Tərtər:
inkişaf möhkəm təməl üzərindədir
Son günlər aran rayonlarında havalar çox isti keçir. Görünür, elə ona görədir ki, dağlara, dağətəyi yerlərə uzanan yollar, necə deyərlər, əriş-arğacdır. Sərin dağ havası, qənirsiz təbiət gözəllikləri, sıx meşələr aşağı bölgələrin istisindən-bürküsündən təntiyən adamları mehriban ana kimi öz qoynuna alır.
Bizim də yolumuz dağlaradır. Geniş, rahat asfalt yol Tərtərin yaxası boyu uzanır. Az qala hər addımda hava da dəyişir, mənzərələr də, əhval-ruhiyyəmiz də... Elə bil səni maşın yox, yelqanadlı düşüncələr aparır.
Qəlbimdən kövrək, həzin duyğular keçir. Bir vaxtlar bu yollarla Kəlbəcərə, İstisuya, Ceyran bulağına... gedərdik. İndi isə... İstiqamət bildirən yol nişanını görəndə elə bil ki, yuxudan ayıldım. O yerlərə gedən yollar gör neçə ildir bağlıdır?.. Belə intizarlı anlarda insan təsəlli axtarır, ümid arayır. Bu, hətta ani bir aldanış olsa da belə...
Ancaq yay-qış zirvəsindən qar əskik olmayan Murovun ətəklərinə sığınmış, dağ çayının layla çaldığı Tərtərə gəlməyimiz təkcə təsəlli ilə bağlı deyil. Bizi isti yay günlərində bura gətirən son illər həm də kurort şəhəri kimi məşhur olan Tərtərin təmiz havası, füsunkar təbiəti, soyuq suyu, bir də dinamik inkişafı və yüksəlişi, yüksək zövq və müasirliklə aparılan tikinti-abadlıq və quruculuq işləridir...
Bölgə müxbiri kimi Tərtərin son illərdəki iqtisadi, sosial və mədəni sahədəki inkişafından çox yazmışam. O da fərəhlidir ki, inkişaf və yüksəliş bütün sahələri əhatə etmiş, məsələlərin həllinə kompleks münasibət formalaşmış, rayon icra hakimiyyəti, onun yerli strukturları öz iş üslub və metodlarını, Tərtər təşkilat-idarəetmə məsələlərini daim təkmilləşdirmişdir. Bu zaman daha çox elmi münasibət, insan amili diqqət mərkəzində saxlanılmışdır. Sevindirici haldır ki, son aylar rayonda həyata keçirilən əsaslı tədbirlər, genişmiqyaslı tikinti-quruculuq işləri məhz bu möhkəm təməl üzərində inkişaf etdirilmiş, ardıcıl, sistemli və çevik idarəetmə metodları formalaşmışdır. Yeri gəlmişkən, biz bura bir mühüm amili də əlavə etmək istərdik: müasirlik və yüksək zövq. Şəhəri gəzərkən, son vaxtlar başa çatdırılmış işlərlə, davam etdirilən və nəzərdə tutulan tədbirlərlə tanış olarkən bir daha bu həqiqətin şahidi olduq.
İndi hamı etiraf edir: Bərdə istiqamətindən Tərtərə giriş şəhərə xüsusi gözəllik verir. Həqiqətən, şəhər Bərdə istiqamətinə, belə demək mümkünsə, xeyli addımlamış, Tərtər çayı boyunca bir-birindən gözəl və müasir obyektlər tikilib istifadəyə verilmiş, yaşıllıq salınmış, bulaq kompleksi yaradılmışdır. Bir sözlə, insan əli təbiətə sığal çəkmiş, onu daha da gözəlləşdirmişdir. Heç də təsadüfi deyildir ki, günün müxtəlif vaxtlarında burada dincəlməyə, istirahət etməyə gələn insanları görmək olar. Əksəriyyəti də aşağı rayonlardan.
2011-ci ilin ötən aylarında bütövlükdə respublikamızda olduğu kimi, Tərtər rayonunun da sürətli sosial-iqtisadi inkişafı təmin edilmişdir. Belə ki, rayonda ümumi məhsul buraxılışının həcmi 13 milyon 490 min manat təşkil etmiş, 811,5 min manatlıq sənaye, 3 milyon 990 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. 734,4 min manatlıq nəqliyyat xidməti, 72 min manatlıq informasiya və rabitə xidməti göstərilmişdir.
