Ağsu: həyatın bütün sahələri sürətlə yeniləşir

 

Ölkənin hər yerində olduğu kimi Ağsu rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ilk iki ili uğurlu nəticələrlə başa vurulmuş, sosial infrastrukturun, əhalinin həyat şəraitinin və sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, sahibkarlığın inkişaf etdirilməsi, abadlıq-quruculuq, tikinti-bərpa işlərinin aparılması, yeni iş yerlərinin açılması və nəticədə əhalinin rifah halının yüksəldilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar Ağsu rayonunda keçirilmiş yığıncaqda ətraflı söhbət açılmışdır. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirmişdir ki, bu möhtəşəm nailiyyətlərin davamı olaraq 2011-ci ilin birinci yarısında da "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər müvəffəqiyyətlə icra olunmuşdur.

Kənd təsərrüfatı məhsullarının istehsalının və emalının inkişafı təmin edilmişdir. 2011-ci ilin məhsulu üçün 30799 hektar sahədə taxıl əkilmişdir. Əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi sahəsində işlər davam etdirilmiş, Aqrolizinq yolu ilə sahələrə 128 ton azot, 3 ton fosfor gübrəsi verilmişdir. Taxıl biçini başlanmış, bu ayın əvvəlinə 23790 hektar sahənin taxılı biçilmişdir. İlkin məhsuldarlıq göstəricisi pis deyil. Hektardan 21 sentner olmaqla 49,9 min ton taxıl əldə edilmişdir.

Mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artmışdır. Cari ilin altı ayı ərzində iribuynuzlu mal - qaranın baş sayı 40194, qoyun-keçilərin isə baş sayı 153349 olmuşdur. Bu da nəticə etibarı ilə heyvandarlıq məhsullarının artımına müsbət təsir göstərmiş, 2237 ton ət, 12628 ton süd, 12628 min ədəd yumurta, 285 ton yun istehsal edilmişdir.

Konserv və şirə emalı zavodları xammal tədarükü, emal və satışla məşğul olmuşlar. "Şaban-Quşçuluq" MMC-də sənaye üsulu ilə 11 min baş quş yetişdirilmiş və satılmışdır.

Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə" çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması üçün layihə-smeta sənədləri hazırlanmış və onun icrasına başlanılacaqdır. Ağsu şəhərinə 25 kilometr məsafədən bulaq sularının gətirilməsi ilə bağlı tikinti işləri başa çatdırılmışdır. Sevindirici haldır ki, şəhərdə və Qaraqaşlı kəndində mövcud abonentlər, həmçinin Pirhəsənli kəndinin əhalisi artıq içməli su kimi bulaq suyundan istifadə edir. Hesabat dövründə su-kanal idarəsi tərəfindən şəhərdə mövcud istehlakçıların içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə səhərin su təchizatı sistemində bir sıra işlər görülmüşdür.

Şəhərin 3-cü məhəlləsində, Vidadi, H.Aslanov, N.Tağızadə küçələrində və mərkəzi su anbarında olan su xətlərində 9,6 min manatlıq təmir işləri aparılmış, 168 paqonometr yeraltı su xətləri yenisi ilə əvəz edilmiş, 1000 ədəd yeni su sayğacı alınmış və ondan 740 ədədi quraşdırılmışdır.

Ağsu şəhərində idman-sağlamlıq və mədəniyyət obyektlərinin tikintisinə başlanılmışdır. Təməli ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən qoyulmuş 3 min yerlik müasir tipli stadionun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi davam etdirilir. Rayonun kənd yaşayış məntəqələrində də abadlıq-quruculuq, tikinti-bərpa işləri davam etdirilir. Çiyni kəndində kənd stadionu və 100 yerlik Mədəniyyət evi inşa olunub.

Heydər Əliyev Fondunun vəsaiti hesabına 2010-cu ildə tikinti işləri başa çatmış Qaraqoyunlu kəndində 220 şagird yerlik orta məktəb binasının su, istilik və enerji təminatı, həmçinin inventar və avadanlıqlarla təchizatı ilə bağlı tədbirlər həyata keçirilir.

Məruzəçi daha sonra bildirdi ki, cari ilin 6 ayında rayonda fəaliyyət göstərən emal sənayesi müəssisələri xammal tədarükü, emal və satışla məşğul olmuş, istehsalı, eləcə də istehsal olunan məhsulların çeşidini artırmaq, daxili və xarici bazarlara keyfiyyətli məhsul çıxarmaq üçün emal xətlərinin quraşdırılması, yeni sexlərin tikintisi və müasir texnologiyanın tətbiqi istiqamətində fəaliyyətini davam etdirmişlər.

