Xalqın və
dövlətin maraqları hər şeydən ucadır
Bu mərama sadiq qalan "İki
sahil" qəzeti 20 illik yubileyini qeyd edir
1991-ci ilin 10 iyul tarixində oxuculara yeni bir nəşr təqdim olundu: "İki sahil". Bu qəzet çoxtirajlı "Zavod həyatı" qəzetinin bazasında yaradıldı. "İki sahil"in müstəqil nəşr kimi tutduğu yol, ideya istiqaməti də getdikcə genişləndi. "Vahid Azərbaycan uğrunda!" devizi altında fəaliyyətə başlayan qəzetin səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı, bu taylı problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olundu. İlk nömrədə verilmiş "Yurdumuzun ulu daşları" silsiləsindən "Xudafərin körpüləri", "Təbriz, səndən gileyim var?" kimi yazılar oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.
"İki sahil"in respubilkamızda və beynəlxalq aləmdə baş verən hadisələr barədə ətraflı və obyektiv məlumatları ictimaiyyətin diqqətini özünə çəkdi. Qəzetdə siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olmaqla yanaşı, onların müxtəlif səpkili məktublarının səhifələrimizə yol açmasına stimul verirdi. Beləcə günlər, aylar, illər bir-birini əvəzlədikcə "İki sahil"in uğurları artdı, oxucu auditoriyası genişləndi, fəaliyyətinin əsasına çevirdiyi müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət amalına sadiqlik özünü hər addımda təsdiqlədi.
Azərbaycan xalqı müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, hakimiyyətə hərislikləri ucbatından böyük faciələrlə üz-üzə qaldı. Daim azad, müstəqil yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək arzusu ilə yaşayan xalqımız 1991-ci ildə yenidən bu istəyinə qovuşsa da, həmin dövrün iqtidarının yarıtmaz siyasəti, hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi Azərbaycanın varlığını sual altında qoyurdu. Belə bir çətin dövrdə "İki sahil" qəzeti öz səhifələrində reallıqları olduğu kimi ictimaiyyətə çatdırmaqdan, Azərbaycanın xilaskarının ulu öndər Heydər Əliyev olduğunu bəyan etməkdən çəkinmədi. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi şərəfinə ziyafətdəki çıxışı zamanı söylədiyi fikri xatırlatmaq istərdik: "Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq."
"İki sahil" qəzeti də 1991-1993-cü illərdə reallıqları təhrif etmədən, olduğu kimi ictimaiyyətə çatdırdığı üçün cəmiyyət tərəfindən yüksək səviyyədə qəbul olundu.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi. Dahi şəxsiyyət söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-in rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının, şəxsiyyətə mənfi təsir göstərən halların yolverilməz olduğunu bildirirdi.
"İki sahil" qəzeti heç vaxt mətbuat azadlığından sui-istifadə hallarına yol verməmiş, bu yolu tutanlara qarşı daim sərt mövqeyini nümayiş etdirmişdir. Qəzet demokratiya yolu tutan Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri, imzalanan fərman və sərəncamları daim səhifələrində ictimaiyyətə çatdırır.
Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində müstəqilliyimizin ilk illərində yaşanan durumu təhlil edərkən reallıqların təbliğində "İki sahil" qəzetinin də rolunu yüksək dəyərləndirmişdir: "O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm".
Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas hissəsi yaradıcısı və sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Partiyanın yaradılması ilə bağlı bir qrup Azərbaycan ziyalısının ulu öndərə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetimizin 15 oktyabr 1992-ci il sayında dərc olunmuşdu. Həmin müraciətdə səslənən hər bir fikrin geniş təhlili qəzetin səhifələrində xüsusi yer tutmuş, oxucular öz fikir və mülahizələrini bildirmişdilər.
Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin yaranması iqtisadi tərəqqini sürətləndirdi, iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı, ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Ümummilli lider "Əsrin müqaviləsi"nin imzalanmasını gerçəkləşdirərək Azərbaycanı dünyaya qovuşdurdu. Bu gün "İki sahil" müstəqil ictimai-siyasi qəzet olaraq ARDNŞ-in təsisçiliyi ilə uğurla fəaliyyət göstərir. "Əsrin müqaviləsi"nin ölkəmizə qazandırdığı uğurlar qəzetimizin səhifələrində xüsusi yer tutur. "Əsrin müqaviləsi"nin əsas tərkib hissəsi olan BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi iştirakçı, eyni zamanda, dünya dövlətlərinin iqtisadi imkanlarının genişlənməsinə öz müsbət təsirini göstərdi, yeni layihələrə yol açıldı.
Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar və sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar "İki sahil" qəzetinin səhifələrində geniş yer tutur. Bu fikir daim önə çəkilir ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. Bu istiqamətdə imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları ilə bağlı təhlili yazılar müsbət dəyərləndirilir.
Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının davamı onun özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi, möhtərəm İlham Əliyevə tapşırmasıdır. 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bir daha bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. Ötən 7 il ərzində dövlət başçısı İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Son yeddi ildə qəzetimizin nömrələrinin statistikasına diqqət yetirən hər kəsin gözü qarşısında ölkə rəhbərinin xalq, dövlət, vətən naminə gördüyü böyük işlərin geniş mənzərəsi canlanır.
Bu gün yeganə problemimiz olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin göstərdiyi səylər "İki sahil" qəzetinin səhifələrində xüsusi yer tutur. Qəzet yarandığı gündən xalqımızın üzləşdiyi bu amansız müharibənin acılarını faktlar əsasında ictimaiyyətə çatdırır. Qəzetin əməkdaşları cəbhə bölgələrində olur, ermənilərin yalanlarını üzə çıxaran faktlar toplayırlar. "İki sahil" qəzetinin hər sayında vətənpərvərlik mövzusunda yazılara rast gəlməmək mümkün deyil. Qəzetin əvvəlki saylarında "Yaralı Vətən" silsiləsindən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən oğul və qızlarımızın göstərdikləri qəhrəmanlıqların faktlar əsasında ictimaiyyətə çatdırılması böyük rəğbətlə qarşılanıb. Azərbaycanın artan iqtisadi imkanlarının fonunda hərbi qüdrətimizin möhkəmlənməsi ilə bağlı silsilə yazılar dərc olunur. Dağlıq Qarabağ problemi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həlli istiqamətində atılan addımlar, Dövlət Neft Fondunun vəsaitləri hesabına məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması yönümündə görülən işlər də qəzetimizdə geniş işıqlandırılır.
Bu uğurlarımız "İki sahil" qəzetinin daim diqqətində olmuş, geniş işıqlandırılmışdır. Azərbaycanın bugünü, sabahı üçün atılan hər bir addım, əldə olunan uğur qəzetimizin səhifələrində mühüm yer tutur.
Qeyd etdiklərimiz Azərbaycanın 20 illik müstəqillik tarixində keçdiyi inkişaf yoluna qısa bir baxışdır. Bununla paralel olaraq bu gün 20 illik yubileyini qeyd etməyə hazırlaşan "İki sahil" qəzetinin keçdiyi yola nəzər saldıq. Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 20 ilinin qəzetimizin 20 illiyi ilə üst-üstə düşməsi təsadüfi xarakter daşımır. Bu, bir daha onu təsdiqləyir ki, tutduğu yoldan geri dönməyən, fəaliyyətə başladığı gündən "düzü düz, əyrini əyri" deməklə oxucu auditoriyasını genişləndirən "İki sahil" qəzeti Azərbaycanın keçdiyi inkişaf yoluna bələdçilik etməklə yanaşı, özü də bu dövrdə daha böyük təcrübə əldə etdi, qarşıdakı illər üçün mühüm uğurların təməlini qoydu.
Ötən illər ərzində qəzetimizin fəaliyyəti daim yüksək dəyərləndirilmiş, əməkdaşlarımızın bir qismi "Əməkdar jurnalist" adına layiq görülmüş, medallarla təltif olunmuşdur. Vaxtilə qəzetimizdə çalışan əməkdaşlarımızın bir çoxu hazırda müxtəlif qəzetlərə rəhbərlik edir, televiziya kanallarında çalışaraq "İki sahil"də əldə etdikləri təcrübədən bəhrələnir.
Azərbaycan yeniləşir, müasirləşir, dünya informasiya məkanına inteqrasiya edir. İctimai fikrə təsir imkanları geniş olan KİV ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara geniş yer verməlidir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-in üzərinə böyük məsuliyyət düşür. Bir məqamı da unutmamalıyıq ki, ölkəmiz müharibə şəraitindədir. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.
Fəaliyyətində daim bu prinsipləri öndə saxlayan "İki sahil" 20 ildə qazandığı təcrübədən bundan sonra da peşəkarlıqla istifadə edəcək, öz məramına həmişə sadiq qalacaq.
Vüqar RƏHİMZADƏ,
"İki sahil" qəzetinin
baş redaktoru,
əməkdar jurnalist
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 5.