Yasamal rayonunda sosial-iqtisadi inkişaf
uğurla davam edir
İyulun 12-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında ötən altı ay ərzində ölkə
qarşısında duran bütün iqtisadi və sosial məsələlərin
uğurla həll olunması diqqətə
çatdırılmışdır. Qeyd olunmuşdur ki,
ölkəmizin ümumi inkişafı ötən altı ayda
çox uğurlu və dinamik olmuşdur. İlin
birinci yarısında büdcəyə düzəlişlər
edilmişdir. Bunun nəticəsində ilk dəfə
olaraq Azərbaycan büdcəsi 20 milyard dollara
çatmışdır. Ölkəmizin strateji valyuta
ehtiyatları ilin əvvəlindən 9 milyard dollar artaraq 38
milyard dollar səviyyəsindədir. Həmçinin diqqətə
çatdırılmışdır ki, Azərbaycanda qeyri-neft
sektorunda olan artım 7,2 faiz təşkil etmişdir. Bu,
çox sevindirici haldır. Bu onu göstərir ki, Azərbaycan
iqtisadiyyatının enerji amilindən
asılılığı azalır.
Kənd təsərrüfatında
artım 6,2 faiz təşkil etmişdir. Əhalinin pul gəlirləri
17 faiz artmışdır. İnflyasiya isə cəmi 8,6 faiz
artmışdır. Sosial məsələlərin həlli də
diqqət mərkəzində olmuşdur. Bəzi kateqoriya
üzrə büdcədən maliyyələşən təşkilatlarda
çalışan insanların əmək haqları
qaldırılmışdır. Ən böyük nailiyyət
pensiyaların artımı ilə bağlıdır. Qəbul
edilmiş qərarlar nəticəsində iyulun 1-dən
2006-cı ilə qədər pensiyaya çıxmış
pensiyaçıların orta aylıq pensiyası təxminən
40 faiz artmışdır. Bu çox böyük
artımdır. Bu, Azərbaycanda 900 minə qədər
pensiyaçını əhatə edir. Bu bir daha onu göstərir
ki, Azərbaycan hökumətinin siyasəti sosial
yönümlüdür.
2011-ci
ilin birinci yarımilliyinin sosial-iqtisadi yekunları Yasamal rayonu
üçün də uğurlu olmuşdur. Rayon icra hakimiyyətində
2011-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında bu barədə ətraflı
söhbət açıldı.
Rayon icra
hakimiyyətinin başçısı İbrahim Mehdiyev
yığıncaq iştirakçılarının diqqətinə
çatdırdı ki, 2011-ci ilin altı ayı ərzində
rayonda sənaye məhsulunun həcmi 87276,6 min manat, nəqliyyat
sektorunda xidmətlərin həcmi 880623,2 min manat olmuşdur
ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə
müvafiq olaraq 102,8 faiz və 128,1 faiz təşkil
etmişdir. Rabitə xidmətlərinin həcmi 57950,7 min
manat, əsas kapitala yönəldilən investisiyalar 84739,2 min
manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri
62749,6 min manat olmuşdur ki, bu da keçən ilin eyni
dövrü ilə müqayisədə müvafiq olaraq 117,8,
47,9 və 40,6 faiz olmuşdur.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə rayonun
iqtisadi sosial sahələrində işləyənlərin
orta aylıq əmək haqqı 9,4 faiz artaraq 440,7 manat
olmuşdur.
İ.Mehdiyev
bildirdi ki, hesabat dövründə rayon ərazisində
abadlıq işləri böyük vüsətlə davam
etdirilmişdir. İlin əvvəlindən 4 böyük
yaşayış məhəlləsində - Yeni Yasamal-1, ev 5 və
6-nın, Yeni Yasamal-1, ev 7 və 8-in, Talıblı
küçəsi 3/8 və Xiyabani küçəsi 6 və
8-in həyətlərində nümunəvi məhəllələr
yaradılmışdır. Qeyd olunan bu yaşayış məhəllələrinə
asfalt örtüyü salınmış, mini futbol-basketbol
meydançası yaradılmış, binaların fasad hissələri
rənglənmiş, binaların giriş qapıları dəyişdirilmiş,
oturacaq, uşaq-əyləncə, idman qurğusu
quraşdırılmışdır. Əksər küçə
və məhəllələrə asfalt örtüyü
salınmış, əsaslı təmir işləri
aparılmışdır.
Hesabat
dövründə tikintisinə 2009-cu ildə
başlanılmış Xüsusi Dövlət Mühafizə
Xidmətinin Müalicə-Diaqnostika Mərkəzinin
açılışı olmuş və
açılışda möhtərəm Prezidentimiz İlham
Əliyev və xanımı Mehriban Əliyeva iştirak
etmişdir.
Cari ilin
altı ayı ərzində mənzil fondunun
qorunub-saxlanılması məqsədilə xeyli iş
görülmüşdür. Belə ki, 35 yaşayış
binasında 4200 kvadratmetr müxtəlif örtüklü dam
örtüyü təmir edilmişdir.
