Xocalı və Lidiçe: faciənin oxşar ünvanları

 

Bəşəriyyət tarixində baş vermiş irili-xırdalı müharibələr zamanı xüsusi amansızlığı və qəddarlığı ilə seçilən qanlı cinayətlər tarixin yaddaşına əbədi həkk olunmuşdur. Bu faciələrdən biri 1942-ci il iyun ayının 10-da faşist Almaniyası tərəfindən Çexiya Respublikasının Lidiçe qəsəbəsində törədilmişdir. Faşist Almaniyasının Praqa şəhərindəki komendantı Hayndrixə qarşı törədilmiş sui-qəsddə iştirak etməkdə şübhəli bilinən şəxslərdən birinin izinin Lidiçe qəsəbəsinə gəldiyini eşidən Hitler həmin qəsəbənin yer üzündən tamamilə silinməsi və əhalisinin məhv edilməsinə dair xüsusi tapşırıq vermişdir. Nəticədə qəsəbə bütövlükdə dağıdılmış, 16 yaşından yuxarı olan kişilərin hamısı yerindəcə güllələnmiş, qadınlar və uşaqlar konslagerlərə sürgün edilərək orada müxtəlif üsullarla, o cümlədən qaz kameralarına salınaraq qətlə yetirilmişlər. Lidiçe faciəsində qətlə yetirilənlərin 83 nəfəri 16 yaşından aşağı körpələr və uşaqlar olmuşdur.

Lidiçe faciəsindən düz 50 il sonra, yəni 1992-ci il fevral ayının 26-da isə erməni silahlı qüvvələri və onların havadarları tərəfindən Azərbaycanın Xocalı şəhərində həmin faciəyə bənzər digər soyqırımı hadisəsi törədildi. Özlərini məzlum xalq kimi təqdim edən ermənilər XX əsrin sonunda insanlığa sığmayan, normal düşüncə sahibinin təsəvvürünə gətirə bilmədiyi soyqırımı aktına imza atdılar. Bir neçə saat içərisində yeddi min əhalisi olan şəhər tamamilə darmadağın edildi, 613 dinc sakin ən ağır işgəncələrə məruz qoyularaq qətlə yetirildi. Bu azmış kimi qətlə yetirilənlərin meyitləri belə, təhqir edilərək alçaldıldı.

Qətlə yetirilənlərin 63 nəfəri uşaqlar, 106 nəfəri qadınlar, 70 nəfəri qocalar olmuş, 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin yalnız bir nəfər üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 230 ailə başçısını itirmişdir. 487 nəfər müxtəlif dərəcəli güllə yarası alaraq əlil olmuş, 200 nəfərin ayaqlarını don vurmuş, 1275 nəfər əsir götürülmüş və işgəncələrə məruz qalmışdır. 150 nəfərin isə taleyindən bu günə qədər məlumat yoxdur.

Xocalıda xalqımızın başına gətirilən bu dəhşətli hadisənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı və ardıcıl iş aparılır. İstər ümummilli liderimiz Heydər Əliyevin, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin keçirdiyi bütün görüşlərdə, eləcə də beynəlxalq səviyyəli danışıqlarda Xocalı faciəsi xüsusi olaraq vurğulanmış, ermənilər tərəfindən Xocalı şəhərinin işğalı zamanı xalqımıza qarşı soyqırımı siyasətinin həyata keçirilməsi haqqında həqiqətlər görüş iştirakçılarının diqqətinə çatdırılmışdır.

1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra məhz onun təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildibu dəhşətli hadisə ermənilərin azərbaycanlılara qarşı soyqırımı aktı kimi öz layiqli qiymətini aldı. O, dövrdən başlayaraq hər il Xocalı faciəsinin ildönümü ərəfəsində ölkə rəhbərinin iştirakı ilə silsilə tədbirlər keçirilir, Xocalıda baş vermiş bu soyqırımı hadisəsi haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır. 1996-cı il fevral ayının 24-də ümummilli liderimiz Prezident İqamətgahında Xocalıdan olan bir qrup şəhid ailəsini və ziyalıları şəxsən qəbul etmiş, hadisə iştirakçılarını dinləmişdir. Ümummilli liderimiz tədbirdə demişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il fevralın 10-da Goranboy şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış sahəsinin və orada Xocalı faciəsinə həsr edilmiş abidənin açılışı zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Dünya birliyi Xocalı haqqında məlumatsız idi. Ermənilər Azərbaycanda olan bəzi adamların çox çirkin bəyanatlarından istifadə edib, Xocalı faciəsi haqqında müəyyən dərəcədə tam yalan təsəvvür yarada bilmişdir. Ona görə bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi. İndi Xocalı haqqında dünyada bilirlər, Xocalı faciəsi haqqında kifayət qədər məlumatlar var. Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə".

Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə əsasən, Xocalı haqqında məlumatların çatdırılması işində Azərbaycan Respublikasının xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri, dünya dövlətlərində fəaliyyət göstərən diaspor təşkilatlarımız, xüsusən də Heydər Əliyev Fonduonun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva olduqca yaxından iştirak edirlər. Dağlıq Qarabağ haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və xarici dövlətlərdəki diaspor təşkilatlarımızın Dağlıq Qarabağla bağlı lazımi materiallarla təmin edilməsində Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi də fəal iştirak edir.

