Ömürdən
bir yarpaq
Tanınmış
iqtisadçı alim, professor Səttar Səfərov
bütün ömrünü Azərbaycan iqtisad elminin
inkişafına, respublikamızda bacarıqlı, peşəkar
iqtisadçı kadrların yetişdirilməsinə sərf
etməklə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə
də sayılıb-seçilən şəxsiyyətlərdən
olmuşdur. Xüsusən də, Azərbaycanın öz tarixi
müstəqilliyini bərpa etməsindən sonra o,
respublikamızın ictimai-siyasi həyatında daha yaxından
iştirak etməyə başlamış, bu sahədəki fəaliyyəti
ilə böyük hörmət və nüfuz
qazanmışdır.
İqtisad
elmləri doktoru, professor Səttar İsmayıl oğlu Səfərov
1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun
Şirazlı kəndində anadan olmuşdur. 1959-1964-cü
illərdə Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirdikdən
sonra o, pedaqoji sahədə fəaliyyətə
başlamışdır. 1966-cı ildə Azərbaycan Neft və
Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) siyasi-iqtisad kafedrasında muəllim işləyən
S.Səfərov bir il sonra Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad
Universiteti) aspiranturasına qəbul olunmuşdur. Daim elmi
axtarışda olan, respublikamızda iqtisadçı
kadrların yetişdirilməsi üçün xüsusi səy
göstərən S.Səfərov 1971-ci ildən etibarən
Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim,
dosent və kafedra müdiri işləmişdir. S.Səfərov
1985-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək bir il sonra professor kimi elmi-pedaqoji fəaliyyətini
davam etdirmişdir. 1990-cı ildə isə o, Azərbaycan Kooperasiya
İnstitutunun rektoru vəzifəsinə irəli çəkilmişdir.
Çoxşaxəli elmi-pedaqoji fəaliyyəti ilə diqqəti cəlb edən S.Səfərov 1997-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. O, Azərbaycanın tanınmış iqtisadçı alimlərindən biri idi. Təkcə onu qeyd etmək kifayətdir ki, iqtisad elmində ilk dəfə iqtisadi inkişafa qeyri-iqtisadi amillərin təsirini tədqiq edənlərdən biri də məhz Səttar Səfərov olmuşdur. Professor Səttar Səfərov 45 il ərzində Azərbaycan iqtisad elminin ayrı-ayrı sahələrinə dair maraqlı tədqiqatlar aparmış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Tanınmış alim, elm fədaisinin tədqiqatları arasında "Azərbaycan iqtisadiyyatı. Yeni mərhələnin dinamikası" adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. İqtisadçılar, ali və orta ixtisas məktəblərinin müəllimləri, aspirantlar, bakalavr və magistrlər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabda dövlətin büdcə, vergi, pul-kredit, rüsum, qiymət, investisiya siyasəti, neft, eləcə də həyata keçirilən struktur, idarəetmə və s. islahatlardan geniş bəhs olunur. Monoqrafiyada, həmçinin maliyyə və digər komponentlərin iqtisadi inkişafa gətirdiyi dinamizmdən ətraflı söhbət açılır.
Professor Səttar Səfərov müstəqil Azərbaycan Respublikasında baş verən iqtisadi prosesləri dərindən müşahidə edərək təhlillərini vermiş, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının reallaşdırılmasının fəal iştirakçısı olmuşdur. Qeyd etdiyimiz kimi, bazar iqtisadiyyatı yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının büdcə, vergi, pul-kredit siyasəti və s. aktual məsələlər onun elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Tanınmış iqtisadçı alimin 2008-ci ildə çap olunmuş "İlham Əliyev: dinamik inkişafın, uğurlu gələcəyin təminatçısı" kitabı maraqla qarşılanmışdır. Müəllif kitabda Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi inkişafı üçün həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, qəbul etdiyi ümummilli proqramların uğurlu nəticələrini statistik göstəricilər və konfret faktlar əsasında izah etməyə çalışmışdır. Bütövlükdə isə Azərbaycan iqtisad elminin inkişafına mühüm töhfələr vermiş professor Səttar Səfərov onlarca sanballı kitabın, elmi əsərlərin müəllifidir. Bu baxımdan onun ayrı-ayrı illərdə çap etdirdiyi "İqtisadi siyasət strategiyası: konseptual əsaslar", "On il müstəqillik və iqtisadiyyat", "Yeni Azərbaycan: iqtisadiyyat, siyasət, dinamizm", "Heydər Əliyev kursu yeni keyfiyyət halında", "İlham Əliyev - ümummilli liderliyə layiq şəxsiyyət", "İqtisadi sistemin transformasiyası" və s. kitabları diqqəti xüsusilə cəlb edir. Bütövlükdə isə o, 26 kitabın və 350-dən artıq elmi məqalənin müəllifi olmuşdur.
Tanınmış iqtisadçı alim, professor Səttar Səfərovun müxtəlif dillərdə nəşr olunan qəzet və jurnallarda mindən çox məqaləsi işıq üzü görmüşdür. Xüsusən də Rusiya, Türkiyə, Polşa, Fransa və bir sıra digər xarici ölkələrdə çap olunmuş elmi-siyasi məqalələri maraqla qarşılanmışdır. Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinə dair məqalələri ilə "Xalq qəzeti"ndə vaxtaşırı çıxışlar edən görkəmli iqtisadçı alim, professor S.Səfərov, redaksiyamızda ölkəmizin iqtisadi həyatına həsr olunmuş "dəyirmi masa"ların, diskussiyaların da fəal iştirakçılarından biri idi.
