13 yaşlı azərbaycanlı
qızı qətlə yetirməklə ermənilər
növbəti qəddarlığa imza
atdılar
Ermənilərin
çayla Azərbaycan ərazisinə axıtdığı
partlayıcı qurğu quraşdırılmış
oyuncağın partlaması nəticəsində Tovuzda 13
yaşlı azərbaycanlı qızın həlak olması,
anasının ağır yaralanması Azərbaycan ictimaiyyətində
dərin qəzəb hissi doğurub. Dünən bütün
günü redaksiyamıza çoxlu telefon zəngləri olub.
Oxucular, qaçqın və məcburi köçkün ailələri,
adi vətəndaşlar, tanınmış ziyalılar qəzetimizə
ünvanladığı müraciətlərdə bu qəddar
hadisəni törədən erməni cəlladlarının vəhşi
əməllərinin beynəlxalq qurumlar tərəfindən
araşdırılaraq beynəlxalq məhkəməyə
verilməsini tələb edirlər.
Hadisənin
təfərrüatını bir daha oxuculara çatdırmaq
istəyirik. Hadisə iki gün əvvəl Tovuz rayonunun Ermənistanla
həmsərhəd olan Əlibəyli kəndində baş
verib. Partlayıcı qurğu quraşdırılmış
"itəbənzər" uşaq oyuncağı ermənilər
tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz
çayına buraxılıb. Həmin ərazidə oynayan
Elsəvər Həsən oğlu Cəfərov və
Aygün Zirəddin qızı Şahmalıyeva
oyuncağı taparaq Həsən Cəfərovun evinə gətiriblər.
Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı
masanın üstünə vurub və nəticədə
partlayış baş verib. Partlayıcı qurğunun işə
düşməsi nəticəsində 1998-ci il təvəllüdlü
Aygün Zirəddin qızı Şahmalıyeva həlak olub,
onun anası, 1979-cu il təvəllüdlü Elnarə Məmmədtağı
qızı Şahmalıyeva isə bədəninin bud nahiyəsindən
xəsarət alaraq yaralanıb.
Bu məsələ
ilə bağlı Trend İnformasiya agentliyinin əməkdaşı
Tovuz rayon prokurorluğuna müraciət edib. Prokurorluğun
müstəntiqi Asif Allahverdiyev agentliyə bildirib ki, faktla
bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
milli, irqi, dini ədavət və ya düşmənçilik
niyyəti ilə adam öldürmə (120.2.12-ci) maddəsi ilə
cinayət işi başlanıb, istintaq aparılır. Müstəntiqin
sözlərinə görə, Şahmalıyevlər ailəsi
Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır.
Ailə üzvləri Əlibəyli kəndinə
qohumlarının yanına qonaq gəliblər.
Qeyd
edək ki, 1994-cü ildə də həmin ərazidə
analoji hadisə baş vermişdi. Belə ki, ermənilər tərəfindən
çaya buraxılan oyuncağı götürərkən
partlayışın baş verməsi nəticəsində iki
azyaşlı uşaq həlak olmuş, biri isə
yaralanmışdı.
Azərbaycanın Tovuz rayonunda 13 yaşlı uşağın öldürülməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dünən açıqlama verib. Nazirliyin rəsmi nümayəndəsi Elxan Poluxov mətbuat nümayəndələrinə deyib ki, azyaşlı uşaqları hədəfə alan Ermənistan rəsmiləri dünya ictimaiyyəti qarşısında öz xislətlərini yenə də nümayiş etdirərək, günahsız insanların, ələlxüsus uşaqların qanını tökməkdə davam edir.
