Yardımlıda
ilin yarısına yekun vuruldu
Ölkəmizin hər yerində olduğu kimi, ucqar Yardımlıda da sosial-iqtisadi inkişaf sürətlənmiş, abadlıq-quruculuq tədbirlərinin miqyası genişlənmişdir. Yarımillik hesabat iclasında bu barədə ətraflı danışılmış, uğurlar qeyd olunmaqla bərabər, qarşıda duran vəzifələr də ətraflı müzakirə edilmişdir.
İclas iştirakçıları rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun hesabat məruzəsini maraqla dinlədilər. O bildirdi ki, rayon üzrə ümumi məhsul istehsalının həcmi, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, tikinti və rabitə sahələrində göstəricilər əvvəlki ilə nisbətən artmışdır.
Əhalinin həyat səviyyəsinin yüksəlməsi fərdi yaşayış evlərinin tikintisində də özünü göstərmişdir. Cari ilin əvvəlindən rayon üzrə ümumi sahəsi 2257 kvadratmetr olan fərdi yaşayış evləri vətəndaşların şəxsi vəsaitləri hesabına tikilib istifadəyə verilmişdir. Hazırda rayonun şəhər və kəndlərində tikinti, abadlıq-quruculuq işləri ardıcıl davam etdirilir.
Aqrar rayon olan Yardımlıda əhalinin əksəriyyəti kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Bu ilin məhsulu üçün ötən ilin payızında 2586 hektar sahədə taxıl bitkiləri əkilmişdir. Bunun 2514 hektarı payızlıq buğda, 72 hektarı arpadır. Bundan əlavə, 2011-ci ilin yazında 1769 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Bunun 823 hektarı dənli və dənli-paxlalılar, 809 hektarı kartof, 137 hektarı isə tərəvəz bitkiləridir. Yazlıq bitkilərin əkinində rayonun Avaş, Ərsilə, Şıxlar, Vərov ərazi nümayəndəlikləri və "Qaya" kooperativi daha yaxşı nəticələr əldə etmişlər. Kənd təsərrüfatı məhsullarını artırmaq məqsədilə yanacaq və motor yağına görə dövlət büdcəsi hesabına 1453 nəfər istehsalçıya 2774 hektar əkin üçün 110951 manat kompensasiya verilməsi nəzərdə tutulmuşdur.
Rayon iqtisadiyyatının əsasını təşkil edən heyvandarlığın inkişaf dinamikası da təhlil olunan dövr ərzində artımla müşayiət olunmuşdur. Rayonda 27195 baş iribuynuzlu mal-qara, o cümlədən, 13305 baş inək və camış, 77740 baş qoyun və keçi var ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 323 baş mal-qara, 142 baş qoyun və keçi artımı deməkdir. Heyvandarlıq məhsullarının istehsalında da xeyli artım var. Belə ki, dövr ərzində 11943 sentner ət məhsulu, 79183 sentner süd, 5 milyon 200 min ədəd yumurta, 1376 sentner yun istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalında Ərus, Bürzümbül, Allar, Vəlixanlı inzibati ərazi dairələrində, "Fərid", "Əflatun və ortaqları" kənd təsərrüfatı müəssisələrində daha yüksək nəticələr əldə edilmişdir.
Hazırda rayonda taxıl yığımı sürətlə aparılır, kifayət qədər kombayn var və məhsuldarlığın ötən ilə nisbətən xeyli yüksək olacağı gözlənilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət əsasında rayonda sürətli internet xidməti yaradılması istiqamətində işlər canlanmış və hazırda Yardımlı-Masallı və əks istiqamətdə fibrooptek kabellərin çəkilməsi yekunlaşmaq mərhələsindədir. Bu xətt şəbəkəsi Avropa-Asiya xəttinə qoşulacaq və bununla da son texnologiyanın tətbiqi başa çatdırılacaq.
İlin birinci yarısında rayonun sənaye sahəsi üzrə orta aylıq əmək haqqı 262 manat, ticarət xidməti üzrə 144 manat, tikinti üzrə 198 manat, kənd təsərrüfatı üzrə 112,5 manat, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilər üzrə 203 manat, digər sahələr də daxil olmaqla dövlət büdcəsindən maliyyələşən inzibati-hüquq və s. təşkilatlar üzrə 411,6 manat təşkil etmişdir. Bu müddət ərzində 800 ailənin 4432 nəfər üzvünə 691141 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Yardımlıda məşğul əhalinin sayı 36039 nəfər olmuşdur ki, bu da rayon əhalisinin 60 faizini təşkil edir. Altı ay ərzində rayon məşğulluq mərkəzinə 148 nəfər müraciət etmişdir ki, onlardan 33 nəfəri qadınlardır. Müraciət edənlərdən 91 nəfər işlə təmin edilmişdir. Yarım il ərzində 58 yeni iş yeri açılmışdır.
