Ağdamın işğalından
18 il ötür
Xəyanət
Ağdamı əysə də, sındıra bilmədi
- Qarabağda min bir fitnə-fəsad,
ağlasığmaz vəhşilik törətmiş erməni
silahlı quldurları Ağdamı ələ keçirməyi
ağıllarına belə
sığışdırmırdılar. Təcavüzkar Ermənistan
Respublikası siyasi-hərbi himayədarlarının köməyi
ilə Dağlıq Qarabağdakı azərbaycanlılar
yaşayan məntəqələri yer üzündən silib,
Azərbaycanın gözünü qırmaq üçün
Xocalı soyqırımını bilərəkdən törədib,
Şuşa, Laçın və Kəlbəcəri
işğal edib muxtar vilayətdə möhkəmlənəndən
sonra, əslində, Azərbaycanın güclü əks-hücumunu
gözləyirdi...
Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Nizami Sadıqov rayonun
işğalının 18-ci ildönümü ilə
bağlı söhbətinin davamında dedi:
- 1992-ci ilin mayında ölkədə
yaratdığı siyasi böhran və hərcmərclik
şəraitində Şuşanın və
Laçının asanlıqla itirilməsinə bais olub,
hakimiyyətə gələn AXC-Müsavat
cütlüyünün strateji və taktiki
hazırlıqsız apardığı döyüş əməliyyatları
nəticə etibarilə ermənilərin xeyrinə oldu.
Böyük itkilər bahasına ələ keçirilmiş
Ağdərə yenidən itirildi. Azərbaycandakı səriştəsiz
və məsuliyyətsiz hakimiyyətin zəifliyini görən
Ermənistan və dəmtutanları Kəlbəcəri
işğal etməklə Qarabağdakı separatçı
rejimə ikinci dəhliz açdılar.
Birillik hakimiyyəti dalana dirənmiş
AXC-Müsavat iqtidarının rəhbərləri və
yüksək çinli hərbçiləri Gəncədə
hərbi toqquşma yaradıb ölkəni iflic vəziyyətə
salanda ermənilər Azərbaycanın içərilərinə
doğru irəliləməyə iştahlandılar.
Ağdamın qərb tərəfdən qapısı olan
Abdal-Gülablı dərəsi hələ payızda
müdafiəsiz qalıb ermənilərin əlinə
keçmişdi. Gəncə hadisələri günlərində
Əsgəran-Ağdərə istiqamətində
Ağdamı qoruyan yüksəkliklərdəki hərbi
texnika və canlı qüvvə çıxarılıb Surət
Hüseynovun üstünə aparılmışdı.
Ağdamı yuxularında belə görməyə cəsarət
etməyən ermənilər bu cinayətkarcasına məsuliyyətsizlikdən
ürəklənib, Xaçın dərəsi tərəfdən
sürətlə irəliləyərək Ağdərə
yoluna - Şahbulağa çıxdılar. Onlarca müdafiəsiz
kəndimizi asanlıqla ələ keçirən düşmən
şimal tərəfdən Ağdam şəhərinin bir
neçə kilometrinə çıxdı.
Həmin günlərdə ölkəni
vətəndaş qarşıdurmasından, xaos və
ümidsizlikdən xilas etmək üçün xalq ayağa
qalxıb Naxçıvanın xilaskarına çevrilmiş
dünya miqyaslı siyasətçi, ümummilli lider Heydər
Əliyevə üz tutdu, onu ölkəni fəlakətdən
çıxarmağa dəvət etdi. O vaxt Bakıya gəlib
yeni yaranmış dövlətin parlamentinə sədr
seçilən Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışını əngəlləmək istəyən
hərbi-siyasi müxalifətin rəhbərləri Surət
Hüseynov və Rəhim Qazıyevin işarəsi ilə xəyanətkar
polkovnik Əlikram Hümbətov rəhbərlik etdiyi iri
qoşun birləşməsini cənub istiqamətdən -
Xocavənd cəbhəsindən çıxarıb Lənkərana
apardı. Onun burada yaratdığı hərbi-separatçı
rejim Azərbaycanda ikinci bir qarşıdurma mərkəzinə
çevrildi. Bütün bunları görən
sadvalçılar respublikanın şimal bölgələrində
fəallaşdılar. Cəbhə xəttində
özbaşınalıq və fərarilik artdı.
