Azərbaycanda söz və mətbuat azadlığı

 

(əvvəli qəzetimizin 22 iyul 2011-ci il tarixli sayında)

 

Çağdaş mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil isə 2001-ci ildə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzvlüyünün gerçəkləşməsi olmuşdur. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaratmışdır. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırmış, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırmışdır. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qaldırıldı ki, bu da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanırdı. Qeydiyyat sahəsində mövcud əngəllərin aradan qalxması cəmiyyətdə demokratik proseslərin inkişafına yeni impulslar vermiş, söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etmişdir. Ədliyyə Nazirliyində bu gün 4500-dən artıq KİV-in qeydiyyatdan keçməsi də məhz bu liberallaşmanın məntiqi nəticəsi sayıla bilər.

Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. O, Yeni Azərbaycan Partiyasının 1999-cu və 2001-ci illərdə keçirilmiş birinci və ikinci qurultaylarında dövlətin kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdır. Heydər Əliyev milli mətbuatın tarixi nailiyyətlərini, uğurlarını qeyd etməklə yanaşı, mövcud nöqsanları da göstərmiş, dəyərli tövsiyələr vermişdir. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləmiş, qanun pozuntularının yolverilməz olduğunu bildirmişdir. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanuna müvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Xatırlatmaq yerinə düşər ki, məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq ötən illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürmüşdülər. Bu fakt böyük öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

Ulu öndər 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə bağlı keçirilən rəsmi tədbirdə çıxış edərkən demişdir: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Sizi əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində öz siyasətimizi ardıcıl şəkildə aparırıq və aparacağıq. Mətbuat cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə xidmət etməlidir. Mən bütün mətbuatın, müstəqil, müxalifət və ya dövlət mətbuatı fərq etməz, məhz bu yolla getməsini istəyirəm".

Müstəqil Azərbaycan bu gün də demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir - respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər.

Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 8 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

Dövlət başçısı İlham Əliyev fəaliyyətə başladığı ilk gündən respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə lazımi şəraitin yaradılmasının tərəfdarı olduğunu bəyan etmişdir. Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymət verildiyini göstərmişdir. "Əkinçi" qəzetinin 130 illik yubileyinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fond son 3 ildə uğurla fəaliyyət göstərərək mətbuatın inkişafına, o cümlədən qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə dəstək verir.

Konsepsiyanın beşinci hissəsində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri əksini tapmışdır. Fond vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu, fikir, söz və mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi; insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi; sosial və siyasi fəallığının artırılması, ictimai və dövlət maraqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi; Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği, azərbaycançılıq ideyasının təbliği; gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi; regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsinə xidmət edən layihə və proqramları dəstəkləyir. 2010-cu ildə isə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, Milli Mətbuatın 135 illik yubileyinin keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. 2010-cu ilin dekabrında həmin binaların tikintisi üçün Bakıda torpaq sahəsinin ayrılması da Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. "RUH" Jurnalistləri Müdafiə Komitəsinin ötən il keçirdiyi sorğuya əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ilin yekunlarına görə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi isə medianın dövlət başçısına səmimi minnətdarlığıdır. Məlumat üçün bildirək ki, "Jurnalistlərin dostu" mükafatı medianın inkişafında, onun demokratik təsisat kimi formalaşmasında müstəsna xidmətləri olan şəxslərə, ictimai-siyasi və dövlət xadimlərinə verilir. Nəticələrə əsasən, mediaya verdiyi dəyərə və bütövlükdə kütləvi informasiya vasitələrinə diqqətə görə Prezident İlham Əliyev 81 faiz səslə birinci yerə layiq görülmüşdür.

Mükafatın təqdimetmə mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev demişdir: "Bu gün mənim həyatımda çox əlamətdar bir gündür. Mən bu yüksək mükafata layiq görülmüşəm. İstəyirəm ki, bu kürsüdən bu mükafatı mənə verən, məni bu mükafata layiq görən bütün insanları salamlayım, onlara dərin minnətdarlığımı bildirim və sizi əmin edim ki, bundan sonra da mən öz fəaliyyətimdə çalışacağam ki, Azərbaycanda azad mətbuatın, müstəqil mətbuatın inkişafı üçün səylərimi davam etdirəm, Azərbaycanda bütün demokratik islahatların aparılmasında daha da fəal olam və beləliklə, biz ölkəmizin hərtərəfli inkişafını təmin edə bilək".

