Qəbələdə pianoçuların II Beynəlxalq müsabiqəsinin ilk turu başa çatmışdır

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən III Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi müvəffəqiyyətlə davam edir.

İyulun 16-da "Qafqaz Resorte" otelində müsabiqənin birinci turuna yekun vurulmuşdur.

İki gün davam edən birinci turda 9 ölkədən 15 pianoçu-Andrey Yaroşinski (Rusiya), Yelena Smirnova (ABŞ), Van Lin (Çin), Abdiel Yarquez (Meksika), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Toğrul Adiloğlu (Azərbaycan-Türkiyə), Eren Yahsı, Eren Aydoğan (Türkiyə), Fatimə Əliyeva (Rusiya-Azərbaycan), Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani, Daniel Kontuaşvili (Gürcüstan) və Aleksandr Samoilov (Ukrayna) bacarıqlarını nümayiş etdirmişlər.

Müsabiqə iştirakçılarının hər biri ümumilikdə 20 dəqiqə olmaqla 3 əsər ifa etmişdir. Gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın "Prelüd və Fuqa" əsərini, V.M.Motsart və Y.Haydnın "Sonata"sını, F.Şopenin "Virtuoz etüdü"nü səsləndirmişlər.

Sonda amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi ilə 11 ölkədən məşhur musiqiçilərin təmsil olunduğu münsiflər heyətinin qərarı açıqlanmışdır. İlk turda 15 nəfərdən 4-ü müsabiqəni tərk etmişdir.

İyulun 17-18-də keçiriləcək müsabiqənin ikinci turunda iştirak etmək hüququ qazanan 11 gənc pianoçu sırasında Nərgiz Kəngərli və Fatimə Əliyeva da vardır.

İyulun 21-22-də keçiriləcək finala vəsiqə qazanan pianoçular Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə konsert verəcəklər.

 

 

Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 2.