Yaranmış şəraitdə hərbi
qüvvələrə nəzarəti ələ
keçirmiş baş nazir Surət Hüseynov, əslində,
Ağdamın müdafiəsini təşkil etmədi. O
günlərdə gecəli-gündüzlü Azərbaycanın
itirilməkdə olan siyasi müstəqilliyinin keşiyində
dayanan, fasiləsiz siyasi-diplomatik danışıqlar aparan,
ölkədəki qarşıdurmaları aradan qaldıran ulu
öndər Heydər Əliyevə siyasi təzyiq kimi xəyanətkar
qüvvələr Ağdamı düşmənə təslim
etməkdən çəkinmədilər...
...Bayaqdan Ağdamın
işğalına aparan yoldan, o dövrün mürəkkəb
vəziyyətindən söz açan Nizami Sadıqov bu yerdə
dayandı, səsini titrədən qəhər və nifrəti
boğmağa çalışdı. Sonra ulu öndər Heydər
Əliyevin iri portretinə baxaraq inamlı bir səslə dilləndi:
- Bu işlər, bu bağışlanmaz
xəyanətlər ona görə baş verdi ki, o vaxt xalq
başsız idi. Millət atası Heydər Əliyev dar
gündə Moskvanın təzyiq və təhdidlərindən
yaxa qurtarıb Vətənin imdadına gələndə namərdlər
onu ağsaqqal yerində oturdub, məsləhətlərinə
qulaq asmadılar. Ona görə də bu dar qafalı vəzifə
düşgünləri bir-birinə qənim kəsilib ölkəni
idarəolunmaz vəziyyətə gətirdilər. Xocalı od
içində yananda qulaqları kar oldu. Şuşa əldən
gedəndə heç nəyi görmədilər.
Qarabağın arxa qapısı Laçın mühasirəyə
düşəndə tükləri tərpənmədi. Kəlbəcəri
göz baxa-baxa güdaza verdilər. Ağdam da hərki-hərkiliyin,
bir-birinə zərbə vurmaq ehtirasının qurbanı oldu.
Xalq bunu doğru deyir ki, ulu öndər
Heydər Əliyev Qarabağ məsələsi başlananda
hakimiyyətdə olsaydı, ermənilər cəsarət edib
üstümüzə yeriməzdilər. İşdir, belə
bir cəhd olsaydı, qüdrətli lider onları dərhal
yerində oturdardı. Bir sözlə, hər şey əldən
gedəndən, xalq "öldü-qaldı" dilemması
qarşısında qalandan sonra son sözünü deyib, Heydər
Əliyevi rəhbərliyə gətirdi. Lakin artıq bir
çox mövqelər əldən verilmiş, Ağdamın,
Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın,
Xocavəndin müdafiəsi başlı-başına
buraxılmışdı.
Təsəvvür edirsinizmi, parlamentdə
baş nazir vəzifəsini qəbul edən, hərbi qüvvələrə
nəzarəti ələ keçirən, "Qarabağı
mən azad edəcəyəm" - deyən Surət
Hüseynov AXC-Müsavat hakimiyyəti dövründə
olduğu kimi, bu dəfə də yalançı qəhrəman
imici ilə ortaya çıxıb qaş düzəltmək əvəzinə,
göz tökdü. Bayaq dediyim kimi, onun bais olduğu
qarşıdurma ucbatından Ağdam müdafiəsiz qalıb
sürətlə irəliləyən düşmənin əhatəsində
qaldı. O günlərdə Surət Hüseynovun Ağdama gələn
tör-töküntü qüvvələri düşmənə
bir güllə belə atmadan öz kəndlərimizin əhalisini
vahiməyə salıb, qaçırdıb evlərini qarət
etdilər. Sonra da hansı tapşırıqlasa
çıxıb getdilər. Ağdamı müdafiə edən
kiçik bir qüvvə isə ermənilərin güclü
həmləsinin qarşısını ala bilməyib geri
çəkildi. Əhali mühasirəyə düşüb
məhv olmamaq üçün ev-eşiyini qoyub,
uşaqlı-qocalı, qız-gəlinli çöllərə
səpələndi.
O günlərdə
Surət Hüseynov, Rəhim Qazıyev "cənub
padşahı" Əlikram Hümbətovla Xanbulan
gölünün üstündə kef çəkirdilər.
