Can PULAK: Bakı modern görüntüsüylə
çaşqınlıq yaradan şəhər
səviyyəsindədir
Azərbaycan Turizm İnstitutu bir
çox ölkələrlə qarşılıqlı əməkdaşlıq
əlaqələri qurub. Həmin ölkələrlə
bağlanan müqavilələr əsasında davamlı olaraq
müxtəlif konfrans və toplantılar keçirilir.
Növbəti belə toplantıdan ölkəsinə dönən
türk jurnalisti Can Pulak Azərbaycan haqqında təəssüratlarını
ATİ-nin rektoru Cəfər Cəfərova
"Bodrumdan-Bakıya" adandırdığı məktubla
bildirmişdir. Məktubdakı səmimiyyət,
insanlarımıza verilən qiymət, dərdimizi
özününkü bilmək istəyi, ölkəmizin
inkişafını görüb bu uğurlara ürəkdən
sevinməsi və onu etirafı, buraxılan səhvi dərk edərək
çox mədənicəsinə üzrxahlıq
bacarığı, Azərbaycanın dünya dövlətləri
arasında artan rolu ilə fəxr etməsi Can Pulakın məktubunda
açıq-aydın hiss olunur. Oxucularımız
üçün də maraqlı olacağını nəzərə
alıb həmin məktubu dərc etməyi lazım bildik.
..."Azərbaycana çoxdan getməmişdim.
Xatırladığım qədər Bakı və ətrafı
baxımsız görüntüsüylə, köhnə və
xoşagəlməyən bir şəhərdi. Qarabağ
çarpışmalarında əzilmiş, çox şəhid
vermişdi bu şəhər. Ermənilərin
alçaqcasına törətdikləri vəhşiliklərə
və cinayətlərə, olmazın zülmlərinə
qarşı dirənərkən yorğun ve yoxsul
düşmüşdü...
Yenə yolum qardaş ölkəyə-Azərbaycana
idi. Beynimdə ancaq bu fikir dolaşırdı: Görəsən,
Bakıda yenə həmin mənzərə qalırmı?
...Aradan keçən illər Azərbaycanı
təpədən dırnağa fərqli etmiş, Bakıya və
ölkənin digər şəhərlərinə edilən
inanılmaz "makiyaj" və qoyulan yatırımlar
ölkəni son dərəcə yaxşılığa
doğru dəyişdirmiş, və şəhər modern
görüntüsüylə çaşqınlıq yaradacaq
səviyyəyə çatmışdır.
Bir ölkə qısa zamanda belə necə
dəyişər? Doğrudur, neft və qazdan ölkəyə
xeyli pul gəlir, amma qazancı lazımınca dəyərləndirmək
də mühüm bir keyfiyyətdir. Azərbaycan bunu
bacarıqla gerçəkləşdirə bilmişdir.
Ölkə bir tikinti
meydançasını xatırladır... Köhnə
binaları əslinə uyğun şəkildə yerli
daşlarla əvəzləyib üzləyirlər. Özəlliyin
gözəlliyinə diqqət edirlər. Elektrik dirəkləri,
küçələrdəki gecə lampaları belə
xüsusi zövqlə seçilmişdir. Hər yerdə və
hər şeydə mükəmməl bir uyğunluq göz
oxşayır.
Alış-veriş yerlərində,
küçə və prospektlərdə müxtəlif
markalı maşın bolluğu diqqət çəkir.
Günün istənilən zamanında hər yerdə
sıxlıqdır. Amma bu sıxlığın içində
də bir sahman var. Dövlət nəzarəti güclü
olduğundan qəzalara az rast gəlinir. Belə olan halda istədiyin
yerə rahat gedib-gələ bilirsən.
Dünyanın ən zəngin mağaza
və markalarına Bakıda yer vermişlər. "Avropaya daş
çıxaran Parisi"
belə "sol"da
saxlayan bir tabloya imza atmışlar.
Görmədən inanmaq mümkün
deyil. O, lüks maşın bolluğu, ətrafın təmizliyi, sürətli
yaşıllaşdırma ilk baxışda hiss olunur və diqqət çəkir. Dünyanın bir çox
yerlərindən Azərbaycana
gətirilərək əkilən
növbənöv çiçək,
kol və ağaclar şəhərə
xüsusi gözəllik
verir.
Azərbaycanda 2011-ci il "Turizm
ili'' elan edilmişdir. Bu səbəblə
bizi də qardaş ölkəyə
dəvət etdilər,
yaratdıqlarını, tikib
qurduqlarını göstərmək
istədilər. Həmçinin yeni proyektlər haqqında da məlumat verdilər.
Doğrudur, onların qış
turizmi ilə əlaqəli önəmli
qərar və çalışmaları var. Amma
Türkiyənin təcrübələrindən
də yararlanmaq istəyirlər.
