Nərimanov rayonunda cari ilin ilk yarısının yekunları təhlil olunmuşdur

 

Son illər Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlər 2011-ci ilin birinci yarımilliyində də davam etmişdir. Hesabat dövründə ölkəmizdə ümumi daxili məhsul istehsalı 0, 3 faiz artmış, qeyri-neft sektorunda isə artım 7,2 faiz təşkil etmişdir. Ölkədə böyük maliyyə resursları yaradılmış, ümumi valyuta ehtiyatları 38 milyard dollara çatmışdır. İlin birinci yarısında dövlət büdcəsinə edilmiş düzəlişlər nəticəsində büdcə xərcləri rekord səviyyəyə - 20 milyard dollara çatmışdır.

Bütün bunlar barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ətraflı danışılmış, qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir. İclasda bütün bunlarla yanaşı, qarşıda duran vəzifələrə də toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.

Hazırda ölkəmizin bütün şəhər və rayonlarında 2011-ci ilin yanvar-iyun aylarının sosial-iqtisadi mənzərəsi geniş təhlil olunur, Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələrin icrası istiqamətində konkret vəzifələr müəyyənləşdirilir.

Dünən paytaxtın Nərimanov rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun sosial-iqtisadi inkişafının cari ilin ilk yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaq keçirildi.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq 2011-ci ilin altı ayında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan bəhs etdi. İyul ayının 12-də Nazirlər Kabinetinin cari ilin ilk yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu. Qeyd olundu ki, cari ilin yanvar-iyun ayları ərzində ölkə üzrə yüksək nailiyyətlərin əldə olunmasında paytaxtın Nərimanov rayonu da yaxından iştirak etmişdir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev 2011-ci ilin altı ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etdi. Sonra cari ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs edən A.Fərzəliyev bildirdi ki, hesabat dövründə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş, xidmətlər də daxil olmaqla 863,5 milyon manatlıq məhsul istehsal olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 68 faiz artım qeydə alınmışdır. Bu dövrdə sənaye sahəsində çalışanların sayı 8 min 15 nəfər təşkil etmiş, onların orta aylıq əmək haqları 356,3 manat olmuşdur. Qeyd olundu ki, ilin əvvəlindən rayonda yeni yerlərinin yaradılması ilə bağlı tədbirlər davam etdirilmiş, ötən müddətdə 658 daimi yeri açılmışdır.

Hesabat dövründə rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşunun 18,2 milyon manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi bildirdi ki, həmin investisiyaların 99,9 faizi daxili investisiyalar təşkil etməklə 99,2 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına sərf olunmuşdur. Rayonun tikinti sektorunda da yüksək nəticələr əldə edildiyini vurğulayan natiq qeyd etdi ki, cari ilin altı ayında tikinti təşkilatları öz gücləri ilə 147,8 milyon manatlıq görmüşlər. Bu sahədə çalışan işçilərin orta aylıq əmək haqları 8,4 faiz artaraq 492 manata çatmışdır.

Məruzəçi bildirdi ki, hesabat dövründə iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən sayılan pullu xidmətlərin həcmi də xeyli artaraq 123,1 milyon manat təşkil etmişdir. Rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 394,2 milyon manat, ictimai iaşə xidmətlərinin həcmi isə 20,8 milyon manat olmuşdur. Cari ilin ilk yarısında əhaliyə 32,5 milyon manatlıq nəqliyyat və 6,1 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir.

Natiq qeyd etdi ki, hazırda ölkə Prezidentinin tapşırıq və göstərişləri əsasında Nərimanov rayonunda dövlət əhəmiyyətli iri layihələr həyata keçirilir. Rayon ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzin inşası başa çatmaq üzrədir. Hazırda burada tamamlama işləri görülür, ətrafda geniş abadlıq işləri həyata keçirilir. Qeyd olundu ki, 2011-ci ilin birinci yarısında ölkə Prezidenti İlham Əliyev iki dəfə Nərimanov rayonunda olmuş, bir sıra yeni obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Məruzəçi daha sonra bildirdi ki, dövlət başçısı Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə fərdi yaşayış evlərinin qeydiyyata alınması və sənədləşdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir. Müşavirədən dərhal sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon ərazisindəki qanunsuz tikililərin və sənədləşməsi başa çatmayan evlərin inventarizasiyasının aparılması ilə bağlı xüsusi komissiya yaradılmış, qısa müddət ərzində evlərin siyahıya alınması və sahələrin dəqiqləşdirilməsi başa çatdırılaraq müvafiq forma üzrə Bakı şəhər icra hakimiyyətinə göndərilmişdir. Nərimanov rayonu ərazisində belə tikililərin və evlərin sayı isə 4500-ə yaxındır.

Rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı sahəsində cari ilin altı ayı ərzində görülmüş işlərə toxunan A.Fərzəliyev daha sonra rayonun təsərrüfat həyatı ilə bağlı görülən işlərdən bəhs etdi, ayrı-ayrı təsərrüfat subyektləri tərəfindən həyata keçirilən işləri sadaladı. Bütün bu işlərin rayon əhalisinin kommunal sahədə üzləşdiyi problemlərin aradan qaldırılmasına səbəb olduğunu diqqətə çatdırdı. Bundan əlavə, rayon sakinlərinin işıq, qaz, içməli su təminatının daha da yaxşılaşdırılması sahəsində mühüm işlərin həyata keçirildiyi diqqətə çatdırıldı.

2011-ci ilin yanvar-iyun aylarında rayonun təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti və bu sahədə həyata keçirilmiş mühüm işlərdən bəhs edən natiq, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl və təxirəsalınmaz işlərin də görüldüyünü bildirdi. Qeyd olundu ki, ilin ilk yarısında əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azalması istiqamətində ölkə Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.

Məruzə ətrafında çıxış edən digər natiqlər də cari ilin birinci yarımilliyində ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdilər.

Tədbirə yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev bütün uğurlarla yanaşı, rayon əhalisinin getdikcə artmaqda olan maddi, mənəvi və digər tələbatının tamdolğun ödənilməsi istiqamətində qarşıda çox mühümciddi vəzifələrin dayandığını diqqətə çatdırdı. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər ediləcək, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün zəruri tədbirlər həyata keçiriləcək.

Tədbirdə Milli Məclisin deputatları Aqiyə Naxçıvanlı, Rasim Musabəyov və Adil Əliyev iştirak edirdilər.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.- 20 iyul.- S. 6.