Bakı qəsəbələrində sakinlərin rahatlığı üçün bütün şərait yaradılır

 

Son illər qəbul edilmiş bir sıra dövlət proqramlarının həyata keçirilməsi nəticəsində ölkəmizin regionlarının sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturları yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sosialyönümlü obyektlər inşa edilmişdir. Əhalinin məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması müsbət nəticələrə gətirib çıxarmışdır. Bütün bölgələrimizin tarazlı inkişafına xidmət edən dövlət proqramlarının uğurla reallaşdırılması davamlı və dinamik inkişafı daha da sürətləndirmişdir.

Bakı şəhəri də qəbul edilmiş müxtəlif proqramlar çərçivəsində sürətlə inkişaf etməkdədir. Geniş tikinti-quruculuq işlərinin aparılması, dünya standartlarına cavab verən körpülərin inşası, əhalinin qaz, elektrik, su və istilik təminatının yaxşılaşdırılması istiqamətində son illərdə mühüm tədbirlər həyata keçirilmişdir.Bakının sürətli inkişafından bir qədər kənarda qalan ətraf qəsəbələrin hərtərəfli inkişafının təmin edilməsi də dövlət başçımızın daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə demişdir: "... İkinci vacib proqram Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramıdır. Bu proqram daha da qısamüddətlidir - 2011-2013-cü illəri əhatə edir. Nəzərə alsaq ki, 2011-ci ilin yarısı artıq arxada qalıb, iki il ərzində Bakıda və bütün ətraf qəsəbələrdə çox böyük quruculuq, abadlıq işləri aparılacaqdır. Biz bu işlərə başlamışıq. İndi qəsəbələrdə yeni su xətləri çəkilir. Kanalizasiya xətlərinin çəkilişi üçün tədbirlər görülür, yollar salınır. O qəsəbələrin əksəriyyətində əksər yollar torpaq yolları idi, yararsız vəziyyətdə idi. Yağış, qar yağan kimi o yollardan keçmək mümkün deyildi. İndi hər bir qəsəbədə gözəl yollar çəkilir, yeni məktəblər, tibb məntəqələri, poliklinikalar, xəstəxanalar tikilir, mövcud olanlar təmir edilir. Yəni, qəsəbələrin bütün infrastrukturu 2013-cü ilə qədər yenilənməlidir... Eyni zamanda, qəsəbələrdə yaşayan insanların məşğulluğu üçün konkret tədbirlər nəzərdə tutulub. O cümlədən Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakıətrafı qəsəbələrə də kreditlərin verilməsi prosesi başlanmışdır. Növbəti illərdə, yəqin ki, biz bunu daha da böyük məbləğdə edəcəyik ki, orada kiçik emal müəssisələri, kiçik zavodlar, fabriklər yaradılsın və kənd təsərrüfatının inkişafı üçün lazımi layihələr icra edilsin..."

Dövlət başçısı sözügedən iclasda su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, içməli su təchizatı və kanalizasiya layihələri həm Bakı, Bakıətrafı qəsəbələrdə, həm də bütün başqa rayonlarda, kənd yerlərində icra edilir. Burada da çox sadə bir hədəf qoyulmuşdur ki, Azərbaycan əhalisi yüz faiz, özü də gecə-gündüz, fasiləsiz, 24 saat su ilə təmin edilməlidir... Azərbaycanda içməli su problemi və kanalizasiya problemi yaxın dörd-beş il ərzində, bəlkə də ondan da tez birdəfəlik həll olunmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıətrafı qəsəbələrə diqqət və qayğısı dövlət başçısının iyulun 14-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində olarkən bir daha öz ifadəsini tapmışdır. Burada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəsəbənin sxemi əsasında görülən işlər barədə Prezident İlham Əliyevə məlumat vermişdir. Bildirmişdir ki, dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq Suraxanı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Yeni Suraxanı qəsəbəsində 150 min kvadratmetr yola yeni asfalt örtüyünün döşənməsi artıq başa çatdırılır. Qəsəbələrarası yollar boyunca işıqlandırma sistemi dəyişdirilmiş, 300-ə yaxın işıq dirəyi quraşdırılmışdır. Piyadaların rahat hərəkəti üçün səkilər təmir olunmuşdur. Qəsəbədə çirkab və qrunt sularının axıdılması üçün nəzərdə tutulan kanal bərpa edilmişdir.

