Sən həmişə qəlbimizdəsən

 

 Əvəzsiz səs sahibi Yusif Muxtarovun xatirəsinə

 

Yaşasaydı, 70 yaşı tamam olacaqdı. Hər il olduğu kimi həmkarlarının, dost-tanışlarının səmimi təbriklərini eşidəcək, onların ürək dolusu gözəl sözlərindən fərəh duyacaqdı. Axı o özü də otuz ildən çox Azərbaycan radiosunda çalışdığı dövrdə məlahətli, cəlbedici səsi və danışıq tərzi ilə yüzlərlə tamaşaçının qəlbini fəth etmiş, onların sevgisini qazanmışdı.

Tanrı ona təkcə diktorluq və aktyorluq qabiliyyəti deyil, həm də zəngin mənəvi xarakter bəxş etmişdi. Odur ki, istər həyatını həsr etdiyi radioda, istərsə də teatr və kinoda üzərinə düşən vəzifələri ürəklə və peşəkarlıqla yerinə yetirirdi. Bir çox kino və televiziya filmlərində yaratdığı yaddaqalan obrazlar, bir də fonotekanın fondunda saxlanılan səs yazıları və onunla bağlı yaddaşlarda yaşayan xoş xatirələr bu gün istedadlı diktor, xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı, Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru Yusif Muxtarovdan qalan təsəllidir. Keçən il qəfil ölümü ilə onu sevənləri, xüsusilə də ömür-gün yoldaşı, səhnəmizdə bənzərsiz obrazlar yaratmış tanınmış aktrisa Amaliya Pənahovanı daxilən sarsıtsa da, onun işıqlı xatirəsi daim əziz tutulur. Onsuzluqla barışmayan ailəsi, yaxınları və sənət dostları iyulun 22-də - ad günündə 70 illik yubileyini Yusif Muxtarovsuz qeyd edirlər.

Yusif Muxtarov 1941-ci il iyulun 22-də Sabirabad rayonunun Kür kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda Xalq Təsərrüfatı İnstitutuna daxil olan bu çalışqan gənc orada iqtisadiyyat və sosial planlaşma fakültəsini bitirib. Ancaq bununla kifayətlənməyən Y.Muxtarov Azərbaycan Dövlət İncəsənət İnstitutunu və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını da uğurla başa vurub. Bu da səbəbsiz deyildi. Bu gəncin fitri istedadı, incəsənətə olan marağı onu məhz səhnəyə, aktyorluğa gətirib çıxarmışdı. Bu işdə, bəlkə, Amaliya xanımın özü də bilmədən, az rolu olmamışdı. Təzəcə instituta daxil olmuş qızı görən kimi ilk baxışdan sevən Yusif sənədlərini düşünmədən İncəsənət İnstitutuna verməyi qərara alır və qəbul olunur. Təbii ki, bunu Amalya xanım illər sonra biləcəkdi və bu qarşılıqlı sevgi bir ocağı isidəcəkdi:

- Onda Yusifin dostu bizim institutda oxuyurdu. Onu görməyə gəlmişdi. Sonralar bildim ki, məni görüb bəyəndiyinə görə aktyorluqda oxumağı qərara alıb. Ümumiyyətlə, o, çox istedadlı idi. Ədəbi dilimizin gözəllikləri, zənginliyi onun ifasında bir başqa cür səslənirdi. Klassik poeziyamızı sevir, Füzuli, Nəsimi, Nizaminin şeirlərini xüsusi qəlbəyatan intonasiya ilə ifa edərdi. Daim dilimizin səlisliyindən söhbət düşəndə hələ sovet dövründə ulu öndər Heydər Əliyevin doğma dilimizdə danışığını nümunə gətirirdi. Rus dilinin hakim olduğu illərdə Azərbaycan dilində danışmağı təqdir edirdi. Heydər Əliyevin 4-5 saatlıq çıxışlarını radioda dinləyicilərə çatdırırdı. Redaksiyaya ünvanlanan oxucu məktublarında dinləyicilər Azərbaycan dilinin şirinliyini və ahəngdarlığını məhz onun danışıq tərzində sevdiklərini yazırdılar. Bu, əlbəttə ki, bir yaradıcı insan üçün xoş idi.

Yusif Muxtarov əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Teleradio komitəsində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona əməkdar artist fəxri adı verilib.

Yusif Muxtarovun ifasında səsləndirilmiş üç yüzdən artıq ədəbi-bədii veriliş radiomuzun qızıl fonduna daxil edilib. Azərbaycan dilində onun səsi ilə mindən artıq film səsləndirilib. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə onun səsi ilə YUNESKO-nun iki qızıl diski hazırlanıb.

