Muzey işi - mədəni quruculuğun mühüm amili

 

Müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları dünyada mədəni proseslərin fəal iştirakçısına çevrir. Müasir dövrdə muzey qloballaşma və həyatın unifikasiyasının neqativ nəticələrinə qarşı dura bilən, keçmiş haqqında xatirələri öz divarları arasında saxlamağa qadir olan, mədəni irsi qoruyan mədəniyyət ocağı hesab edilir.

Həyatımızda baş verən sosial dəyişikliklər muzeylərin qarşısında yeni vəzifələr qoyur. Azərbaycanda bu sosiomədəni müəssisələrin tarixi şəraitin tələblərinə cavab verməsi onun dünya muzey sisteminə inteqrasiyasının sübutudur. Azərbaycanda muzey işinin tarixi ilə bağlı fikri dəqiqləşdirmək istəsək, ölkəmizdə bu sahənin tarixi ənənələrinin qədim olduğunu müşahidə etmiş olarıq. Müasir tipli muzeylərin sələfi olan sənət dəyərlərinin toplanılması, kolleksiyaçılıq ənənələrinin qədim olduğunu tarixi faktlardan da aydın görmək olar. E.ə. son, eləcə də eramızın ilk əsrlərində Atropatena və Albaniyanın hökmdar saraylarında, məbəd və kilsələrində qiymətli əşyaların, nadir sənət nümunələrinin , dünyəvi və dini məzmunlu zəngin kitabların, əlyazmaların qorunub saxlanıldığı məlumdur. Xüsusilə səfəvilərin hakimiyyəti dövründə müasir muzey fəaliyyətinin sələfi sayıla bilən kolleksiyaçılıq ənənələrinə maraqonun inkişafına diqqət daha da gücləndi. Bu tarixi dövrdə dövlətin mədəni irsinin tərkib hissəsini təşkil edən qiymətli əşyaların,əsasən xəzinələrdə, saray kitabxanalarında mühafizəsi mühüm yer tutdu. Azərbaycanın ictimai şüur tərzində muzey fəaliyyətinə meyllilik formalaşsa da, kolleksiyaçılıq işində müəyyən təcrübə əldə olunsa da, real olaraq muzey tipli müəssisələrin təşkili tarixi Naxçıvanın Nehrəm kənd məktəbində görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə ilk muzeyin yaradılması faktı ilə (XIXəsrin axırları) bağlıdır. Ötən əsrin əvvəllərində Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeyin yaradılması artıq Azərbaycanda kolleksiyaçılıq ənənələrinin dünya təcrübəsinə müvafiq olaraq təşkilatlanmış formada həyata keçirilməsində tarixi təkan oldu. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd olunan digər muzeylər çar üsuli-idarəsinin maraqlarını ifadə etdiyindən Azərbaycanın mədəni sərvətlərini zəif işıqlandırıldığı da tarixi faktdır. Bu faktın özü muzeylərin cəmiyyətin maraq və ideallarını ifadə etdirdiyinə daha bir sübutdur.

Respublikamızda muzey şəbəkəsinin yaradılması tarixi sovet dövrü ilə bağlıdır. 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarifi Komissarlığında muzey-ekskursiya şöbəsi açılmış və onun ilk iclasında xüsusi tədris muzeylərinin təşkili qərara alınmış, elə həmin ilin oktyabrında Azərbaycan SSR Dövlət Muzeyi yaradılmışdı. Artıq 20-30-cu illərdə muzey şəbəkəsi üzrə profilli və diyarşünaslıq muzeyləri,görkəmli ictimai-siyasi, dövlət və mədəniyyət xadimlərinin,tanınmış yazıçı, alim, bəstəkar və rəssamların ev-muzeylərinin,həmçinin xatirə-memorial komplekslərin təşkilində tarixi bir dövr oldu. Bunun nəticəsi olaraq 1945-ci ildə Azərbaycanda 22, 1969-cu ildə isə, 29 muzey fəaliyyət göstərirdi.

1957-ci ildə digər sovet muzey təşkilatları kimi Azərbaycan muzeylərinin də Beynəlxalq Muzey Təşkilatında (İKOM) təmsil olunması faktı mühüm əhəmiyyət kəsb etdi. Respublika muzeyləri cəmiyyətin həyatında fəal iştirak edərək sosial-mədəni həyatın mərkəzləri kimi tanınmağa başladı. Dünyada analoqu olmayan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi (1967), hazırda işğal altında olan və taleyi naməlum qalan Ağdam Çörək Muzeyinin yaradılması da bu tarixi çağlara təsadüf edir.

