Rolan BRUNO: Azərbaycan musiqisi
dünyada tanınmalıdır
Azərbaycanın zəngin mədəniyyəti
vardır və onu dünyada tanıtmaq çox vacibdir. Bu sözləri Heydər
Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope
şəhərində II Ramatuel
klassik musiqi festivalı çərçivəsində
keçirilən "Azərbaycanın
mədəni zənginlikləri"
sərgisinin açılış
mərasimində Ramatuel
şəhərinin meri
Rolan Bruno demişdir.
Mer bildirmişdir
ki, əvvəllər
Azərbaycanı yalnız
Mstislav Rostropoviçlə
tanımışdır. Lakin Heydər
Əliyev Fondunun və onun prezidenti,
Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində
bu ölkəyə daha yaxından bələd olmuş və onun mədəniyyətini
sevmişdir. R.Bruno, həmçinin
iyulun 17-də keçirilən
II Ramatuel klassik musiqi festivalında azərbaycanlı ifaçıların
da iştirak etmələrindən qürur
duyduğunu vurğulamışdır.
Mer Heydər
Əliyev Fondunun da dəstək verdiyi bu festivalın
Azərbaycan musiqisinin
dünyada dinlənilməsi
baxımından əhəmiyyətini
qeyd etmişdir. "Azərbaycan mədəniyyəti
ilə bağlı tədbirlərin keçirilməsi
əhəmiyyətlidir. Çünki sizin ölkənin
çox zəngin mədəniyyəti vardır.
Biz hamımız yaxşı
bilirik ki, Şərqdə ilk opera məhz
Azərbaycanda yaranmışdır.
2011-ci ildə isə Azərbaycan "Eurovision" mahnı
müsabiqəsinin qalibi
olmuşdur. Bütün
bunlar Azərbaycan mədəniyyətinin zənginliyindən
xəbər verir".
Aygün ƏLİYEVA
Xalq qəzeti.- 2011.-
19 iyul.- S. 3.