Dövlət başçısının həmin tədbirdə mətbuatda milli maraqların qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması ilə bağlı fikirləri də obyektiv reallığa söykənir. Bu zərurət təkcə Azərbaycanın müharibə şəraitində yaşaması, ərazilərinin 20 faizinin işğal altında olması ilə şərtlənmir. Nəzərə almalıyıq ki, hazırda bütün planeti təsiri altına alan qloballaşma prosesi bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış dəyərlər sisteminə də təhdidlər doğurur. Belə bir şəraitdə KİV-də milli-mənəvi və əxlaqi dəyərlərə lazım olduğundan daha az diqqət yetirilməsi mənəvi aşınma prosesinə rəvac verə bilər. Milli-mənəvi dəyərlərin, mütərəqqi adət-ənənələrin qorunması zərurəti həm də çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə bağlıdır. Xalqımız yalnız zəngin milli-əxlaqi keyfiyyətlərini, milli "Mən"ini, heysiyyətini qorumaqla gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirə, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edə bilər.

Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Təməli ali ideallar, sağlam və pak amallar üzərində qoyulmuş milli mətbuatımızın bugünkü fəaliyyəti isə tamam fərqli, həm də ürəkaçan olmayan mənzərə yaradır. Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış jurnal və qəzetlərin heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır. Bu gün mətbuatda cəmiyyətdəki bəzi nöqsanlara rasional, düzgün yanaşmanın, obyektiv tənqidin olmaması da özünü ciddi problem kimi göstərir.

Ulularımız "Xəncər yarası sağalar, söz yarası yox", - deyiblər. Jurnalist cəmiyyəti obyektiv informasiya ilə təmin etməklə yanaşı, həm də sözdən peşəkarlıqla istifadə etməli, peşə etikasına hörmətlə yanaşmalıdır. Şübhəsiz, mövcud problemlərin əsasında bəzən media sahəsində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması durur və ötən ilin iyulunda dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının üzvləri ilə keçirdiyi görüşdə bu məqama xüsusi toxunmuşdur. Jurnalistikaya asan qazanc mənbəyi kimi baxan bir çox diletant şəxslər təsis etdikləri "qəzetləri" də özlərinin cılız maraq və ambisiyalarının "tribunasına" çevirmişlər. Sağlam təfəkkürdən, peşəkarlıqdan, savad və məntiqdən uzaq olan belə "cızmaqaraçılar"ın nəinki milli mətbuat, bütövlükdə cəmiyyət üçün başağrısına çevrildiyini də etiraf etməliyik. Bu mənada, xalqın tarixən formalaşmış zəngin mənəvi dəyər və ənənələrinin, əxlaq normalarının belə "yazarlardan" qorunması ilə bağlı ictimai narahatlığın da obyektiv əsasları mövcuddur. Mətbuatın özünütənzimləməsi məqsədilə 2003-cü ildə yaradılmış Mətbuat Şurası xüsusən də "reket jurnalistika"sına qarşı barışmaz və qətiyyətli mövqe tutur, bu məqsədlə ictimai qınaq və məzəmmət üsullarından istifadə edir. Şuranın 100-ə yaxın qəzeti "reket" elan etməsi islahedici addım kimi eyni yolu tutan qəzetlərin fəaliyyətinə də təsirsiz ötüşmür, onların qarşısında ciddi baryerə çevrilir.

Təəssüf ki, bu gün ifrat siyasiləşmiş qəzetlərdə jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, obyektivlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi pozulur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar baş alıb gedir. Xaricdən maliyyələşən bəzi qəzetlər hətta Azərbaycan xalqının dövlət maraqlarına və milli mənafelərinə zidd olan, milli-etnik münasibətləri qızışdıran yazılar dərc etməkdən də çəkinmirlər. Antiazərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, "düşmən dəyirmanına su tökən" bu qəzetlər üçün milli maraq məfhumu da yoxdur. Sözdən qeyri-peşəkar, ləyaqətə toxunan bir formada istifadə isə cəmiyyətdə mənəvi-psixoloji fəsadlara rəvac verir. Azərbaycan Konstitusiyasının 46-cı maddəsi ilə hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ tanınır. Həmin maddənin 1-ci hissəsinə görə "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır". 46-cı maddənin 2-ci hissəsinə görə isə "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz". Çünki vətəndaşların şərəf və ləyaqətinin qorunmasının təminatçısı dövlətdir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən "Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır".