Çexiya Respublikasında yaşayan azərbaycanlıların təşəbbüsü, Heydər Əliyev FondununDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə 2007-ci ilin fevral ayından etibarən bu ölkənin Lidiçe qəsəbəsi ilə Xocalı rayonu arasında əməkdaşlığın təməli qoyulmuşdur. 2007 və 2010-cu illərdə Çexiya Respublikasında, o cümlədən Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər keçirilmişdir. Lidiçe ilə Xocalı arasında əməkdaşlığın dərinləşdiyini görən mənfur ermənilər bunun qarşısını almağa yönəlmiş şər-böhtanla dolu kampaniyalar təşkil etməyə başlamışlar. Memorandum imzalanacağından xəbər tutan Ermənistan rəhbərliyi bu əməkdaşlıq sənədinin imzalanmaması üçün Ermənistan dövləti adından Çexiya Respublikasına rəsmi bəyanat göndərmiş, Ermənistanın Vyanadakı səfiri Aşot Avakimyanın rəhbərliyi altında Çexiyada fəaliyyət göstərən "Ermənistan" klubunun rəhbəri Tiqran Abramyanın, bu ölkədə üç dildə (ingilis, çex, erməni) nəşr edilən "Oqeq" adlı Avropa jurnalının baş redaktoru Akop Asatryankeşiş kimi fəaliyyət göstərən Barsik Plavçiyanın daxil olduğu nümayəndə heyəti 2010-cu il fevral ayının 25-də Lidiçe Xatirə Kompleksinə göndərilmiş və onlara Xocalı ilə Lidiçe arasında hər hansı bir sənədin imzalanmasının qarşısının alınması tapşırılmışdır. Ermənistan rəhbərliyinin bu qədər canfəşanlıq göstərməyinə baxmayaraq, 2010-cu il martın 1-də Lidiçe Xatirə Kompleksi ilə Xocalı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 9 maddədən ibarət olmaqla bu əməkdaşlıq memorandumu Lidiçe və Xocalı faciələri haqqında həqiqətləri geniş ictimaiyyətə çatdırmaq, bu faciələrin ildönümlərinin hər il birgə qeyd edilməsini əsas məqsəd kimi müəyyən etmişdir. 2007 və 2010-cu illərdə Çexiya Respublikasında keçirilən tədbirlərdə Xocalı rayon ictimaiyyətini rayon icra hakimiyyəti başçısının müavini Vahid Əliyev təmsil etmiş və Xocalı Rayon İcra Hakimiyyəti adından əməkdaşlıq memorandumu imzalamışdır.

Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının 8 iyun 2010-cu il tarixli sərəncamı ilə Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsindəki küçələrdən birinə "Lidiçe" adı verilmiş, 2010-2011-ci illərdə iyunun 10-da Lidiçe faciəsinin ildönümləri Xocalı rayon ictimaiyyəti tərəfindən qeyd olunmuşdur.

2011-ci il iyulun 8-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayevin, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, Milli Məclisin deputatı Elman Məmmədovun, Çexiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanın, Lidiçe Xatirə Kompleksinin nümayəndəsinin, Goranboy və Xocalı rayon nümayəndələrinin iştirakı ilə Aşağı Ağcakənd qəsəbəsindəki "Lidiçe" küçəsinin açılışı və həmin küçənin girişində "Lidiçe" faciəsini əks etdirən xatirə lövhəsinin təməlqoyma mərasimi, həmçinin Çexiya Respublikasını təmsil edən nümayəndələrlə birlikdə bir sıra kütləvi tədbirlər keçirilmişdir. Xocalı ilə Lidiçe arasında əməkdaşlığın zəruriliyi nəzərə alınaraq, rayon icra hakimiyyəti tərəfindən "Xocalı şəhəri ilə Çexiya Respublikasının Lidiçe qəsəbəsi arasında əməkdaşlığın genişləndirilməsi haqqında" yeddi bənddən ibarət sərəncam imzalanmışdır.

Xocalı şəhəri ilə Lidiçe qəsəbəsinin düçar olduqları bu dəhşətli faciələr, oxşar talelər bizi bir-birimizə daha həssaslıqla yanaşmağa sövq edir. Bu səbəbdən də biz bundan sonra da əməkdaşlığın dərinləşməsi istiqamətində bütün vasitələrdən istifadə etmək niyyətindəyik.

Yeri gəlmişkən, Xocalının sağ qalmış sakinləri hazırda respublikamızın 51 rayon və şəhərində məskunlaşmışlar. Onlar hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Dövlət başçısının tapşırığı ilə müvafiq dövlət qurumları, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Xocalı Rayon İcra Hakimiyyəti, onun yerli nümayəndəlikləri Xocalı sakinlərinin normal həyat ritminə qaytarılması və dinc quruculuq işlərinə cəlb edilməsi, keçirdikləri sarsıntıların unudulması və mövcud problemlərin həlli üçün bütün vasitələrdən istifadə edirlər. Artıq xocalılılar da ölkəmizin sürətli iqtisadi yüksəlişində fəal iştirak etməyə çalışırlar. Xocalılılar böyük əminlik hissi ilə inanırlar ki, erməni işğalı altında olan bütün torpaqlarımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yaxın vaxtlarda azad olunacaq və Xocalı soyqırımını törətmiş erməni cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

 

 

Şahmar USUBOV,

Xocalı Rayon İcra Hakimiyyətinin

başçısı, Dağlıq Qarabağın Azərbaycanlı

İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü

 

Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 6.