Azərbaycanın xarici ölkələrlə
ticarət dövriyyəsində müsbət saldo artır
Ölkəmizdə
baş verən dinamik sosial-iqtisadi inkişaf əksər
dünya dövlətləri, həmçinin beynəlxalq
nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə
qarşılanır. Bunun nəticəsidir ki, son illər Azərbaycan
Respublikasının adı müxtəlif reytinq
sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə
göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq
maliyyə qurumları ilə səmərəli əməkdaşlıq
edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata
keçirilən infrastruktur layihələri və digər zəruri
tədbirlər düzgün, düşünülmüş
strategiyaya əsaslanır, ölkənin davamlı
inkişafına və həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir.
Ölkəmizdə
mövcud iqtisadi sərbəstlik, özəl bölmənin
inkişafı üçün yaradılmış münbit
şərait, ən başlıcası isə
respublikamızın yerləşdiyi əlverişli coğrafi
şərait nəticəsində xarici ticarət əlaqələrinin
həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən,
xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları
ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin
inkişafında mühüm amillərdəndir. Məhz buna
görədir ki, dövlət başçıları, eləcə
də nümayəndə heyətləri arasında
keçirilən görüşlərin,
danışıqların əsas mövzularından birini də
məhz xarici ticarət dövriyyəsinin
artırılması təşkil edir.
Azərbaycanın
iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə
artması xarici ticarət əlaqələrinin genişlənməsinə
təkan verir. Elə Azərbaycanın xarici dövlətlərlə
ticarət əlaqələrinin 1995-ci ilin səviyyəsini dəfələrlə
ötməsi də bunu təsdiqləyir. Bu da, heç
şübhəsiz, xarici ölkələrlə, beynəlxalq
maliyyə təsisatları ilə iş birliyinin getdikcə
genişlənməsi və idxal-ixrac əməliyyatlarının
ilbəil artmasının nəticəsidir. Bundan əlavə,
azad sahibkarlığa və təşəbbüskarlığa
geniş meydan verilməsi ölkədə yeni, müasir
texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların
istehsalına səbəb olur. Təsadüfi deyil ki,
hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya
bazarında maraq artır və bu malları alan ölkələrin
sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir
ki, son illər ticarət dövriyyəsinin strukturunda
mühüm dəyişikliklər baş verir. Bu baxımdan
2011-ci ilin ilk beş ayında da uğurlu nəticələr əldə
edilmişdir.
Dövlət
Statistika Komitəsinin məlumatına görə, cari ilin
yanvar-may aylarında Azərbaycan Respublikası dünyanın
131 ölkəsi ilə ticarət əməliyyatları
aparmışdır. Hesabat dövründə ölkəmizin
xarici ticarət dövriyyəsinin həcmi isə 14 milyard 72,8
milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət
dövriyyəsinin 10 milyard 583,1 dolları ixracın, 3 milyard
489,7 dolları isə idxalın payına
düşmüşdür. Göründüyü kimi, xarici
ticarət əməliyyatlarında ixracın həcminin xeyli
artması nəticəsində ilin ilk beş ayı ərzində
7 milyard 93,4 milyon dollarlıq müsbət saldo
yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin
92,3 faizi sərbəst dönərli valyuta sövdələşmələri
yolu ilə həyata keçirilmişdir.
Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv seçilməsindən
on ildən artıq vaxt ötür. Bu müddətdə Avropa
iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində
mühüm tədbirlər həyata keçirilmişdir. Elə
2011-ci ilin beş ayı ərzində aparılmış
idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa
iqtisadi məkanına daxil olan ölkələrlə
aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək,
hesabat dövründə Azərbaycanın xarici ticarət
dövriyyəsinin xeyli hissəsi İtaliya, Fransa, Türkiyə,
Almaniya və digər Avropa ölkələri ilə
aparılmışdır. Bununla yanaşı, hesabat
dövründə Malayziya, Hindistan, İsrail, Çin və
digər uzaq xarici ölkələr də Azərbaycanın fəal
ticarət partnyorlarından olmuşlar. İdxal-ixrac əməliyyatlarının
qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin
və MDB məkanına daxil olan ölkələrin payına
düşmüşdür.