Taleyin ümidində qalmış 150 min ağdamlının
qarşısına o müsibətli günlərdə
xalqın həqiqi rəhbəri Heydər Əliyev
çıxdı. İyulun 23-də Ağdamın
süqutundan sonra arxadan vurulmuş bu qəfil zərbəyə,
amansız xəyanətə dözməyən ulu öndər
özünü Bərdəyə yetirdi. Onun həyata
keçirdiyi qəti tədbirlər Ağdamın tam
işğal edilməsinin qarşısını aldı. O
böyük insan yurdundan qovulmuş 120 min insana arxa-dayaq oldu. Həyat
mənbəyini itirmiş insanlar təcili-təxirəsalınmaz
tədbirlərlə məhv olmaqdan xilas edildi.
Sonrakı aylarda xalqın böyük əksəriyyətinin
iradəsi ilə Prezident seçilən, Ali Baş Komandan səlahiyyətlərini
həyata keçirən Heydər Əliyev sürətlə
həqiqi milli ordu yaratdı. Ağdamın yerdə qalan kəndlərinin
etibarlı müdafiəsi təmin edildi. Cəbhəyanı kəndlərdə
həyatın ahəngi bərpa edildi. 125 yaşayış məntəqəsi
işğal altına düşsə də yerdə qalan 44 kəndin
əsasında Ağdamın bir rayon kimi fəaliyyəti bərpa
edildi. İlk vaxtlar rayon ərazisində 40 minədək əhalinin
yaşayıb-işləməsi təmin edildi. Sonrakı illərdə
ulu öndərin bilavasitə köməyi, qayğısı
ilə bu rəqəm 70 minə yüksəldi. Ağdam
düşmən və xəyanətkarların əli ilə əyilməyə
məcbur edilsə də, Heydər Əliyevin atalıq
qayğısı, dəyanəti, mərdliyi ilə
sınmadı, dikəlib ayağa qalxdı. Düşmənlə
üzbəüz 18 ildir ki, Ağdam yaşayır,
uğurlarını, güc-qüvvəsini artırır,
düşmənin doğru yola qayıtmasını gözləyir.
Nizami Sadıqov daha sonra bunları bildirdi:
- 2003-cü ildən bəri ulu öndərin
layiqli davamçısı Prezident İlham Əliyevin
qayğısı ilə bütün
qaçqın-köçkün bölgələri kimi,
Ağdamın da problemləri sürətlə həll edilir.
Bildiyiniz kimi, ölkədə artıq bir çadır şəhərciyi
də qalmayıb. Yeni salınmış abad şəhərciklərə
20 minədək ağdamlı köçüb.
Ötən 18 ildə yaşayış məntəqələrimizdə
kommunikasiyalar tam qaydaya salınmış, tikinti-quruculuq, əkin-biçin,
təsərrüfat işləri uğurla davam
etdirilmişdir. İndi 175 mindən çox əhalinin
yarısı rayonda məskunlaşıb. Başqa şəhər
və rayonlara sığınmış həmyerlilərimizlə
normal əlaqə yaradılıb. Rayonun əksər idarə
və təşkilatları
böyüyüb-abadlaşmış Quzanlı qəsəbəsində
və Xındırıstan kəndində fəaliyyət
göstərir. Torpaqlar özəlləşdirilmiş, bir
sıra sahibkarlıq müəssisələri
yaradılmışdır. Ötənilki işğal
günündən sonra rayonda yeniliklərin sayı sürətlə
artmışdır. Bu ilin 6 ayı isə rayonumuz
üçün daha uğurlu olmuşdur.
Bu yerdə Ağdam RİH-in
başçısı 6 aylıq hesabatdan bəzi fakt və rəqəmlərə
nəzər saldı:
- Nazirlər Kabinetinin iclasında Prezident
İlham Əliyev respublikanın kənd yollarının
çəkilməsini xüsusi olaraq qeyd etmişdir. Çox
fərəhli haldır ki, bu iş ilk olaraq Ağdam rayonundan
başladı. Prezident 11 iyul 2011-ci il tarixdə "Ağdam
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
üçün əlavə tədbirlər haqqında" sərəncam
imzalamış, rayonun 46 min əhalisinin
yaşadığı 21 kəndi, 6 köçkün qəsəbəsini
birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli
avtomobil yolunun tikintisi üçün 6 milyon manat vəsait
ayırmışdır. Bu Ağdam rayonuna, bütün
ağdamlılara cənab Prezidentin böyük diqqət və
qayğısıdır. Artıq yolun tikintisinə
başlanılmışdır.