Bakıdan 200 kilometr aralı
Qəbələ bölgəsində
turizm mərkəzi hazırlanır. Qəbələ yüksək dağlarla əhatə olunub və İsveçrədən
də gözəl ormanlıq bir yerdir. 2 dənə beş ulduzlu
çox modern otel və istirahət mərkəzinə, Avropada
belə rahatlıq və asanlıqla rastlaşa bilməyəcəyin
gözəl SPA və
idman mərkəzinə
sahibdir. Qəbələnin Yengicə bölgəsində
isti su və
palçıq vannaları
da var. Şəxsən
mən düşünürəm
ki, Qəbələ, turizm məkanı kimi adını bu yaxınlarda bütün dünyaya tanıdacaq. Həmçinin dövlət dəstəyi
ilə Qusarda 5000 nəfərlik "Şahdağ"
qış-yay turizm məkanı, təyyarə
limanı tikilir.
Azərbaycan təxminən 15-20 çox
yüksək xidmətə
malik otelə sahibdir. Bakı, Lənkəran, Nabran ve Qəbələdə yerləşən bu otellərdəki cəmi yataq sayı 11 mindir. Amma yeni oteller tikməyə davam edirlər. Nə qədər çox
çalışsalar da,
indiki vaxtda mövcud olan otellərlə turizmi çox yüksək səviyyəyə qaldıra
bilməzlər. Amma əminik
ki, yeni yatırımlarla Azərbaycan
tezliklə adını
ən böyük turizm ölkəsi kimi tanıdacaq. Qafqaz otelleri, yeni açılan "Kempinski",
"Mariott", "Park İNN",
"Hyatt Regency", tikintisi bitmək üzrə olan "Hilton-Bakı"
və digərləri
ölkənin turizm sənayesində mühüm
rol oynayır. Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev də turizm sektorunun inkişafı və Azərbaycanın dünya
turizm sənayesindəki
payının artması
üçün bütün
kollektiviylə birgə
gərgin əmək sərf edir. Dövlətlərarası yarışmaları, vacib və mühüm
konfrans və seminarları, sənət
və idman təşkilatlarının diqqətini
ölkəsinə çəkmək
üçün çox
çalışır. Bu arada bizim TÜRSAB-a bənzər, Oteller Birliyinin(AZTA) başında
gənc, bilikli, bacarıqlı bir rəhbəri var. Nahid Bağırov adlı daim çalışan bu insan orkestr
şefi kimi bütün təşkilatçıları
ilə birgə dünyadakı turizmlə
bağlı dəyişiklikləri
öz ölkəsinə
bacarıqla tətbiq etməyə böyük əmək sərf edir.
Bizim nümayəndə
heyətində Türkiyə
Turizm Yatırımçıları
Dərnəyi Başqanı
(TYD) Turgut Gür, Türkiye Otelçilər
Birliyi Başqanı Timur Bayındır,
TÜRSAB Genəl Sekreteri
kimi turizm sektorunda tanınan qabaqcıl insanlar vardı. Göstərilən qarşılıqlı münasibət, ziyarət
və toplantılarda Azərbaycanın Türkiyənin
təcrübəsindən yararlanmaq
arzusu diqqət çəkirdi. Belə önəmli
bir toplantıda, Türkiyə ilə Azərbaycan arasında təcrübə mübadiləsi
imkanı yaradan bir müqaviləyə də imza atıldı.
Azərbaycandakı səfirimiz Hulusi
Kılıç, Türk-Azəri
əməkdaşlığının inkişafına, Türk yatırımlarının artmasına
çox önəm verir. Bunu gerçəkləşdirəcək bir iş yaratdığını
məmnuniyyətlə görmək
istərdik... Amma iş adamlarımızın
proyektlərinə əlavə
olaraq, İbrahim Çeçen qrupunun Bakıda çox görkəmli, modern və
möhtəşəm binalar
tikdiyinin şahidi olduq və iftixar
etdik.
Bir neçə günlük
ziyarətimizin sonunda əmin olduq ki, bizim azərilərə
etdiyimiz (erməni politikası və bayraqların Bursa stadionuna
gətirilməsi) səhvlərimizə
rəğmən, onlar
bizə hələ
"bir millət, iki dövlət" sevgisiylə qucaq açırlar. Onlara toxunan,
yaralayan bəzi qərarlarımızı isə,
anlayış və səbrlə qarşılamağa
çalışırlar. "Qardaş da
yanlış yapa bilər" məntiqi var adil qardaşlarımızda.
O qədər mükəmməl
insanlar ki, üzüntülərini belə
bildirməmək üçün
orda olan müddətdə bizə
bir şey hiss etdirmədilər.
Türk iş
adamlarına Azərbaycanda
böyük imkanlar, üfüqlər var. Sadəcə
turizm sektorunda deyil, hər sahədə qoyduğumuz yatırımlardan geniş
ölçüdə yararlana
bilirik. Özəlliklə inşaat sektorumuz
çox əlverişli
bir sahə olaraq irəli gedibdir. Yaxşı ki, bunu görənlər
qollarını çoxdan
çirməyib işə
girişiblər..."
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.-
2011.- 24 iyul.- S. 2.