Bu gün rayonda sahibkarlığın inkişafı geniş vüsət alıb - desək, yanılmarıq. Ağsu-Kürdəmir magistral yolu ilə Bakı-Yevlax magistral yolunu əlaqələndirən dairəvi avtomobil yolu, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilmişdir. Azərbaycan-Almaniya birgə müəssisəsinin şirə və şərab emalı zavodunun tikintisi başa çatdırılmış, şəhərdə sutkalıq istehsal gücü 5 ton olan çörək zavodunun, rayonun Padar kəndində saatlıq istehsal gücü 30 kubmetr olan qum-çınqıl karxanasının, Qaz İstismar Sahəsi üçün inzibati binanın, Ağsu şəhərində mədəniyyət və istirahət parkının, rayon mərkəzində və kəndlərdə onlarca yeni obyektin tikintisi, şəhərin M.Ə.Rəsulzadə, Nizami küçələrinin, həmçinin Ağsu- Kürdəmir avtomobil yolunun Qaraqaşlı kənd yaşayış məntəqəsinin ərazisindən keçən hissəsinin müasir üslubda, tamamilə yenidən qurulması istiqamətində və abadlıq-quruculuq, infrastrukturun yeniləşdirilməsi sahəsində işlər davam etdirilmişdir.

Ümumiyyətlə, 2011-ci ilin birinci yarısında fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 378 nəfər işlə təmin olunmuşdur ki, onlardan 118 nəfəri daimi iş yeri əldə etmişdir.

2011-ci ilin I yarısında rayon üzrə umumi məhsul buraxılışının həcmi 57691,9 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,2 faiz çoxdur. Ümumi məhsul buraxılışının 82,7 faizi kənd təsərrüfatında, 25,8 faizi ticarətdə, 16,1 faizi tikintidə yaranmışdır.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 43927 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2010-cu ilin müvafiq dövrünün səviyyəsini 143,5 min manat ötərək 6090 min manat olmuşdur. 2011-ci ilin I yarısında tikinti-quraşdırma işlərinin həcmi 9293,1 min manat, əsas kapitala yönəldilən investisiyalar 9454,2 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi 37,3 faiz, əsas kapitala yönəldilən investisiyaların məbləği 36,3 faiz artmışdır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 594 ailə müraciət etmiş, onlardan 524 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir ki, bu da 2573 nəfər ailə üzvünü əhatə edir. Hesabat dövründə ünvanlı sosial yardımın orta aylıq məbləği 52 min manat olmuşdur.

İşsizlik probleminin həllinə kömək göstərilməsi istiqamətində Ağsu Rayon Məşğulluq Mərkəzi tərəfindən müəyyən işlər görülmüşdür. Hesabat dövründə mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 1062 nəfərdən 77 nəfəri mərkəzin göndərişi ilə işlə təmin olunmuşdur.

2011-ci ilin əvvəlindən Ağsu şəhərinin yaşayış massivlərinin qaz təchizatının yaxşılaşdırılması və rayonun kənd yaşayış məntəqələrinin qaz təminatının bərpası və yenidən qurulması istiqamətində işlərə start verilmişdir. Cari ilin ilk 6 ayında rayonun qaz təsərrüfatının tamamilə yenidən qurulması üçün təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Ağsu şəhəri üzrə bütün istiqamətlərdə xətlərin tikintisi başlanmış və 5000 paqonometr yeraltı polietilen və 50000 paqonometr yerüstü metal boru çəkilmişdir.Yeni xətlər şəhərin Melioratorlar qəsəbəsi, Nizami, Vidadi, S.Rzayev, T.Əliyarbəyov, Azərbaycan, M.Ə. Rəsulzadə küçələri və Qaraqaşlı kəndinin sakinlərinin qaz təminatının yaxşılaşdırılmasına xidmət edir.

Rayonun ümumilikdə 480 abonentini əhatə edən Çiyni, Növcü, Məlikçobanlı və Axundlu kəndlərində təbii qaz təsərrüfatının yenidən qurulması işləri başa çatdırılmış və təbii qaz təchizatı təmin olunmuşdur.

Hacıqədirli və Ərəbsarvan kəndlərinə yaxın vaxtlarda qaz verilməsi üçün həmin kəndlərin təbii qaz təsərrüfatında son tamamlama işləri davam etdirilir. İlin sonuna qədər Bəyimli və Qaravəlli kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu ilin 6 ayı ərzində rayonda xeyli iş görülüb. Bu gün Ağsuda hara getsən bir yeniliyin şahidi olarsan. Məruzə ətrafında çıxış edənlər bu barədə çox danışdılar, uğurları sadaladılar. Bildirdilər ki, ağsulular daha böyük uğurlara imza atacaqlar.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 4.