Azərbaycan Ordusunun
qüdrəti artdıqca gənclərin hərbi xidmətə
münasibəti də kökündən dəyişir
Son illər
balakənli çağırışçıların
nümayiş etdirdiyi fəallıq iftixar hissi doğurur
Ordumuzda xidmət edənlərin əksəriyyəti
gənclərdir. Mən çox şadam ki, gənclərimiz
milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə
alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə
ölkəmizi onlar idarə edəcəklər. Mən
çox şadam ki, orduda xidmət edən gənclər Vətənə
bağlı olan insanlardır.
Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Bakıda
keçirilən təntənəli hərbi paraddakı
nitqindən
26 iyun 2011-ci il
Dövlətin əsas dayaqlarından
olan ordunun formalaşdırılması və daim inkişaf
etdirilməsi tarixən bütün siyasətçilərin və
liderlərin ən çox diqqət ayırdığı məsələlərdən
biri olub. Müstəqil Azərbaycanda isə bu məsələ
daha böyük, daha həyati əhəmiyyət kəsb
edirdi.
Çünki müstəqilliyimizin 18-20-ci illər
dövründə olduğu kimi 1991-ci ildən sonrakı illərində də
dövlətimiz münaqişəyə və müharibəyə
cəlb edilmişdi. Azərbaycanın öz dövlət müstəqilliyini və ərazi
bütövlüyünü qorumaq üçün təkcə
siyasi iradəyə və xalqın
dövlətə olan inamına deyil, həm də güclü
orduya ehtiyacı var idi. Həmin ordunun
formalaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində bu gün Silahlı
Qüvvələrimiz nəinki regionda, hətta,
bütövlükdə postsovet məkanında
ən nüfuzlu qüvvələrdən
birinə çevrilib.
Təəssüf
hissi ilə bildiririk ki, müstəqilliyin ilk
illərində vahid komandanlıq tərəfindən
idarə olunan, vahid mərkəzin
tabeçiliyində olan ordu
yaratmaq barədə
düşünmürdülər, ya da bunu bacaran
yox idi. Fakt ondan ibarət idi ki, həmin illərdə
Azərbaycan ordusu tamamilə pərakəndə
şəkildə fəaliyyət göstərirdi. Müxtəlif siyasi partiya rəhbərlərinin tabeçiliyində
olan və hətta ayrı-ayrı
imkanlı şəxslərin əmri,
tapşırığı ilə fəaliyyət göstərən
əsgəri birləşmələr mövcud
idi və belə vəziyyətdə olan silahlı qüvvələrə ordu demək qətiyyən mümkün
deyildi. Bu, tarixi faciəmizin başlanğıcı idi. Nəticədə torpaqlarımız işğal olundu, bir milyona yaxın
soydaşımız öz doğma
yurd-yuvalarından didərgin düşdü.
Bu zaman bir məqamı xüsusi qeyd etmək zərurəti var.
Belə ki, 1991-93-cü illərin
xaos və anarxiyasına, daxili
qeyri-sabitliyə və ordudakı pərakəndəliyə baxmayaraq Milli Ordunun yüzlərlə vətənpərvər,
qeyrətli, peşəkar nümayəndələri həm əsgəri
vəzifələrini, həm də vətəndaşlıq
borclarını şərəflə, ləyaqətlə
yerinə yetirmişdilər. Onlar
arasında şəhid və əlil olanlar
çox idi. Ancaq qeyrət rəmzinə çevrilmiş
həmin şəxslərin nümunəsi də ordunu formalaşdırmağa kifayət deyildi. Çünki
ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi
üçün Azərbaycana qüdrətli
ordu lazım idi. Belə
bir ordunu isə ümummilli lider Heydər Əliyev
formalaşdıra bilərdi və formalaşdırdı.