İ.Mehdiyev
qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar
görülən işlər barəsində də məlumat
verdi. O dedi ki, bu sahədə işlər təxirə
salınmadan davam etdirilmiş, ötən altı ay ərzində
16 ədəd müxtəlif təyinatlı qeyri-qanuni tikili, 4
ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına
çəkilmiş hasarlar sökülmüşdür.
Rayon
sakinləri üçün hər həftənin şənbə
və bazar günləri kənd təsərrüfatı
mallarının satışı yarmarkaları təşkil
edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
rayonumuza təhkim olunmuş 5 kənd rayonundan hər həftə
yarmarkaya müxtəlif çeşiddə 60-70 ton kənd təsərrüfatı
məhsulları çıxarılır.
Qeyd olundu
ki, hesabat dövründə rayonun mühəndis-texniki xidmət
sahələrinin işi, əhalinin və iqtisadiyyatın
elektrik enerjisi, təbii qaz və su ilə təchizatında
yaranan problemlərin qısa müddətdə aradan
qaldırılması icra hakimiyyətinin daim diqqət mərkəzində
olmuşdur. Bu sahələrdə də xeyli iş
görülmüşdür. Belə ki, rayonun elektrik şəbəkəsində
hesabat dövründə 1 ədəd kompleks transformator məntəqəsi,
6 ədəd iri tutumlu, 30 ədəd fərdi cərəyan
transformatoru quraşdırılmış, ümumilikdə
11980 metr kabel dəyişdirilərək yenisi ilə əvəz
olunmuşdur. Sayğaclaşma ilə əlaqədar isə
yaşayış binalarında 30500 metr elektrik xətti, 24 ədəd
paylayıcı şit, 374 ədəd panel, 7 ədəd polad
dirək, 21 ədəd ayırıcı
quraşdırılmışdır.
Eləcə
də rayonun qaz təchizatını
yaxşılaşdırmaq məqsədilə "Qanlı
Göl"ün cənub qərbində 111 ədəd, I
Alatava yaşayış ərazisində 452 ədəd, II
Alatava ərazisində 376 ədəd, xarici dairəvi yolun alt
hissəsində, "Qanlı Göl"ün şərq
sahilində 186 ədəd, cəmi 1132 ədəd qaz
sayğacı quraşdırılmış, Z.Xəlilov 568-ci
məhəllədə qaz tənzimləyici şkaf yeni
müasir tipli şkafla əvəz edilmişdir. 2-ci Alatava
yaşayış massivində isə 965 metr qaz xətti
çəkilərək qaz sayğacları həyətlərdən
küçəyə çıxarılmış və bu
işlər davam etdirilir.
Rayon əhalisinin
və digər istehlakçıların suya olan tələbatının
ödənilməsi prioritet vəzifələrdən
olmuşdur. İ.Mehdiyev qeyd etdi ki, bu məqsədlə
su-kanal sahəsi tərəfindən 600 metr müxtəlif
diametrli su borusu dəyişdirilmiş, 60 nasos stansiyasında
nasos və mühərriklər təmir edilmişdir.
"Oğuz-Qəbələ-Bakı"
su kəmərinin tikilib istifadəyə verilməsi ilə əlaqədar
Bakı şəhərinin su təchizatı xeyli
yaxşılaşdırılmışdır. Rayon ərazisində
"Azərsu" ASC tərəfindən 3630 metr müxtəlif
diametrli su xətti çəkilmişdir. Bir məsələni
nəzərə almaq lazımdır ki, Yasamal rayonu
adıçəkilən kəmərlə nəql olunan suyu qəbul
edir. Sonradan onu şəhərin bütün rayonlarına
ötürür. Lakin rayonun məhəllədaxili su şəbəkəsinin
bu həcmdə suyu qəbul etməsinə imkanı
olmadığından rayonun bir çox yerlərində su kəmərlərində
tez-tez qəzalar baş verir. Bəzən bu qəzaların
aradan qaldırılması zamanı "Azərsu" ASC ilə
"Azəryolservis" ASC arasında qəza-bərpa işlərinin
aradan qaldırılması sahəsində
anlaşılmazlıqlar baş verir ki, bu da qəzaların
operativ aradan qaldırılmasına maneçiliklər törədir.
Hazırda "Azərsu" ASC ilə "Azəryolservis"
ASC arasında aparılmış danışıqlar nəticəsində
artıq bu problem öz həllini tapmaqdadır.
Yığıncaq
iştirakçılarının diqqətinə
çatdırıldı ki, Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyev Sumqayıt şəhərində
olarkən burada yaşayış məhəllələrini gəzərək
sakinlərlə görüşmüşdür.
Görüş zamanı şəhərin məhəllələrində
yaradılmış "İctimai xeyir-şər" evləri
haqqında məlumat alan ölkə başçısı
bunun əhali üçün önəmli olduğunu bildirərək,
başqa yerlərdə də təşkil olunmasının
vacibliyini vurğulamışdır. Hazırda Yasamal rayonu ərazisində
14 ünvanda "İctimai xeyir-şər" evləri
mövcuddur.
