Dövlət Sosial Müdafiə Fondunda geniş kollegiya iclası keçirilmişdir

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən alternativsiz iqtisadi siyasət nəticəsində cari ilin arxada qalan dövründə ölkə həyatının bütün sahələrində yüksək nailiyyətlərə imza atılması barədə iyulun 18-də DSMF orqanlarının 2011-ci ilin I yarımilliyindəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında fondun sədri S. Müslümov məlumat verdi.

Vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılmasına xidmət edən proqramların vaxtında icrası nəticəsində cari ilin 6 ayında əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsini xüsusi diqqətdə saxlayaraq, bu istiqamətdə mühüm qərarlar verilməsindən söz açan Səlim müəllim qeyd etdi ki, bu ilin birinci yarısında xüsusilə əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə çox ciddi islahat tədbirləri həyata keçirilmişdir. "Əmək pensiyaları haqqında" Qanuna edilən əlavə və dəyişikliklərlə vətəndaşların 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqlarının yenidən hesablanaraq, təxminən 845 min nəfər əmək pensiyaçısının pensiyasının əsaslı şəkildə (təqribən 40 faiz) artırılmasını deyən sədr bildirdi ki, bununla yanaşı, elmi dərəcəsi olan əmək pensiyaçılarının da sosial müdafiəsi möhkəmləndirilmişdir: "İyulun 1-dən elmi dərəcəsi olan işləməyən və azı 25 il elmi-pedaqoji fəaliyyəti olan əmək pensiyaçılarının pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır". DSMF sədri dedi ki, bütün bu artımlar cənab İlham Əliyevin insan amilinə, yəni xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş ali siyasətinin reallaşdırılmasına mühüm töhfədir.

Onun sözlərinə görə, pensiya artımlarının əhaliyə çatdırılmasında texniki işlərin yerinə yetirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilməkdədir. Artıq bu həftədən etibarən qrafiklə pensiyaların artımlarla birlikdə maliyyələşməsinə başlanılıb.

Daha sonra S.Müslümov bildirdi ki, bu ilin 6 ayı ərzində sığorta-pensiya sistemində islahatların davam etdirilməsi ilə yanaşı, əhalinin pensiya təminatında maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə zəruri vəzifələrin icrası da xüsusi diqqət mərkəzində saxlanılmışdır. İlkin məlumatlara əsasən, 2011-ci ilin birinci yarımilliyində DSMF-nin gəlirləri 929,4 milyon manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 105,6 milyon manat və ya 12,8 faiz çoxdur. Cari ilin ilk 6 ayı ərzində daxil olmuş 561,6 milyon manat məcburi dövlət sosial sığorta haqqının, 59,4 faizi və ya 333,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşür ki, bu da əvvəlki ilə nisbətən 13,9 faiz və ya 40,7 milyon manat artım deməkdir. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 16,7 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 18,4 faiz artmışdır.

İlin ilk yarısında sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesi davam etdirilmişdir. Cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 mindən artıq sığortaolunana fərdi şəxsi hesab açılmışdır. Nəticədə iyulun 1-nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 898 462 nəfərə çatmışdır. Eyni zamanda, 6 ay ərzində sığortaolunanlara 25,34 milyon manat müavinət ödənilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artıqdır. Digər xərclər üzrə isə məbləğ ilin ilk ayına nisbətən 26,3 faiz və ya 7 milyon manat az olmuşdur. Kollegiyada qeyd edildi ki, ötən müddətdə fondun xərcləri 905,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün bütün xərclərin 97,8 faizi və ya 886, 4 milyon manatı yönəldilmişdir ki, bu da əvvəlki ilin ilk 6 ayına nisbətən 14 faiz çoxdur.

Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirlərinin genişləndirilməsi də diqqətə çatdırıldı. Bildirildi ki, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 98,7 faizi, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99,4 faizi pensiyasını plastik kartlarla alır. İlin ilk yarısında ehtiyac olan ərazilərdə əlavə olaraq 10 bankomat quraşdırılmış və pensiyaçılara xidmət göstərən bankomatların sayı 507-yə çatdırılmışdır.

Geniş kollegiya iclası fondun orqanları üzrə hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam etdirildi.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə icrası 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti ətraflı müzakirə olundu. Müzakirələr zamanı sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün tapşırıqlar verildi.

DSMF-nin 2011-ci ilin1-ci yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiyasında iyulun 1-dən etibarən tətbiq olunan pensiya artımları ilə bağlı əhalinin yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi də müzakirə edildi, şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması, vətəndaşların məhdudiyyətsiz qəbul olunması və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsinin təmin olunması barədə ciddi tapşırıqlar verildi. Həmçinin fəaliyyətlərində nöqsanlara yol verən fondun yerli orqanlarının vəzifəli şəxsləri barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul olundu.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 20 iyul.- S. 7.