1980-cı illərdən etibarən dünyada muzeylərin roluna böyük maarifləndirmə imkanları olan mədəniyyət mərkəzləri kimi yanaşıldığından Azərbaycan muzeyləri də bu dünyəvi tendensiyaya fəal şəkildə qoşuldu. Respublikanın muzey işi tarixində fəaliyyəti ilə seçilən aparıcı muzeylərin dünya arenasına inteqrasiyası prosesinə start verildi. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin nüfuzlu elmi mərkəz kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi çıxış etməsinə imkan verir.Məhz bu muzeyin zəngin maddielmi bazası əsasında YUNESKO-nun xəttilə 1983,1988 və 2003-cü illərdə "Şərq xalçası", "Azərbaycan xalça sənəti" və "Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzularında I, II, III Beynəlxalq simpoziumlar keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-cı illər milli muzey işi tarixinə bu sahənin dinamik inkişafı dövrü kimi daxil oldu. Azərbaycan xalqının milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ümummilli lider Heydər Əliyev,hətta Moskvanın təzyiqindən asılı olduğumuz vəziyyətdə belə respublikada muzey şəbəkəsinin genişləndirilməsi, muzeylərin maddi-texniki bazasının gücləndirilməsi məsələsinə daim qayğı göstərirdi.

1980-cı ildə onun təşəbbüsü ilə respublikada muzey işinin inkişafı məsədilə xüsusi qərar qəbul edilmişdi. Həmin qərara uyğun olaraq, respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi yaradılmış, muzey işi üzrə respublika elmi-metodiki mərkəzi, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdu. Azərbaycan mədəniyyətinin nəhəng simaları Ü.Hacıbəyov,H.Cavid, C.Məmmədquluzadə, M.S.Ordubadi, C.Cabbarlı, N.Nərimanov, Bülbül, Niyazi, S.Vurğunun memorial-xatirə, mənzil muzeylərinin yaradılması, məhz Heydər Əliyevin şəxsi təşəbbüsünün nəticəsi idi.

Ölkəmizdə muzey işinin dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsi ilə bağlı ulu öndərin arzusunun gerçəkləşdirilməsi müstəqilliyin bərpasından sonra həqiqətə çevrildi. Azərbaycan Respublikasının "Muzeylər haqqında" Qanunun qəbul edilməsi (2000-ci il) ölkədə muzey işi istiqamətləri üzrə fəaliyyətə geniş imkanlar açdı.1989-cu ildə Bakıda yaradılmış "Rinay" özəl muzeyindən sonra 2002-ci ildə ikinci -Miniatür kitab özəl muzeyinin təşkili, ölkədə Heydər Əliyev siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir. Mənsubiyyət və profilindən asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən bütün muzeylərə dövlət qayğısı gücləndirildi, maddi-texniki təminatına diqqət artırıldı. Azərbaycan Tarixi Muzeyi, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyləri əsaslı təmirdən sonra yeni və maraqlı ekspozisiyaları ilə ölkəmizin mədəni həyatında fəal rollarını davam etdirirlər.

Ümummilli lider Heydər Əliyevin arzularından biri - Bakıda Neft muzeyinin yaradılması, müasir layihə əsasında və paytaxtımıza xüsusi yaraşıq verəcək Azərbaycan Xalçası və Tətbiqi Sənət Muzeyinin yeni binasının istifadəyə verilməsi sahəsində işlər onun layiqli davamçısı olan Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. 2007-ci ilin martında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" imzalanmış tarixi sərəncamda bu sahənin inkişaf perspektivləri öz əksini tapmışdı.

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatına həsr edilmiş yığıncağında Prezident İlham Əliyevin Təbiət Muzeyinin bərpasının zəruriliyini vurğulaması faktı ölkə rəhbərinin muzey işinə qayğı ilə yanaşdığını bir daha sübut etdi.

