Şamaxı: qədim
diyarın müasirləşdirilməsinə start
verilib
Bu il biz müstəqilliyimizin 20
illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən
hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə
Azərbaycan 20 il ərzində çox uğurla və inamla
inkişaf edib, ölkə qarşısında duran
bütün vəzifələr icra edilib, ölkəmiz
güclənib və dünya xəritəsində öz
layiqli yerini tuta bilibdir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Əslində mən bölgə müxbiri kimi fəaliyyət göstərdiyim
bütün dövrlərdə
qəzet üçün
hazırladığım yazıların
kampaniyaçılıqdan, mətbuatdakı dəbdən,
dəbdəbədən və
təntənədən uzaq
olmasına çalışmışam. Bir neçə
ildən sonra yenidən qayıtdığım
Şamaxıdan hazırladığım
ilk yazını da eləcə sadə jurnalist müşahidələrinin
nəticəsi kimi qələmə almaq istəyirdim. Çünki
Şamaxının nəinki
bütün kəndləri,
hətta, daşı-kəsəyi
də mənə tanış, insanları isə doğmadır. Burada elə bir ünvan, elə bir insan tapılmaz
ki, onun haqqında ayrıca bir yazı qələmə
almaq mümkün olmasın. Üstəlik, rayonun indiki
rəhbəri - Heydər
Əliyev idarəçilik
məktəbinin ən
nüfuzlu simalarından
olan Asif Məmmədovla neçə
illərin dostu, tanışıyıq. Oxucuların
yadında olar. Onun Balakəndə qurub-yaratdıqları barədə
dönə-dönə yazmışam.
İyunun son günlərində Şamaxıda eşitdiyim bir söhbətin təəssüratı olmasaydı, bəlkə də Asif müəllim haqqında bu fikirləri yazmayacaqdım. Rayon müharibə və əmək veteranları şurasının sədri Ağarza Bayramov söylədi ki, bu gün Azərbaycan dövləti regionların hərtərəfli inkişafına nail olmaq üçün təkcə kifayət qədər vəsait ayırmaqla və ya konkret dövlət proqramlarının icrasına nail olmaqla öz işini başa çatmış hesab etmir. Bu məqsədlə tamamilə başqa variantlar da həyata keçirilir ki, həmin tədbirlər inkişafı daha da sürətləndirir. Soruşdum ki, o hansı tədbirlərdir? Həmsöhbətim çox maraqlı cavab verdi:
- O, ulu öndər Heydər Əliyevin siyasi-idarəçilik məktəbinin əsas prinsiplərindən olan kadrların seçilib yerləşdirilməsi məsələsidir. Siz diqqət yetirin, cənab İlham Əliyev böyük sosial-iqtisadi inkişafa nail olmuş rayon və şəhər rəhbərlərini başqa şəhər və rayonlara rəhbər vəzifəyə göndərməklə ümumilikdə inkişafın kütləviləşdirilməsinə nail olur. Bundan əvvəlki başçımız da kifayət qədər təcrübəsi olan, böyük idarəetmə məktəbi keçmiş kadr idi. Bilirsən oğul, yaxşı ilə işləmək sözün həqiqi mənasında xoşdur. Müstəqilliyimizin yubiley ilində rayonumuza geniş quruculuq təcrübəsi olan başqa bir adamın rəhbər göndərilməsi dövlətin və dövlət başçısının biz şamaxılılara göstərdiyi qayğının, diqqətin təzahürüdür.