Heydər
Əliyevin formalaşdırdığı Azərbaycan Ordusunun hərbi-texniki imkanlarını,
Silahlı Qüvvələrimizin qüdrətini ötən ay - iyunun 26-da Azərbaycanın
dövlət müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin
93-cü ildönümləri münasibətilə Bakıda
keçirilən təntənəli hərbi paradda gördük. Mükəmməl hərbi nümayiş möhtəşəm qüdrət
nümunəsi idi. Bu ordunun
yuxarıda qeyd etdiyimiz
pərakəndə vəziyyətdən indiki
səviyyəyə gətirilməsi üçün
ulu öndər nələr etməmişdi?
Ölkədə daxili sabitlik,
xalqın dövlətə və orduya
inamı bərpa olunmuş, ordunun maddi-texniki
bazasının və hərbçilərin sosial-rifah
halının yaxşılaşdırılması
istiqamətində konkret tədbirlər həyata
keçirilmişdi. Ayrı-ayrı siyasi təşkilatların və ya konkret şəxslərin
tabeçiliyində olan əsgəri birləşmələr
vahid komandanlıq altında birləşdirilmiş
və bütün silahlı qüvvələrin
eyni mərkəzdən idarə edilməsinə
nail olunmuşdu. Bütün bunlardan sonra - 1994-cü ilin may ayında Azərbaycan NATO-nun
"Sülh naminə Tərəfdaşlıq"
Proqramına qoşulmuş və ordumuzun Avropa
standartları səviyyəsində müasirləşdirilməsinə
start verilmişdi. Ulu öndər
Heydər Əliyevin tez-tez hərbi hissələrdə
olması, əsgərlərin hərbi
tapşırıqları yerinə yetirməsi, hərbçilərin
sosial şəraiti,
döyüşçülərin Vətənə sədaqətinin,
tələb olunan peşəkarlığının
və digər keyfiyyətlərinin artırılması vəziyyəti
ilə tanış olması Silahlı Qüvvələrin
inkişafına xüsusi təkan verirdi. Ulu öndərin ordu quruculuğu siyasəti
ilə yanaşı diplomatiyada - xarici siyasətdə də böyük
təcrübəsi Milli Ordumuzun
möhkəmləndirilməsinin əsas səbəblərindən
birinə çevrilmişdi. Belə ki, dövlət
başçımız ölkəmizin dostu
və müttəfiqi olan ölkələrin
hərbi mütəxəssislərinin Azərbaycana dəvət
edilməsinə və ya bizim
hərbçilərimizin həmin ölkələrə səfərlərinin
təşkilinə nail olmaqla
ordumuzun peşəkarlığını
artırırdı. Nəticədə Azərbaycan Ordusu dağınıq, pərakəndə
silahlı qüvvələrdən dünya
miqyasında sülhyaratma missiyasında fəal
iştirak edən mükəmməl orduya çevrildi.
Bu bir faktdır ki, Azərbaycan Ordusu
2003-cü ilin oktyabrından sonra daha sürətli bir inkişaf mərhələsinə
qədəm qoymuşdur. Prezident İlham
Əliyevin həyata keçirdiyi çoxsaylı
tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən
birinə çevrilmişdir. Ölkədə
Müdafiə Sənayesi Nazirliyi
yaradılmış, bu qurumun
müəssisələrində istehsal olunan silah və
sursatların dünya miqyaslı sərgilərdə
nümayişi təşkil edilmişdir. "Biz işğal olunmuş Azərbaycan torpaqlarını istənilən
yolla düşmən tapdağından azad edəcəyik" - deyən Prezident İlham Əliyevin
təşəbbüsü ilə bu gün ölkədə dövlət büdcəsindən
ən çox vəsait ayrılan sahə
məhz ordu quruculuğu,
hərbi-strateji xarakterli məsələlərin
həll olunması sahəsidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun
26-da Bakıda keçirilən hərbi paradda
Silahlı Qüvvələrimizin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirləri xarakterizə edərkən
demişdir: "Bu gün Azərbaycan Ordusunun
təchizatı, o cümlədən daxildə
istehsal olunan məhsullar
hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur... Bir sözlə, ordumuzun hərbi
imkanlarını, potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan
dövləti onu edir.
