Danışır
qurultay iştirakçıları
Adnan
Zamburkan: Azərbaycanda Türkiyəyə böyük hörmət,
sonsuz sevgi gördüm, Türkiyədə də hər kəs
Azərbaycan sevdalıdır
Bildiyiniz
kimi, iyul ayının 5-də Bakıda böyük uğurla
başa çatmış Dünya Azərbaycanlılarının
III Qurultayı Azərbaycan diasporunun inkişafı istiqamətində
tarixi qərarlar qəbul etmişdir. Bu mötəbər tədbir
qurultay iştirakçıları arasında şəxsi
tanışlıq, ünsiyyət, yeni dostluq əlaqələrinin
yaranması baxımından da faydalı olmuşdur. Qurultay
iştirakçısı, Türkiyənin Xocaeli Əyaləti
mədəniyyət və turizm müdiri Adnan Zamburkan hesab edir
ki, onun Bakıya bu dəfəki gəlişi yeni, etibarlı
dostlar tapmaq üçün də uğurlu olub. Əməkdaşımızın
Adnan bəylə söhbətinin oxucularımız
üçün də maraqlı olacağını
düşünürük.
-
Adnan bəy, öncə qurultay barədə şəxsi
mülahizələrinizi dinləmək istərdik.
- Bu qurultay mənim düşündüyüm və təsəvvür etdiyimdən daha əzəmətli və daha möhtəşəm idi. Bu ali məclis ilk anından son dəqiqəsinə qədər bütün türk xalqlarının sarsılmaz birliyini nümayiş etdirdi. Fikrimcə, qurultay həm də gənc, müstəqil Azərbaycan dövlətinin belə mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını göstərdi. Bütün hallarda bu, yaddaqalan və faydalı bir tədbirdir.
Qurultaydakı bütün çıxışları dərin maraqla və diqqətlə dinlədim. Azərbaycan Prezidenti sayın İlham Heydər oğlu Əliyevin çıxışı çox təsirli idi. Dövlət başçısı qurultayda olduqca məzmunlu, mən deyərdim ki, səfərbəredici bir nitq söylədi. Prezident ötən qurultaydan sonrakı dövrdə milli diaspor quruculuğunda əldə olunan uğurları qeyd etməklə yanaşı, daha çox qarşıda duran vəzifələri göstərdi. Dedi ki, Azərbaycan xalqı qədim tarixi, milli adət-ənənələri, zəngin mədəniyyəti ilə bütün dünyada tanınır və bu gün bölgənin lideri olan Azərbaycanı gələcəkdə daha böyük uğurlar gözləyir. Bu uğurlara imza atmaq üçün Azərbaycan dövləti ilə diaspor təşkilatlarının birgə fəaliyyətinin gücləndirilməsi vacibdir. İnanıram ki, Azərbaycanın diaspor qurumlarının fəalları sayın İlham Əliyevin irəli sürdüyü hədəflərin yerinə yetirilməsi üçün bundan sonra daha fəal çalışacaqlar.
Mən bir Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycanın bu uğurlarına hədsiz dərəcədə sevinirəm. Qurultayda da səsləndirildiyi kimi, türkün ən yaxın dostu türkdür. Bunu tarix dəfələrlə sübut edib. Türkiyə ilə Azərbaycan xalqlarının qardaşılığı əbədidir. Böyük Mustafa Kamal Atatürk necə də mənalı demişdir: "Azərbayacnın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir". Xoşbəxtlikdən, qardaş Azərbaycanda da məhz belə düşünürlər. Mən Azərbaycanda hər kəsdə Türkiyəyə böyük hörmət, sonsuz sevgi gördüm. Bundan çox məmnun qaldım. Türkiyədə də hər kəs Azərbaycan sevdalıdır. Burada özümü kəndi vətənimdə olduğum kimi hiss edirəm.
- Bir sıra Qərb dövlətlərində son dövrdə Türkiyə Cümhuriyyətinin uğurlarına, bütün türk dünyasının birliyinə qısqanc münasibətin güclənməsi aşkar hiss olunur. Bu barədə nə deyərdiniz?
- Bəllidir ki, son illər Türkiyə Cümhuriyyəti superdövlətə çevrilir, artıq bizim ölkə Yaxın Şərq bölgəsində nüfuzlu söz sahibidir. Bunu hər kəs, hətta rəqiblərimiz də etiraf edir. Türkiyənin son illərdəki uğurları xüsusilə heyrətamizdir. Qlobal maliyyə böhranı dünyanın əksər zəngin dövlətlərini silkələdi, amma böhranın Türkiyə iqtisadiyyatına mənfi təsiri, hiss olunmadı. Bəli, son 9 ildə sayın Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə böyük siyasi və iqtisadi uğurlara imza atıb.
Mən qardaş Azərbaycan dövlətinin də son illərdəki uğurları barədə kifayət qədər məlumatlıyam. Azərbaycan dövlətinin bu gün prinsipal və qətiyyətli xarici siyasət kursu bizim ölkədə rəğbətlə qarşılanır. Xüsusilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Prezidenti sayın İlham Əliyevin qətiyyətli mövqeyini ürəkdən alqışlayıram.
