Ömrün son səhifəsi -
"Qətl günü"
Hamlet Xanızadə - 70
İsi
Məlikzadənin əsəri əsasında çəkilən
"Qatarda" televiziya filminə baxandan sonra aktyor Hamlet
Xanızadənin "KamAZ" sürücüsü Qasım
roluna məftun oldum. Necə təmkinli, necə səbirli bir
insandır Qasım. Bəlkə də deyərsiniz onun teatrda Əmir
Teymuru var, kinoda Giziri var, İmaşı var, Sədi Əfəndisi
var, xəlifə Mütəsimi var. Bunlar hamısı gözəldir
və Hamlet Xanızadə yaradıcılığının
çox əlamətdar səhifələrini təşkil
edir. Amma İsi müəllim Hamletlə görüşlərində
deyirdi ki, sən Qasımı mən fikirləşəndən
də yüksək səviyyədə yaratdın. Bəli,
Hamlet Xanızadə Qasıma özgə bir həyat bəxş
etmişdi və Dadaşov kimi fırıldaqçının
iç üzünü aça bilmişdi.
Hamlet
Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində
dünyaya göz açmışdı. Burada orta təhsil
almışdı. Atası Bəbir kişi onu aktyor görmək
istəmirdi. Amma balaca Hamletin qəlbində baş qaldıran
aktyorluq həvəsi hər şeyə qalib gəldi.
Müharibənin dəhşətli ağrılarını hələ
körpəliyində çəkən bu uşağın
taleyində çox şeylər ağrılı olmuşdu.
Hamlet uşaqlıqdan teatra, kinoya meyilli idi. İncəsənət
İnstitutuna 50-ci illərin sonlarında daxil olmuşdu, 1961-ci
ildə isə artıq aktyor kimi Akademik Dram Teatrına işə
gəlmişdi.
Elə
institut illərindən özünü istedadlı aktyor kimi təqdim
etmişdi. Tədris teatrında yaratdığı rollar
müəllimlərin də, uşaqların da qəlbində
özünə yer almışdı. Bilmirəm ilk dəfə
hansı rolu oynayıb, kimlərlə tərəf-müqabil
olub. Bircə onu deyə bilərəm ki, bu sənəti sidq
ürəkdən sevirdi və ilk rolu da, heç şübhəsiz,
bu sevgi ruhunda yaradılmışdı.
Çox tamaşalarda oynayıb. Onların adlarını sadalamaqla qurtaran deyil. Tərəf-müqabilləri də ki, səhnəmizin "ulduz"ları olmuşdu. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı və onlarca müqtədir sənət korifeyləri ilə birgə işləyib, sənətin sirlərini mənimsəyib. Bu teatr onun üçün həm də məktəb idi. Burada püxtələşdi, tamaşaçıların qəlbinə yol tapdı. Onu sevirdilər, alqışlayırdılar.
Hamlet haqqında düşünəndə ilkin olaraq yadıma Topal Teymur düşür. Hər dəfə bu televiziya tamaşasına baxanda onun yaratdığı Topal Teymurun qəddar görkəmi uzun zaman gözlərim qarşısından çəkilmir. Aktyor bu obrazın ifası üçün elə orijinal üslub seçib ki, istər-istəməz tamaşaçıda şər əməllərə nifrət hissi doğurur.
Bir də
"Nəsimi" filmindəki
Topal Teymuru xatırlayın. Yusif Vəliyevin yaratdığı
həmin obrazla H.Xanızadənin qəhrəmanını
müqayisə edəndə
oxşar əlamətlər
olduğunu necə də aydın hiss etmək olur. Doğrudan da, bizim aktyor
sənətimizdə çox
böyük nəhənglər
yetişib. Yaxşı ki,
kinomuz, televiziyamız
olub və hər iki sahədə
yüzlərlə aktyorumuzun
bizə ərməğan
etdiyi əsərlər
yaşayır və onlar Azərbaycanın çox qiymətli milli-mənəvi sərvətinə
çevrilib.
Teatrşünaslar bu unudulmaz aktyorun
yaradıcılığını hansı baxımdan araşdıraraq dəyərləndirirlər,
- bilmirəm. Hamlet Hüseyn
Cavid dramaturgiyasından
bir neçə qəhrəmanın həyatını
canlandırmışdı. Onları böyük dramaturqun yaratdığı tərzdə
çatdıraraq ən
gözəl, ən kamil ifaçılardan biri kimi seçilirdi.
Bu səbəbdən də tamaşaçılar
tərəfindən ürəkdən
sevilirdi. Hamlet Xanızadənin "Xəyyam",
"İblis" və
"Topal Teymur"da yaratdığı surətlər
necə qüdrətli
və təbii idilər. Bu tamaşalara baxanlar, inanmıram ki, oradakı Hamlet Xanızadənin
sənət yanğısını
unuda bilsinlər.
Təbiətən çox həssas
olan Hamlet Xanızadə
sənətə ehtiramla
yanaşan, teatrın şərəfini uca tutan, kinoya ürəkdən
bağlı qabil və istedadlı aktyor idi. Həmkarları danışırlar ki, oynadığı hər rolun mənəvi əzabını,
kədərini, sevincini,
bəxtəvərliyini, hökmranlığını,
fağırlığını içindən necə keçirə bilirdisə,
səhnədən, çəkilişdən
sonra həyatda bir xeyli bu
ağrılardan əziyyət
çəkirdi.