2011-ci ilin yanvar-
may aylarında xarici ticarət əməliyyatları
aparılmış ölkələr sırasında
İtaliya birinci mövqedə olmuşdur. Belə ki, hesabat
dövrü ərzində adıçəkilən ölkə
üzrə 3 milyard 894 milyon 546,9 min dollarlıq idxal-ixrac əməliyyatları
həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Amerika Birləşmiş
Ştatları, Fransa, İsrail, Çin, Malayziya, Türkiyə,
Sinqapur, Xorvatiya və s. ölkələr də Azərbaycanın
mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən,
Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə
yanaşı, bir sıra digər sahələrdə də rəqabət
qabiliyyətli məhsul istehsalının genişləndirilməsi
ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb
olmuşdur. Bu da bir çox dövlətlərlə
aparılan ticarət əməliyyatları zamanı müsbət
saldo əldə edilməsinə imkan yaratmışdır.
2011-ci ilin ötən dövrü ərzində ixracın həcminin
bir qədər də artması həmin ölkələrin
siyahısını xeyli genişləndirmişdir. Hesabat
dövründə İtaliya, Amerika Birləşmiş
Ştatları, Fransa, İndoneziya, İsrail, İspaniya,
Hindistan, Malayziya, Xorvatiya, Yunanıstan, Bolqarıstan, Tailand,
Portuqaliya, Misir, Malta, İran İslam Respublikası, Livan və
s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları
zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən
olan Belarus, Türkmənistan, Ukrayna, Tacikistan və
Qırğızıstanla da ticarət dövriyyəsi
zamanı müsbət saldo əldə edilmişdir.
Cari ilin əvvəllərindən
Azərbaycanın ən az ticarət əməliyyatları
apardığı məkanlar, əsasən, uzaq xarici ölkələr
olub. Bunlara isə Brüney-Darüssalam, Anqola, Dominikan
Respublikası, Kribati, Liviya Ərəb Cümhuriyyəti,
Madaqaskar, Lixtenşteyn, Zambiya, Myanma və s. ölkələri
misal göstərmək olar. Ölkəmizdə keçid
iqtisadiyyatının başa çatması, əlverişli
investisiya mühiti, sahibkarlığın
stimullaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlər
qeyri-dövlət bölməsinin inkişafına
böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl
bölmənin xüsusi çəkisinin hazırda 85 faizi
ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl
bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə
apardığı ticarət dövriyyəsinin də həcminin
genişləndirilməsinə imkan yaradır. Belə ki,
hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət
qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha
çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə
istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin
müəyyənləşdirilməsi, xarici və daxili tələbatın
öyrənilməsi iqtisadi artımın sürətlənməsinə
müsbət təsir göstərməklə yanaşı,
idxaldan asılılığın da azaldılması
üçün geniş imkanlar yaradır. Bu məsələni
xüsusi diqqət mərkəzində saxlayan Prezident İlham
Əliyev 28 May - Respublika Günü münasibətilə
keçirilən təntənəli mərasimdə
demişdir: "İqtisadi sahədə şaxələndirmə
ilə yanaşı,idxalı əvəzləyən məhsulların
buraxılması üçün dövlət tərəfindən
əlavə tədbirlər görüləcəkdir.Bu istiqamətdə
böyük uğurlara nail ola bilmişik. Daha da fəal
işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən
biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu
istiqamətdə də böyük addımlar atılır,
istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda
istehsal edilir... Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə
bağlı əlavə tədbirlərin görülməsi
nəticəsində əminəm ki, Azərbaycan
özünü əsas ərzaq məhsulları ilə
yüz faiz səviyyəsində təmin edəcək, eyni
zamanda,bu sahədə güclü ixrac imkanlarımız
yaranacaqdır".
Dövlət
Statistika Komitəsinin Azərbaycanın 2011-ci ilin beş
ayının sosial-iqtisadi inkişafına dair hesabatına əsasən,
yanvar-may ayları ərzində ölkəmizdən xaricə
ixrac olunan mühüm növ məhsulların siyahısı
artmışdır. Xarici ölkələrə göndərilən
malların 94,8 faizini mineral məhsullar, o cümlədən
91,3 faizini xam neft və neft emalı məhsulları, 2,5 faizini
ərzaq malları, 0,9 faizini az qiymətli metallar və onlardan
hazırlanan məmulatlar, 0,6 faizini plastik kütlə,
kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 0,3
faizini mirvari, qiymətli daşlar və metallar, onlardan
hazırlanan məmulatlar, 0,3 faizini kimya sənayesi məhsulları,
0,3 faizini toxuculuq materialları və məmulatları, qalan
0,3 faizini isə digər mallar təşkil etmişdir. 2010-cu
ilin eyni dövrü ilə müqayisədə bəzi ərzaq
məhsullarının, neft məhsullarının, ağacdan
hazırlanmış mebellərin, toxuculuq malları, eləcə
də qiymətli metallar və onlardan hazırlanan məmulatların
və s. ixracı artmışdır. İxracın
strukturunda, həmişə olduğu kimi, bu dəfə də
xam neft üstünlük təşkil etmişdir. Belə ki,
hesabat dövründə Azərbaycandan dünya bazarına 11
milyon 659,1 min ton "qara qızıl" ixrac olunmuşdur.
