Zərdabiçilik – millətə
təmənnasız xidmət örnəyi
Milli birlik və mənəvi dirilik konsepsiyaları həmişə vəhdətdədir. Cəmiyyətin milli birliyi mənəvi dirçəlişindən, mənəvi dirçəlişi isə milli birliyindən güc alır. Bu iki amil əsasında insanları tərbiyələndirmək və onları yaşadığı mühitin cəhalət girdabından xilas etmək maarifçilər üzərinə düşüb.
Yeni dövr Azərbaycan tarixinin maarifçisi kimi Həsən bəy Zərdabi də belə bir tarixi missiya daşıyıb. Millətin istiqlalını, azadlığını vətəndaşların zehninin "nur"lanmasında görən Zərdabi bu yolda ən təsirli vasitə olan milli mətbuatın əsasını qoyub. Cəmiyyətin "düşünən beyni", "görən gözü" adlandırılan mətbuat Zərdabinin fədakarlığı ilə ərsəyə gəlib. Alim, pedaqoq, maarifçi, ilk milli qəzetimiz "Əkinçi"nin timsalında publisist, ictimai xadim olaraq Həsən bəy bütün həyatını xalqın oyanışına sərf edib. Zərdabiçilik deyilən möhtəşəm məfkurə savaşı Azərbaycanda bu insandan başlayıb. Bu mücadilə millətə kim olduğunu göstərmək, insanlarda itmiş milli, mənəvi ruhu oyatmaq məramından güc alıb. Zərdabi və Zərdabiçilər zamanın nəbzini tutanlar idilər. "İmzalar içində imzası olmayan" (M.Hadi) bir millətə özünün əsl varlığını göstərməkdən ötrü Zərdabi yolunun davamçıları XX əsrin əvvəllərində əsl məfkurə inqilabı yaratdılar.
"Nə yazırsansa yaz, amma qara mürəkkəbə deyil, ürəyinin qanına batır yaz" "Qələmin müqəddəs vəzifəsi gərək həqiqəti yazmaq ola" məramını özünün həyat düsturu edən Zərdabi ömrünün sonuna kimi maddi və mənəvi imkanlarını bu yolda xərclədi. Belə bir tarixi missiyanı gerçəkləşdirməkdə, bütöv bir nəsli yetişdirib mübarizəyə qoşmaqda böyük maarifçi-demokrat, materialist alim, məfkurə öndəri Həsən bəy Məlikov Zərdabinin rolu, xidmətləri misilsizdir. Tarixi tərəqqi orbitindən çıxarılmış Azərbaycanın yeni dünya çevrəsinə qayıtmasında XIX əsrdə ilk universitet təhsili almış, dünyanın gedişindən yaxşı baş çıxaran bu soydaşımız öz xalqına təmənnasız xidməti həyat idealına çevirmişdi. O, Arximedin axtardığı mövhumi istinadgahı Vətənin uyudulmuş zəka və əməl enercisini oyatmaqda və irəliyə yönəltməkdə tapmışdı.
Üzərinə götürdüyü nəhəng missiya bu böyük qəlbli, müdrik insanı milli mətbuatımızın və teatrımızın banisi, ilk xeyriyyə cəmiyyətinin yaradıcısı kimi mübarizə meydanına çıxarmışdı. Həyatın bir çox sahələrində pioner, öncül olmaq da bu insanın mübarizəsini dərinləşdirmiş və genişləndirmiş, onu daha güclü etmişdi. Həsən bəy həm də ilk hüquq müdafiəçimiz olmuş, ilk sivil ailə qurmuşdu. O, ilk yeni tipli müəllim olmuş, ilk cəfakeş millət vəkili kimi çalışmış, ilk yeni tipli ictimai xadim kimi yetişmişdi. Bu "ilk"lərin siyahısı uzundur və ən əsası odur ki, milli oyanışı istiqlal məfkurəsi həddinə yüksəldən ilk siyasətçi də bu insandır. Bütün bunlar Zərdabini "milli ziyalılarımızın müəllimi", "millətin mənəvi atası" zirvəsinə çatdırmışdı.
Azərbaycan xalqının tarixində ən əlverişsiz dövr XIX əsrə və XX əsrin əvvəllərinə düşür. Əksər xalqlar maariflənib elmi-mədəni cəhətdən qabağa gedəndə feodal-təhkimçilik və hərbi-monarxist Rusiyanın müstəmləkəsinə çevrilən Azərbaycan bu tarixi prosesdən zorla kənarda saxlanmışdı. Lakin hər şeyi nizamlayan, zəifə güc verən, nəhəngi qüvvədən salan Ulu Yaradan əsarətdə olan, haqları tapdalanan xalqlara da şans, nicat verir. Bu, adətən, yıxılmış xalqları ayağa qaldırmaq üçün Tanrının onlara ağıllı, tədbirli, böyük enerjili şəxsiyyətlər bəxş etməsi şəklində baş verir. Azərbaycanı "kiçik padşahlar"ın mənəm-mənəmliyi, ağılsızlığı yıxmışdı. Məmləkəti böyük oğulların xalqı oyadıb ona öz haqqını anlatması, öndə gedən ölkələrin ardınca səslənməsi xilas edə bilərdi.
