Füzuli: cəbhəyanı
bölgənin problemləri sürətlə aradan
qaldırılır
Füzuli rayonunda keçirilən ümumrayon müşavirəsində 2011-ci ilin birinci yarısında bölgənin sosial-iqtisadi inkişafı, həllini gözləyən məsələlər diqqət mərkəzində olmuşdur. Hesabat məruzəsində və çıxışlarda uğurlara nəzər salınmış, nöqsanlar kəskin tənqid olunmuşdur.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər barədə ətraflı məlumat verərək, rayonun yarımillik sosial-iqtisadi durumunu təhlil etmişdir. Natiq bildirmişdir ki, 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonumuzla bağlı nəzərdə tutulmuş tədbirlərin icrası müvəffəqiyyətlə davam etdirilir. İndiyədək rayonun 6 yaşayış məntəqəsinə - Horadiz şəhər, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli kəndlərinə təbii qaz çəkilmişdir. Bəzi kəndlərdə bu iş davam etdirilir. Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərinə, Zobucuq qəsəbələrinə qaz çəkilişi davam etdiriləcəkdir. Bu işlərin nəticəsində rayonda 100 nəfərə yaxın yeni iş yeri açılmışdır.
Horadiz Aqroservisi üçün filialın tikintisinə başlanmışdır. İlin sonunadək başa çatması nəzərdə tutulan həmin filialda isə 80-100 nəfər işlə təmin olunacaqdır. Babı kəndindəki XIII əsr Şeyx Babı və Əhmədalılar kəndindəki Arqalı türbələrində böyük arxeoloji qazıntı və bərpa işlərinə bu yaxınlarda başlanacaqdır. Məlum olmuşdur ki, Babı türbəsinin altında qədim şəhər olub. Həmin türbələrin bərpası başa çatdıqdan sonra rayonumuz ölkənin turizm ünvanlarından birinə çevriləcəkdir.
Bərpa və arxeoloji işlərdə də xeyli adam işlə təmin olunacaqdır.
İlin sonunadək Yuxarı Qarabağ kanalının Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində 25 meqavat gücündə su elektrik stansiyası istifadəyə veriləcəkdir. Bu o deməkdir ki, rayonumuzun elektrik enerjisi ilə bağlı problemlərinə son qoyulacaqdır. Dövlət Proqramına uyğun olaraq, Üçbulaq kənd məktəbi və musiqi təmayüllü gimnaziyanın hər biri üçün 3 sinif otağı, 59 nömrəli orta məktəb üçün yeni bina, Mollaməhərrəmli kəndində orta məktəb binası tikiləcəkdir. Bundan başqa, Horadiz şəhərində 100 çarpayılıq çoxprofilli xəstəxana, Yuxarı Alıxanlı, Mirzənağılı, Qarabulaq kəndlərində həkim məntəqələri yaradılır. Horadiz şəhər mədəniyyət evinin bərpası aparılır və burada yüksək zövqlü, müasir tələblərə cavab verən mədəniyyət müəssisəsi yaradılır.
Başçı daha sonra qeyd etdi ki, ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulan və həmçinin yerli imkanlar hesabına ərazidə böyük tədbirlər həyata keçiriləcəkdir. Birinci Mahmudlu kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlayacaq soyuducu anbar binasının tikintisi aparılır. Horadiz şəhərində 180 yerlik orta məktəb binasının bünövrəsi qoyulub. Burada 2 əlavə uşaq bağçası tikiləcəkdir. 2 hektar ərazidə yerləşəcək avtovağzal tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Kərimbəyli kəndində "Ailəvi istirahət mərkəzi"nin tikintisi oktyabr ayının sonlarına başa çatacaqdır. Bu obyekt gözəl istirahət mərkəzi olacaqdır.
Qarabağ kəndində uzun illər heyvandarlıq kompleksi kimi istifadə olunan, işğal zamanı yararsız vəziyyətə salınan ərazidə böyük broyler fabrikinin inşası nəzərdə tutulmuşdur. Bu fabrik təkcə rayonumuzu deyil, respublikamızı quş əti ilə təmin edəcəkdir.
