Şabran: İlin altı ayının uğurları və qarşıda duran vəzifələr

 

Azərbaycanda həyata keçirilən Heydər Əliyev siyasətinin əsas prinsiplərindən biri də ölkənin bütün regionlarının ümumi iqtisadi inkişaf strategiyasından kənarda qalmaması və bütün respublika əhalisinin sosial rifah içində yaşamasını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çox böyük uğurla həyata keçirdiyi bu strategiyanın parlaq nəticələri ölkənin bütün bölgələrində bu günün reallıqları kimi göz önündədir.

İyulun 21-də Şabranda keçirilən 2011-ci ilin birinci yarısının yekunları və ikinci yarımillikdə qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyətinin hesabatında da bu reallıqlardan danışıldı, əldə edilən uğurlarla yanaşı, problemlər və onlardan çıxış yolları təhlil olundu.

Geniş hesabat məruzəsi ilə çıxış edən Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu müddət ərzində görülən işlərdən danışmazdan əvvəl qeyd etdi ki, Azərbaycan üçün nailiyyətlər ili kimi xarakterizə olunan 2011-ci ilin birinci yarısında ölkə iqtisadiyyatının bütün sahələrində yüksək nəticələr əldə olunmuş, xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasına yönəldilmiş proqramların icrası uğurla davam etdirilmişdir. Hesabat dövründə dövlət başçısı Azərbaycanın sosial-iqtisadi tərəqqisinin daha da sürətləndirilməsinə, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılmasına xidmət edən çox ciddi addımlar atmış, bir sıra mühüm sənədlər qəbul etmişdir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə ətraflı məlumat verilmiş və qeyd olunmuşdur ki, bu ilin I yarısında iqtisadiyyatımız 0,9 faiz artmış, Azərbaycan iqtisadiyyatının enerji amilindən asılılığı azalmış, iqtisadiyyatın şaxələndirilməsi üçün əlavə imkanlar yaradılmışdır.

Kənd təsərrüfatında 6,2 faiz artım müşahidə olunmuş, əhalinin pul gəlirləri 17 faiz çoxalmış, bu fakta rəğmən inflyasiya 8,8 faiz artmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin yekun nitqində söylədiyi kimi "Qəbul olunmuş proqramlar ona gətirib çıxarır ki, Azərbaycan sürətlə, uğurla inkişaf edir və yaxın zamanlarda dünyanın inkişaf etmiş ölkələri sırasına daxil ediləcəkdir". Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan xalqımız üçün bu, Heydər Əliyev strategiyasının təntənəsini göstərən çox böyük uğurdur.

Novruz Novruzov qeyd etdi ki, ölkəmizin bütün regionlarında olduğu kimi, Şabranda da 2011-ci ilin birinci yarısında sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işləri uğurla davam etdirilmiş, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilməkdədir.

Bu müddətdə rayonda ümumdaxili məhsul istehsalının ümumi həcmi 94 milyon 964,2 min manat olmuş, sənaye məhsulu istehsalı 17 faiz artaraq 5 milyon 886,1 min manata, kənd təsərrüfatı məhsulları istehsalı 48 faiz artaraq 27 milyon 197,7 min manata yüksəlmişdir. Özəl sektorda sənaye məhsulları istehsalının həcmi 86,0 faizə, kənd təsərrüfatında isə 99,8 faizə çatmışdır.

Rayonda sahibkarlığın inkişafı ilə əlaqədar nəzərdə tutulan tədbirlər bu gün də davam etdirilir. Aprel-iyun aylarında sahibkarlıq subyektlərinin sayı 1889-a çatmışdır ki, bu da əmək qabiliyyətli əhalinin 7,0 faizini təşkil edir.

6 ay ərzində sahibkarlıqla məşğul olan 2531 nəfərə 2,3 milyon manat kredit verilmişdir. Həmin dövrdə 229 yeni iş yeri açılmışdır ki, bunun da 137-si daimi iş yeridir. Son 7 il 6 ayda isə rayonda açılan 5696 iş yerindən 2962-si daimidir.