Müasir Azərbaycan dövlətinin bugünkü böyük uğurlarının əsasını dahi siyasət adamı, unudulmaz Heydər Əliyev qoyub. Azərbaycanın gələcəkdə də bu müdrik siyasətə sadiq qalacağına inanıram. Nə yaxşı ki, təkcə Türkiyədə, Azərbaycanda deyil, bütün türk dünyasında uğurlu dəyişikliklər, mən deyərdim ki, milli intibah baş verir. Məsələn, qardaş Qazaxıstanın parlaq uğurları da bizi çox sevindirir. Lakin dünyadakı bəzi qüvvələr türk birliyindən əndişələnir. Bu faktdır. Ermənistan Ruspublikasının silahlı qüvvələri iyirmi ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. BMT-nin bu xüsusda dörd məlum qətnaməsi var. Bunlar yerinə yetirilmir, amma BMT Liviya barədə qətqamə qəbul edər-etməz səhərisi gün Fransa təyyarələri Liviyanı bombaladı. Ermənilər 1992-ci ildə Xocalıda dəhşətli soyqırımı törədiblər. Avropada onlardan bunun nədənsə hesabını çəkən yoxdur. Amma ermənilər sözdə erməni soyqırımı uydurması ilə hələ də Türkiyə və bütün türk dünyasına böhtan atırlar. Avropa parlamenlərində belə fitnə-fəsadları hətta müzakirəyə çıxarırlar. Çox vaxt da səhv, yalnış qərarlar qəbul edirlər. Bunlar ancaq bölgədə nifaq yaratmaq, Türkiyəni zəiflətmək üçün aparılan siyasətdir.
- Adnan bəy, siz artıq bir neçə ildir ki, Türkiyənin Xocaeli Əyalətində turizm sahəsində çalışırsınız. Azərbaycan hökuməti də bu sahənin sürətli inkişafına nail olmaq arzusundadır.
- Azərbaycanın çox
böyük turizm potensialı var. Bu sahədə
çalışan azərbaycanlı
dostlarım mənə
dedilər ki, Azərbaycanda 2011-ci il Turizm ili elan edilib.
Bunu eşidəndə çox
sevindim. Turizm yaxşı
idarəçilik zamanı
böyük gəlirlər
gətirir. Turizm sahəsində
Türkiyə zəngin
təcrübə əldə
edib. Mənim çalışdığım
Xocaeli əyalətində
də bu sahədə uğurlu işlərimiz var. Böyük
məmnuniyyətlə, təcrübəmizi
azərbayacnlı həmkarlımızla
bölüşə bilərik.
Sizi şəxsən bir jurnalist olaraq bizim əyalətə dəvət edirəm.
Gəlin,
baxın, gördüklərinizi
qələmə alın.
Bir daha deyirəm, turizmdə hər şeyi gərək səliqə ilə görəsən. Burada fürsətgirlik
keçmir. Turistdən bu
dəfə çox pul qoparım olmaz. Gərək yaxşı imic
qazanasan, addım-addım
irəli gedəsən.
Elə etməlisən ki, müsafirlər sənin xidmətindən razı qalsınlar. Yaxşı reklam
qurmaq lazımdır.
Bakıda artıq beşulduzlu
otellərin çalışdığı
xəbəri də məni sevindirdi. Azərbaycanın bölgələrində də normal turizm infrastrukturunun yaradılması
üçün işlər
gedir. Azərbaycanda Turizm Universiteti
yaradılıb. Deməli, turizm
sahəsində yüksək
hazırlıqlı kadrlar
hazırlanır. Mən sizin
ölkənizə bu istiqamətdə başarılar
diləyirəm.
Bakı gözəl bir məkanda - mavi gözlü Xəzərin
qoynunda yerləşir. Sahil bağı
bir möcüzədir.
Bura çox səliqəli, yaraşıqlı bir yerdir. Çox gözəl dizayn
olunub. Dünən axşam bir
bakılı dostumla ora getmişdim. Şəhər sakinləri bağda
həvəslə istirahət
edirdilər. Uşaqlar, çocuqlar
burada yaradılmış
gözəl şəraitdən
həzz alırdılar.
Sonda dostcasına bir iradımı da demək istərdim. Bu iradım yaşıllıqla
bağlıdır. Bu gün böyük sənaye və neft şəhəri olan Bakı çox sürətlə
böyüyür, hər
yerdə tikinti gedir, evlər bərpa olunur. Bunlar çox yaxşıdır.
Amma bir qədər yaşıllıq
az salınır.
Bəlkə də şəhərətrafındakı
ərazilərdə yaşıllıqlar
daha çox salınıb. Lakin şəhərin
mərkəzi hissəsində
yaşıllıqlar azdır.
Şəhər rəhbərliyinin gələcəkdə buna
da fikir verməsi lazımdır.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 16 iyul.- S. 6.