Qəsəbədə görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev sakinlərlə görüşmüşdür. Dövlət başçısı demişdir: "Ölkəmizdə, ümumiyyətlə, işlər yaxşı gedir və Nazirlər Kabinetinin srağagünkü iclasında bir daha bu il ərzində görülmüş işlər təhlil edildi və ilin sonuna qədər görüləcək işlər haqqında da müvafiq göstərişlər verilmişdir. Ölkəmizdə çoxsaylı proqramlar icra edilir. Bu proqramlar bütün sahələri əhatə edir və onların arasında böyük əhəmiyyətə malik olan "Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da vardır. Bu proqram bu il qəbul edilib və demək olar ki, qısa müddət ərzində bütün qəsəbələrdə çox sürətlə işlər aparılır. Siz bunu Suraxanı qəsəbəsinin timsalında görürsünüz.

Bütün qəsəbədaxili yollar çəkilib. Gözəl, keyfiyyətli yollardır. Burada yeni məktəbin tikintisi də nəzərdə tutulubdur. Yəni proqram çox dəqiqdir, çox konkretdir və hər qəsəbə üzrə orada konkret tapşırıqlar verilmişdir. Əvvəlki dövrdə Suraxanı qəsəbəsində işlər görülmüşdür. Burada işıq, qaz problemi həll olunmuşdur. Hətta içməli su problemi də həll edilmişdir. Qalıbdır kənd yolları. Yollar bərbad vəziyyətdə idi. Əksər yollar torpaq yollar idi. Artıq bu xəritədə göstərilir ki, qəsəbədaxili yolların 50 faizi asfaltlanıb. Bir də kanalizasiya sisteminin yaradılması qalır. Əfsuslar olsun ki, bu iş nəinki bu qəsəbədə, heç Bakı şəhərində və ümumiyyətlə, ölkəmizdə lazımi səviyyədə qurulmamışdır. 2013-cü ilə qədər bütün qəsəbələrdə bax bu infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində, demək olar ki, əsas sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır. O ki qaldı Suraxanı qəsəbəsinə, mən əminəm ki, burada işlər daha da qısa müddət ərzində başa çatacaq və biz lazım olan, həllini gözləyən məsələlər haqqında da əlavə göstərişlər də verəcəyik..."

Azərbaycan Prezidenti Yeni Suraxanı sakinləri ilə görüşü zamanı qəsəbənin problemləri ilə də maraqlanmışdır. Dövlət başçısına məlumat verilmişdir ki, burada əsas problem odur ki, aşağı məhəllələrdə kanalizasiya yoxdur, məktəbin təmirə ehtiyacı var...

