Fərhad BƏDƏLBƏYLİ:
"Dünya şöhrətli
musiqiçilər ölkəmizin sürətli
inkişafı, gözəlliyi və insanların qonaqpərvərliyi
ilə bağlı təəccüblərini gizlədə
bilmirlər"
Bakı
Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli
müsahibəsində bildirmişdir ki, iyulun 23-dən avqustun
5-dək keçiriləcək Qəbələ III Beynəlxalq
musiqi festivalı Azərbaycan mədəniyyətini dünyaya
təqdim etmək üçün ən yaxşı fürsətdir.
Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının
əsərlərini təqdim etməklə yanaşı, yerli
musiqisevərlərə dünyanın klassik sənət inciləri
ilə yaxından tanış olmağa imkan yaradır. Burada əsas
məqsəd maarifçilik, musiqimizin təbliğidir.
Ona
görə də builki festivalın proqramını daha da zənginləşdirərək
ora Azərbaycanla bağlı bir neçə konsert də əlavə
edilmişdir. Konsertə gələn musiqisevərlər 14
gün ərzində Azərbaycan bəstəkarlarının
simfonik əsərlərini, dünya musiqi incilərini dinləyəcəklər.
Bizim məqsədimiz həm də xariciləri Azərbaycanın
turizm potensialı ilə yaxından tanış etməkdir.
Piano müsabiqəsinin münsiflər heyətinin
tanınmış üzvləri Bakıya, Qəbələyə
gələndə ölkəmizin gözəlliyi, qonaqpərvərliyi
ilə bağlı təəccüblərini gizlədə
bilmədilər. Biz süfrə arxasında ümumi söhbətlər
apararkən onlara ölkəmizin həqiqətləri,
Dağlıq Qarabağ problemi haqqında məlumatlar veririk.
Fərhad Bədəlbəylinin sözlərinə görə buradakı dünya şöhrətli musiqiçilər Azərbaycana gəlməzdən əvvəl ölkəmizdə müharibə olması barədə düşündüklərini bildirmişlər. Amma sabitlik hökm sürən ölkəmizin sürətli inkişafını görən qonaqlar sanki cənnətə düşdüklərini və bura ilə müqayisədə yaşadıqları ölkələrdə vəziyyətin pis olduğunu etiraf etmişlər. F.Bədəlbəyli: "Mən fəxr edirəm ki, ölkəmdə belə möhtəşəm müsabiqə və festival keçirilir. İki il öncə keçirilmiş I beynəlxalq piano müsabiqəsinin qalibi bütün dünyada tanındı və bu gün müxtəlif ölkələrdə uğurlu konsertlər verir. Mən deyərdim ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına, çiçəklənməsinə dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı beynəlxalq tədbirlər keçirilir. Artıq Qəbələ musiqi şəhərinə çevrilmişdir".
Xalq qəzeti.- 2011.- 19 iyul.- S. 3.