Rayon üzrə orta aylıq əmək haqqının artım dinamikası da qalmaqdadır. Hazırda 257,5 manat təşkil edən orta aylıq əmək haqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Yeni istehsal, emal müəssisələrinin yaradılması və mövcud olanların bərpa edilməsi istiqamətində də işlər davam etməkdədir. Rayonun ən iri istehsal müəssisəsi olan "Dəvəçi Broyler"ASC ilin birinci yarısında 7675 ton quş əti istehsal etmişdir. İlin sonuna isə bu rəqəmin 11-12 min tona çatdırılması gözlənilir. Fabrikdə tikilib quraşdırılmaqda olan quş ətinin dərin emalı sexinin bir hissəsi artıq işə düşmüşdür. İlin sonuna kimi tam gücü ilə işləyəcək sexdə 4 min ton yarımfabrikat məhsul istehsalı proqnozlaşdırılmışdır. Sex tam gücü ilə işə düşdükdən sonra əlavə daha 70 nəfər işlə təmin olunacaqdır.

Rayonun Gəndov kəndində şərab emalı müəssisəsi, "Dəvəçi Dəyirman"ASC-nin nəzdində 300 minlik yeni "Broyler"quşçuluq müəssisəsinin Sahibkarlığa Kömək Milli Fondundan alınan kredit hesabına tikintisi davam etmişdir. İlin sonunadək işə başlayacaq bu müəssisədə 80 nəfər işlə təmin olunacaq. Gül, bəzək kolları yetişdirən yeni yaradılmış "Şabran bağçılıq texnikası" müəssisəsində isə artıq 25 nəfər çalışır.

Bu ilin mart ayında Şabran şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 16 mənzilli yaşayış evi istifadəyə verilmiş, 15 Qarabağ müharibəsi əlili və bir şəhid ailəsi mənzillə təmin olunmuşdur. Şabran şəhərində və Uzunboyad kəndində 2 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikilmişdir. Natiq göstərdi ki, rayonda kənd təsərrüfatının inkişafı sahəsində də ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bilirsiniz ki, möhtərəm Prezident müşavirədəki nitqində növbəti dəfə taxılçılığın inkişaf etdirilməsini, ərzaq təhlükəsizliyi məsələlərini ciddi bir vəzifə kimi qarşıya qoydu. Cari ilin məhsulu üçün fermerlərimiz 10427 hektar sahədə taxıl əkmişlər. Kənd təsərrüfatı bitgilərinin ümumi əkin sahəsi 12233 hektardır. Fermerlərin məhsuldar toxumla təmin edilməsi üçün "Zaman NM" toxumçuluq təsərrüfatı yaradılmışdır.

Rayonda üzümçülük sürətlə inkişaf edir. Yanvar-iyun aylarında 100 hektar sahədə yeni üzüm bağları salınmış və beləliklə, üzümlüklərin ümumi sahəsi 270 hektara çatdırılmışdır. Son 3 ildə Ağbaş, Gəndov, Aygünlü kəndlərində yüzlərlə hektar üzüm bağlarının salınmasına ciddi hazırlıq işləri aparılır. Bu dövr ərzində meyvə bağlarının sahəsi də 336 hektar artaraq 1234 hektara çatmışdır.

6 ay ərzində mal-qaranın sayının çoxalmasına, heyvandarlıq məhsulları istehsalının da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artmasına, ət istehsalının 3 min 900 ton, süd istehsalının isə 7 min 474 ton artmasına nail olunmuşdur.

Əhalinin və ümumiyyətlə bütün istehlakçıların elektrik enerjisi, təbii qaz, içməli su və digər enerji daşıyıcıları ilə təminatı olduqca yaxşılaşdırılmışdır. Rayon Elektrik Şəbəkəsi Şabran şəhərinin paylayıcı şəbəkəsində yenidənqurma işlərini davam etdirmiş, altı ayda 0,8 kilometr hava xətti çəkilmiş, 35 köhnəlmiş dayaq dəyişdirilmiş, 3 transformator yenisi ilə əvəz olunmuşdur.