Bu il Bala Bəhmənli-Alıxanlı, Bala Bəhmənli-Araz, Dilağarda-Araz, Zərgar kəndlərini birləşdirən yolların əsaslı təmiri nəzərdə tutulmuşdur. Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə həmin yolların əsaslı bərpa olunması üçün vəsait ayrılmışdır. Yaxın günlərdə bu işə başlanacaqdır. Ölkə rəhbərliyi rayonda yaranmış işgüzarlığı, yüksək əhval-ruhiyyəni, düzgün müəyyənləşdirilmiş dəst-xətti müdafiə edərək ərazidə bir sıra iri layihələrin həyata keçirilməsini də nəzərdə tutmuşdur. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir.
Rayon mərkəzi rolunu oynayan Horadiz şəhəri son aylar həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində gözlərimiz qarşısında simasını dəyişir, gözəlləşir, təzələnir. Son aylar rayonun yaşayış məntəqələrində 11 min ədəd müxtəlif növ ağaclar - çinar, şam, İtaliya leandrası və neçə-neçə aztapılan ağaclar əkilmişdir. Bunların 5 min ədəddən çoxu Horadiz şəhərində əkilmişdir.
Heydər Əliyev prospekti yenidən tikilir, şəhərin mərkəzi, ayrı-ayrı küçələri görkəmini dəyişir, istirahət guşələri yaradılır. Həyata keçirilən hər bir tədbir xoş rifaha, insan amilinə xidmət göstərəcəkdir. Şəhərdə analoqu olmayan Heydər Əliyev parkı salınır, burada ulu öndərin adını daşıyacaq mərkəz tikiləcək, böyük rəhbərin abidəsi ucaldılacaqdır. Horadizdə təzə ticarət mərkəzi də istifadəyə verilmişdir. Burada satıcı və alıcılara ən müasir tələblər səviyyəsində xidmət şəraiti yaradılmışdır.
Rayonun iqtisadiyyatını aqrar sahə təşkil edir və təbii ki, kənd təsərrüfatının inkişaf etdirilməsi qarşımızda dayanan əsas vəzifədir.
Hazırda taxıl biçini gedir. 30 min
hektarın məhsulu toplanır. Hər hektardan orta hesabla 20 sentner məhsul
götürülür. Bu məhsulu təbiətin
gücü ilə əldə edirik. Rayonda güclü kənd
təsərrüfatı mütəxəssisləri vardır.
Onların fikrini öyrənmək, işdə tətbiq etmək,
iqtisadiyyatı yüksəltmək üçün yollar
aramaq, gənc, güclü kadrların ağıllı fikirlərindən
istifadə etmək, təbii ki, işlərimizə səmərə
verə bilər.
İqtisadiyyatın
bütün sahələri - taxılçılıq,
heyvandarlıq, pambıqçılıq,
üzümçülük, şəkər
çuğunduru, yem bitkiləri, bostan-tərəvəz məhsulları
və başqa sahələr dinamik inkişaf etdirilməli, məhsul
bolluğu yaradılmalıdır.
Məruzəçi
daha sonra bildirdi ki, rayon büdcəsinin böyük hissəsi
mədəniyyət, səhiyyə və təhsil müəssisələrinin
payına düşür. Son vaxtlar əhaliyə göstərilən
səhiyyə xidməti, gənc nəslin təlim-tərbiyəsinin
əsası olan təhsillə bağlı müəyyən
tədbirlər həyata keçirilmişdir. Səhiyyə və
təhsil müəssisələrinin rəhbərliyində
kadr dəyişiklikləri olmuşdur. Füzulinin həmişə
güclü tibb potensialı olmuşdur, yenə də var və
səhiyyə xidməti ən yüksək səviyyəyə
qaldırılmalıdır. 4 min nəfər kontingenti olan təhsil
sistemində də rəhbərlikdə dəyişiklik
edilmişdir. 4 ay ərzində Təhsil Şöbəsində
müəyyən araşdırmalar aparılmış, ciddi
nöqsanların olduğu
aydınlaşdırılmışdır. Əsas məsələ
gənc nəslin təlim-tərbiyəsi, müstəqil Azərbaycanın
sabahının qurucuları olan savadlı, müstəqil qərarlar
qəbul etməyi bacaran, texniki tərəqqi əsrindən
baş çıxara bilən gənclərin yetişdirilməsindən
ibarətdir.
Rayonda ən
vacib xidmət sahələrindən biri də mədəniyyətdir.
