Azərbaycanda söz və mətbuat azadlığı

 

Söz və mətbuat azadlığı hər bir cəmiyyətdə aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Bəşər tarixi söz və mətbuat azadlığı uğrunda mübarizə səhifələri ilə zəngindir: sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur.

Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması, hər bir fərdin ayrı-ayrılıqda özünüifadə istəyi əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin də başlıca qayəsini təşkil etmişdir.

Bu dəyərlər uğrunda mübarizə ona görə daim aktualdır ki, cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ - özünüifadə azadlığı insan haqlarının ən mühümü, vətəndaşın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iştirakının əsasını təşkil edir. Bu azadlıqlar insanın cəmiyyətdə layiqli yerini tapmasına, plüralizmin bərqərar olmasına, ən başlıcası, dövlətin demokratik dəyərlərə söykənməsinə şərait yaradır. Müasir dövrdə mətbuat azadlığına münasibət həm də dövlətlərin demokratik dəyərlərə münasibətini ifadə edir, cəmiyyətin siyasi fəallığından xəbər verir.

Söz və mətbuat azadlıqları hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür. Azad söz, müstəqil fikir uğrunda mübarizə bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqının tarixində də mühüm yer tutur. Sözə daim həssas yanaşaraq ona böyük dəyər verən, ucalığını, saflığını, müqəddəsliyini əməli fəaliyyəti ilə qoruyub saxlamağa çalışan azərbaycanlılar əsrlər boyu azad fikir, sərbəst düşüncə naminə mübarizə aparmış, demokratik ideallara sadiq olmuşlar. Azərbaycanın şifahi xalq ədəbiyyatının ən qədim nümunələrində, klassik yazıçı və şairlərimizin əsərlərində, eləcə də aşıq poeziyasında sözün müqəddəsliyini, ucalığını tərənnüm edən bədii, etik-fəlsəfi lövhələrə geniş rast gəlinir.

Ən qədim dövrlərdən bizim günlərədək sözə yüksək dəyər verən, onun mənəvi-etik məzmun yükünü duzgün dəyərləndirən insanlar yüksək mənəviyyat, qəlb və əxlaq sahibi kimi tanınmış, cəmiyyətin böyük rəğbətini qazanmışlar. Azərbaycanın böyük mütəfəkkiri Məhəmməd Füzuli "Kim nə miqdar olsa, əhlin eylər ol, miqdar söz" deyəndə, yaxud sərkərdə və şair Şah İsmayıl Xətai "Söz var kəsər savaşı, söz var kəsdirər başı", - deyə yazanda məhz sözün ucalığını, müqəddəsliyini izhar etməyə çalışırdılar. Sözlə bağlı atalar sözlərimiz də xalqımızın yüksək ünsiyyət mədəniyyətini, zəngin mənəvi keyfiyyətlərini, mental dəyərlərini özündə dolğun şəkildə əks etdirir. Məsələn, ulularımız "Söz var dağa qaldırar, söz var dağdan endirər", - deyəndə sözün insanlar arasında sülhün, barışın, qarşılıqlı anlaşmanın əldə olunmasında, ümumən cəmiyyətdə sivil birgəyaşayış normalarının təminatında müstəsna rolunu önə çəkmişlər.

Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək praktik surətdə gerçəkləşməsi isə XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski vestnik", "Kavkaz", "Novoye obozreniye" və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu. 1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı" qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan bu qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı olmuşdur. Məhz bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - "Əkinçi" qəzeti işıq üzü görmüşdür. Zərdabi və onun məsləkdaşları Azərbaycan xalqını gerilikdən çıxarmaq, cəhalət və mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ etmək kimi çətin vəzifəni üzərlərinə götürmüşdülər. "Əkinçi"nin səhifələrində xalqa zülm edən bəylər, mülkədarlar kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsinin vacibliyi geniş təbliğ edilirdi. Məhz buna görə də qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi maneələr törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə "Əkinçi"nin nəşrini dayandırmalı oldu. Görkəmli ziyalı 1905-ci ildə "Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində "Əkinçi"ni nə məqsədlə nəşr etdiyini, qarşıya çıxan çətinlikləri, çar senzurasının təqiblərini açıb göstərmişdir.