2011-ci ilin birinci yarısında Ağdam
rayonunda abadlıq, tikinti və quruculuq işləri davam
etdirilmiş və müəyyən işlər
görülmüşdür. Belə ki, rayon üçün
mühüm obyektlər olan Doğum evi və Uşaq xəstəxanasının
tikintisi və Mədəniyyət evinin əsaslı təmiri
başa çatdırılmışdır. Rayonun Bayraq
meydanı yenidən qurulmuş, 16x8 metr ölçüdə
yeni bayraq asılmışdır.
Heydər Əliyev prospektində abadlıq
işləri davam etdirilmiş, təhsil şöbəsinin
inzibati binasından Doğum evi və Uşaq xəstəxanasına
qədər səki salınmış, işıqlandırma
sistemi quraşdırılmış və kənarları ilə
ağaclar əkilmişdir. Prospektin "Kapital" bankın
qarşı hissəsində də abadlıq işləri
aparılmış, bəzək kolları əkilmişdir.
Cari ilin keçən dövrü ərzində Su-Kanal və
Subartezian Quyularının İstismarı İdarələrinin,
Sığorta İdarəsinin inzibati binaları istifadəyə
verilmişdir.
Əfətli Musiqi məktəbinin
binası əsaslı təmir olunmuş, əlavə 3 sinif
otağı tikilmiş, Xındırıstan məscidində
yardımçı bina inşa olunmuşdur. Rayon Mərkəzi
Xəstəxanasının yeməkxanası üçün
3 otaq təmir olunmuş, lazımi avadanlıqlarla təmin
olunaraq istifadəyə verilmişdir. Olimpiya İdman
Kompleksinin stadionunda və tirbunalarda əsaslı təmir
işləri aparılmış, stadionun ot örtüyü dəyişdirilmişdir.
Rayonda yolların saxlanılması və təmiri sahəsində
müəyyən işlər görülmüşdür.
Belə ki, Ayaq Qərvəndə gedən yol, Mirəşəlli
və Kolqışlaq, Təzəkənd yolları əsaslı
təmir olunmuşdur. Quzanlı qəsəbəsinin ərazi
nümayəndəliyi ilə Mədəniyyət evi
arasından keçən yol da
abadlaşdırılmışdır.
Rayon üzrə cari ilin 6 ayı ərzində
ümumi məhsul istehsalının həcmi artaraq 29 milyon 998
min manat olmuş, 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 3 milyon 222 manat və ya 12 faiz
artmışdır. Sənaye məhsulunun ümumi həcmi 1
milyon 864 min manat, kənd təsərrüfatı 18 milyon 926
min manat, ticarətin dövriyyəsi 3 milyon 513 min manat
olmuşdur. Göstərilən dövrdə əsas kapitala
yönəldilən vəsaitlər 5 milyon 695 min manat
olmuşdur.
Dövlət Proqramında Dördyol
-Mamırlı ərazisində məskunlaşan köckün
ailələri üçün 932 ailəlik yeni qəsəbənin
tikilməsi nəzərdə tutulmuşdur. Bunun üçün
torpaq sahəsi ayrılmış, müəyyən xəritələşmə
və digər işlər görülmüşdür.
2011-ci ilin 1-ci yarısı ərzində 331 nəfər
fiziki, 35 nəfər isə hüquqi şəxs qeydiyyatdan
keçmişdir. Onlar biznesin xidmət , ticarət və emal
sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin rifah
halının yaxşılaşdırılması, məhsul
bolluğu yaratmaq üçün sahibkarlara əlverişli
şərait yaradılmışdır. Məhsul
istehsalında özəl sektorun xüsusi çəkisi 80,4
faiz təşkil edir. Cari ilin 6 ayı ərzində Qafqaz
kredit təşkilatı tərəfindən 842 nəfərə
562 min manat, Kaspian-İnvest kredit təşkilatı tərəfindən
isə 312 nəfərə 222 min manat mikrokredit verilmişdir.
