Masallıda sosial-iqtisadi inkişaf sürətlənir

 

Ölkəmizin abad və gözəl guşələrindən biri də Masallıdır. Son illərdə dövlətin qayğısı ilə bu rayonda geniş quruculuq işləri həyata keçirilmiş, əhalinin sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşmışdır. Masallının inkişafı dinamik xarakter daşıması ilə seçilir. 2011-ci ilin ilk yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş rayon müşavirəsində bu barədə əraflı danışılmış, tərəqqi yürüşünün eyni vüsətlə davam etdirilməsi əzmi ifadə olunmuşdur.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yarımillik hesabat məruzəsi ilə çıxış etdi. Dünənin fərəhli nəticələri, bugünün real mənzərəsi və sabahın uğurlu perspektivlərini əhatə edən məruzə iştirakçılarda böyük maraq doğurdu.

Məruzəçi bildirdi ki, bütün ölkədə olduğu kimi, Masallıda da ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olmuş və yeni iş yerləri yaradılmış, tikinti-quruculuq, abadlıq işləri sürətlə davam etdirilmişdir.

Rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 152,4 milyon manat olmuşdur. Ümumi məhsulun tərkibində sənaye məhsulunun həcmi 9,8 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 28,5 faiz, ticarət dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin həcmi 56,4 faiz, nəqliyyat, rabitə və digər xidmət sahələri 5,2 faiz xüsusi çəkiyə malikdir. Altı ayda sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,9 faiz artaraq 14,9 milyon manat, bütün maliyyə mənbələrindən tikintiyə qoyulan investisiyanın həcmi isə 3,3 milyon olmuşdur. Kənd təsərrüfatı məhsullarının həcmi müvafiq dövrlə müqayisədə 8,8 faiz, nəqliyyat və rabitə sektorunda göstərilən xidmətlərin səviyyəsi isə 2,7 faiz artmışdır.

Masallıda aqrar sektora göstərilən diqqətin nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının əkin sahələri xeyli genişləndirilmişdir. Bu ilin əkini üçün 16 min 596 hektar şum vurulmuş, 10 min 945 hektar sahədən 31 min 326 ton taxıl toplanmışdır ki, bu da Masallı rayonu tarixində ən yüksək göstəricidir. Bu il taxil sahələrində orta məhsuldarlıq 28,6 sentiner olmuşdur ki, bu da respublika səviyyəsindən 4,6 sentiner çoxdur. Taxılçılığın inkişafı maldarlığın da inkişafına təkan vermişdir. İribuynuzlu mal-qara çoxalaraq 69 min 376 başa, xırda buynuzlu mal-qara isə 74 min 763 başa çatmışdır. İyulun əvvəlinə 33 min ton tərəvəz, 27 min ton kartof, 4 min tonadak bostan məhsulları istehsal olunmuşdur.

Sosial-iqtisadi sahənin nailiyyətləri ilə yanaşı, rayonun inkişaf proqramında nəzərdə tutulmuş sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Dövlət Proqramı əsasında Təhsil Nazirliyi tərəfindən rayonun Yolağac və Hüseynhacılı kəndlərində 180 şagird yerlik əsas məktəb binalarının tikintisi tamamlanmaq üzrədir. Habelə 120 şagird yerlik Kubin kənd ümumi orta məktəbinin tikintisi və Şahmat məktəbinin əsaslı təmir işləri davam etdirilir.

Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən proqnoz tapşırıqları əsasən yerinə yetirilmişdir. "Əmək pensiyaları haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 18 mart 2011-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar Masallı rayonunda 25 min 500 nəfər təqaüdçünün pensiyaları artırılacaq.

Rayon ərazisindən keçən ölkə və yerli əhəmiyyətli avtomobil yollarında cari təmir işləri aparılır. Şəhərdaxili və kəndarası yollara yarım ildə 6,3 kilometr asfalt örtük döşənmişdir. Respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində torpaq yatağı bərkidilir.

Məruzəçi əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması üzrə həyata keçirilən tədbirlərə diqqəti cəlb etdi. Səmidxan ərazisindən başlayaraq şəhər mərkəzində SİP kabelləşmənin həyata keçirilməsi və yeni Smart Kart tipli sayğacların quraşdırılmasına başlanılmışdır. İndiyədək 68,2 kilometr SİP kabeli çəkilmiş, 4217 abonentin mənzilində yeni sayğaclar quraşdırılmışdır. Kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz olunur. Dövr ərzində 28 ədəd zədələnmiş transformator təmir edilərək yerlərində bərpa olunmuş, 10 ədəd azgüclü transformator daha güclüləri ilə əvəz olunmuşdur.

Hazırkı vaxta rayon üzrə ümumi qaz abonentlərinin sayı 17 min 842, quraşdırılmış sayğacların sayı isə 16 min 334-dür. Dövlət Proqramı əsasında rayon mərkəzinin və 26 yaşayış məntəqəsinin bir pilləli sistem üzrə yenidən bərpası nəzərdə tutulmuş və bir sıra evlərə qaz verilişi təmin olunmuşdur. Hazırda şəhərin İsgəndərli yaşayış massivində qaz çəkilişi davam edir. Rayon ərazisində ümumilikdə 5722 metr karroziyaya uğramış qaz xətti yenisi ilə əvəz olunmuşdur. Cari ilin mart ayında Qızılavar, may ayında isə Səmidxan kəndinin birpilləli sistemlə qaz təchizatı yenidən bərpa edilmişdir. Əvvəllər qazla təmin olunmayan Allahyarlı kəndində müəyyən işlər görülmüşdür. Masallı-Musaküçə-Gəyəçöl, Musaküçə-Lürən-Qızılavar istiqamətində, Təzə Alvadı QPS-nin 2-ci çıxışından Qızılağac kəndi istiqamətində rayonun 22 yaşayış məntəqəsinin qazlaşdırılmasından ötrü daşıyıcı kəmər çəkilmişdir. Bala Kolatan və Böyük Kolatan kəndlərinə polietilen daşıyıcı xəttin çəkilişi davam etdirilir.

