"Vətəni
tanı" kampaniyasının şimal
bölgəsində seçim turları
yekunlaşıb
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının təşkilatçılığı ilə
keçirilən "Vətəni tanı"
ümumrespublika kampaniyası davam edir. Kampaniyanın növbəti
seçim turu Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və
Xızı rayonlarında baş tutub.
Çıxış
edən rayon icra hakimiyyətlərinin və təhsil
şöbələrinin nümayəndələri bildiriblər
ki, ölkə gənclərinin təhsil səviyyəsinin
yüksəldilməsində, milli-mənəvi dəyərlərimizin,
Azərbaycanın ərazi bütövlüyünün
tanıdılması istiqamətində bu çox uğurlu
bir layihədir.
İşçi
qrupu Siyəzəndən sonra Şabran rayonunda tədbir təşkil
edib. Şəhər 5 saylı orta məktəbdə baş
tutan yarışmada gənclər Azərbaycan xəritəsini
toplayıblar.
"Vətəni
tanı" ümumrespublika kampaniyasının həyata
keçirilməsi zamanı interaktivlik, innovativlik, gənclər
və cəmiyyət üçün yararlılıq əmsalı
kimi göstəricilər önə çəkilmişdir.
Quba
və Qusar rayonlarında olan işçi qrupunun rəhbəri
Orxan Əli bildirib ki, ekspertlər tərəfindən
hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin
(inzibati ərazi vahidlərinə bölünməklə)
xüsusi elektron proqram və material keçməcə
variantları istehsal edilib və bunun üzərində
yarışma həyata keçiriləcəkdir. Hər bir
rayondan 2 nəfər təmsilçi seçiləcəkdir.
Təmsilçilərin biri elektron, digəri isə material
keçməcə variantları üzrə Bakıda
keçiriləcək final mərhələsində
iştirak edəcəkdir.
Yarışmada
iştirak edən Quba və qusarlı gənclərdən hər
rayon üzrə iki gənc respublika turuna vəsiqə
qazanıb. İşçi qrupu Qusar rayonunda yerləşən
və Azərbaycanda hündürlüyünə görə
ikinci yerdə olan Bayraq meydanında olmuş, buradan Qusar şəhərini
seyr etmişdir.
İşçi
qrupu daha sonra Xaçmaz rayonunda seçim turunu həyata
keçirib. Burada da gənclər kampaniyada həvəslə
iştirak ediblər.
Sonra
Xızı şəhər orta məktəbində
keçirilən tədbirin açılış mərasimində
çıxış edən Milli Şuranın mətbuat
katibi bildirib ki, hazırda ölkəmizdə gənclər
siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin
hərtərəfli inkişafı üçün istər
paytaxtda, istərsə də regionlarda əlverişli şərait
yaradılıb.
Rayon
təhsil şöbəsinin müdiri Oqtay müəllim
çıxışında Azərbaycanın
torpaqlarının işğal altında olmasını bildirərək
belə layihələrin keçirilməsinin çox əhəmiyyətli
olduğunu diqqətə çatdırıb.
Xatırladaq
ki, "Vətəni tanı" ümumrespublika kampaniyası
14-18 yaşlı gənclər arasında keçirilir və
ölkə üzrə 12.000 gənci əhatə edir.
Qeyd
edək ki, kampaniyaya rəsmi olaraq Gənclər və
İdman, Təhsil, Rabitə və İnformasiya
Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, həmçinin "AVA" Skandinaviya
klinikası, FİXED Borders dəstək verir.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.- 23 iyul.- S. 7.