Beynəlxalq Mətbuat
Mərkəzində dəyirmi masa
Dünən
Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sosial
Rifah Partiyasının (ASRP) təşəbbüsü və
təşkilatçılığı ilə "Azərbaycan
mətbuatının 136-cı ildönümünə həsr
olunmuş "Erməni təcavüzü və
insanlığın sosial-iqtisadi fəlakətləri"
mövzusunda dəyirmi masa keçirildi.
Tədbiri
giriş sözü ilə açan ASRP sədri, millət vəkili,
Xanhüseyn Kazımlı ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi böyük siyasətin
uğurla davam etdirilməsi yönümündəki proqram fəaliyyətin,
dünya ölkələrinin ən mütərəqqi
adamlarının diqqətinə çatdırılması
istiqamətində silsilə tədbirlərin Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
ardıcıl olaraq həyata keçirildiyini bildirdi. Daha sonra
o qeyd etdi ki, azərbaycanlılara qarşı riyakarlıq, hər
zaman olduğu kimi, bu gün də davam etdirilir.
X.Kazımlı dedi ki, ASRP-nin təşkilatçılığı ilə 2008-ci il mart ayının 5-də "Qadınlar və dövlət quruculuğu", 2009-cu il fevral ayında "Beynəlxalq miqyaslı informasiya doğruluğunun təmin edilməsi barədə", bu il 7 aprel və 21-22 may tarixlərində milli mətbuatımızın 135 illiyinə həsr olunmuş "Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində" mövzusunda keçirilən konfranslarda erməni işğalı, onların regiondakı daimi təcavüzü, xain qonşularımızın havadarlarının apardığı təxribat xarakterli informasiyalara qarşı mübarizədə mətbuatın rolu vurğulanmışdır.
Tədbir zamanı çıxış edən natiqlər bildirmişlər ki, azərbaycanlılara qarşı Xocalı, Ağdam, Cəmilli, Malıbəyli, Qaradağlı başqa yerlərdə vəhşiliklər, qətliamlar törədən ermənilər və onların havadarları bütün beynəlxalq hüquq normalarına, ən əsası, insanlığa zidd olaraq qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı hiyləgərliklə Ermənistana birləşdirmək niyyətindən əl çəkmək istəmir, bu yolda bütün cinayət və vəhşiliklərə hazır olduqlarını nümayiş etdirirlər.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bir il bundan öncə ASRP-nin təşkilatçılığı ilə yaradılan "Avrasiya ölkələri üzrə beynəlxalq mətbuat və informasiya həmrəyliyi mərkəzi"nin Avropanın və Asiyanın bir çox ölkələrində qazandığı nailiyyətləri yüksək qiymətləndirdi.
Konfransın sonunda Azərbaycanın İrəvan xanlığı, Zəngəzur mahalına məxsus olan tarixi torpaqları hesabına qurulmuş erməni dövlətinin işğalçılıq siyasəti, digər Azərbaycan ərazilərinin işğalı, BMT-nin bu istiqamətdəki məlum 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməməsi barədə səlahiyyətli beynəlxalq təşkilatlara bəyanat ünvanlandı.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 7.