Göründüyü kimi, Əsas Qanunumuz və digər qanunlarımız söz və mətbuat azadlığı ilə yanaşı, insanların şərəf və ləyaqətinin də başlıca təminatçısıdır. Konstitusiyada bunların hansısa biri dominant hüquq və azadlıq kimi önə çəkilmir. Belə olan halda söz və mətbuat azadlığından sui-istifadə yolu ilə insanların şərəf və ləyaqətini təhqir etmək, onlara böhtan atmaq, daha sonra isə məsuliyyətdən yayınmaq üçün şantaj xarakterli kampaniyalara başlamaq yolverilməzdir. Lakin təəssüf doğuran haldır ki, bu gün açıq-aşkar təhqir və böhtan yolunu tutan bir sıra "qəzetlər" bunun müqabilində məsuliyyətdən azad olmağa, qanunsuz fəaliyyətlərini davam etdirməyə çalışırlar. Söhbət təhqir və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147 və 148-ci maddələrin Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı səslənən təkliflərdən gedir. Halbuki bu maddələrin hüquqi tətbiq dairəsi sırf jurnalistika fəaliyyəti ilə məhdudlaşmır. Digərinin şərəf və ləyaqətini alçaldan, təhqir edən və yaxud kiməsə böhtan atan istənilən vətəndaş həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Şərəf və ləyaqətin qorunması hüququnun Konstitusiyaya daxil edilməsi təkcə hüquq elminin, mütərəqqi qanunvericiliyin deyil, həm də insanlığın böyük uğurudur. Çünki şərəf və ləyaqətin qorunması hüququ insanı bir insan kimi zinətləndirən hüquqdur. İnsanın şərəf və ləyaqəti olmasa, o öz çəkisinə bərabər gərəksiz ət və sümükdən ibarət canlıdan başqa bir şey deyil. Şərəf və ləyaqət xalqımızın milli mental dəyərlərində kök salmış keyfiyyətlərdir. Azərbaycan tarixində şərəfli ölümü şərəfsiz yaşamaqdan üstün tutan tarixi şəxsiyyətlər qibtə ediləcək qədər çoxdur. Odur ki, jurnalistin sözdən qeyri-peşəkarcasına istifadə etməklə və ya qəsdən şərəf və ləyaqəti təhqir etməsi, yaxud böhtana məruz qoyması acı nəticələr doğurur və cəmiyyətdə haqlı narazılığa səbəb olur.

Unutmaq lazım deyildir ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapmışdır. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi də birmənalı təsbit edilmişdir. Həmin maddədə göstərilir ki, "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".

Şübhəsiz ki, hər bir hüquq kimi söz və mətbuat azadlığı da mütləq xarakter daşımır və hüdudsuz deyildir. Kimə məxsus olmasından asılı olmayaraq, müəyyən bir qəbildən olan hüquq və azadlıqların hüdudsuzluğu digər qəbildən olan hüquq və azadlıqlarla toqquşaraq hüquqi dövlətin əsas prinsipləri ilə bir araya sığmayan hüquqi xaosa gətirib çıxara bilər. Hüquq və azadlıqlar hüquqi vəzifələrlə uzlaşdırılmalıdır ki, heç kim hüdudsuz hüquq və azadlıqlara malik olmasın. Çünki hüdudsuz hüquq və azadlıqlar yalnız digər hüquq və azadlıqların pozulması hesabına reallaşır. Hüquq və azadlıqların hüquqi vəzifələrlə uzlaşdırılması Azərbaycan Respublikası qanunvericiliyində də dünya təcrübəsinə uyğun olaraq sivil formada həll edilmişdir. Lakin bu gün açıq-aşkar təhqir və böhtan yolunu tutan bir sıra "qəzetlər"in bunun müqabilində məsuliyyətdən tamamilə azad olunması cəmiyyətdə cəzasızlıq presedentinin formalaşmasına rəvac verə bilər.

Bir sözlə, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir. Artıq bu istiqamətdə müəyyən irəliləyişlər hiss olunur və ciddi mətbuat özünün xilası naminə "reket jurnalistika"sına qarşı mübarizə aparır. İnanırıq ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin nəticəsi olaraq mətbuatımız saflaşacaq, əsl jurnalistika prinsipləri ilə çalışacaq, cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 3.