Onun rollarının
sırasına boylananda
heyrətlənməyə bilmirsən. Son dərəcə
fərqli və ziddiyyətli surətləri
bir aktyor öz ruhundan, varlığından keçirərək
onları necə ustalıqla yarada bilmişdi: Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"),
Doktor ("Şöhrət
və ya unudulan adam"),
Antonino ("Fırtına")
və başqaları.
Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində
özünü bir aktyor kimi taparaq
təsdiq edirdi, onda sənətkarın yaradıcılığı haqqında
müfəssəl düşüncəyə
sahib ola bilərik. Təbii ki, Cavidlə yanaşı,
Hamlet Xanızadənin məftun
olduğu, sevdiyi başqa dramaturqlar vardı: Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə,
Anar, Yusif Səmədoğlu və başqaları.
Unudulmaz aktyorun yaradıcılığında
ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil
edirdi. "Yeddi oğul istərəm",
"Axırıncı aşırım",
"Arxadan vurulan zərbə", "Şəhərin
yay günləri",
"Qızıl uçurum",
"Babək", "Bir
cənub şəhərində",
"İnsan məskən
salır", "İstintaq
davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm
pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr
adası", "Nizami",
"Topal Teymur",
"Yaramaz", "Yol
əhvalatı"... və
nəhayət, "Qətl
günü" filmlərində
yaratdığı müxtəlif
xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus
orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir
ifaçı haqqında
düşünmək belə
ağla gəlmir. "Qətl günü"
filmi ömrünün
son səhifəsi oldu.
Həyat yoldaşı
Nailə xanımın
sözləridir: "Çəkilişlər
zamanı, bəlkə
də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki
dövrlə bağlı
ədəbiyyatı oxuduqca
öz-özünə deyirdi:
"Gör biz necə
böyük bir millətin övladlarıyıq".
Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz
baxdıq". Həyatın bu amansızlığı
imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın
tamaşaçılar tərəfindən
necə maraqla qarşılandığının şahidi olsun.
Dəfələrlə səhnədə
Hamlet Xanızadənin tərəf-müqabili
olmuş xalq artisti Şəfiqə Məmmədovanın bir fikrini xatırlatmaq istərdik: "Biz onu qoruya bilmədik. Elə incə ürəyi dəhşətlər
içində qorumaqmı
olardı?". 20 Yanvar faciəsində
millətimizin ağır
dərdini çəkə
bilmədi Hamlet. Anaların, bacıların
fəryadına, insanların
faciəli ölümünə
dözmədi. Haqsızlıq onu içindən dara çəkdi. Şəhidlər Xiyabanında - müqəddəs
ünvanda ürəyinin
döyüntüsü dayandı.
O da belə şəhid oldu...
Hamlet Xanızadə iddialarla
yaşamayan çox böyük aktyor idi. Beş addımlıq ölüm
yolundakı məsafəyə
sığmayan əsl
sənət fədakarlığı
göstərdi. Adını möhürlədiyi
elə tarixi qəhrəmanlar var ki, xəyalımızda həmişəlik məhz
onun simasında qaldı. Yaşamaq sevincini övladlarından,
sənətindən, ideyalarından
alan Hamlet Xanızadə bütün
varlığı ilə
aktyorluğa bağlı
idi. Dəfələrlə etiraf edərdi
ki, ən böyük xoşbəxtliyi tamaşaçı
sevgisində taparmış.
Onun haqqında bu yaxınlarda bir maraqlı məqalə oxudum. Bu yazını da həmin məqalədən bir parça ilə bitiririk: "21 il ötür ki, Xanızadələr ailəsində Hamlet adlı bir insanın - unudulmaz aktyorun xatirəsi yaşayır. İllər nə qədər quş qanadlı olsa da, rəqəmlər birləşib yuvarlaq bir şəkil alsa da, doğmaları hələ də onun ölümünə inanmaq istəmirlər. Bu yoxluğun ağırlığından səhnəmizdə, ekranlarımızda Hamlet Xanızadənin yeri boş qalıb. İllərdir ki, qohumları, övladları, dostları, pərəstişkarları onunla görüşmək üçün teatrlara, kinostudiyaya, evinə yox, Bakının Şağan kəndindəki köhnə qəbiristanlığa gedirlər. O, bizdən ayrılanda heç 50 yaşını da tamamlamamışdı. İyunun 5-i bu unudulmaz aktyorun doğum günüdür. Yaşasaydı, kim bilir, hansı təntənənin, təltifin sahibi olacaqdı. Yaratdığı obrazların sayı-hesabı bilinməzdi.
Dəyişən və dəyişməyən
məqamlar var. Hamlet
Xanızadə qocalığın yox, bir sənət ucalığının
yaxasında həmişə 49 yaşında cavan
qalacaq. Aktyor var ki, 80-i haqlayıb,
amma yaddaqalan kamil bir rolu
yoxdur. Cəmi 49 il ömür
sürmüş Hamlet Xanızadə
80-ə yaxın filmdə
unudulmayan, bir-birinə
bənzəməyən, maraqlı
obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti
tarixin, özü isə sənətin zirvəsində əbədiləşib".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 21 iyul.- S. 8.