2011-ci ilin birinci yarısında ümumi istehlakçılar, o cümlədən əhali fasiləsiz elektrik enerjisi ilə təmin edilmiş və ümumilikdə istehlak olunan elektrik enerjisinin dəyəri 92,4 faiz, əhali tərəfindən isə 85,4 faiz ödənilmişdir.

Rayonun qaz təchizatının yaxşılaşdırılması və bu sahədə problemlərin həlli istiqamətində də az iş görülməmişdir. Məlim olduğu kimi, "Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə rayonun qaz təchizatının yenidən qurulması planlaşdırılmışdır. Üç mərhələdə aparılacaq tikinti, yenidənqurma işlərinin birinci mərhələsi - Şabran şəhərinin qaz şəbəkəsinin yenidən qurulması başa çatmış və şəhər əhalisi normal təbii qazla təmin olunmuşdur. İlin birinci yarısında ümumi istehlakçılar tərəfindən qazın dəyəri 95,9 faiz, əhali tərəfindən 94,6 faiz ödənilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında, Dünya Bankının maliyyə dəstəyi ilə respublikada "İkinci milli su təchizatı və kanalizasiya xidməti layihəsi" çərçivəsində 16 rayonda, o cümlədən Şabran şəhərində su təchizatı şəbəkəsinin və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuş və 2011-ci ilin 6 ayında bu işin icrasına başlanmışdır. Respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə podratçı təşkilat olan Fransanın "Sade" şirkəti tərəfindən inşa edilən layihə Şabran şəhəri və ona yaxın Surra, Güləmli, Sincanboyad yaşayış məntəqələrini, Qarabağlı qəsəbəsini əhatə edir. Layihədə ümumi tutumu 3,7 min kubmetr olan 3 ədəd su anbarı, 2 nasos stansiyası, təmizləyici qurğunun tikintisi, bütün abonentlər üçün su sayğaclarının quraşdırılması və işlərin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

2011-ci ilin 6 ayında Dövlət büdcəsinin yerli xərcləri hesabına cəmi uzunluğu 1,8 kilometr olan 2 küçə 11600 kvadratmetr asfalt, 10260 kvadratmetr çınqıl və qırma daşla yenidən döşənmişdir.

Son 3 ildə dövlət büdcəsinin yerli xərcləri hesabına Şabran şəhərində uzunluğu 14,5 kilometr, ümumi sahəsi 102 min 873 kvadratmetr olan 26 küçəyə asfalt-beton örtük verilmişdir. 18,9 kilometr uzunluğunda 39 küçəyə yeni çınqıl yol çəkilmişdir. Hələ 30 kilometr şəhərdaxili yol asfaltlanmalı və 28 kilometr torpaq yolu tikilməlidir.

Cari ilin ötən müddətində rayonda tikinti, abadlıq və quruculuq işləri davam etmişdir. Yanvar-iyun aylarında 7,9 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülmüşdür. Bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyon manat çoxdur.

Şabran şəhərində 80 çarpayılıq yeni xəstəxananın, Vələsli kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi tamamlanmaq üzrədir.

Cari ilin 6 ayında 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Terminalı, yeni "Azpetrol" yanacaqdoldurma mərkəzi istifadəyə verilmişdir. Dövlət investisiya vəsaiti hesabına Aygünlü kənd tam orta məktəbinin əsaslı təmirinə başlanılmış, qəzalı vəziyyətdə olan Pirəbədil kənd tam orta məktəbinin tikintisi üçün hazırlıq işləri görülür.

İcra hakimiyyətinin başçısı görülən işlərlə yanaşı, qarşıda duran vəzifələr və onların həlli yolları barədə də ətraflı danışdı və bildirdi ki, uğur qazanmaq üçün növbəti 6 ayda da var gücümüzlə işləməli və dövlət başçısının etimadını doğrultmalıyıq.

Sonra məruzə ətrafında çıxışlar oldu. Bütövlükdə Şabran Rayon İcra Hakimiyyətinin 2011-ci ilin 6 ayındakı fəaliyyəti qənaətbəxş hesab edildi.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 5.