XIX əsrin sonları XX əsrin əvvəllərində Bakıda çap olunan "Kaspi", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Bakinski listok", "Bakinskiye izvestiya", "Vozrojdeniye", "Hümmət", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", "Dəvət-Qoç" qəzetləri, habelə "Molla Nəsrəddin" jurnalı da Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynamışdır. XX əsrin əvvəllərində Azərbaycan jurnalistləri demokratik mətbuatın mütərəqqi ənənələrini böyük müvəffəqiyyətlə inkişaf etdirirdilər. C.Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Seyid Hüseyn, Əli Nəzmi, Əliqulu Qəmküsar, Ü.Hacıbəyli, M.Şaxtaxtinski, M.S.Ordubadi və başqaları milli düşüncə və ideyaların təbliği, demokratik dəyərlərin möhkəmlənməsi yönümündə fəal təbliğat aparırdılar.

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə isə söz, mətbuat, sərbəst düşüncə azadlıqlarının inkişafı yönümündə müəyyən addımlar atıldı, "Mətbuat haqqında nizamnamə" qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəsmi dövlət mətbuat orqanının yaranması müstəqil dövlətin əsas atributlarından birinə çevrildi. Məhz buna görə də 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri"nin nəşri haqqında qərar qəbul etdi. İyulun 27-də qəbul olunmuş digər qərarla bu orqanın nəşri işi Xalq Təhsil Nazirliyinə həvalə edildi. Həftədə iki dəfə buraxılması nəzərdə tutulan hökumət xəbərlərində əsasən Azərbaycan Cümhuriyyəti hökumətinin qərarları, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi.

Milli hökumət, eyni zamanda, Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı "Azərbaycan" qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq, tarixi bir missiyanı həyata keçirir, gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırır, hökumətin rəsmi mövqeyini ifadə edirdi.

Qısa müddətdə böyük nüfuz və oxucu auditoriyası qazanmış "Azərbaycan" milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrilmiş, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Zülfüqar Hacıbəyov, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə, Məhəmməd ağa Şaxtaxtlı, Firudin bəy Köçərli, Seyid Hüseyn, İbrahim Xəlilov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Qafur Rəşad Mirzəzadə, Şəfi bəy Rüstəmbəyov, Yusif Vəzir Çəmənzəminli və Azərbaycanın digər nüfuzlu ziyalıları, o cümlədən yazıçı-publisistləri qəzetdə müxtəlif mövzularda çıxış edirdilər. 1919-cu ilin əvvəllərindən 1920-ci ilin 27 aprelinədək - Xalq Cümhuriyyətinin süqutunadək qəzetə böyük Azərbaycan ziyalısı Üzeyir bəy Hacıbəyli rəhbərlik etmiş, bu müddətdə onun nüfuzunu və oxunaqlığını daha da artırmışdır. Bu və digər ziyalıların ali istək və arzuları, azad, müstəqil, suveren bir dövlət qurmaq, xalqın milli şüurunu, milli mənliyini özünə qaytarmaq idi. Həmin ziyalılar bu ideyaları həyata keçirmək üçün fədakar mübarizə aparmış və bu mübarizədə "Azərbaycan" qəzeti onların ən ali tribunası olmuşdur. "Azərbaycan" qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə son qoyulmuş, Xalq Komissarları Soveti 27 oktyabr 1920-ci ildə "Mətbuat haqqında" Dekret imzalamış, mətbuata qarşı açıq repressiya xarakteri daşıyan bu sənədlə 2 ay ərzində 92 qəzet bağlanmışdı. Dekretdə "Mətbuat üzərində nəzarətin müvəqqəti xarakter daşıdığı, yeni qaydaların möhkəmlənməsindən sonra mətbuata tam azadlığın veriləcəyi, bütün mübahisələrin yalnız məhkəmə yolu ilə həll ediləcəyi" göstərilsə də, bunlara əməl olunmamışdır. SSRİ-nin mövcudluğu illərində senzura daha da möhkəmlənmiş, mətbuatın müstəqilliyi şərti xarakter daşımışdır. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan Dövlət Sirlərini Mühafizə edən Baş İdarə yaranmış, 1933-cü ildən ona mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdir. SSRİ dağılanadək Dövlət Sirlərini Mühafizə edən Baş İdarə mətbuatda hərbi və dövlət sirlərinin qorunması; bütün çap məhsullarında, radio və televiziya verilişlərində, əlyazmalarda, fotoşəkillərdə, mühazirələrdə, sərgilərdə ideoloji nəzarətin həyata keçirilməsi; mətbuatda, kütləvi çap məhsullarında getməsi lazım bilinən informasiyalar siyahısının hazırlanması; SSRİ-yə xaricdən gətirilən və ya xaricə aparılan çap məhsullarına nəzarət və ona icazə; siyasi cəhətdən zərərli və köhnəlmiş ədəbiyyatın yığışdırılması həvalə olunmuşdur.

