Milli jurnalistikamız mədəni tariximizin zəngin və öyünclü səhifəsidir

 

Azərbaycan milli mətbuatı - 136

 

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

Azərbaycan milli mətbuatının ildönümləri hər dəfə milli oyanışın, məfkurəvi toparlanmanın parlaq səhifəsini yada salır. Milli özünüqoruma və özünüidarə zərurətindən yaranmış ilk anadilli qəzetimiz "Əkinçi" çoxəsrlik mədəni tariximizdə yeni bir hadisə, ciddi bir başlanğıc olmuşdu. Çar Rusiyasının müstəmləkəsinə çevrilmiş Quzey Azərbaycanda və bütövlükdə Qafqazda türklərin geniş yayıldığı ərazilərdə maarifçi düşüncəni xalqçılıq məfkurəsini əməli platformaya çıxaran böyük demokrat Həsən bəy Zərdabi ilk milli qəzeti min bir əziyyətlə ərsəyə gətirməklə zamanın tələbatını cavablandırmışdı.

Dünya poliqrafiyasının inkişafı çap yayınını kütləviləşdirməklə XIX əsrdə kitab nəşri ilə yanaşı, qəzet-jurnal buraxılışına da geniş imkanlar yaratmışdı. Qabaqcıl Avropa ölkələri olan Fransada, İngiltərədə, Almaniyada, İtaliyada nəinki yüzlərlə, hətta minlərlə, nisbətən geridə qalmış Rusiyada 500-dən artıq qəzet-jurnal çıxdığı halda bu imperiyanın milli əyalətlərində bircə dövri nəşrin belə olmaması tarixi ədalətsizlik və nəhayət, görüləsi bir idi.

Xoşbəxtlikdən çar Rusiyasında bu missiya çoxəsrlik mədəni potensial üzərində ictimai gerçəkliyini qoruyub saxlamış Quzey Azərbaycanda həyata keçirildi. 1875-ci il iyulun 22-də ilk Avropa tipli universitet bitirmiş, Şərqin mənəvi zənginliklərini Qərbin qabaqcıl dəyərləri ilə qovuşdurmuş təbiət alimi, Bakı gimnaziyasının müəllimi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin nəşrinə nail olması həm də Rusiya imperiyasında ilk türkdilli qəzetin işıq üzü görməsi idi.

Hər bir qəzetin mənsub olduğu xalqın və ölkənin aynası olması reallığından çıxış edən Həsən bəy bir qələm əhli kimi birinci vəzifənin həqiqəti yazmaq olduğunu bəyan etmişdi. Hakim dairələrin ictimai-siyasi mövzunu yasaqladığı "Əkinçi" Zərdabinin nadir istedadı, sonsuz Vətən sevgisi sayəsində əsl xalq qəzeti kimi çıxmış, dövrün işıqlı qüvvələrini ətrafında toplaya bilmişdi. "Əkinçi" geriliyi, cəhaləti hədəfə aldıgından, yeniliyə çağırdığından mürtəce məmur rejimimilli gerizəkalıqla toqquşmuş, fəaliyyətini 56-cı nömrəsindən və nəşrinin 2-ci ilində (29 sentyabr 1877-ci il) dayandırmalı olmuşdu. "Əkinçi"nin nəşrindən hesablanan milli mətbuat tariximiz - 22 İyul Milli Jurnalistika Günü hər dəfə ümumxalq bayramı kimi qeyd olunur, ötən onilliklərin uğurları və acıları yada salınır.

Haqlı olaraq deyildiyi kimi, "Əkinçi"nin səpdiyi toxumlar sonrakı illərdə cücərdi, yandırdığı işıq ətrafı nurlandırdı. Ana dilində qəzet buraxmağın mümkünlüyü və gərəkliyi dövrün başqa ziyalılarını da hərəkətə gətirdi. "Əkinçi"nin nəşri ilə milli qəzet oxumağa alışmış qabaqcıl ziyalılarımız 2-ci, 3-cü... qəzet -jurnalları da sevinclə qarşıladılar. Səid və Cəlal Ünsizadə qardaşlarının Tiflisdə və Şamaxıda buraxdıqları "Ziya" (1879-80), "Ziyayi-Qafqaziyyə" (1880-1884), "Kəşkül" (1883-1891) milli mətbuatımızın sonrakı işıqlı səhifələri oldu. Bu illərdə Bakıda rusca buraxılan "Kaspi" qəzetinin ana dilində milli burjuaziya nəşrinə çevrilməsi, Həsən bəy Zərdabinin rəhbərliyi və fəal iştirakı, Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə çıxması da samballı mətbuat hadisəsi və faktı olmuşdu.