1995-ci ildə Ucar-Göyçay seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilən Səttar Səfərov həmin ilin dekabr ayında parlamentin büdcə məsələləri daimi komissiyasına sədr seçildi. Bütövlükdə isə Milli Məclisdə qanun yaradıcılığı işini qurmaq məqsədilə birinci çağırış deputatlarından 11 daimi komissiya yaradıldı. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası Milli Məclisinin başa çatdıra bilmədiyi işləri müstəqil dövlətimizin 1995-ci ildə yaratdığı ilk Milli Məclisi gerçəkləşdirə bildi. Səttar Səfərovun rəhbərlik etdiyi büdcə məsələləri daimi komissiyası Azərbaycanda siyasi islahatların həyata keçirilməsi istiqamətində xeyli iş gördü və vacib təkliflər irəli sürdü. Səttar Səfərovun rəhbərlik etdiyi komissiyanın səyi nəticəsində onlarca yeni qanun və sənədlər hazırlanıb müzakirəyə verilmiş və parlamentdə qəbul olunmuşdur. Müzakirə olunan və təkmilləşən qanunlar isə Avropa standartlarına əksər hallarda uyğun gəlirdi. Səttar Səfərov deputat kimi xarici ezamiyyətlərdə olarkən Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırmaq üçün səmərəli fəaliyyət göstərirdi. O, istər xarici olkələrə səyahətləri zamanı, istərsə də xarici dövlətlərdən gələn nümayəndə heyətlərini büdcə məsələləri daimi komissiyasında qəbul edərkən Dağlıq Qarabağ məsələsini daim diqqət mərkəzinə çəkir, Azərbaycanın ədalətli mövqeyini izah etmək üçün zəruri işlər aparırdı.
2000-ci il noyabr ayının 5-də Səttar Səfərov Ağdaş seçki dairəsindən deputat seçildi. Bu dəfə Milli Məclisin iqtisadi-siyasət məsələləri daimi komissiyasına sədr seçilən S.Səfərov dövlətin maliyə və vergi siyasətinin formalaşdırılması, qanunların, qərarların hazırlanması və Milli Məclisin müzakirəsinə verilməsində aparıci rol oynayanlardan biri oldu. Deputat S.Səfərovun rəhbərliyi ilə büdcə-vergi, pul-kredit siyasətinə aid 300-dən çox qanun layihəsi və ya qanunlarda dəyişiklik, eləcə də əlavələr Milli Məclisdə müzakirə olunaraq qəbul edilmişdir. Həmin sənədlər hazırda Azərbaycan Respublikasının iqtisadi həyatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Bu baxımdan Azərbaycan Respublikasının yeni "Vergi Məcəlləsi" diqqəti xüsusilə cəlb edir. Xatırladaq ki, "Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkəmizin həyatında tarixi bir hadisə olduğu üçün onun beynəlxalq standartlar əsasında hazırlanması xüsusi diqqət və qayğı tələb edirdi. Məhz bu sənəd dövlət komitə və şirkətlərinə, Azərbaycandakı xarici səfirliklərə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, əcnəbi şirkətlərə, vergi ödəyicilərinə, qeyri-hökumət təşkilatlarına və s. qurumlara göndərildi, onlardan layihəyə irad və təkliflərinin bildirilməsi xahiş edildi. Son nəticədə bitkin, mükəmməl bir sənədin qəbuluna nail olundu.
Məlum olduğu kimi, Azərbaycan mötəbər beynəlxalq təşkilatların üzvü olduğu üçün xüsusi dəvət olunmuş qonaq statusu ilə dünya ölkələrində keçirilən tədbirlərdə iştirak edir. 10 il deputat olmuş Səttar Səfərov da beynəlxalq tədbirlərdə Azərbaycan parlamentini uğurla təmsil etmiş və bir çoxunda dərin məzmunlu çıxışlar etmişdir. O, bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etmişdir. S. Səfərov həm də Milli Məclisin ATƏT üzrə nümayəndə heyətinin rəhbəri olmuşdur. O, hansı ölkədə olmasından asılı olmayaraq, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyini həmin tədbirdə qaldırmış və digər ölkələrin parlamentarilərinə də bu barədə geniş məlumatlar vermişdir.
Qanunvericilik fəaliyyəti ilə yanaşı, Səttar müəllim həm də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işci qrupunun sədri kimi uğurlu fəaliyyət göstərmişdir. Yeri gəlmişkən, alman parlamentariləri ilə Milli Məclisin deputatları arasında səmimi və işgüzar əlaqələrin yaradılmasında Səttar müəllimin xüsusi xidmətləri olmuşdur.
Tanınmış iqtisadçı alim, görkəmli ictimai- siyasi xadim Səttar Səfərov ömrünün son illərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının professoru kimi elmi fəaliyyətini davam etdirmişdir. Səttar Səfərovun Vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. Belə ki, o, 2007-ci il iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İqtisad elmləri doktoru, professor Səttar Səfərov 2011-ci il may ayının 21-də vəfat etmişdir. Bu günlərdə onun anadan olmasının 74-cü ildönümü tamam olur. Təəssüf ki, yaxınları, doğmaları mərhum Səttar Səfərovun ad gününü onsuz qeyd edirlər. Dövlətçiliyimiz və xalqımız qarşısında böyük xidmətləri olan Səttar Səfərova Allahdan rəhmət diləyirik.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 5.