Cari ilin ilk aylarından başlayaraq rayonda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrası, rayonun abadlaşdırılması, infrastrukturun daha da inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, məşğulluğun təmin olunması, yeni istehsal və iş yerlərinin yaradılması sahəsində məqsədyönlü tədbirlər davam etdirilmişdir.
Dövlət Proqramı çərçivəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və tərəvəzçiliyin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Meyvə-tərəvəz istehsalını stimullaşdırmaq məqsədilə 3 min tonluq meyvə-tərəvəz saxlama anbarının tikintisinə başlanılmışdır. Hazırda anbarın tikintisi sürətlə davam edir. Heyvandarlığı inkişaf etdirmək, sənaye əsasında yumurta istehsalını artırmaq məqsədi ilə Borsunlu kəndi ərazisində inşa olunan 80 min başlıq damazlıq quşçuluq fabrikinin tikintisi davam etdirilmişdir. Gündəlik emal gücü 10 ton olan süd zavodunun inşası başa çatmışdır.
Əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə fasiləsiz təchiz edilməsi, istehlak olunmuş enerjinin və suyun haqqının tam və vaxtında ödənilməsi sahəsində tədbirlər uğurla davam etdirilmişdir. 110/35/6 kv-luq Tərtər, 35/10 kv-luq İsmayılbəyli yarımstansiyaları əsaslı təmir edilmişdir.
Elektrik şəbəkəsi üzrə 21,8 milyon kvt/saat elektik enerjisi satılmışdır. Enerji haqqı ümumilikdə 74,9% ödənilmişdir. Bunlarla yanaşı, enerjidən qanunsuz istifadə və enerji borclarının vaxtında ödənilməməsi kimi hallar hələ də qalmaqdadır. Məsələn, enerjidən qanunsuz istifadə edilməsi barədə 102 hal aşkar edilmiş, 11285,96 manat dəyərində cərimə tətbiq edilmişdir. Bu isə bütövlükdə 2010-cu ildə aşkar edilmiş faktların 80 faizini təşkil edir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq hələ 2010-cu ildə rayonun Tərtər çayının sağ sahilində yerləşən kəndlərinin qazlaşdırılması üçün Azad Qaraqoyunlu kəndi ərazisində qazpaylayıcı stansiya quraşdırılmışdır. Rayon mərkəzinədək diametri 315 mm olan 15 km magistral qaz kəməri, Hüsənli kəndinin qazlaşdırılması üçün diametri 200 mm olan 5,7 km, Qaynaq, Qapanlı və Qazyan kəndlərini qazlaşdırmaq üçün diametri 108 mm olan 11,7 km, diametri 76 mm olan 19,9 km və diametri 57 mm olan 23,7 km kəndlərarası qaz kəmərləri çəkilmişdir. Hazırda kəndlərin qazlaşdırılmasını sürətləndirmək istiqamətində tədbirlər görülür.
Yaşayış məntəqələrinin qaz təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə Buruc və Sarıcalı kəndlərinin hər birində 1 qaz paylayıcı qurğu quraşdırılmışdır.Tərtər şəhərinin Heydər Əliyev prospektində qaz boruları dəyişdirilmişdir. Bərdə - Tərtər qaz kəmərinin 8 km hissəsi təmir olunmuşdur. Ümumilikdə, 615 ədəd sayğac yeniləri ilə əvəz olunmuşdur. 24 kommunal mənzilinə, 30 fərdi yaşayış evinə, 2 qeyri-dövlət müəssisəsinə təbii qaz verilmişdir. İstehlak olunmuş təbii qazın haqqının ödənişi əhali bölməsi üzrə 91 faiz, qeyri-dövlət bölməsi üzrə 100 faiz olmuşdur.