Həsən bəy Zərdabi öz böyük mübarizəsinin bütün yönlərində, əvvəldə dediyimiz kimi, tarixi reallığa əsaslanmış, elmi-mədəni tərəqqinin toxumlarını səpib-cücərtmək üçün həyatını şam kimi əritmişdi. Məktəb də, teatr da, mətbuat da, xeyriyyə cəmiyyəti də onun üçün milləti elmi-mədəni tərəqqiyə çatdırmaq, tələb olunan nəsli yetişdirmək, geniş maarifçilik şəbəkəsi qurmaq aləti idi. Böyük soydaşımız bu işi yorulmadan, böyük məharətlə yerinə yetirə bilmişdi. Azərbaycanın XX əsrdə çatdığı çox yüksək elmi-mədəni səviyyə, şübhəsiz, bu sağlam çeşmədən qaynaqlanmışdır.
Həsən bəyin yetişdirdiyi nəsil XX əsrin 20-ci illərində Azərbaycanın istiqlalını reallaşdırmış, sonrakı illərdə SSRİ-nin tərkibində Sovet Azərbaycanının elmi-mədəni inkişafına təkan vermişdi. XX əsrin sonunda xalqımızın yenidən suverenlik qazanması Həsən bəy Zərdabinin həyat və fəaliyyətini, onun misilsiz irsini yeni nəsillər üçün ən yaxşı örnəyə çevirmişdir. İndi əsas məsələ yenə də Həsən bəyin düşündüyü kimidir: elm və texnikanın uğurlarını mənimsəməklə, milli özünüdərki yeksək məfkurə səviyyəsinə qaldırmaqla xalqımızın yüksək rifaha qovuşmasını təmin etmək!
Azərbaycan Sosial Rifah Partiyası da bu məsələləri cəmiyyətin nişangahına çevirmək üçün Zərdabi irsinə tez-tez müraciət edir, Həsən bəyin adı və amalı ilə bağlı hər il məclislər keçirir. Böyük soydaşımızın təbiətin və cəmiyyətin elmi dərkini mövzu seçən, insanın sağlam həyat tərzini və yüksək rifaha çatması yollarını göstərən əsərlərinin uzun fasilədən sonra yeni əlifba ilə çap olunması üçün partiyamız bir neçə dəfə təşəbbüs göstərmişdir. Böyük alimin gigiyenaya dair çox qiymətli əsərinin çapını himayə etmişik. Bununla yanaşı, Həsən bəyin soydaşlarımıza böyük sevgi ilə qələmə aldığı, vaxtilə "Həyat" qəzetində çap etdirdiyi təbiətə və insana aid məqalələrini, "Torpaq, su və hava", "Həvasi-xəmsə" əsərlərini və bu mövzunu tamamlayan digər yazılarını toplu halında millət aşiqinin həyat və mübarizəsini əziz tutan, onun arzuladığı cəmiyyəti "Təbiət və insan" adı ilə quran çağdaş vətəndaşlarımıza təqdim etmişik. Milli mətbuatımızın banisinin rus dilində çap olunmuş məqalələrinin ana dilimizdə oxuculara çatdırılması da günün tələbidir.
Sonda bildirək ki, Həsən bəy Zərdabinin şəxsiyyəti və timsalı məktəblidən, müəllimdən tutmuş millət vəkilinə, partiya liderinə qədər hamı üçün ibrətli nümunədir. Uzun illər Bakı Dumasının deputatı olmuş Zərdabi şəhərin irili-xırdalı bir çox problemlərinin həllinə nail olmuş, əhalinin maariflənməsinə və rifahına çalışmışdı. Böyük əməl sahibi ömrünü və zəkasını son zərrəsinə qədər xalqına bəxş edib dünyadan köçəndə rus imperiyasının Bakıdakı ağası Rayevski vida mərasimində etiraf etməyə məcbur olmuşdu: "Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim".
İlk milli qəzetimiz "Əkinçi" indi də öz xələflərini axtarır. Müasir dövrün jurnalistləri Zərdabi ənənələrinə sadiq qalmaqla onun davamçısı olmaq şərəfinə çata bilərlər. Çünki, Zərdabiçilik həm dünənin, həm bugünün, həm də sabahın millətə təmənnasız xidmət örnəyidir!
Xanhüseyn KAZIMLI,
Azərbaycan Sosial Rifah
Partiyasının
sədri, millət vəkili,
professor
Xalq qəzeti.- 2011.-
22 iyul.- S. 4.