E.Poluxov daha sonra bildirib ki, partlayıcı qurğunun mənbəyini Ermənistan ərazisində götürən və Əlibəyli kəndindən keçən Tovuz çayında tapılması onu göstərir ki, bu qurğu Ermənistan tərəfindən məhz məqsədyönlü şəkildə və xüsusi təyinatla hazırlanıb. Həmçinin, partlayıcı qurğunun oyuncaq formasında olması əvvəlcədən hədəfin uşaqlar olmasının və erməni tərəfinin əsl niyyətinin göstəricisidir. Azərbaycan Xarici İşlər Nazirliyinin adıçəkilən rəsmisi deyib: Azərbaycan dövləti Ermənistanın bu çirkinliyini və amansızlığını qətiyyətlə pisləyir və bu cür əməllərin bu kimi həssas dövrdə tərəflər arasında qarşılıqlı etimadın yaranmasına birbaşa zərbə endirdiyini vurğulayır. Azyaşlı uşağın partlayıcı qurğu ilə qətlə yetirilməsini terrordan başqa heç cür adlandırmaq mümkün deyil. Erməni tərəfi beynəlxalq qanunvericiliyin bütün tələblərinə zidd olaraq, dinc əhaliyə, xüsusilə də günahsız uşaqlara qarşı dəfələrlə qəddarlıq və amansızlıq nümayiş etdirərək öz həqiqi simalarını bir daha ifşa edib, Xocalı soyqırımının həyata keçirilməsinə göstəriş verən insanlar bu gün də günahsız insanları öldürməyə göstəriş verməkdə davam etdiklərini sübuta yetirib. Azərbaycan dünya ictimaiyyətini minlərlə məsum azərbaycanlı uşaqları qətlə yetirmiş və əlil qoymuş Ermənistanın bu gün də həmin əməllərinin davam etməsini pisləməyə çağırır. Bu kimi əməllər erməni tərəfinə uşaq qatili adından başqa heç bir ad qazandırmır.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev də bu məsələyə münasibət bildirib. Səfir deyib ki, ermənilərin 13 yaşlı azərbaycanlı uşağı öldürməsi ilə bağlı insident bir daha onu sübut edir ki, Ermənistan ordusu və tabeçiliyində olan birləşmələrin Azərbaycan dövlətinə və xalqına qarşı vəhşi siyasətinin qarşısı heç nə ilə alınmır.
Səfir Aqşin Mehdiyev daha sonra qeyd edib: "Döyüş zonasında minalanmış oyuncaqların atılması ilə bağlı belə praktika birmənalı şəkildə mülki əhaliyə, ilk növbədə, uşaqlara qarşı yönəlib. Bu növ hərəkətlər döyüş aparan tərəflərin özlərini aparması qaydalarını tənzimləyən bütün beynəlxalq hüquqi sənədlərlə pislənilir. Baş verən insident bir daha ondan xəbər verir ki, ermənilər üçün beynəlxalq normalar anlayışı yoxdur". Aqşin Mehdiyevin sözlərinə görə, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi dünya ictimaiyyətinə ermənilərin bu növbəti cinayəti ilə bağlı həqiqətin çatdırılması üçün bütün lazımi tədbirləri görəcəkdir.
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanın Tovuz rayonunda 13 yaşlı qızın həlak olması ilə bağlı insidentin diqqətlə və şəffaf şəkildə araşdırılmasına çağırır. Bu barədə səfirliyin mətbuat xidmətindən bildiriblər. "Biz bu insidentin diqqətlə, şəffaf şəkildə araşdırılmasına çağırırıq", - deyə səfirliyin mətbuat katbi Kis Bin deyib. ABŞ səfirliyinin nümayəndəsi həlak olanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Ekspertlər hesab edirlər ki, Tovuzda baş vermiş bu qanlı cinayət bir daha Ermənistan rəhbərliyinin bölgədə sülh təşəbbüslərinin qarşısını almaq məqsədlərini aşkarlayır. Tanınmış neftçi alim, texnika elmləri namizədi Baba Əhmədli hesab edir ki, ermənilər 13 yaşlı azərbaycanlı qızı öldürərək bu vəhşi əməli törətməklə düşünməsinlər ki, cəzasız qalacaqlar. Bu amansız hadisə ermənilərin ağlasığmaz qəddarlığını ortaya qoyur. Haqq, tarix onları mütləq cəzalandıracaq!
Baba müəllim daha sonra qəzəblə dedi:
- Tale, acı təəssüf ki, bizim xalqa
ermənilər kimi kinli və məkrli
qonşu bəxş edib. Yüz illərdir ki,
xalqımız bu qonşuluqdan əziyyət
çəkir, torpaqlarını
və övladlarını
itirir, hər cür məhrumiyyətlərə
düçar olur, sitəmlər yaşayır.
Nədənsə dünya sanki
bunu görmür, eşitmir. Lakin mən əminəm
ki, ermənilər qeyri-insani vəhşilikləri
ilə bəşər
tarixində vəhşilik
və qara ləkə rəmzi kimi qalacaqlar.
Birinci Qarabağ savaşında,
1993-cü ilin 15 avqustunda
Cəbrayılın Qaracallı
kəndinin müdafiəsində
qəhrəmancasına həlak
olmuş 14 yaşlı
məktəbli Samir Əliyevin atası, məcburi köçkün
Qədir Əilyev də Tovuzda 13 yaşlı qızın öldürülməsi xəbərini
eşidib erməni vəhşiliyinin heç
bir sərhəd tanımadığını dedi
və beynəlxaq təşkilatlardan, onun sözləri ilə desək, "erməni quduzluğu"na qarşı
təsirli tədbirlər
görülməsini tələb
etdi.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 5.