Mədəni-maarif müəssisələrində 1100-1200 nəfər
işçi çalışır. 13 mədəniyyət
evi, 40 klub-kitabxana, 12 musiqi və incəsənət məktəbi,
1 Dövlət Dram Teatrı, muzeylər, park və sair mədəniyyət
müəssisəsi fəaliyyət göstərir. Rayon Əmək
və Əhalinin Sosial Müdafiəsi Mərkəzi rəhbərliyində
də dəyişiklik edilmişdir. Əhalinin çox
müraciət etdiyi bu vacib sahədə həm təmiz iş
rejimi yaradılmalı, həm də vətəndaşlara ədalətli
münasibət olmalıdır.
Məruzəçi
bildirdi ki, birinci rübün yekunlarını müzakirə
edərkən razılaşmışdıq ki, bir sıra
vacib məsələlərin nəticəsindən
asılı olaraq qərar qəbul edəcəyik. Biz
addım-addım müəyyənləşdirdiyimiz istiqamətə
doğru irəliləyirik. Gördüyümüz işlər
şəxsən məndə belə bir inam doğurur ki, tələsik
qərarlar qəbul etmək olmaz, götür-qoy etmək,
ictimai fikri müəyyənləşdirmək, daha optimal
variantlar seçməklə məqsədli addımlar
atmalıyıq. Vəzifəmiz intizama riayət etmək,
tapşırılmış işə vicdanlı münasibət
bəsləmək, sağlam kollektiv yaratmaq, əhalinin
içərisində olmaq, hər gün onu dinləmək və
əlbəttə, imkan daxilində tələblərini yerinə
yetirməkdən, ölkə Prezidentinin dəst-xəttinə
sədaqətimizi işimizlə sübut etməkdən ibarətdir.
Ötən
müddət ərzində ərazidəki fin şəhərciyini
və Beyləqan rayonunu nəzərə almasaq, 38
yaşayış məntəqəsində, Bakı,
Sumqayıt, Şirvan şəhərlərində, Sabirabad,
Hacıqabul, Saatlı, İmişli, Masallı,Lənkəran,
Cəlilabad və başqa rayonlarda yaşayan füzulili məcburi
köçkünlərlə səyyar qəbullar
keçirmişik, 3770 nəfərlə
görüşmüşük. Əksər xidmət təşkilatları
rəhbərlərinin iştirak etdiyi bu qəbullarda
qaldırılan məsələlərin 80-85 faizi öz həllini
tapmışdır.
Qayıdış
və Zobucuq qəsəbələrində, Yuxarı və
Aşağı Kürdmahmudlu, Alıxanlı və başqa kəndlərdə
keçirdiyimiz səyyar qəbullarda vətəndaşlar
50-100-200 hektarlarla sahələrin kimlər tərəfindənsə
götürüldüyündən, örüş, əkmək
üçün onlara sahə verilmədiyindən şikayətlənmişdilər.
Taxıl biçinindən sonra qanunsuz verilmiş, zəbt
olunmuş torpaqlar alınıb təyinatı üzrə
istifadəyə veriləcəkdir. Rayon icra hakimiyyəti
aparatında olan 5-51-74 nömrəli "qaynar xətt"
daim açıqdır və hər gün müraciətlər
olunur. Rayon icra hakimiyyətində həftənin bütün
günləri qəbullar olur. Son 4 ayda 2 min nəfərdən
artıq vətəndaş qəbul edilmişdir.
A.Alıyev
sonda dedi ki, qarşımızda həm böyük vəzifələr
var, həm də vaxtımız çoxdur. Sağlam qüvvələrlə
əlbir, əlaqəli iş görməklə respublika
Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu vəzifələri
yerinə yetirəcəyik. Sizin adınızdan ölkə
başçısını əmin etmək istəyirəm
ki, füzulililər onun tapşırıqlarına can-başla
əməl edəcək, qarşıya qoyduğu vəzifələrin
layiqincə yerinə yetirilməsini təmin edəcək,
yüksəliş prosesində ön cərgələrdə
olmağa çalışacaqlar.
Məruzə
ətrafında çıxışlarda uğurlardan geniş
söhbət açıldı, qarşıda duran vəzifələrin
həlli yolları göstərildi. Yarım ilin
yekunlarının təhlili göstərdi ki, ili nailiyyətlərlə
başa vurmaq üçün real zəmin vardır.
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 7.