Cari ilin ötən ayları ərzində rayonda tikinti-abadlıq və quruculuq işləri vüsət almışdır. 2011-ci ilin təkcə birinci rübündə 1.698,2 min manat dəyərində əsas fondlar istifadəyə verilmiş, kapital qoyuluşunun həcmi 165,5 min manat təşkil etmişdir. İstifadəyə verilmiş əsas fondların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 15 dəfə çox olmuşdur. Rüb ərzində rayonda vətəndaşlar tərəfindən 2,2 min kvadratmetr fərdi yaşayış evləri, onlarla ticarət və xidmət obyektləri tikilib istifadəyə verilmişdir.
Şəhərin Bərdə istiqamətindən girişində aşırımı 24 metr, hündürlüyü 10 metr olan metal konstruksiyadan tağşəkilli giriş qapısı quraşdırılmışdır. Hazırda obyektdə işıqlanma və tamamlanma işləri aparılır. Qapının ətrafında hər iki istiqamətdə 400 metr yeni səki daşı düzülmüş, yol genişləndirilmiş və asfaltlanmışdır. Həmin ərazidə 4 km məsafədə yolların kənarlarına minlərlə maşın torpaq verilmiş, hamarlanmış, 60.120 ədəd qızılgül kolları və müxtəlif bəzək ağacları əkilmişdir.
Heydər Əliyev prospektində və Nizami küçəsində istinad divarları hündürləşdirilmişdir. Ümumilikdə, 8650 kvadratmetr sahəsi olan həmin divarların aqlay və müxtəlif bəzək daşları ilə üzlənməsinə başlanılmışdır. Qısa müddətdə 2500 kvadratmetrdən çox sahə üzlənmişdir. Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Ana abidəsinin 250 kvadratmetrlik postamentinin aqlayla üzlənməsinə başlanılmışdır. İndiyədək 70 kvadratmetr sahə üzlənmişdir. Abidənin ətrafında 500 kvadratmetr sahəyə müasir formalı tamet döşənmişdir. Hazırda hər iki sahədə işlər davam edir. Heydər Əliyev prospektində yeni Dövlət Bayrağı ucaldılmışdır. Mərkəzi meydanda müasir tipli işıq dirəkləri qoyulmuşdur. Tərtər Rayon İcra Hakimiyyətinin binası da əsaslı şəkildə təmir olunur.
Mərkəzi meydanda ulu öndərin portreti üçün sahəsi 60 kvadratmetr olan postament tikilmişdir. Bunlarla yanaşı Heydər Əliyev prospektində, Nizami və V.Həsənov küçələrində 425 müxtəlif təyinatlı obyektlərin fasad hissəsi aqlay daşı ilə üzlənir.
Ana abidəsindən giriş qapısına qədər ikitərəfli yol yaratmaq üçün 4200 ədəd bardür düzülür, 120 ədəd müasir formalı işıqlanma dirəkləri quraşdırılır. Heydər Əliyev prospektində və Nizami küçəsində 25250 kvadratmetr səkilərə tamet daşının döşənməsinə başlanılmışdır.
Yolların təmirinə diqqət artırılmışdır. Hesabat dövründə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə - İstisu, Tərtər - Hindarx, Goranboy - Tərtər, Xocalı - Yevlax - Laçın avtomobil yolunun 70 km hissəsi hamarlanmışdır. Tərtər çayı üzərindəki körpüdə dayaqların yuyulmasına qarşı 13 min kubmetr mühafizə səddi qurulmuşdur.
Sahibkarlığın inkişafına diqqət və qayğının artırılması, yeni iqtisadi münasibətlərin formalaşmasının daha da sürətləndirilməsi nəticəsində rayonda əvvəllər muzdla işləyən bir çox şəxslər fiziki şəxs kimi fəaliyyət göstərməyə başlamışlar. Məsələn, cari ilin birinci rübündə 70 nəfər vergi orqanlarında qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır.
Hazırda rayonda kənd təsərrüfatı məhsullarının 98 faizi, sənaye məhsulunun 35,4 faizi qeyri-dövlət sektorunda istehsal olunur. Həyata keçirilmiş bütün bu tədbirlər nəticəsində 2011-ci ilin ötən ayları ərzində rayonda 497 yeni iş yeri açılmışdır ki, bunun 77-si daimi, 420-si isə müvəqqətidir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla söhbətimiz qısa oldu:
- Bir neçə dəfə sizinlə görüşmək istəmişəm. Hər dəfə də deyiblər ki, cəbhə xəttindəki kəndlərdəsiniz...