1964-cü ilin sonlarında onu işə götürən Dövlət Teleradio Verilişləri Komitəsinin sədri, şair Ənvər Əlibəyli Yusif müəllimin istedad və qabiliyyəti haqqında deyirdi: "...Yaxşı diktor olmaq üçün səndə bir çox şərtlər var; səlis və aydın danışıq, ifadəli dil, təmiz diksiya, gözəl tələffüz, üstəgəl daxili mədəniyyət, peşəyə məhəbbət, səmimiyyət. Bu komponentlər səndə var. Mən inanıram ki, radiomuz sənin simanda gözəl bir mütəxəssisi işə götürüb... "Uzaqgörənliklə deyilən bu sözlər vaxt keçdikcə öz təsdiqini tapırdı.

Onun fəaliyyəti təkcə radio ilə məhdudlaşmırdı. Hələ tələbəlik illərindən başlayaraq, teatr səhnəsində oynadığı M.Lermontovun "İki qardaş"ında Aleksandr, Nazim Hikmətin "Qəribə adam" tamaşasında Əbdülrəhman, "Bayramın ilk günü"də isə Şadi rollarında uğurla çıxışı və fərqli obrazları canlandırmaq qabiliyyəti onun aktyorluq istedadını üzə çıxarmağa kömək edirdi. S.Vurğunun "Vaqif", S.Rəhmanın "Xoşbəxtlər", Ç.Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim", İ. Əfəndiyevin "On iki manatlıq lüstr", "Söyüdlü arx", M. Bayciyevin "Duel" televiziya tamaşalarında da Y.Muxtarov uğurla çıxış edib.

Bundan başqa, kino tariximizə düşmüş bir neçə filmdə - "Baladadaşın ilk məhəbbəti" filmində Murad, "Gecə qatarında qətl" də Paxan obrazları bu gün dönə-dönə xatırlanır. Bir çox filmlərin Azərbaycan dilində səsləndirilməsində Yusif Muxtarovun əvəzsiz xidmətləri var. Məhz bunun nəticəsidir ki, dilimizin inkişafında göstərdiyi fəaliyyətinə görə diplomlar, fəxri fərmanlar qazanıb. Hər bir fərman Yusif bəyin dilimizə, ədəbiyyat və incəsənətimizə verdiyi töhfələrin bəhrəsidir.

Sovetlər Birliyinin dağılması ilə Azərbaycanın müstəqilliyə qovuşması bir çoxları kimi Yusif bəyin həyatında da unudulmaz iz qoyub. Sovet qoşunlarının Bakıda törətdiyi qırğın və Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması hadisəsini başda Yusif bəy olmaqla dərin kədər və nifrətlə qarşılayan diktorlar, komendantın əmrinə baxmayaraq, onun verdiyi mətni səsləndirməkdən imtina etmişdilər.

Ağrılı-acılı illəri kədərlə xatırlayan Amaliya xanım erməni silahlılarının Azərbaycan kəndlərinə hücumu şəraitində Bakı Bələdiyyə Teatrının yaranması və cəbhə bölgələrinə könüllü səfərlərindən söz açır:

- "Bakı Bələdiyyə Teatrını bərabər qurmağa başladıq. O, həm teatrda, həm də radioda işləyirdi. Görəndə ki, teatrın işi çətinləşir, çox iş tələb edir, radiodan uzaqlaşaraq 18 il teatrın sərəncamçı direktoru kimi fəaliyyət göstərdi. Biz çətin şəraitdə də olsa, cəbhədə Vətənimizi düşməndən qoruyan əsgərlərə baş çəkir, onlara öz döyüşkən ruhlu, mübarizəyə səsləyən şeirlərimiz və tamaşamızla dayaq olmağa çalışırdıq. Ağdam, Füzuli, Qazaxda qızğın döyüşlərin olduğu bölgələrə gedirdik. Biz daim səfərlərdə Yusiflə birgə olurduq. O da əsgərlər önündə çıxış edirdi. Lakin kameralar ona tərəf tuşlananda o, kölgədə qalmağı daha üstün tuturdu. O, bu cür nəcib insan idi".

Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və məhsuldar çıxışlarının təşkili üçün 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb. Həmçinin ordu qarşısında səmərəli çıxışlarına və fəaliyyətinə görə Yusif və teatrın sənətkarları dəfələrlə Müdafiə Nazirliyi tərəfindən "Şah İsmayıl Xətai" fərmanı ilə təltif olunmuş, təşəkkür məktubları almışlar. 2002-ci ilin noyabr ayının 7- də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarov başda olmaqla teatrın 23 əməkdaşına yüksək fəxri adlar verilib. Yusif Muxtarov isə həmin fərmanla "Xalq artisti" fəxri adına layiq görülüb.

