Qəbələdə
pianoçuların II Beynəlxalq müsabiqəsi
başlanmışdır
İyulun
15-də Qəbələ şəhərində Heydər Əliyev
Fondunun dəstəyi, Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə III
Beynəlxalq musiqi festivalı çərçivəsində
pianoçuların II Beynəlxalq müsabiqəsi
başlamışdır.
Açılışı
"Qafqaz Resorte" otelində təşkil olunan müsabiqənin
püşkatma mərasimi keçirilmiş və birinci turun
dinləmələri olmuşdur.
Azərbaycan,
Çin, Koreya Respublikası, Rusiya, Türkiyə,
Gürcüstan, Yaponiya, Meksika və Ukraynadan 18 istedadlı pianoçunun
təmsil olunduğu bu müsabiqədə 35 yaşadək gənclər
istedadlarını nümayiş etdirirlər. Müsiqi
yarışmasında Azərbaycan gənc pianoçu Nərgiz
Kəngərli ilə təmsil olunur.
Müsabiqənin
davam etdiyi günlərdə iştirakçılar dünya və
Avropa bəstəkarlarının, həmçinin görkəmli
Azərbaycan musiqiçisi Tofiq Quliyevin əsərlərini ifa
edəcəklər.
Ümumilikdə
3 turdan ibarət olacaq pianoçuların II Beynəlxalq
müsabiqəsinin birinci turu iyulun 15-16-da, ikinci turu 17-18-də,
üçüncü turu isə 19-20-də keçiriləcəkdir.
İyulun 22-də finala vəsiqə qazanmış qaliblərlə
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinın birgə konserti olacaqdır.
Müsabiqənin
ilk turunda gənc pianoçular dünya şöhrətli bəstəkarlardan
İ.S.Baxın "Prelüd və Fuqa" əsərini,
V.M.Motsart və Y.Haydnın "Sonata"sını,
F.Şopenin "Virtuoz etüdü"nü səsləndirmişlər.
Beynəlxalq
müsabiqənin münsiflər heyətinə dünya
şöhrətli musiqiçilər Serjio Pertikaroli
(İtaliya), Xoakin Soriano (İspaniya), Manana Doijaşvili
(Gürcüstan), Validə Rəsulova (Azərbaycan-ABŞ),
Oqtay Abasquliyev (Azərbaycan), Oksana Yablonskaya (ABŞ), Stin
Nokleberq (Norveç), Mirtala Salazar (Meksika), Yu Su Hyun (Koreya),
Jeremi Sipman (ABŞ-İngiltərə), Leonid Rozenberq
(İsrail), Ju Kenq (Çin-ABŞ) daxildirlər. Münsiflər
heyətinin sədri BMT yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi
Akademiyasının professoru Oksana Yablonskayadır.
Müsabiqə
çərçivəsində amerikalı pianoçu Oksana
Yablonskayanın rəhbərliyi ilə gənc
ifaçılar üçün dünya şöhrətli
musiqiçilərin və münsiflər heyətinin
tanınmış üzvlərinin ustad dərsləri təşkil
olunacaqdır.
Xatırladaq
ki, pianoçuların I Beynəlxalq müsabiqəsi də
2009-cu ildə Qəbələdə keçirilmişdi.
Pianoçuların
beynəlxalq müsabiqəsi yeni istedadların
aşkarlanmasına, gənclərin peşəkarlarla görüşünə
və onlardan bu sahənin incəliklərini öyrənməyə
imkan verir.
Xalq qəzeti.- 2011.- 16 iyul.- S. 6.