırılmışdır. İlin sonuna qədər daha 480 min kvadratmetr asfalt örtüyünün salınması, 5 min poqonmetrə qədər beton, 1500 poqonmetrədək qranit səki daşlarının quraşdırılması nəzərdə tutulur.

Təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq, hazırda Bakı şəhəri üzrə 37 ümumtəhsil məktəbində əsaslı təmir işlərinə başlanılmışdır. Bu işlər cari il sentyabrın 15-dək başa çatdırılacaqdır. 17 orta ümumtəhsil məktəbində isə yeni korpusların inşasına başlanılmış və ilin sonuna qədər başa çatdırılacaqdır. Eyni zamanda, Bakı şəhərinin 57 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Həmin bağçalar ilin sonunadək müasir tələblər səviyyəsində istifadəyə veriləcəkdir.

Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin əlavə sərəncamları ilə Bakı şəhərinin Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Binəqədi və digər rayonlarının ərazilərində və qəsəbələrdə yeni məktəb binalarının, xəstəxana və poliklinikaların tikintisinə başlanılmışdır. Ölkə başçısının göstərişinə əsasən Mərdəkan qəsəbəsində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtilə öz vəsaiti hesabına tikdirdiyi, fiziki cəhətdən köhnəlmiş "Qızlar məktəbi"nin binasında da artıq əsaslı təmir işləri aparılmaqdadır. Günümüzün reallıqları və obyektiv gerçəklik onu deməyə tam əsas verir ki, Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə əlaqədar qısa bir zaman kəsiyində əldə edilmiş müsbət nəticələr, bilavasitə möhtərəm Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən əməli fəaliyyəti, tövsiyələri və diqqəti sayəsində mümkün olmuşdur.

Vergilər naziri Fazil Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da iclasda çıxış edərək insana qayğıdan, son altı ayda bu istiqamətdə gördükləri işlərdən danışdılar.

İclası yekunlaşdıran Prezident İlham Əliyev dedi:

- Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılmışdır. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 1.