Zəngilan rayonunda yarım ilin
yekunları təhlil olunmuşdur
Son illər
respublikamızın sosial-iqtisadi inkişaf sahəsində
mühüm uğurlar əldə edilmişdir. Ölkə
iqtisadiyyatının sürətlə inkişafı ilə
yanaşı, əhalinin rifah halı daha da
yaxşılaşmış, dövlət tərəfindən
sosial öhdəliklərin tam yerinə yetirilməsi,
sahibkarlıq subyektlərinin sayının artması,
infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin
yaradılması sayəsində işsizlik minimuma
endirilmişdir. Bütün bunlar barədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin cari ilin altı ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında ətraflı danışılmış,
qazanılmış uğurlar yüksək qiymətləndirilmişdir.
Həmin iclasda qarşıda duran vəzifələrə də
toxunulmuş, onların həlli yolları müəyyənləşdirilmişdir.
Zəngilan
rayonunda da Nazirlər Kabinetinin məlum iclasında irəli
sürülmüş vəzifələrlə bağlı
rayonun sosial-iqtisadi inkişafının cari ilin ilk
yarısının yekunlarına həsr edilmiş
yığıncaq keçirilmişdir. Rayonun idarə, müəssisə
və təşkilatlarının, hüquq-mühafizə
orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən yığıncaqda
hesabat məruzəsi ilə çıxış edən Zəngilan
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov
əvvəlcə bu ilin altı ayında ölkəmizin
sosial-iqtisadi inkişafı sahəsində əldə
olunmuş uğurlardan bəhs etmişdir. Natiq iyul
ayının 12-də Nazirlər Kabinetinin cari ilin ilk
yarımilliyinin sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında dövlət
başçısı İlham Əliyevin proqram xarakterli
nitqinin bəzi məqamlarına toxunmuşdur.
Başçı həmçinin göstərmişdir ki,
sözügedən dövrdə ölkə üzrə
yüksək nailiyyətlərin əldə olunmasında Zəngilan
rayonu da yaxından iştirak etmişdir.
R.Həsənov
bildirmişdir ki, 2011-ci ilin birinci yarımilində ümumi məhsul
buraxılışının həcmi ötən ilin eyni
dövrü ilə müqayisədə 1,7 faiz artaraq 224 min
manat təşkil etmiş, o cümlədən sənayedə
7,3 faiz, kənd təsərrüfatında 25,2 faiz artım
olmuşdur. Mal-qaranın və qoyun-keçinin baş
sayında müvafiq olaraq 3,5 faiz və 3,3 faiz ,ev
quşlarının baş sayında 1,8 faiz, ət
istehsalında 9,4 faiz, süd istehsalında 7,1 faiz, yumurta
istehsalında 7,3 faiz, yun istehsalında 6,4 faiz artım qeydə
alınmışdır.
Rayonun
"Oxçuçay" kənd təsərrüfatı
müəssisəsi, Abşeron rayonu ərazisində fəaliyyət
göstərən fermer təsərrüfatı və yeni qəsəbədə
məskunlaşan məcburi köçkünlər tərəfindən
əkin aparılmış 227 hektar sahədən 482 ton,
başqa sözlə, ötən ilin eyni dövrü ilə
müqayisədə 210,2 ton artıq taxıl istehsal
edilmişdir.
Rayon
büdcəsinin yerli gəlirləri 386,8 min manata qarşı
466,2 min manat və ya 120,5 faiz, büdcənin xərc hissəsi
90,2 faiz icra edilmiş, təhsil xərclərinin icrası 93,8
faiz, səhiyyə xərclərinin icrası 71 faiz, sosial-təminat
xərclərinin icrası 90,2 faiz, mədəniyyət xərclərinin
icrası 67,3 faiz, kommunal təsərrüfat xərclərinin
icrası 88,2 faiz təşkil etmişdir.
"Regionların
sosial-iqtisadi inkişafı (2009-2013-cü illər) Dövlət
Proqramı"nın icrası istiqamətində də müəyyən
işlər aparılmış, sahibkarlığın dəstəklənməsi
ilə bağlı cari ilin 6 ayında ötən ilin eyni
dövrü ilə müqayisədə 14 iş yeri artıq
olmaqla 49 daimi iş yeri açılmışdır. Vəziyyətin
təhlili göstərir ki, əhalinin məşğulluğunun
artırılması ilə əlaqədar rayonda
sahibkarlığın inkişafına ciddi diqqət yetirilməlidir.