...Doğrusu, illərdən bəri Şamaxıda görmək istədiyim iki məqamın reallaşmasını (yuxarıda qeyd etdim ki, Şamaxı mənim üçün sözün həqiqi mənasında doğma diyardır) son iki ayda müşahidə etmişəm. Birinci bayraq meydanı məsələsi idi. Azərbaycanın əsas turizm bölgələrindən olan Şimal-Qərb rayonlarına gedən əcnəbi qonaqlar mütləq Şamaxıdan keçirlər. Burada əzəmətli dövlət bayrağımızın ucaldılmasını həmişə arzulamışam. İkinci məqam isə o idi ki, Sabir poeziya günlərinin keçirilməsi məsələsində təşəbbüsün Ağsu camaatı tərəfindən ələ alınması məni xeyli təəccübləndirirdi. Necə olur ki, şamaxılılar o boyda tədbirin təşəbbüsünü bu şəkildə asanlıqla əldən verirlər? Şəxsən mən bir gəncəli kimi Nizami poeziya günlərinin Gəncədə deyil, Sumqayıtda və ya Şirvanda keçirilməsini o qədər də sakitliklə qarşılaya bilmərəm. Qərəz... artıq bir neçə həftədir ki, Şamaxının ən gözəl guşələrindən birində - rayon mərkəzindən Göylər kəndinə gedən yolun birinci kilometrində, ənənəvi Şamaxı təpələrinin üstündə Bayraq meydanının təməli qoyulub. Sabir poeziya günlərinin Şamaxıda keçirilməsi ənənəsi də artıq bərpa olunub.
Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla da elə Bayraq meydanında görüşdük. Havanın kifayət qədər isti olmasına baxmayaraq meydanda qızğın iş gedirdi. Balakəndə Zaqafqaziyanın ən uzun asma yolunun tikintisi zamanı da Asif müəllimlə beləcə, inşaat meydanında görüşmüşdük. Elə söhbətə də Balakən dağları ilə Şamaxı dağlarının təbiətcə bir-birindən fərqlənməsi ilə başlamaq istədim. Amma hiss etdim ki, həmsöhbətimi dağ, dərə, təbiət deyil, insanların yaradıcılıq, quruculuq işləri daha çox maraqlandırır.
- Bəlkə də 10 ilə yaxındır Şəki-Zaqatala bölgəsində müxbir işləyirsiniz. Yəqin ki, yolunuz Şəki xan sarayına çox düşüb. - deyə Asif müəllim söhbətə başladı. - Üç əsrdən çox müddətdə dünyanın az qala bütün memarlarını heyran edən həmin tarixi abidəni kim inşa edib? Əlbəttə, iki nəfər şamaxılı usta. Bu fakt bizə şamaxılıların yaradıcılıq potensialından xəbər verir. O ki qaldı təbiətə, yada salım ki, Azərbaycanın iki şəhərində rəsədxana var - Marağada və bir də Şamaxıda. Bu isə bilavasitə həmin iki şəhərin göylərə daha yaxın olması ilə bağlıdır. Yeri gəlmişkən, Bayraq meydanı tikdiyimiz bu ərazi də Göylərə gedən yolun üstündədir. İndi nə deyirsiniz, bu insanlarla və bu təbiətlə xarüqələr yaratmaq olar, ya yox?
Bəlkə də ilk dəfə idi ki, təbiət barədə saldığım söhbət uğursuz alınmışdı. Ona görə də mövzunu dəyişməyə cəhd etdim: - Yəqin ki, Bayraq meydanı təkcə elə bayraqdan ibarət olmayacaq?
- Qısa müddət ərzində istifadəyə verilməsi nəzərdə tutulan Bayraq meydanı şəhərə xüsusi gözəllik verməklə rayonda dövlətçiliyimizin təbliğinin əsas mərkəzinə çevriləcəkdir. Meydanda Azərbaycan Respublikasının əzəmətli bayrağı ucaldılacaq , onun ətrafında ölkəmizin xəritəsi və gerbi hazırlanacaq , ulu öndər Heydər Əliyevin müdrik kəlamı yazılacaqdır . Eyni zamanda Bayraq meydanında müasir işıqlandırma sistemi quraşdırılacaq , həmin ərazidə geniş abadlıq və quruculuq işləri aparılacaqdır.
- Əlbəttə. Bayraq meydanı 2011-ci ildən sonra Şamaxının rəmzinə çevriləcək. Ancaq indiyədək Şamaxının rəmzi sayılacaq məqamlar çox idi və siz həmin rəmzləri bir daha aktuallaşdırırsınız.