Ölkə
başçısının
tapşırığının icrası məqsədilə
rayon icra hakimiyyəti daha 8 ünvanda xeyir-şər evinin
tikilməsi üçün təkliflər
hazırlamışdır. Bu xeyir-şər evləri rayon
icra hakimiyyəti, Yasamal bələdiyyəsi, Xüsusi
Dövlət Mühafizə Xidməti, Bakı Dövlət
Universiteti xeyriyyəçilər və məhəllə
sakinləri tərəfindən inşa ediləcəkdir ki,
bunların bir hissəsi cari ilin axırında, digər hissəsi
isə 2012-ci ilin mart-aprel aylarında tikilib başa
çatdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir.
Başçı
bildirdi ki, cari ilin iyul ayının 2-də ölkə
başçısı cənab İlham Əliyev rayon ərazisindəki
"Keppinski Badamdar" otel kompleksinin
açılışında iştirak etmişdir. Hotel
kompleksi 2,5 hektar ərazini əhatə etməklə, ümumi
sahəsi 84 min kvadratmetrdir. Mükəmməl infrastruktura malik
kompleksin avadanlıqla təchizatı ən müasir
standartlara cavab verir.
2011-ci
ilin altı ayı ərzində yoxsulluğun
azaldılmasına xidmət edən ünvanlı dövlət
sosial yardımı proqramının tətbiqi nəticəsində
Yasamal rayonunda 1602 ailəyə, ümumilikdə 5801 nəfərə
ünvanlı sosial yardım təyin edilmişdir.
Hesabat
dövründə Heydər Əliyevin tükənməz
irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev
muzeyində silsilə tədbirlər həyata
keçirilmiş, 6500 nəfərdən çox tələbə
və şagird muzeylə tanış olmuşlar. Muzey rayonun
ideoloji mərkəzi kimi fəaliyyət göstərməklə
bir sıra tədbirlərin keçirilməsinin məkanına
çevrilmişdir. Ümummilli liderimizin fəaliyyəti ilə
bağlı çoxlu foto, video və digər materiallar
toplanmışdır.
Muzeyə
Maliyyə Nazirliyi tərəfindən 18 ştat vahidi
ayrılmış, direktor təyin edilmiş, sərbəst fəaliyyət
göstərməsi üçün maliyyə vəsaiti
ayrılmışdır. Muzey bundan sonra daha geniş və səmərəli
fəaliyyət göstərəcəkdir.
İ.Mehdiyev
vurğuladı ki, rayon icra hakimiyyətinin fəaliyyətinin əsas
istiqamətlərindən biri də vətəndaşların
müraciətlərinə baxılması, onların qəbul
edilməsi və hər bir müraciətin ətraflı
araşdırılması və lazımi tədbirlərin
görülməsidir. 2011-ci ilin birinci yarım ilində rayon
icra hakimiyyəti başçısının aparatına vətəndaşlardan
1846 müraciət daxil olmuşdur. 2010-cu ilin müvafiq
dövründə müraciətlərin sayı 1281
olmuşdur.
Hesabat
dövründə vətəndaşlardan daxil olmuş 1846
müraciətdən 1760-na baxılmış, 86-nın isə
baxılma müddəti vardır. Müraciətlər əsasən
mənzil, fərdi ev tikintisi üçün, torpaq sahəsinin
ayrılması, qəyyumluq və himayədarlıq məsələləri,
maddi yardım edilməsi, tikinti məsələləri və
sair ilə bağlıdır.
Ötən
illərdə olduğu kimi, icra hakimiyyəti
başçısı aparatında vətəndaşların
fərdi qəbulu təsdiq edilmiş cədvələ
müvafiq qaydada aparılmışdır. 2011-ci ilin birinci
yarısında icra hakimiyyəti başçısının
qəbulunda 257 nəfər iştirak etmişdir. (2010-cu ildə
bu rəqəm 160 nəfər) 81 nəfərə qəbulda
izahat verilmiş, 162 nəfərin müraciətinə
baxılmış, 14 müraciətin isə baxılma
müddəti vardır.
Cari ilin
birinci yarımilliyində rayon icra hakimiyyəti
başçısının sakinlərlə 8 səyyar
görüş-qəbulu keçirilmişdir ki, onlarda 1200 nəfərdən
çox rayon sakini iştirak etmişdir. Bu görüş-qəbullarda
84 nəfər rayon sakini onları narahat edən 94 məsələ
ilə əlaqədar icra hakimiyyəti
başçısına müraciət etmişdir. Sakinlər
tərəfindən qaldırılmış 84 məsələ
öz müsbət həllini tapmışdır. Sonuncu qəbulda
qaldırılmış 10 məsələnin isə icra
müddəti daha yaxşı səmərə verdiyindən gələcəkdə
də davam etdiriləcəkdir. Dövlət qulluğunda
çalışan hər bir məmur vətəndaşların
müraciətlərinə diqqətlə yanaşmalı və
onları operativ qaydada həll etməyə
çalışmalıdır.
Məruzə
ətrafında çıxış edənlər Yasamal
rayonunda birinci yarımilliyin sosial-iqtisadi inkişafının
yekunlarını müsbət dəyərləndirdilər.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 4.