Natiq
göstərmişdir ki, rayonda təhsil müəssisələrinin
yeni dərs ilinə hazırlanması da diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, ayrılmış
büdcə vəsaiti hesabına 18 nömrəli tam orta məktəbdə
təmir işləri aparılmış, 7 nömrəli tam
orta məktəbin dam örtüyü dəyişdirilmiş
və müəllimlər otağı təmir olunmuşdur.
29 və 33 nömrəli tam orta məktəblər pedaqoji
kollektivlərin daxili imkanları hesabına təmir
edilmişdir. Hazırda isə 23 nömrəli tam orta məktəbdə
Məcburi Köçkünlərin Sosial İnkişafı
Fondunun xətti ilə aparılan təmir işləri
artıq başa çatmaq üzrədir.
Başçı
rayonda yerli və yuxarı orqanlara müraciətlərin
artmasına şərait yaradan amillərdən də
danışmışdır. Vurğulamışdır ki, həmin
səbəblərdən biri də xidmət sahələrində
aparılan işin vəziyyətindən asılıdır. Vətəndaşların
ən çox müraciət etdiyi Əhalinin Sosial Müdafiəsi
Mərkəzində, DSMF rayon şöbəsində, rayon
qeydiyyat şöbəsində və digər xidmət sahələrində
yarım il ərzində bəzi işlər
görülmüş, qanuni tələblərin ödənilməsinə
diqqət yetirilmişdir. Lakin bütün bunlarla
yanaşı, bu gün rayon icra hakimiyyətinə əhalinin
çoxsaylı müraciətlərindən aydın olur ki,
xidmət sahələrinin səlahiyyətlərinə aid həlli
mümkün bəzi məsələlər həmin sahələrə
rəhbərlik edən şəxslər tərəfindən
vaxtında həll edilmir. Bu da əsassız müraciətlərin
və neqativ məsələlərin çoxalmasına şərait
yaradır. Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə tədbirlərinin qətiyyətlə
aparıldığı rayonda belə nöqsanlar yolverilməzdir
və bu nöqsanların aradan qaldırılması, xidmət
sahələrinin işinin
yaxşılaşdırılması üçün tədbirlər
görülməlidir.
İclasda
bildirilmişdir ki, cari ilin 6 ayı ərzində rayon icra
hakimiyyətinə vətəndaşlardan 390 ərizə daxil
olmuşdur. Onların müraciətlərinə həssaslıqla
yanaşılmış, torpaq və mənzil məsələləri
istisna olmaqla, digər müraciətlərin 80 faizi müsbət
həll edilmişdir. Göstərilmişdir ki, işin yenidən
qurulması sayəsində əvvəlki dövrdən fərqli
olaraq son aylar daxil olan müraciət və ərizələr
diqqətlə araşdırılır, onları doğuran səbəblər
təhlil edilir. Əhalinin həssas təbəqəsi olan
şəhid ailələrinin, Qarabağ əlillərinin, tənhaların,
təqaüdçülərin müraciətlərinə
xüsusilə diqqətlə yanaşılır, onların
qaldırdıqları hər hansı bir məsələnin həlli
üçün lazımi tədbirlər görülür.
Bu məsələlərin aktuallığını
artırmaq üçün cari ilin 6 ayında rayon icra hakimiyyəti
başçısı yanında şurada müraciətlərə
baxılması vəziyyəti müzakirə edilmişdir.
Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması məsələlərini tənzimləyən
müvafiq Dövlət Proqramında və həmin Proqrama əlavələrdə
nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində aparılan işlərin
nəticəsi olaraq Sabirabad rayonu ərazisindəki yeni qəsəbədə
məskunlaşan 150 ailəyə verilmiş 112 hektar əkin
sahəsindən 96,5 ton buğda, 51 ton arpa istehsal edilmiş,
250 ton yonca biçilmişdir ki, bu da məşğulluğun
artırılması və yoxsulluğun azaldılması
istiqamətində aparılan işin məntiqi nəticəsidir.