Yalnız ötən əsrin 70-80-ci illərində - ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata basqılar nisbətən azalmış, qəzet və jurnalların müstəqilliyi qismən təmin olunmuşdur. Məhz ulu öndərin prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Ulu öndər Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata müsahibəsində bu və digər nöqsanları açıq qeyd edir, sovet cəmiyyətinin eybəcərliklərini deməkdən çəkinmirdi. Bu baxımdan, böyük strateqin 1981-ci il dekabrın 19-da "Literaturnaya qazeta"da dərc olunmuş məşhur "Qoy ədalət zəfər çalsın!" sərlövhəli müsahibəsini xüsusi xatırlatmaq lazımdır. Ulu öndər çox sonralar - 2000-ci ilin 22 iyulunda məhz həmin müsahibədən dərhal sonra böyük sensasiyanın yarandığını xatırladaraq demişdir: "Xatirimdədir, o vaxt Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, həm də Siyasi Büronun üzvü idi. O, bir neçə gündən sonra mənə telefon etdi. Dedi ki, sənin bu müsahibən böyük bir sensasiya yaradıbdır. Soruşdum ki, nə mənada? Cavab verdi ki, müsbət də var, mənfi də var. Soruşuram ki, nəyi müsbətdir, nəyi mənfidir? Deyir, müsbət odur ki, insanlar bizim cəmiyyətdəki bu yaraları görürlər və sevinirlər ki, kimsə cəsarət edib bunları açıq deyir. Özü də bunu aşağıda yox, ən yüksək vəzifədə çalışan bir adam deyir. Amma bunun əleyhinə olanlar da var. Soruşuram ki, niyə? Bildirir ki, çünki onlar bunun açılmağını istəmirlər. O vaxt bir çox belə yazılar olub. İstəsəniz, axtarın, tapın, oxuyun".

Ötən əsrin 80-ci illərinin sonlarına doğru keçmiş SSRİ-nin tənəzzülə uğraması prosesinin sürətlənməsi, "aşkarlıq", "yenidənqurma" tezislərinin ortaya atılması bütün postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da mətbuatın müstəqil, azad söz uğrunda mübarizəsinə stimul yaratmışdı.

Ermənistanın Azərbaycana təcavüzü, milli-azadlıq hərəkatının gedişi, SSRİ rəhbərliyinin respublikamıza laqeyd münasibəti, 20 Yanvar faciəsi ilə bağlı açıq, cəsarətli yazılar yeni yaranan qəzetlərdə işıq üzü görməyə başlamışdı.