Prezident İlham Əliyev demişdir ki, məktəb məsələsi ilə bağlı mənə məlumat verilib. İndi gedib baxacağam, orada işlər görüləcəkdir. Kanalizasiya məsələsi də proqramın tərkib hissəsidir və bütün qəsəbələrdə, o cümlədən bu qəsəbədə də kanalizasiya məsələləri öz həllini tapacaqdır. Ümumiyyətlə, son illər ərzində görülmüş işlər, əvvəlki dövrdə yığılmış problemlərin həlli üçün də çox təsirli olmuşdur. Çünki əvvəlki dövrdə işıq problemi var idi, qaz yox idi, su yox idi. İndi bütün bunlar həll edilib və belə də olmalıdır. Bunlar elə məsələlərdir ki, nəinki Bakıda və ətraf qəsəbələrdə, respublikamızın hər bir yerində öz həllini tapmalıdır, tapır və tapacaqdır. İndi sürətlə qazlaşdırma layihəsi həyata keçirilir. Heç vaxt tarixdə qazlaşdırılmayan kəndlərə qaz xətləri çəkilir. Kanalizasiya, su problemlərinin həlli üçün böyük layihələr həyata keçirilir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti bu məsələlərin həlli üçün həm iradəyə, həm də ki imkanlara malikdir. İmkanları da biz yaradırıq, Azərbaycan xalqı yaradır. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhməti hesabına yaradılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev qəsəbə sakinləri ilə görüşü zamanı həmçinin bildirmişdir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, dünya miqyasında son beş ildə ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Azərbaycan bu gün o ölkədir ki, yenə də öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır - həm iqtisadi məsələlər həll olunur, həm də sosial məsələlər. Bu qəsəbədə görülən işlərin hamısı sosialyönümlüdür. Yol çəkilişi - bu, böyük vəsait tələb edir. Biz bunu edirik ki, insanlar daha da yaxşı yaşasınlar. Bütün infrastruktur layihələri, məktəb tikintisi. Siz mədəniyyət evinin tikintisi ilə bağlı məsələ qaldırdınız. Buna da baxacağıq. Bütün bunlar sosial xarakter daşıyır. Yəni bu, o investisiya deyil ki, sonradan gəlir gətirsin. Bunu edirik ki, insanlar yaxşı, rahat, təhlükəsizlik şəraitində və gözəl, necə deyərlər, abad qəsəbələrdə yaşasınlar.

Prezident İlham Əliyev sonra qəsəbədəki parkda görülən abadlıq və yenidənqurma işləri ilə tanış oldu. Burada sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrindən ötrü lazımi şərait, uşaqlar üçün əyləncə yerləri yaradılmışdır.

Dövlət başçısı daha sonra Yeni Suraxanı qəsəbəsinin mərkəzində yerləşən 14 İyul küçəsinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana ilk dəfə siyasi rəhbərliyə gəlməsinin şərəfinə ucaldılmış memorial abidə kompleksi ilə tanış olmuş, bu küçənin sakinləri ilə söhbət etmiş, problemləri ilə maraqlanmışdır.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən dəfə Yeni Suraxanı qəsəbəsində olarkən qəsəbə sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirmiş və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər. Dövlət başçısının bununla əlaqədar verdiyi tapşırığa uyğun olaraq məktəbin qəza vəziyyətində olan korpusu sökülərək yerində 480 şagirdlik yeni korpusun inşası nəzərdə tutulur. Prezidentə məlumat verildi ki, məktəbin yerləşdiyi küçəyə 12 min kvadratmetr asfalt döşənmiş, 200 işıq dirəyi yeniləri ilə əvəz olunmuşdur.

Məktəbin kollektivi ilə görüşən Prezident İlham Əliyevə məlumat verilmişdir ki, bu tədris ocağı 1883-cü ildə tikilmiş, 1902-ci ildən isə məktəb kimi istifadə olunur. 260 şagird üçün nəzərdə tutulan bu binada iki növbədə 800-dən artıq şagird oxuyur. Dörd ildir ki, orta məktəb kimi fəaliyyət göstərir. 2006-2007-ci tədris ilindən Təhsil Nazirliyinin göstərişi ilə iki yardımçı bina tikilib istifadəyə verilmişdir. Amma onlar yararsızdır...

Prezident İlham Əliyev vurğulamışdır ki, qəzalı vəziyyətdə olan məktəblər hələ ki həm Bakıda, ətraf qəsəbələrdə, həm də digər şəhər və rayonlarda vardır. Onların bərpası və yenidən qurulması mütləq olacaqdır. Bu məktəbin təmiri ilə bağlı da müvafiq göstərişlər veriləcəkdir.

Məlumdur ki, sosial-iqtisadi inkişafda, əhalinin yaşayış səviyyəsinin yüksəlməsində elmin, təhsilin, səhiyyənin, idman və mədəni istirahət ocaqlarının olması çox vacibdir. Azərbaycan Prezidentinin qayğı və köməyi nəticəsində şəhərətrafı yaşayış məntəqələrində bu sahədə xeyli iş görülmüşdür. Yeni Suraxanıda son vaxtlar müasir tələblərə cavab verən obyektlərin istifadəyə verilməsi bunun daha bir parlaq nümunəsidir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 16 iyul.- S. 3.