XX əsr Azərbaycan demokratik mətbuatının və məfkurəvi publisistikasının tarixində yüksəliş və inkişaf doğurdu. Məhəmmədağa Şahtaxtlının buraxdığı "Şərqi Rus" (1903-1905) qəzeti milli mətbuatımıza yeni ictimai mövzular, ciddi yazarlar, azərbaycançılıq axtarışları gətirdi. İlk anadilli burjuaziya nəşrləri "Həyat" qəzeti (1905-1906) və "Füyuzat" jurnalı (1906-1907) Əhməd bəy Ağayevin və Əli bəy Hüseynzadənin redaktorluğu ilə mətbuatımızı ictimai-siyasi məzmunla, istiqlal məfkurəsi ilə qovuşdurdu. Haşım bəy Vəzirovun, ÜzeyirCeyhun Hacıbəyli qardaşlarının, Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin və digər ziyalıların qəzetçilik və publisistik fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının reallaşmasını, bir-birinin ardınca çıxaraq milli oxucu auditoriyasının tələbatının cavablandırılmasını təmin etdi. "İrşad" (1906-1907), "Tazə həyat" (1907-1908), "Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Səda" (1910-1911), "Açıq söz" (1915-1918) kimi ictimai-siyasi, ədəbi-bədii qəzetlər milli demokratik jurnalistikamızı ideya, məzmun, peşəkarlıq baxımından zənginləşdirdi, istiqlal məfkurəsini yetkinləşdirdi. 1906-cı ildə aprelin 7-də Tiflisdə böyük yazıçı-demokrat Cəlil Məmmədquluzadə və tanınmış publisist-pedaqoq Ömər Faiq Nemanzadənin nəşr etdirməyə başladıqları "Molla Nəsrəddin" satirik jurnalı "Əkinçi"nin xalqçılıq yolunu tutaraq, Azərbaycan həqiqətlərini gündəmə gətirmək uğrunda barışmaz bir mübarizə cəbhəsi yaratdı. "Molla Nəsrəddin" sonrakı 25 illik fəaliyyəti dövründə xalqımıza onun dostlarını və düşmənlərini, gücünügücsüzlüyünü tanıtmaq, sevincini və kədərini əks etdirmək baxımından misilsiz bir xidmət göstərdi. Azərbaycan idealı "Molla Nəsrəddin"də hər şeydən uca dayandı. Bu jurnal ətrafında ideya-məfkurəvi, ədəbi-bədii bir cərəyan yarandı. "Molla Nəsrəddin" satirik jurnalistikamızın zirvəsi olmaqla yanaşı, digər nəşrlər üçünbir örnək oldu.

XX əsrin əvvəllərində ilk qadın nəşri "İşıq" (1911-1912), ilk uşaq və məktəb jurnalları - "Dəbilstan" (1906-1908), "Məktəb" (1911-1920), "Rəhbər" (1919) yarandı, milli təhsilin inkişafına, mədəni oyanışa çıraq tutdu.

1918-ci ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi Gəncədə nəşrə başlayıb, Bakıda fəaliyyətini davam etdirən "Azərbaycan" (1918-1920) milli demokratik jurnalistikamızın təcrübəsi və ənənəsi əsasında yaranan yeni tipli ictimai-siyasi tribuna idi. CeyhunÜzeyir Hacıbəyli qardaşlarının, Şəfi bəy Rüstəmbəyov və Xəlil İbrahimin redaktorluğu ilə çıxmış ilk rəsmi qəzetimiz "Azərbaycan" AXC hakimiyyəti dövrünün əhatəli, mötəbər salnaməsini yaratmışdır.

1920-ci 28 aprel işğalı və AXC-nin süqutu ilə demokratik jurnalistikamız susduruldu, kommunist məfkurəli yeni mətbuata rəvac verildi. 70 illik kommunist epoxasının partiya-sovet mətbuatı adı ilə tanınan nəşrləri ideoloji çərçivədə fəaliyyət göstərsə də, milli jurnalistikamızın sonrakı inkişafı onlarla bağlı oldu. Demokratik mətbuatımızın peşəkarlıq və milli-mənəvi varlığımızla bağlı təcrübəsi və ənənəsi, əslində, kommunist mətbuatı daxilində yaşadı, özünü qorudu. O illərdə buraxılmış "Kommunist (indiki "Xalq qəzeti"), "Azərbaycan gəncləri", "Sovet kəndi", "Azərbaycan müəllimi", "Azərbaycan pioneri", "İdman", "Ədəbiyyat və incəsənət" kimi qəzetlər, "Azərbaycan kommunisti", "Azərbaycan", "Göyərçin", "Pioner", "Azərbaycan təbiəti", "Gənclik" kimi jurnallar milli jurnalistikamızın professional inkişafı ilə yanaşı, həm də kommunist epoxasının salnaməsi olaraq önəmlidir. Sovet dövründə dövlətin yaratdığı anadilli radio (1926) və televiziya (1956) milli jurnalistikamızın yeni yönlərini formalaşdırdı, dövrün səs və kino-video salnaməsini yaratdı.