Respublikamızda muzey işinin inkişaf dinamikasında təəssüf doğuracaq, "ağrılı" məqam Qarabağın işğal altında olan muzeylər və onların malik olduqları küllü miqdarda maddi-mənəvi dəyərlərin aqibəti ilə bağlı faktlardır. 1988-93-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə 12 muzey talan edilərək dağıdılmışdır. Bu istiqamətdə fəaliyyətin məqsədyönlü qurulmasında ümummilli lider Heydər Əliyev YUNESKO və onun ixtisaslaşdırılmış təşkilatı olan İKOM-dan bütün zəruri tədbirlərin görülməsinə tələbkarlıqla yanaşırdı. Qarabağ muzeylərinə qarşı erməni vandalizminin dünya ictimaiyyatına çatdırılmasında İKOM-un Milli Komitəsinin 1995-ci ildə beynəlxalq təşkilatlara ünvanlandırdığı məktubda belə deyilirdi: "Cəbrayıl və Füzuli tarixşünaslıq muzeylərinin, Ü.Hacıbəyovun ev muzeyinin,Azərbaycan Xalçası Dövlət Muzeyi Şuşa filialının ən qiymətli əşyaları xilas edilsə də, keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər və Laçın tarix-diyarşünaslıq muzeylərinin qiymətli və nadir əşyaları Ermənistana daşınmışdır. Şuşa şəhərinin tarixi muzeyinin, Dövlət Qarabağ tarixi muzeyinin, Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeylərinin, Ağdam,Qubadlı,Zəngilan tarix-diyarşünaslq muzeylərinin fondları da qarət edilmişdir.Qurban Pirimovun xatirə muzeyi, Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi də dağıdılmışdır."

Qarabağın işğal altında olan muzeylərinin aqibəti ilə bağlı məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzindədir.Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahə üzrə müəyyənləşdirilmiş prioritetlər Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif layihələrdə öz təzahürünü tapır. Qarabağ muzeyləri və onlara məxsus eksponatlar haqqında məlumatların mötəbər beynəlxalq təşkilatlara çatdırılması istiqamətində hazırlanan hesabat və arayışların, çap olunan kitab-kataloqların, audio-video yazıların çox böyük əhəmiyyəti vardır. 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Muzey işi, tarix və mədəniyyət abidələrinin mühafizi" (hazırda həmin ixtisasa "arxivşünaslıq" ixtisası da əlavə edilib) ixtisası üzrə mütəxəssislərin hazırlanmasına başladı. Kulturologiya fakultəsi nəzdində fəaliyyət göstərən "Muzeyşünaslıq" kafedrası nəzəri "laboratoriya" missiyasını da layiqli şəkildə həyata keçirtməkdədir. Güclü elmi potensiala malik olan kafedranın muzey fəaliyyətinin müxtəlif sahələri üzrə tədris proqram və planların, respublikada muzey işi sahəsi üzrə ilk dərslik və dərs vəsaitləri, kataloqları hazırlayaraq çap etdirməsi ölkənin mədəni həyatında mühüm bir hadisə kimi qiymətləndirilməlidir.

Fəaliyyətini elmi mərkəz prinsipləri əsasında quran Muzeyşünaslıq kafedrası respublikada muzey işinin vəziyyəti, prioritetləri, digər aktual məsələləri ilə bağlı müəllim və tələbələr arasında elmi yaradıcılıq layihələrinin reallaşdırılmasına üstünlük verir, muzeyşünaslıq problemləri ilə bağlı doktorluq, magistratura üzrə elmi tədqiqat işlərinin müzakirələrini həyata keçirir. Azərbaycanda yenicə təsdiqini tapmış muzeyşünaslıq elminin inkişaf dinamikası götürməsində də kafedranın ümidverici perspektivləri mövcuddur. Sevindirici haldır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzey işi üzrə təhsil almış məzunlarının ölkənin şəhər və regionlarında fəaliyyət göstərən muzeylərdə çalışması bu sahədə yaranmış boşluqları aradan qaldırır. Hazırda Azərbaycanda 223 muzey fəaliyyət göstərir. Bu muzeylərin ixtisaslı kadrlarla təmin edilməsi, eləcə də ölkəmizdə muzey işinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə onun milli-nəzəri strategiyasının hazırlanmasında hələ qarşıda mühüm vəzifələr durur.

 

 

Yeganə EYVAZOVA

 

Xalq qəzeti.- 2011.- 17 iyul.- S. 6.