Cari ilin
birinci yarımilində səyyar görüş-qəbulların
keçirilməsinə diqqət artırılmış,
müxtəlif kütləvi məskunlaşma yerlərində
23 səyyar görüş təşkil edilmişdir. Səyyar
qəbullarda 1280 nəfər məcburi köçkün
iştirak etmişdir. Ötən ilin müvafiq dövründən
fərqli olaraq, 2011-ci ilin 6 ayında səyyar
görüşlərdə iştirak edənlərin sayı
340 nəfər artmışdır. Məcburi
köçkünlər tərəfindən qaldırılan
məsələlərdən 13-ü mərkəzi, 12-si yerli
icra orqanlarına aid olmuş, 10-u haqqında rayon təşkilatlarına
tapşırıqlar verilmiş, 39 məsələyə
yerində aydınlıq gətirilmişdir. Aidiyyatı
üzrə qaldırılmış məsələlərdən
4-ü mərkəzi icra orqanları, 9-u icra orqanları, 8-i
rayon təşkilatları tərəfindən icra
edilmişdir.
Məruzəçi
xatırlatmışdır ki, son aylarda keçirilən səyyar
qəbulun coğrafiyası genişlənmişdir.
Görüşlərdə məcburi köçkünlərin
fəallığı şübhəsiz ki, onların
müraciətlərinə həssaslıqla yanaşılması,
qaldırılan məsələlərin əsasən müsbət
həll edilməsi və rayonda yaranan sağlam mühitlə əlaqədardır.
Səyyar
qəbullarda səslənən təkliflər əsasında
yaşayış məntəqələri üzrə 6
aylıq və 1 illik tədbirlər planı işlənib
hazırlanmışdır. Həmin plana əsasən Dövlət
Neft Akademiyasının tələbə şəhərciyində
yas mərasimlərinin keçirildiyi yerin dam örtüyü
və daxili cari təmir edilmiş, Binəqədi rayonu,
Azadlıq prospekti 161 ünvanında məskunlaşan məcburi
köçkünlərin xahişi ilə onların yas mərasimlərinin
keçirildiyi yerə kondisioner qoyulmuş, həmin əraziyə
ikinci su xətti çəkilmiş, Sabunçu rayonu
Bakıxanov qəsəbəsində 110 ailənin məskunlaşdığı
yataqxanaya xeyir-şərdə istifadə üçün
çadır dəsti verilmiş, maşınqayırma
zavodunun yataqxanasında məskunlaşmış
köçkünlər üçün su nasosu
quraşdırılmış, Sumqayıt şəhərində
köçkün ailələrin məskunlaşdıqları
2 evin dam örtüyü təmir edilmişdir. Sabunçu
rayonu Zabrat I qəsəbəsində 39 nömrəli
MİS-in 2 nömrəli yataqxanasında, Bakı
maşınqayırma zavodunun 2 saylı yataqxanasında məcburi
köçkünlər üçün xeyir-şər
yerinin təmiri və beş yerlik təndirin tikintisi, habelə
Pirşağı qəsəbəsində fəaliyyət
göstərən rayonun 32 saylı tam orta məktəbinin,
Tibb Universitetinin 4 saylı yataqxanasının təmir
olunması üçün müvafiq tədbirlər
görülür.
Uzun illər
Biləcəri qəsəbəsindəki xəstəxananın
zirzəmisində ağır şəraitdə yaşayan məcburi
köçkün ailələri münasib şərait olan
"Xəzri" mehmanxanasına
köçürülmüş, I qrup əlil İslam Əsədova
əlil arabasının verilməsi təmin edilmiş, 218
şəhid ailəsinə, 142 qarabağ əlilinə, 81 tənha
və kimsəsiz sakinə, ümumilikdə 692 məcburi
köçkün ailəsinə son 2 ayda ərzaq və
müxtəlif adda humanitar yardım göstərilmişdir.
Göründüyü
kimi, son aylar keçirilən səyyar qəbullar mütəşəkkilliyi
və icra intizami ilə diqqəti cəlb etmiş, insan amili, əhalini
düşündürən və narahat edən məsələlərin
həlli, verilən vədin əməli işə söykənməsi
dövrü kimi yadda qalmışdır.
Məruzə
ətrafında müzakirələrdə
çıxış edənlər ilin birinci yarısında
rayonun sosial-iqtisadi sahələrində əldə olunmuş
nailiyyətlərdən söz açdılar, rəhbərlik
etdikləri təşkilatlar üzrə
görülmüş işlərdən danışdılar.
Sonda iclas
iştirakçıları adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul edilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 6.