Bundan əlavə, yarım il ərzində ölkəmizdən
xaricə 517 min 249,8 ton qazoyl, 86 min 396,4 ton ağ neft, 34 min
946,8 ton mühərrik benzini, 89 min 944,2 ton maye yanacaq, 118 min
751,3 ton neft koksu və s. satılmışdır. Cari ilin
beş ayında Azərbaycandan xaricə 1 milyard 897,7 milyon
kubmetr təbii qaz göndərilmişdir.
Hesabat
dövründə Azərbaycandan ixrac olunan bitkiçilik məhsullarından
kartof, təzə tərəvəz, şəkər
çuğunduru, tütün, bitkidən hasil olan piylər və
yağlar, marqarin, makaron məmulatları, meyvə və tərəvəz
konservləri, ağ şəkər, şokolad məmulatları
və s. artmışdır. Bununla belə, çay, meyvə
və tərəvəz şirələri və meyvə
ixracı isə azalmışdır.
2011-ci ilin
beş ayı ərzində ölkəmizə gətirilən
məhsulların 34,4 faizini maşın və mexanizmlər,
elektrotexnika avadanlığı, 16,5 faizini ərzaq malları,
14,4 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar,
15,9 faizini quru, hava və su nəqliyyatı vasitələri,
5,6 faizini kimya sənayesi məhsulları, 3,9 faizini plastik
kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar,
2,7 faizini oduncaq, mantar və onlardan hazırlanan məmulatlar,
2,4 faizini mineral məhsullar, 1,8 faizini optik, fotoqrafik, tibbi və
digər cihaz və aparatlar, qalan 5,4 faizini isə digər
mallar təşkil etmişdir. Hesabat dövründə quş
əti, süd və qaymaq, buğda, düyü və s. ərzaq
məhsullarının, sürtkü yağlarının,
mineral gübrələrin, bir sıra kimya məhsullarının,
bəzi məişət cihazlarının, minik avtomobillərinin
və s. idxalı artmışdır. Mühüm ərzaq məhsullarından
sayılan kərə yağı, təzə meyvələr,
eləcə də bəzi elektrotexnika
avadanlıqlarının, bir sıra məişət
cihazlarının, həmçinin traktor, avtobus və s.
idxalı isə əvvəlki illə müqayisədə
azalmışdır.
Son illər
xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib.
Belə ki, ölkəmizdə yeni istehsal sahələrində
buraxılan məhsullar daxili bazarda satılan analoji xarici
malları tədricən sıxışdırıb
çıxarmış, hətta bəzi hallarda ixraca da
yönəldilmişdir. Bu da son nəticədə daxili
bazarın idxaldan asılılığının
azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft
strategiyası çərçivəsində neft və qaz
hasilatının getdikcə artması adıçəkilən
məhsulların ixracının xeyli çoxalmasına səbəb
olmuşdur. Müqayisə üçün deyək ki,
1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar
- xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər
olduğu halda, hazırda bu göstərici 91,3 faiz təşkil
edir. Diqqətçəkən digər məqam isə ondan
ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq
mallarının xüsusi çəkisi xarici ticarət
dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, ötən
ilin yekunlarına görə, bu göstərici 16,5 faizə bərabər
olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər
ölkədə bu sahədə xüsusi tədbirlər həyata
keçirilir, mühüm dövlət proqramları qəbul
edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin
2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı" xüsusi əhəmiyyət
daşıyır.
Azərbaycanda
dövlət səviyyəsində həyata keçirilən
bir sıra zəruri tədbirlər, strateji məhsulların
idxalında və ixracında bütün fiziki və
hüquqi şəxslərin bərabər
hüquqlarının təmin olunması və
inhisarçılığın qarşısının
alınması istiqamətində görülən işlər,
daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi,
gömrük əlaqələrinin sadələşdirilməsi,
xarici ticarətin liberallaşdırılması, eləcə
də əlverişli investisiya mühitinin yaradılması və
s. məsələlər, heç şübhəsiz, ölkəmizin
xarici ticarət dövriyyəsinin həcminin
artırılmasına imkan yaradacaq.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.-
2011.- 23 iyul.- S. 1.