Yusif müəllim sənətə, peşəkar aktyor oyununa hədsiz sevgi ilə yanaşan bir insan idi. Odur ki, hələ tələbəlik illərindən gələcək həyat yoldaşının fitri istedadını görüb ona hər cür dəstək olmağa çalışırdı. Amaliya xanımın sözlərinə görə, həyat yoldaşı aktyorluğu bitirsə də, istedadı olsa da, radionu daha çox sevirdi. Hətta söhbət düşəndə zarafatla- " bir evdə iki artist olmaz"-deyirdi. Bu işə hobbi kimi baxırdı.

- İkinci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət aldım. İlk səhnəyə çıxan dövrlərimdə mənə dəstək oldu. Hətta sonralar etiraf edirdi ki, "əgər görsəydim ki, sən ortabab bir aktrisasan, səni səhnəyə çıxmağa qoymazdım. Sənin istedadına heyfim gəlir. Səni səhnədə çox sevirəm." O, mənim sənətə bağlılığımı, sevgimi görürdü. Zahirən ciddi, cüssəli görünsə də, qəlbi kövrək, incə duyğularla döyünürdü. Hətta bir sıra tamaşalarda tərəfdaş da olmuşuq. İnstitutu bitirəndən sonra evləndik. O, əvvəki kimi yenə də mənəvi dəstəyini məndən əsirgəmədi..."

Qırx beş il davam edən sevgi dastanında Amaliya xanım Yusif Muxtarov kimi nəcib, qayğıkeş və milli ruhlu insanla ömrünü paylaşdığı üçün özünü xoşbəxt sayır. Tamaşalarda, tədbirlərdə, xaricə səfərlərdə belə onları birgə görmək olardı. Kimi onlara heyranlıqla baxar, kimi həsəd aparar, kimi də təəccüblə qarşılayardı.

"Harda olsam, Yusif yanımda olardı. Bütün qastrollara, görüşlərə birgə gedərdik. Bu, millət vəkili olarkən də belə idi. Özümüzdən asılı deyildi. Bəlkə də qəribə görünə bilər, ancaq o, mənim yanımda olanda özümü daha rahat, daha azad və əmin hiss edirdim. Bu, bəlkə də, şüuraltı bir davranış idi. Dünyanın faniliyi, ömrün qısa olmasına qarşı bunu daha çox birgə olmaq istəyi kimi də söyləmək olar. Ailəcanlı idi, övladlarını, nəvələrini çox sevir, onlarla nəfəs alırdı. Bu 45 ildə ondan incimədim."

Bakı Bələdiyyə Teatrı onun üçün xüsusi əhəmiyyət kəsb edirdi. Odur ki, teatrın inkişafı, yeni-yeni tamaşaların qoyulması və xaricə qastrol səfərlərinin təşkilində əməyini əsirgəmirdi. Cəmiyyətdə baş verən bəzi mənəvi naqisliklər və eybəcərliklər onu daxilən sıxırdı. Teatrın normal binası olmaması da onu çox düşündürürdü.

Ürəyindən bir dəfə əməliyyat edilmişdi. Ancaq nə edəsən ki, alın yazısı kimə nə qədər ömür bəxş edirsə, onu ancaq Tanrı bilir. Qəfil və ani ölüm qapısını döysə də, Yusif Muxtarov özündən sonra zəngin mədəni, ədəbi irs və mənalı ömür yolu qoyan xoşbəxt sənətkarlar sırasına aiddir. Təkcə övladları üçün qayğıkeş ata deyil, nəvələri üçün də yaxşı baba idi. Nəvələri, xüsusilə də balaca Aydın onu çox istəyir. Hətta sonuncu dəfə babası ilə danışandan sonra gözləri yolda nə vaxtsa babasının qayıdacağı günü gözləyir...

"İnsan həyatı onsuz da faciələrlə doludur. Onun yoxluğu hamımız üçün ağır olsa da, bir şeyə təsəlli tapıram. İnsan yüz il də yaşayıb, özündən sonra iz qoymaya bilər. O, elə gərəkli və işıqlı insan idi ki, xatirələrdə yaşayır, daim adı xoş xatırlanır..."-deyən Amaliya xanım otaqda Yusif müəllimin gülümsər çöhrəsini əks etdirən fotosuna tərəf boylanır.

Gözlərindən sanki bu sözlər oxunur: ...Sən həmişə qəlbimizdə, xatirələrdə yaşayacaqsan!

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2011.- 22 iyul.- S. 5.