1988-ci ildən başlanan milli azadlıq və ərazilərimizin müdafiəsi zəmində xalq hərəkatı çox keçmədi ki, demokratik jurnalistikamıza qayıdışı zərurətə çevirdi. "Meydan", "Ana dili", "Azadlıq", "Yeni fikir", "Səs", "İki sahil" kimi yeni nəşrlər günün həqiqətlərini, xalqın köklü maraqlarını əks etdirməyə başladı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi kommunist jurnalistikasının varlığına son qoydu, azad mətbuatın inkişafına siyasi-mənəvi, sosial-iqtisadi əsaslar yaratdı.

Dövlət müstəqiliyinin ilk illərindən əksər siyasi qurumlar, sosial təbəqələr, fəaliyyət sahələri öz nəşrlərini yaratdılar. Köhnə qəzet-jurnallardan auditoriyasını saxlayan və fəaliyyətini yeniləşdirə bilən qəzet-jurnallar da nəşrini davam etdirdi.

Dövlət teleradiosu müstəqilliyin xidmətinə keçdi. Yeni özəl radioteleviziya şirkətləri fəaliyyətə başladı. Demokratik cəmiyyətin informasiya ruporu olan "İctimai" teleradio yayınları 6 ildir ki, fəaliyyətdədir.

Azadlıq epoxasının ilk illəri azad jurnalistika üçün problemsiz, ağrı-acısız ötüşmədi. Qarabağ müharibəsi, iqtisadi tənəzzül, siyasi hərc-mərclik şəraitində qəzet-jurnal bolluğu yaransa da, onların xaotik fəaliyyəti azad mətbuatın inkişafına mane olurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həyatın bütün sahələrində olduğu kimi, milli jurnalistikamızın inkişafında da önəmli rol oynadı.

Ölkədə mətbuat azadlığının, demokratik teleradio fəaliyyətinin hüquqi-normativ əsasları yaradıldı. Konstitusiyada söz və mətbuat azadlığı prinsipləri əksini tapdı, KİV, İnformasiya azadlığı, Teleradio fəaliyyəti və s. haqqında qanunlar qəbul edildi. Prezident Heydər Əliyev azad jurnalistikanın inkişafını təmin edən zəruri, təsirli tədbirlər həyata keçirdi. 1998-ci ildə milli mətbuatımızın tarixində mühüm hadisə baş verdi: ümummilli lider Heydər Əliyev KİV üzərində senzuranı ləğv etdi. Ulu öndərin KİV-in inkişafına göstərdiyi ardıcıl diqqət və qayğı onun 2002-ci ildə "Jurnalistlərin dostu" elan edilməsi ilə cavablandırıldı.

Ümummilli lider Heydər Əliyevin idarəetmə kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də mediamızın qayğılarını himayə etməsi, xoş məramı ilə "jurnalistlərin dostu" adını qazanmışdır. Hazırda Azərbaycanda KİV-ə fəal dövlət dəstəyi siyasəti həyata keçirilir. Mediamız qazandığı dövlət dəstəyi ilə xalq və dövlət maraqlarına daha inamlageniş imkanlarla xidmət göstərir.

Milli mətbuatımızın 120, 125, 130, 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin böyük qruplarla fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi azad mətbuatın vətəndaş cəmiyyətinə xidmətlərinin layiqincə qiymətləndirilməsi kimi jurnalistikamızın yeni tarixinə qırmızı xətlərlə yazılmışdır. Xalq və dövlətimiz milli mətbuatımızın ildönümlərini də böyük sayğı və təntənə ilə qeyd edir, cəmiyyətin cari mesajlarını media ictimaiyyətinə çatdırır. Xalq milli jurnalistikanı sevir, dövlət onun rolunu və xidmətlərini dəyərləndirir, inkişafına dəstək verir. Mediamız isə xalqa və dövlətçiliyə xidməti hər şeydən uca tutur.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 22 iyul.- S. 4.