Bizim hərbi xərclərimiz ildən-ilə
artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu
ildə bu rəqəm 2 milyard
150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə - yəni ki, Azərbaycanın hərbi xərcləri
Ermənistanın bütün xərclərinə
bərabər olsun - artıq
reallaşıb. Bu gün
Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır".
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi
ilə yanaşı, Azərbaycan dövlətinin
Dağlıq Qarabağ münaqişəsinin
ədalətli şəkildə həll edilməsi üçün həyata keçirdiyi
siyasi-diplomatik tədbirlər də Azərbaycan
Ordusunun nüfuzunu
artırır. İndi ölkə gəncləri
Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi
günün uzaqda
olmadığını yaxşı bilirlər. Odur ki, yüksək mənəvi
və hərbi vətənpərvərlik tərbiyəsi
almış gənclərin hamısında belə bir arzu yaranıb ki, bu gün
məhz hərbi xidmətdə olsunlar. Bir zamanlar fərariliyin baş alıb getdiyi Azərbaycan
Ordusuna indi gənclərin
bu şəkildə, arzu
və istəklə, fəxrlə üz
tutması hər bir azərbaycanlıda qürur hissi yaradır.
Mən
bir Azərbaycan vətəndaşı kimi balakənli gənclərin və
onların valideynlərinin orduya, hərbi
xidmətə münasibətini görəndə sadəcə
iftixar hissi
keçirirəm. 10, 15 il əvvəl biz bu günləri sadəcə
arzu edə bilərdik. İndi
isə həyatın reallıqlarıdır. Bu zaman
bir məsələni də qeyd etmək zərurəti var.
Belə ki, orduya
münasibətin formalaşdırılmasının
önündə dövlət və dövlət
başçısı gedir. Ancaq yerli təşkilatların,
xüsusən, gənclərin hərbi xidmətə qədərki
hazırlığı ilə məşğul olan, onlarda hərbi-vətənpərvərlik
tərbiyəsini aşılayan qurumların xidməti də xüsusi qeyd edilməlidir.
Yəni bu sevgi və
rəğbət yuxarıdan aşağıya doğru,
mərhələ-mərhələ hamı tərəfindən
yaradılır. Dövlət
başçısı orduya öz qayğı və diqqəti ilə,
Müdafiə Nazirliyi hərbi hissələrdə
nizam-intizamın yüksək səviyyədə təmin
olunması ilə, təhsil müəssisələri, ictimai təşkilatlar və ağsaqqallar
lazımi təbliğatın təşkil olunmasıyla gənclərin
orduya münasibətini müsbətə
doğru əsaslı şəkildə dəyişirlər.
Nəticədə orduda nəinki fərarilik
və ya hərbi xidmətdən
yayınma halları qeydə alınmır, əksinə,
könüllülərin sayı çoxalır.
Mən bu məqamda Balakən ağsaqqallarının
və bütün
çağırışçılarımızın
valideynlərinin nümayiş etdirdiyi iradəni də yüksək qiymətləndirirəm.
Biz ənənəvi olaraq
çağırışçıların hərbi xidmətə
yola salınması mərasimlərinə
valideynləri də dəvət edirik. Oğlu əsgər
gedən bir valideynin
söylədiyi fikirlər heç zaman yadımdan çıxmayacaq və bütün hərbçilərə uğurlar, ordumuza qələbə
müjdəsi arzuladıqdan sonra öz fikirlərimi bu
günlərdə keçirilən yolasalma
mərasimlərinin birində çıxış edən həmin
valideynin sözləri ilə
yekunlaşdırıram: "Biz Vətənə
Ana deyirik. Mən fəxr
edirəm ki, Anamız Vətəni,
analarımızı, bacılarımızı,
qızlarımızı qoruyanların sırasında bu gündən mənim də oğlum
olacaq. Mən bu ordu ilə daim fəxr
etmişəm. Sabahdan - oğlumun
əsgər paltarı geyməsindən sonra
isə beşqat, onqat
artıq fəxr edəcəyəm".
Nizami QULİYEV
Xalq qəzeti.-
2011.- 19 iyul.- S. 6.