Rayonumuz inkişaf etmiş kənd təsərrüfatı
rayonu olduğundan taxılçılığa xüsusi fikir
verilir. Dövlət Proqramı (2009-2013-cü illər) qəbul
edildikdən sonra bu sahə ön plana çəkilmişdir.Əgər
2010-cu ilin məhsulu üçün 19125 hektar sahəyə
taxıl səpilmişdirsə, 2011-ci ilin məhsulu
üçün 19511 hektar sahədə taxıl əkilmiş,
ötən ilin müvafiq dövrü ilə müqayisədə
386 hektar sahəyə artıq taxıl səpilmişdir. Bunun
da 17074 hektarı buğda,2437 hektarı arpa sahəsindən
ibarətdir. 4568 hektar sahədə biçin aparılaraq 13494
ton məhsul əldə edilmiş,1 hektara məhsuldarlıq
29,5 sentner təşkil etmişdir
Üzümçülük gəlirli sahə
olsa da lazımi maliyyə vəsaiti olmadığından
plantasiyaların salınması hələlik ləngiyir. Bu
sahənin əhəmiyyətini nəzərə alan
"Yaqub" kəndli fermer təsərrüfatı 2 hektar
sahədə üzüm bağını bərpa etmişdir.
Hələlik üzümçülüyün əsasını
əhali təsərrüfatlarında olan talvar üzümləri
təşkil edir. 2011-ci ildə pambıqçılığın
inkişafına diqqət artırılaraq 230 hektar sahədə
pambıq əkilmişdir ki, bu da 2010-cu ilin müvafiq
dövrü ilə müqayisədə 133 hektar çoxdur. Ərzaq
məhsulu kimi tərəvəz istehsalı daim
artırılır. 2011-ci ildə 1820 hektar sahədə tərəvəz
əkilmişdir ki,bu da 2010-cu ildəkindən 123 hektar və
ya 6,7 faiz çoxdur.Bu günə kimi 405 hektardan 7650 ton tərəvəz,320
hektardan 4575 ton kartof məhsulu toplanmışdır.
Əhalinin içməli və suvarma
suyuna olan tələbatının ödənilməsi məqəsdi
ilə bir sıra tədbirlər hazırlanıb həyata
keçirilmişdir. "Sukanal" idarəsi Birinci
Dördyol qəsəbəsində və Kolqışlaq kəndində
içməli su üçün subartezian quyuları
qazmışdır. Təzəkənd qəsəbəsində
600 metr yeni su xətti çəkilmiş, 54 ədəd su
nasosu, 35 ədəd transformator təmir olunub istifadəyə
verilmişdir.
Əhalinin içməli və suvarma
suyuna olan təlabatını ödəmək məqsədi
ilə 800 ədəd subartezian quyusundan, 3 ədəd nasos
stansiyasından, Əhmədağalı və
Üçoğlan kəndlərinin ərazisində olan kəhrizlərin
suyundan istifadə olunur.
Təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin işinin
yaxşılaşdırılması, maddi-texniki
bazasının möhkəmləndirilməsi, əhaliyə
göstərilən xidmətin səviyyəsinin keyfiyyətli
təşkili, əmək və icra intizamının yüksəldilməsi
sahəsində xeyli işlər görülmüş və
görülməkdədir.
Nizami Sadıqov sonda dedi:
- Rayonumuzun işğal olunmayan ərazisində
19 yaşayış məntəqəsi qoşunların təmas
xəttinin 3 kilometrliyində yerləşir və problemləri
çoxdur. Həmin problemlərin həlli istiqamətində
tədbirləri davam etdirməliyik. Qarşımızda duran əsəs
məqsədlərdən biri də rayonda yüksək əhval-ruhiyyəni
təmin etmək, sağlam mühit formalaşdırmaq,
problemlərin həllinə qayğı ilə
yanaşmaqdır.
Əminik ki, Qarabağ müharibəsində
nəyə qadir olduğunu göstərmiş Ağdam əhalisi
dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi
yolunda öz mövqeyini ortaya qoyaraq, ölkə Prezidenti
İlham Əliyevin ətrafında daha sıx birləşəcək,
ona dəstək olacaqdır. İnanırıq ki, dövlət
başçısının yeritdiyi aydın, qətiyyətli
siyasət nəticəsində işğal olunmuş
torpaqlarımız geri qaytarılacaq, biz də doğma
Ağdamımıza qayıdacağıq.
Tahir AYDINOĞLU,
Ziyəddin
SULTANOV
Xalq qəzeti.-
2011.- 23 iyul.- S. 6.