Bütövlükdə, keçmiş SSRİ-nin süqutu və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı proseslər ayrı-ayrı qəzet və jurnallarda geniş əksini tapırdı. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası isə respublikada müstəqil mətbuatın formalaşmasında yeni mərhələnin əsasını qoydu. Hələ Azərbaycan Xalq Cümhuriyyəti illərindən sonra rüşeym halında inkişafını dayandırmış proseslər yenidən dirçələrək demokratik mətbuatın inkişafına xidmət etməyə başladı.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da ciddi dönüş yaranmış, siyasi plüralizmin, söz, məlumat azadlığının təmini istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə müstəqil respublikamız bu gün söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Respublikada bu yönümdə həyata keçirilən mütərəqqi islahatlar, ilk növbədə, demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi sayılmalıdır.

Xatırlatmaq lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, müstəqilliyin ilk illərində müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişlər.

Həmin dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstələrə arxalanan müxtəlif siyasi qrupların məkrli iddialarını gerçəkləşdirmək üçün qeyri-qanuni cəhdlər göstərməsi, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum söz, mətbuat, məlumat azadlıqlarının təmin edilməsinə, bu sahədə dövlətin və vətəndaşların mənafelərinin qorunmasına ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. 1992-ci il aprel ayının 12-də hərbi senzura tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə hakimiyyətə gələn AXC-nin bir illik fəaliyyəti dövründə ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi. O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirmişdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. "Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər və hünər göstərilməsini tələb edən əməkdir" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.

1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və Siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.

1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edilmişdir. Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi əlavə qərarların qəbulunu da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açmışdır. Həmin Dövlət Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman, eləcə də kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.

Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Fərmanla, həmçinin Azərbaycan Respublikası Prezidentinin hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" təsdiq olunmuşdur. Proqram jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.

Ulu öndərin təşəbbüsü ilə qəbul edilmiş 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açmışdır. Eləcə də son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır.

Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır. 2003-cü ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura 8 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.

Milli Məclisin 2001-ci il 13 mart tarixində "Gömrük tarifi haqqında" Qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının icracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan azad edilmişlər.

Azərbaycan milli mətbuatının 125 illiyi ilə əlaqədar 2000-ci ilin iyulunda jurnalistlərlə görüşən ulu öndər Heydər Əliyev demişdir: "...Biz 1998-ci ildə senzuranı, hərbi senzuranı, bütün maneələri götürəndən sonra Azərbaycanda o qədər qəzet çıxır ki, çoxlarının adını bilmək mümkün deyil. Bilin ki, Azərbaycan Prezidenti kimi, mən hesab edirəm ki, bu, müsbət haldır. Mən hesab edirəm ki, bizim mətbuatımız keçid dövrünü yaşayır. Yəni bir var o, bağlıdır, mübarizə aparır ki, çıxsın. Azadlığa çıxandan sonra isə bağlılıqdan nə qədər əziyyət çəkibsə, çalışır ki, çoxlu mənfi şeylər, cürbəcür şayiələr versin. Müstəqil, yaxud müxalifət qəzetləri deyirsiniz, deyin, - onların arasında rəqabət gedir ki, hansı özünü daha çox göstərsin, daha çox sensasiya yaratsın. Mən buna da təəccüblənmirəm. Hesab edirəm ki, bu da bizim həyatımızın keçid dövrünün xarakterik cəhətlərindən biridir. Düşünürəm ki, qəzetlər tədricən daha da mükəmməlləşəcəkdir, sanballı olacaqdır. Zaman gələcəkdir ki, ola bilər, qəzetlərin sayı bu qədər olmayacaq, - çünki hər bir qəzet bu rəqabətə dözməyəcəkdir, - amma həmin qəzetlərin tənqidi də sivilizasiya səviyyəsindədir".

 

(ardı var)

 

 

Rafael CƏBRAYILOV

 

Xalq qəzeti.- 2011.- 22 iyul.- S. 3.