Hesabat dövründə Masallı rayonunda ATS şəbəkələrinin elektronlaşdırılması tam başa çatdırılmışdır. Artıq rayonda 24 min 232 abonentin hamısı bu yüksək xidmətdən istifadə edir. Cari ilin fevral ayında Rayon Telekommunikasiya Qovşağının binasında baş vermiş qəzadan sonra qovşağın binası sökülərək onun yerində az müddətdə yeni ikimərtəbəli binanın tikintisinə başlanmışdır. Şəhər mərkəzindəki binaların kanalizasiya xətləri təmir edilmiş, anbarın ətrafı təmizlənərək üstü beton plitələrlə örtülmüşdür.

Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üçün sənədləşmə işlərinə başlanılmış, tender vasitəsi ilə qalib şirkət təyin edildikdən sonra yaxın vaxtlarda işlərin icrasına başlanılacaq.

Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən 15 hidrotexniki qurğu cari təmir edilmiş, 162 min kubmetr suvarma kanalı lildən təmizlənmiş, çay məcralarında təmizləmə işləri aparılmışdır. Bundan əlavə, kəndlərin qapalı su şəbəkələri təmir olunaraq suvarma mövsümünə hazırlanmışdır. Viləşin deltasının təmizlənməsi üçün Qızılağac kəndi ərazisində müvafiq texnika vasitəsilə qazma işləri davam etdirilir. İsgəndərli yaşayış massivində və Şərəfə kəndində artezian quyuları qazılmışdır.

Təhsil sahəsində islahatlar davam etdirilmiş və ümumtəhsil məktəblərində davamiyyətin və nizam-intizamın pozulmaması ücün lazımi tədbirlər həyata keçirilmişdir.

Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür. Kubin kəndində tibb məntəqəsi üçün yeni bina tikilərək bütün avadanlıqlarla təmin edilmiş və istifadəyə verilmiş, Şıxlar kəndində tibb məntəqəsinin tikintisi başa çatdırılmışdır. Hazırda mərkəzi xəstəxananın cərrahiyyə şöbəsinin bir blokunda əsaslı təmir aparılır. Vərəm dispanserinin ərazisində olan köhnə bina əsaslı təmir edilmiş, orada xəstəliyin rezisten formalarının müayinəsi üçün regional bakterioloji laboratoriya istifadəyə verilmişdir. Bu ilin "Turizim ili" elan edilməsi ilə əlaqədar rayonda xeyli iş görülmüşdür. Aprel ayında Bakıda keçirilən 10-cu turizm sərgisində rayonu 5 turist obyekti təmsil etmişdir.

Cari ilin 6 ayı ərzində turist obyektləri 7945 turist qəbul etmişdir ki, onlardan 116 nəfəri xarici vətəndaşlar olmuşdur. Hazırda fəaliyyət göstərən 26 turist obyektindən 24-nün lisenziyası var, 5 turist obyekti isə yeni tikilir.

Hesabat dövründə rayon icra hakimiyyətinə 819 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 210-u vətəndaşların, 609 ərizə isə yuxarı təşkilatların payına düşür. İcra hakimiyyətində keçirilən qəbullar zamanı 450 nəfər qəbul edilmiş, həmçinin səyyar qəbullar zamanı 71 nəfər ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə təkliflər vermişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin artmasının əsas səbəbi ötən dövrlərdə baş vermiş təbii fəlakətlər (subasma və güclü küləklər) zamanı vətəndaşların fərdi təsərrüfatlarının ziyan çəkməsidir. Bu istiqamətdə də müvafiq işlər görülmüşdur.

Daha sonra Qəzənfər Ağayev dedi ki, aprelin 14-də Prezident İlham Əliyev rayona səfəri zamanı abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş, bundan bir neçə gün sonra isə Masallıda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə RİH-ə 2 milyon manat vəsait ayrılması haqqında sərəncam imzalamışdır.

Məruzəçi qeyd etdi ki, uğurlarla bərabər, görüləsi işlər də çoxdur. Rayon ərazisində qazlaşdırılmanın və elektrik təsərrüfatının yenilənməsinin başa çatdırılması, kəndlərə içməli su xəttinin çəkilməsi, yeni yolların, səkilərin qurulması, habelə təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox quruculuq işlərinin həyata keçirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Müşavirədə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Seymur Nuriyev, təhsil şöbəsinin müdiri Astan İbişov və başqaları çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Belə bir qətiyyət ifadə olundu ki, Masallı rayon rəhbərliyi, idarə və təşkilatların kollektivləri, hər zaman olduğu kimi, bundan sonra da qarşıya qoyulan vəzifələrin səylə yerinə yetirilməsindən ötrü bütün qüvvələri səfərbər edəcəklər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 7.