Azərbaycan
musiqiçiləri Ramatuel klassik
musiqi festivalının ilk
günündə dinləyicilərə unudulmaz
gecə bəxş etmişlər
İyulun 17-də Fransanın
Ramatuel şəhərində II Ramatuel klassik musiqi
festivalının açılışı olmuşdur.
Mədəniyyət
tədbirini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestri açmışdır. Orkestr xalq artisti Teymur
Göyçayevin dirijorluğu ilə dünya şöhrətli
Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov,
Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Vaqif
Mustafazadə, dünya klassiklərindən Motsart,
Çaykovski və Debüssinin məşhur əsərlərindən
ibarət 11 klassik musiqi nömrəsi ifa etmişdir. Ramatuel
klassik musiqi festivalının rəhbəri Rolan Koyen
festivalın rəsmi açılışını etdikdən
sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
festival iştirakçılarına ünvanladığı
məktubu oxumuşdur.
Heydər
Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalın
Azərbaycan və dünya klassik musiqisinin təbliğinə
xidmət etdiyi vurğulanan məktubda ölkəmizin çox
qədim və zəngin musiqi ənənələrinə
malik olduğu, dünya musiqi mədəniyyəti tarixindəki
önəmli yeri iştirakçıların diqqətinə
çatdırılmışdır. Məktubda qeyd
edilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi və
qayğısı sayəsində ölkə mədəniyyəti
nəinki beynəlxalq aləmdə təbliğ olunur və
mühüm uğurlara imza atır, həmçinin Azərbaycan
beynəlxalq mədəniyyət tədbirlərinə ev
sahibliyi edir. Beynəlxalq muğam, Qəbələ Beynəlxalq
musiqi, Rostropoviç festivalları dünya musiqisinə əvəzolunmaz
töhfələr vermişdir.
Məktubda,
həmçinin Azərbaycanın builki "Eurovision"
mahnı yarışmasındakı qələbəsi də
vurğulanmışdır. Bildirilmişdir ki, 2012-ci ildə
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə
- "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir.
Konsert
elə ilk dəqiqələrdən Ramatuel şəhərinin
Yaşıl Teatrını doldurmuş dinləyiciləri valeh
etmişdir. Hər bir musiqi nömrəsi uzun və sürəkli
alqışlarla qarşılanmışdır. Orkestrin
üzvləri hər bir musiqi parçasını
böyük məharətlə ifa etmişlər. Səhnədə
ölməz bəstəkarların ecazkar musiqi nömrələrini
səsləndirən xalq artisti Murad Adıgözəlzadə
isə konsertə sanki xüsusi bir ab-hava bəxş
etmişdir. Konsert ayaq üstə alqış sədaları
altında yekunlaşmışdır.
Festival
iyulun 22-dək davam edəcəkdir.
Aygün ƏLİYEVA
Xalq qəzeti.- 2011.- 19 iyul.- S. 7.