Suraxanı: abadlıq və quruculuq işləri böyük uğurla həyata keçirilir

 

Bu gün paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Nəticədə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair demişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir".

Bütün bunları Suraxanı rayonunun timsalında da aydın görmək olar.İyul ayının 14-də Prezident İlham Əliyev adı çəkilən rayonda olarkən burada görülən işlərlə tanış olmuş, tikinti-quruculuq sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Dövlət başçısı rayon sakinləri ilə görüşü zamanı demişdir:"...Ölkəmizdə çoxsaylı proqramlar icra edilir. Bu proqramlar bütün sahələri əhatə edir və onların arasında böyük əhəmiyyətə malik olan "Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da vardır. Bu Proqram bu il qəbul edilib və demək olar ki, qısa müddət ərzində bütün qəsəbələrdə çox sürətlə işlər aparılır. Siz bunu Suraxanı qəsəbəsinin timsalında görürsünüz".

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi göstəricilərə də nəzər salmağı məqsədəuyğun sayırıq. Rayonun sənaye müəssisələri 2011-ci ilin ilk yarımili ərzində 130,2 milyon manatlıq yerinə yetirmiş, bir işçinin orta aylıq əmək haqqı 442 manata çatmış, müəssisələrdə və firmalarda 1102 nəfər yeni yerləri ilə təmin olunmuşdur.

Sözügedən dövrdə rayonda tikinti-quruculuq işləri də uğurla davam etdirilmişdir.Əmircan qəsəbəsinin M.Mustafayev küçəsində (10-cu dairə adlanan yerdə və bazarın qarşısında), Əmircan-Qaraçuxur yolununYeni Günəşli yaşayış sahəsindəki mərkəzi yolun kənarlarında olan qeyri-yaşayış obyektlərinin dam örtüyünün dəyişdirilməsi, fasadların alkopanla və əhəng daşları ilə üzlənməsi, divarların rənglənməsi, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında dekorativ divarların tikilməsi, yeni parkların salınması, yolun kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Yeni Günəşli yaşayış sahəsində müasir istirahət parkının tikintisi davam etdirilmişdir. Qaraçuxur qəsəbəsinin T.Şirinov küçəsində, Yeni Günəşli yaylasında, Şimal yaşayış sahəsində, Yeni Günəşli "V" yaşayış sahəsinin polis məntəqəsinin yanında, Zığ qəsəbəsinin XanlarH.Aslanov küçələrində 21 632 kvadratmetr asfalt örtüyü salınmışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli Sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və həmin proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında Suraxanı rayonu üzrə həyata keçiriləcək işləri əks etdirən 102 bənddən ibarət tədbir nəzərdə tutulmuşdur.Ötən müddətdə Tədbirlər Planının icrası ilə əlaqədar bir sıra işlər görülmüşdür. Belə ki, Bülbülə qəsəbəsi, 3-cü mədən, İ.Məmmədov, S.Bəhlulzadə küçələrində, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov, İ.Şükürov, N.İsmayılov, E.Bəkirli küçələrində, Qaraçuxur qəsəbəsi, işıqfordan Nizami rayonunun sərhədinə qədər, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, Köhnə qəbiristanlığın ətrafına,Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçələrinə 130 990 kvadratmetr asfalt örtüyü salınmışdır. Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, fabrikin arxasında, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində ümumilikdə 3107 poqonometr yeni su xətti, Bülbülə qəsəbəsi, 3-cü mədən, İ.Məmmədov, S.Bəhlulzadə, M.Abdullayev, N.Nərimanov, M.Bəydəmirov, M.Əzizbəyov, Əmircan qəsəbəsi, Ü.Hacıbəyov, T.Bayram və Ə.Bayramov küçələrində 4629 poqonometr yeni kanalizasiya xətti çəkilmişdir. Bülbülə qəsəbəsinin 1-ci, 3-cü, 4-cü və 5-ci mədən ərazilərində, Bülbülə-1 və Bülbülə-2 yaşayış sahələrində məhəllədaxili qaz kəmərlərinin yenidən qurulması, qəsəbənin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, qəsəbədaxili yolların tikintisi və təmiri, Yeni Günəşli yaşayış sahəsində yüksək mərtəbəli binalarda qaz borularını mətbəxdən pilləkən qəfəsinə çıxarılaraq sayğacların quraşdırılması və qaz kəmərlərinin yenidən qurulması, mexaniki sayğacların "Smart-kart" tipli elektron qaz sayğacları ilə əvəz olunması tədbirləri başa çatdırılmışdır.Bundan başqa, rayon ərazisində 110 kV-luq hava elektrik verilişi xətlərinin yenidən qurulması, 35 kV-luq elektrik verilişi xətlərinin tikintisi, 6-10 kV-luq şəbəkədə TM-lərin və elektrik verilişi xətlərinin yenidən qurulması, 65 və 114 saylı orta məktəblərin əsaslı təmiri, 85 saylı orta məktəb üçün 480 şagird yerlik əlavə korpusun tikintisi, 19, 163, 268, 312 və 313 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, 3 saylı Doğum evinin, 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının, 10 saylı Tibbi Sanitar Hissəsinin Poliklinika şöbəsinin təmiri, avadanlıq və inventarla təchiz olunması, Hövsan qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, Südçülük sovxozunda isə həkim məntəqəsinin tikintisi işlərinə başlanılmışdır.