- Elədir. Bu gün də Qazyan - Qapanlı kəndlərində olacağam. Bu sizi niyə təəccübləndirir ki? Tərtər ənənəvi kənd təsərrüfatı rayonudur. Son illər burada bir sıra iri sənaye müəssisələri istifadəyə verilib. Tikinti-abadlıq və quruculuq işləri də yüksək keyfiyyətlə davam etdirilir. Ancaq bir həqiqəti də unutmaq olmaz ki, Tərtər, hər şeydən əvvəl, cəbhə xəttində yerləşir. Deməli, böyük strateji əhəmiyyətə malikdir. Sözün düzü, hər dəfə cəbhə xəttində yerləşən yaşayış məntəqəsinə baş çəkəndə, yerli əhali ilə görüşəndə qəlbimdə böyük qürur və minnətdarlıq duyğuları oyanır. Bir güllə məsafəsində yaşayan, demək olar ki, hər gün düşmən hücumuna məruz qalan, basqın və atışmaya baxmayaraq ayaqlarını doğulub böyüdükləri bu torpağa daha möhkəm dirəyən, əkən-becərən, özlərinə gün-güzəran quran bu insanlar hər cür qayğı və diqqətə layiqdirlər. Ona görə də iş gününün çox hissəsini məhz həmin kəndlərdə keçirirəm, ortaya çıxan vacib sosial ehtiyacların mümkün qədər tez həll olunmasına çalışıram.
- Yerlərdə keçirdiyiniz səyyar qəbullarda mən də iştirak etmişəm. Adamlar son vaxtlar həyata keçirilən tədbirlərdən, görülən işlərdən dərin razılıq edirlər. Ancaq hələ də öz həllini gözləyən vacib problemlər var. Əsas cəhət odur ki, adamlar problem qaldırmaqla yanaşı, onların həlli yollarını da göstərir, özləri də bu işdə fəal iştirak etmək istədiklərini bildirirlər...
- Başqa cür də ola bilməz. İndi kabinetdən rəhbərlik dövrü deyil. Nəzərə almaq lazımdır ki, hər bir rəsmi arayış, telefon zəngi, adamlarla görüş və söhbətlər çox şeyi aydınlaşdırmaq, yerlərdəki həqiqi vəziyyəti dəqiq öyrənmək baxımından çox əhəmiyyətlidir. Biz artıq bütün yaşayış məntəqələrində belə səyyar görüşlər keçirmişik və bu işi gələcəkdə də sistemli və ardıcıl şəkildə davam etdirəcəyik.
- Müasir idarəetmə həm də iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət tələb edir...
- Əlbəttə, hər hansı sahənin inkişafı digərinin hesabına olmamalıdır. Burada həlledici cəhət kadrlarla aparılan iş, onların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə olunmasıdır. Digər tərəfdən, çevik, ardıcıl və sistemli icra intizamı, ciddi məsuliyyət, daha çox elmi münasibət olduqca vacibdir.
Biz xoşbəxtik, bir də ona görə ki, bütün sahələrdə olduğu kimi, burada da hamımız üçün böyük məktəb, parlaq örnək, misilsiz nümunə var. Bu, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin zəngin irsi, bütün nəsillərə nümunə olan həyat və fəaliyyətidir. Olduqca fərəhlidir ki, həmin zəngin ənənə bu gün də daha geniş və müasir formada davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli, ardıcıl və müdrik daxili və xarici siyasət xətti hər bir rəhbər işçi üçün sözün əsl mənasında tükənməz xəzinə və parlaq nümunədir.
...İcra başçısı ilə söhbətim, gördüklərim, şahidi olduqlarım qəlbimdə zəngin təəssürat, xoş ovqat, yüksək əhval-ruhiyyə yaratdı. Yol boyu düşünürdüm ki, insanları yaşadan təkcə çörək, su, hava deyil, həm də sabaha olan inam və ümiddir. Cəbhə xəttində, düşmənlə üz-üzə dayanan insanlar üçünsə bu, ikiqat vacibdir. Tərtərdə olduğu kimi...
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 4.