-Şəhərin giriş hissəsində xüsusi layihə əsasında hazırlanmış yeni qala divarının özülü qoyulub. Bakı - Şamaxı yolunun şəhərdən keçən hissəsində Şamaxının tarixi keçmişini canlı şəkildə əks etdirən qala divarları ucaldılıb. Qala divarlarının üzərində xalqımızın qəhrəmanlıq rəmzi olan Koroğlunun heykəli qoyulacaqdır.Bundan əlavə magistral yolun şəhərdən keçən hissəsində bütün yol boyu milli ornamentlər əsasında yeni divarlar çəkilir. Bu iş həmçinin Muğanlı kəndinin ərazisində də davam etdirilir. Rayonumuzun qədim mədəniyyətinin dirçəldilməsi istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Ötən iki ay ərzində Azərbaycanın görkəmli şairlərindən Mirzə Ələkbər Sabirin "Yeddigünbəz" qəbiristanlığındakı məqbərəsi əsaslı bərpa olunub , Seyid Əzim Şirvaninin " Şahxəndan " qəbiristanlığındakı qəbirüstü büstü yenidən qurulub. Həmçinin rayon mərkəzində İmadəddin Nəsiminin adını daşıyan park təmir edilib. Hazırda bu işlər Sabir parkında da davam etdirilir.
Şəhərimizdəki Cümə məscidi Azərbaycanda , eləcə də bütün Qafqazda qədim dini tikililərdən hesab olunur. 743-cü ildə inşa edilən bu məscid hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən bərpa edilərək yenidən qurulur. Dövlətimizin başçısı cənab İlham Əliyevin və respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın Cümə məscidində gedən bərpa və yenidənqurma işləri ilə tanış olmasını şamaxılılar bu gün çox böyük minnətdarlıqla xatırlayırlar.
Elə buradaca əlavə edim ki, bu gün Şamaxı şəhərində, onun kənd və qəsəbələrində tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Rayon mərkəzində 3 yaşayış evi və 1 inzibati bina yenidən üzlənib. Magistral yolun rayondan keçən hissəsində təmizlik və yenidənqurma işləri aparılır. Sabir qəsəbəsinin giriş hissəsi əsaslı təmir edilib, həmin ərazinin yaxınlığında əzəmətli at heykəli qoyulub və onun ətrafında milli üslubda məişət avadanlıqlarından ibarət ansambl yaradılıb. Qəsəbənin su təminatının yaxşılaşdırılması məqsədilə bir artezian quyusu qazılıb, bu yaşayış ərazisinin yolboyu evləri təmir edilib, dağ kəli fiquru qoyulub, onun ətrafı xüsusi zövqlə tərtib olunub. Bundan əlavə Şamaxı-Həmyəli yolunun kənarında kənd həyatını təcəssüm etdirən maraqlı mənzərə yaradılıb.
Bayraq meydanından qayıdanda icra hakimiyyəti başçısına xatırlatdım ki, sizin Balakəndən Şamaxıya gəlməyiniz təkcə "Turizm ili"nə deyil, həm də bilavasitə turizm mövsümünə təsadüf etdi. Başçı sanki bu məqamı gözləyirmiş kimi söhbətin lap əvvəlinə qayıtdı. Əvvəldə mən demişdim ki, ölkənin turizm zonalarına gedən yol Şamaxıdan keçir.
- Doğru deyirsiniz, bu il ölkəmizdə "Turizm ili" elan edilib. Ancaq Şamaxı təkcə turizm bölgələrinə gedən yolun üstündə olduğuna görə deyil, həm də zəngin turizm bölgəsi olduğuna görə diqqət mərkəzindədir. "Turizm ili" çərçivəsində nəzərdə tutulan işlər sürətlə davam etdirilir. Hazırda "Şərədil" istirahət mərkəzində beşulduzlu otel , "Fəxriguşə " istirahət mərkəzinin bazasında müasir standartlara cavab verəcək yeni turizm obyekti tikilir,şəhərdəki " Şamaxı "mehmanxanası əsaslı təmir edilərək yenidən qurulur. Yaxın vaxtlarda bu sahənin inkişafı ilə bağlı daha iri layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Rayon icra hakimiyyətinin xahişi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Şirvanşahlar dövlətinin XII əsr abidəsi olan "Gülüstan" qalasında tədqiqat-axtarış işlərinə başlayıblar . Bu işlər yekunlaşandan sonra burada turistlətin geniş marağına səbəb olacaq açıq səma altında muzeyin yaradılması nəzərdə tutulur. 2005-ci ildə istifadəyə verilən Şamaxı İdman Kompleksinin genişləndirilməsi, həmçinin mərkəzin ərazisində 3 min yerlik stadionun tikintisi davam etdirilir.