Xəzər Aslanov sonra dedi ki, möhtərəm Prezidentimiz gənclərlə bağlı yeni qəbul olunmuş proqramla əlaqədar qeyd etmişdir ki, 2011-2015-ci illəri əhatə edən bu sənəd konkret xarakter daşıyır. Gənclərlə görüşlər zamanı onlar tərəfindən qaldırılan məsələlərin demək olar ki, hamısı proqrama daxil edilmişdir.
Təhlil olunan dövr ərzində rayonda gənclərlə bağlı bir çox tədbirlər həyata keçirilmiş, onları narahat edən problemlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Gənclərin işlə təmin olunması, onların vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir.
Yardımlı şəhərinin abadlaşdırılması sahəsində müntəzəm işlər görülməkdədir. Hazırda "Qala" giriş qapısından Heydər Əliyev parkı istiqamətində milli ornamentli bəzək işləri həyata keçirilir ki, bu da şəhərə xüsusi bir gözəllik verəcək. Bu ilin sentyabr ayında müasir üslubda tikilmiş uşaq musiqi məktəbi istifadəyə veriləcək.
Möhtərəm Prezidentimiz İlham Əliyev yol infrastrukturunun daha da yaxşılaşdırılması üçün əlaqədar təşkilatların qarşısında ciddi vəzifələr qoymuşdur. Xüsusilə, rayondaxili-kəndarası yolların əsaslı təmiri mühüm tələbdir və hazırda Yardımlı-Hamarkənd yolunun əsaslı təmirinə başlanmışdır. Digər yolların, o cümlədən, rayon mərkəzindən 4 istiqamət üzrə ən azı 10 yaşayış məntəqəsini birləşdirən yolların əsaslı təmiri məqsədilə hökumət qarşısında məsələ qaldırılmışdır. Rayonda hələ də yol infrastrukturunun qorunub saxlanması, təmiri, güclü leysan yağışları zamanı yolların, xüsusilə, kənd yollarının təmizlənməsi işi operativ aparılmır, uçmuş istinad divarları bərpa edilməmişdir.
Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində vaxtilə müəyyən işlər görülmüşdür. İlk rübün yekunlarına həsr olunmuş yığıncaqda bu sahədə görülən işlər qeyri-qənaətbəxş hesab olunsa da, ötən müddət ərzində dönüş yaradılmışdır. Əngövül kəndində istismara tam hazır olan qazpaylayıcı stansiyanın istifadəyə verilməməsi, Sırıq kəndində qazlaşmanın başa çatdırılmaması "Azəriqaz" İstehsalat Birliyinin bu sahəyə lazımi diqqət yetirməməsinin nəticəsidir. Elektrik xətt təsərrüfatının bərbad vəziyyətdə olması rayonun bütün kəndlərinin 24 saat ərzində elektrik enerjisi ilə təminatına imkan vermir. "Azərenerji" ASC-yə dəfələrlə edilən müraciətlərə biganə yanaşılır. 2010-cu ilin sonunadək 2650 abonentə SİP kabellərlə elektrik xətlərinin çəkilməsi, digər elektrik hava xətlərinin əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulsa da, hələ də bu iş yubadılır. Elektrik şəbəkəsi xətt təsərrüfatında vaxtlı-vaxtında təmir işləri aparmır.
Məruzəçi dedi ki, rayon təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyəti də tam qaneedici deyil. Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi test imtahanlarında IX sinif şagirdlərindən 90 faizinin, XI sinif şagirdlərindən 65 faizinin müvəffəq qiymət alması rayon təhsil şöbəsinin rəhbərliyini ciddi düşündürməlidir. Əhaliyə səhiyyə xidmətinin təşkilində illərdən bəri davam edən nöqsanlar aradan qaldırılmayıb, mədəniyyət şöbəsinin fəaliyyətində formalizm halları hələ də davam etməkdədir.
Nazirlər Kabinetində 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev demişdir: "Azərbaycan əhalisi yüz faiz, özü də gecə-gündüz, fasiləsiz 24 saat su ilə təmin olunmalıdır". Bu baxımdan Yardımlı əhalisinin içməli su ilə təminatında təəssüf ki, ciddi nöqsanlar davam etməkdədir. Yay mövsümünün başlanması ilə əlaqədar suların azalması müşahidə olunmuş, magistral su kəmərlərinə ayrı-ayrı vətəndaşlar tərəfindən edilən qanunsuz müdaxilələr bu məsələni xeyli mürəkkəbləşdirmişdir.
Vətəndaşların qəbuluna diqqət artırılmalı, onların təklif, ərizə və şikayətlərinə baxılması sahəsində dönüş yaradılmalı, bütün sahələrdə ictimai nəzarət təmin olunmalıdır. İclasda belə bir qətiyyət ifadə edildi ki, bundan sonra da rayonun inkişafı üçün səylər artırılacaq, qarşıda duran bütün məsələlərin həllinə uğurla nail olunacaq.
Ə.ƏLİYEV
Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 7.