Bir igidin ekran obrazı

 

Beynəlxalq Mətbuat Mərkəzində Milli Ordunun ilk batalyonunun komandiri, Xocalı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev barədə çəkilmiş yeni sənədli filmə ictimai baxış keçirilmişdir.

"Vətənpərvərliyin təbliğinə dəstək" ictimai birliyinin "Vətən sağ olsun" layihəsi əsasında çəkdiyi filmi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurası maliyyələşdirmşidir.

Aqil Quliyevin qəhrəmanlıq yoluna həsr olunmuş filmdə onun döyüş bioqrafiyası sənədli və bədii vasitələrlə canlandırılmış, cəsur komandirin bitkin ekran obrazı yaradılmışdır. Qarabağ müharibəsi zamanı çəkilmiş videoxronika, qəhrəmanın döyüş dostlarının, doğmalarının, onu tanıyanların söylədikləri musiqişeirin müşayiəti ilə daha ifadəli səslənmişdir. Milli qəhrəmanın qardaşı oğlu balaca Aqil Quliyevin ifasında Vətənin gələcək müdafiəçisi obrazının filmə daxil edilməsi ekran əsərini daha təsirli və baxımlı etmişdir.

Filmin layihə rəhbəri vətənpərvərlik və məfkurə mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, ssenari müəllifi Ehtiram İlham, rejissoru Mahir Dərviş, operatoru Əli Sultanovdur. Filmin epizodlarını, istifadə olunmuş materialları Eldəniz Əzimov montaj etmişdir. Sonda səslənən "Bir igid" şeirinin sözləri Musa Urudun, bəstə və ifası Şəmistan Əlizamanlınındır.

İctimai baxışda işitirak edən Milli Məclisin deputatları, rəsmilər, sənət biliciləri, hərbçilər, jurnalistlər filmə maraqla baxdılar, mərasimdən yüksək təəssüratla ayrıldılar.

QHT Forumunun prezidenti Rauf Zeyniyev dedi: - Filmə ayrılmış vəsait özünü tamamilə doğrultmuşdur. Peşəkar heyət milli qəhrəmana layiq bir ekran əsəri hasilə gətirmişdir. Qarabağ müharibəsinin ağrı-acılarını yaşamış, şərəfli səhifələrinə dərindən bələd olan Şəmistanın bu layihəyə rəhbərlik etməsi əvvəlcədən etimadla qarşılanmış və gördüyünüz kimi uğurla nəticələnmişdir. Biz bu layihəni davam etdirəcəyik.

Aqil Quliyevin döyüş dostu, keçmiş taqım komandiri Nizami İbrahimov isə bildirdi: - Daşaltıya hücum və Xocalı uğrunda döyüşlər faciəli sonluqla bitsə də, "birinci batalyon"un o zaman göstərdiyi hünər, dözüm, qeyrət Qarabağ müharibəsinin unudulmaz səhifələrdəndir. Bizim mərhum komandirimiz Aqil Quliyev haqqında film çəkilməsi sağ qalmış döyüş yoldaşlarımızı ürəkdən sevindirdi. Həqiqətən, heç kiminheç nəyin unudulmaması yaralara məlhəm olur, yeni nəslin vətənpərvərlik tərbiyəsinə güclü təsir göstərir. Gələn il Xocalı faciəsinin 20-ci ildönümü tamam olacaq. Ümid edirik ki, biz o günü Xocalıda qarşılayacaq, o zaman bada verilmiş hünər və rəşadəti layiqincə qeyd edəcəyik. Filmin yaradıcılarına təşəkkürümüzü bildiririk.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 20 iyul.- S. 7.