Doğrusu, rayon rəhbərinə daha sual vermək istəmədim. Çünki onsuz da icra hakimiyyətinə gedəcəkdim və qalan sualların cavabını orada öyrənə bilərdim. Öyrəndim də... Aparatda söylədilər ki, hazırda rayonda Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq layihənin birinci mərhələsi başa çatdırılıb və Pirsaat çayı vadisində nəzərdə tutulan tədbirlər həyata keçirilib. May ayından layihənin ikinci mərhələsinə start verilib. Qısa müddət ərzində şəhərin Heydər Əliyev, Nəriman Nərimanov və Seyid Əzim Şirvani küçələrində su, kanalizasiya və qaz xətlərinin çəkilişinə başlanılıb. Bununla yanaşı şəhərin iki küçəsində asfaltlaşma işləri aparılıb, sürüşmə zonasında yerləşən Ciddi küçəsində bərkitmə işləri görülməklə səliqə-sahman yaradılıb. Bundan başqa rayonda təhsil və digər sosial obyektlərin tikintisi bu gün xüsusi diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2008-ci il və 21 iyul 2009 -cu il tarixli sərəncamlarına uyğun olaraq Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə 8 milyon manat vəsait ayrılıb. 2009-cu ildən Şamaxı Astrofizika Rəsədxanasında başlanan tikinti-təmir işləri hazırda sürətlə davam etdirilir.Bu yaxınlarda Kərkənc kəndində 120 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb.Yaxın günlərdə Göylər kəndində 360, İkinci Çaylı kəndində isə 80 şagird yerlik yeni məktəb binalarının təməli qoyulacaq. Hazırda isə rayon uşaq incəsənət məktəbi üçün müasir binanın inşası davam etdirilir.
....Beləcə yazının sonuna yaxınlaşırdıq ki, birinci cümlədə qeyd etdiyim kampaniyaçılıqdan, dəbdən, dəbdəbədən uzaq olmağa çalışdığım barədə fikrə qayıtmaq zərurəti yarandı. Amma söhbətin milli müstəqilliyimizin 20 illik yubileyi ilə bağlı keçirilən və keçiriləcək tədbirlərdən getdiyinə görə mütləq ənənəyə riayət eləməli olduq. Yəni bu yubileyin Şamaxıda necə keçiriləcəyi barədə suala cavab almaq istədik. Çünki yubileyə təxminən üç ay vaxt qalır. İcra hakimiyyəti başçısının bu suala cavabı çox yığcam oldu:
- Əlbəttə, hansı tədbirlərin və necə keçiriləcəyini siz şəxsi iştirakınızla görəcəksiniz.
Rayon icra hakimiyyətində isə dedilər ki, bu əlamətdar bayrama hazırlaşmaq üçün təkcə rayon rəhbərliyi və idarə-müəssisələr deyil, bütövlükdə rayon ictimaiyyəti səviyyəsində hazırlıqlar gedir. Ağsaqqallarla, ziyalılarla, gənclərlə və əhalinin digər təbəqələri ilə ardıcıl görüşlər keçirilir, ictimaiyyətin qaldırdığı təkliflər nəzərə alınır, əsas məsələlərin həlli xüsusi diqqət mərkəzində saxlanılır. Hər həftənin şənbə günü keçirilən iməciliklər də məhz milli müstəqilliyimizin 20 illiyinə hazırlıq işləri çərçivəsində davam etdirilir.
Yazıya nöqtə qoymaq istəyirdim ki, istər-istəməz ürəyimdən keçdi ki, görəsən bütün sualları verdimmi? Deyəsən yox. Gərək Bayraq meydanında ilk tədbir nə zaman keçiriləcək? - sualını da verəydim. Bəlkə də belə yaxşıdır. Başçı onsuz da demişdi ki, Bayraq meydanı qısa müddət ərzində istifadəyə veriləcək.
Yubileyə isə hələ üç ay vaxt var...
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 19 iyul.- S. 5.