Rayonda sahibkarlığın inkişafı da diqqət mərkəzində saxlanılır. Bununla bağlı bir fakta nəzər salaq. Bu il iyunun 17-də Hövsan Olimpiya İdman Kompleksində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmiş, tədbirə Suraxanı rayonunda fəaliyyət göstərən 240 nəfər sahibkar qatılmış, respublikada sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, fond tərəfindən güzəştli kreditlərin verilməsi qaydaları, yeni perspektiv layihələr barədə geniş məlumat verilmiş, tədbirin sonunda 22 sahibkarlıq subyektinə 3 iri 19 kiçik həcmli layihələr üzrə 8,7 milyon manatlıq kreditlər verilmişdir.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi işi daim rayon dövlət orqanlarının nəzarətindədir. Belə ki, sözügedən dövrdə rayon Məşğulluq Mərkəzi 502 nəfər müraciət etmiş vətəndaşdan 188 nəfərini işlə təmin etmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən yarım il ərzində 331 ailəyə yeni sosial müavinət, 1218 ailəyə ünvanlı sosial yardım, 957 yeni doğulmuş uşağa isə birdəfəlik müavinət təyin edilmiş, bütövlükdə bu dövr ərzində 2,1 milyon manat məbləğində sosial müavinət 3,1 milyon manat məbləğində sosial yardım ödənilmişdir. Sosial-məişət xidməti sektorunda 301 nəfər tənha ahıl əlil vətəndaşlara evlərində sosial-məişət xidmət göstərilmiş, 9 nəfər sanatoriya-kurort müalicəsinə, 12 nəfər Nabran istirahət zonasına göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən cari ilin 1-ci yarımili ərzində 18560 nəfərə yaşa görə, 6283 nəfərə əlilliyə görə 2045 ailəyə ailə başçısının itirilməsinə görə, cəmi 26888 nəfər təqaüdçüyə 19,3 milyon manat vəsait ödənilmişdir.

Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyeyevin tövsiyəsinə uyğun olaraq rayon icra hakimiyyəti Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə rayon əhalisinin tibbi müayinəsi davam etdirilmiş, bu günə kim 190 min nəfər rayon sakini (90 faiz) tibbi müayinədən keçmiş bu uğurla davam etdirilir.

Rayonun sakinləri əmək kollektivləri Suraxanıya daim diqqət qayğı göstərdiyinə görə, böyük uzaqgörənlik qətiyyətlə sosial-iqtisadi siyasət həyata keçirən Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirir, dövlət başçısını əmin edirlər ki, həmişə olduğu kimi ətrafında sıx birləşərək, dövlət regional proqramların qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi naminə bütün zəruri tədbirlərin həyata keçirilməsində fəallıq göstərəcəklər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 22 iyul.- S. 6.