Dahiliklə sadəliyin, tələbkarlıqla qayğıkeşliyin vəhdətini gördüm o müdrik insanda

 

1981-ci ilin bir yaz gününün əziz xatirəsi heç zaman yadımdan çıxmayıb və nə qədər ömrüm var yəqin ki, onu xatırlayacam. Həmin gün ulu öndər Heydər Əliyev Ağdaş rayonunda sədr işlədiyim kolxoza gəlmişdi.

Bir neçə gün öncədən fəxri qonağın rayonumuza, o cümlədən bizim kolxoza gələcəyini bilirdim. Çox həyəcan keçirirdim, onu necə qarşılayacağımı, təsərrüfatda gedən işlər barədə hesabat verəcəyimi fikirləşəndə çaşıb qalırdım. Gözlədiyimiz gün gəldi. Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevi pambıq tarlasının kənarında qarşıladıq. Ulu öndər kolxozçularla salamlaşdıqdan sonra, bir qrup nümayəndə ilə sahənin içərisinə gedərək becərmə işlərinin vəziyyəti ilə maraqlandı. O bizimlə elə mehribancasına davrandı ki, mənim bütün həyəcanım ötüb keçdi. Rəhbərə təsərrüfat haqqında ətraflı məlumat verə bildim. Mən o dahi insanın sadəliyinə heyran qaldım.

Heydər Əliyevin baxacağı sahə rayonun və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən dəfələrlə yoxlanılıb qərara alınmışdı ki, bu sahədə heç bir nöqsan yoxdur. Heydər Əliyev sahəyə girən kimi əyilib pambıq kolunun dibindən bir alaq otunu dartıb çıxartdı və bizə göstərdi. Biz donub qaldıq, dəfələrlə həmin yeri yoxlamışdıq. Mən və mənimlə birlikdə olanlar bu dahi insanın diqqətinə heyran qaldıq. Sahəni gəzdikdən sonra ulu öndər tarla düşərgəsinin yanına gəldi, mənə göstəriş verdi ki, sahə briqadirlərini çağırım.

Mən briqadirləri rəhbərin yanına dəvət etdim və bir-bir onları təqdim etdim. Sonra qısa məlumat verdim. 1 nömrəli briqadanın briqadirini təqdim edəndə dedim ki, yoldaş Əliyev, bu cavan idarədə mühasib köməkçisi işləyirdi, onu ən geridə qalan briqadaya göndərmişəm. İndi həmin briqada ən qabaqcıl briqadadır. Bu söz rəhbərin çox xoşuna gəldi. Gənc briqadir Hacı Mustafayevlə səmimi görüşdü və soruşdu:

- Bu cavan oğlan evlidirmi?

- Xeyir, amma istəklisi var.

O vaxt Hacı Mustafayev qonşu kənddən bir qız istəyirdi, ancaq valideynləri razı deyildi. Hətta mən də xahiş etmişdim, valideynlərini razı sala bilməmişdim.

Bu vaxt Heydər Əliyev soruşdu:

- Qız buradadırmı?

Mən qızın burada olduğunu bilmirdim. Ona görə də nə deyəcəyimi bilmirdim. Bu zaman adamların içərisindən bir nəfər söylədi ki, bəli, buradadır.

Heydər Əliyev dedi ki, qız da bura gəlsin. Qız kolxozçuların içərisindən çıxıb yanımıza gəldi. Heydər Əliyev həm qızın, həm də oğlanın alınlarından öpüb dedi:

- Sizin xeyir-duanızı mən verirəm, xoşbəxt olun.

Sonra Heydər Əliyev mənə və rayonun birinci katibi işləyən Almaz Hacıyevaya göstəriş verdi ki, bunlara məhsul bayramında (o vaxtlar yığımın sonunda məhsul bayramı keçirərdik) yaxşı bir komsomol toyu edin. Mən tapşıracam həmin toyu televiziyaya çəksinlər, mən də baxacam.

Biz toyu etdik. Həmin toy bir neçə dəfə Azərbaycan, bir dəfə də Moskva televiziyası ilə yayımlandı. Mən o günləri fikirləşdikcə, bu böyük insanın qayğıkeşliyinə heyran qalıram. Bir neçə saatlıq görüş illər ötsə də yaddaşımda ən əziz bir xatirə kimi qalır. Mən görüşdə ulu öndər Heydər Əliyevin dahiliyinin, dahi olduğu qədər sadəliyinin, yüksək tələbkarlığının, tələbkar olduğu qədər də qayğıkeşliyinin şahidi oldum. Çox nadir rəhbər tapılar ki, bu xüsusiyyətlərin hamısını özündə cəmləşdirsin.

 

 

M.MUSTAFAYEV,

Aqrolizinq ASC Ağdaş

filialının müdiri

 

Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 3.