Tarixi uzaqgörənlik nümunəsi
Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya Heydər Əliyev siyasi
kursuna xas
proqnozlaşdırmanın nəticəsi kimi
qiymətləndirilir
Əlbəttə
ki, biz gələcək
haqqında fikirləşməliyik. Baxmayaraq
ki, təbii resurslarımız belə demək
olsa, ən azı yüz
il bizə yaxşı həyat təmin edəcəkdir.
Ancaq ondan sonra nə olacaq? Əlbəttə,
bunu indidən proqnozlaşdırmaq çətindir.
Amma hər halda biz çalışmalıyıq, 10 il, 20 il, 50 il
qabağa baxmalıyıq. Dünya
necə inkişaf edəcək? Azərbaycan
nəyin hesabına inkişaf edəcək?
... Biz bütün bu işləri bu gün hazırlamalıyıq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Mən bu yazını hələ ötən il noyabrın
son günlərində yazmaq
istəyirdim. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yeni seçilmiş parlamentin
ilk iclasındakı nitqini
diqqətlə dinlədikdən
və bu sətirlərin əvvəlində
cənab Prezidentdən
sitat kimi verdiyim cümlələri
dönə-dönə götür-qoy
edəndən sonra gördüm ki, bizim dövlət başçımız sözün
həqiqi mənasında
xalqın və dövlətin gələcəyi
üçün yaşayan
insandır. 50 il, 100 il sonra ölkədə və dünyada baş verəcək proseslər haqqında indidən düşünmək,
indidən narahatlıq
keçirmək... Bu ancaq liderlik keyfiyyətidir. O zaman
mən bəzi adamlardan belə sual eşitmişdim ki, yarım əsr, bir əsr
sonrakı proseslərə
indidən necə hazırlaşmaq olar? Doğrusu, o qədər də asan sual deyildi.
Ancaq Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, Azərbaycan
Milli Elmlər Akademiyasının akademiki
Ramiz Mehdiyevin bu il may ayının
26-da "Xalq qəzeti"ndə
verilmiş "Müasir
Azərbaycan milli ideyanın təcəssümü
kimi" adlı geniş analitik məqaləsini diqqətlə
oxuduqdan sonra ötən ilin noyabrında eşitdiyim sualın o qədər də çətin olmadığının fərqinə
vardım. Akademik məqalənin "Sabahı
düşünərkən" adlı bölməsində
yazır: "Əlbəttə,
Azərbaycanın inkişafı
indiyədək qazanılmış
uğurlarla kifayətlənə
bilməz. Buna görə də gələcəyin fəth
edilməsi dövlətin
yüksələn xətlə
inkişafının növbəti
mərhələsində, yəni
biliklərə əsaslanan
cəmiyyətdə Azərbaycan
milli ideyasının əsas vəzifəsidir".
Gələcəyin fəth edilməsi, biliklərə əsaslanan
cəmiyyətin dövlətin
inkişafının yeni
mərhələsi olacağı
barədə proqnoz və bütün bunların Azərbaycan milli ideyasının əsas vəzifəsi kimi müəyyənləşdirilməsi. Çox maraqlı
idi. Prezident İlham Əliyev
qeyd edir ki, biz təhsilin və elmin inkişafına
vəsait ayırarkən,
sadəcə, ölkəmizin
və xalqımızın
gələcəyinə sərmayə
yatırmış oluruq.
Akademik Ramiz Mehdiyev isə öz məqaləsində bütün
bu məqamları gələcəyin fəth
edilməsi adlandırır.
Bu günlərdə isə bir-birini tamamlayan və bir-birini bütövləşdirən
bu məntiqlərin birlikdə görünməsinin,
bir sərəncamda təzahür etməsinin şahidi olduq. Rəsmi qəzetlərin
12 iyul tarixli sayında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə
Milli Strategiya"nın hazırlanması
haqqında sərəncamı
verildi. Sərəncamda göstərilir ki,
inkişafın innovasiya
mərhələsinə keçilməsi,
rəqabətədavamlı milli iqtisadiyyatın formalaşdırılması və
inkişaf dinamikasının
sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz
həllini tapmasını,
o cümlədən təhsilin
dünya standartlarına
cavab verməsini tələb edir.
Bütün bunları nəzərə
alan Azərbaycan
Prezidenti ölkəmizdə
innovasiya cəmiyyətinin
qurulmasını və
biliklərə əsaslanan
iqtisadiyyata keçidin
yeni təhsil modelinə tələbatına
uyğun təhsilin inkişafı üzrə
Milli Strategiyanın işlənib hazırlanmasını
vacib sayır. Bu strategiyanın layihəsinin
işlənilib hazırlanması
üçün yaradılmış
Dövlət Komissiyasının
- komissiyanın sədri
akademik Ramiz Mehdiyevdir - ilk iclasında yeni strategiyanın istiqamətləri barədə
təxmini tezislər səsləndirilsə də,
konkret olaraq söylənilmişdir ki,
bu gün Azərbaycan təhsilində
mükəmməl islahatlar
qaçılmazdır: "Təhsilin bütün sektorlarında - məktəbəqədər
təhsil, ümumi orta məktəb təhsili, ilk və orta peşə ixtisas təhsili, ali təhsil və onun bütün
pillələrində əsaslı
islahatlar zəruridir".
Bu islahatların bir neçə mərhələdə aparılacağı
müəyyənləşdirilib. Həmin mərhələlərin həyata
keçirilməsində təhsilin
yerli və beynəlxalq ekspertlər tərəfindən aparılan
monitorinqlərinin nəticələrindən
istifadə olunacaq, beynəlxalq təcrübəyə
istinad ediləcək ki, bu da
biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə
cavab verən kadrların hazırlanmasına
zəmin yaradacaq.
Komissiyanın tərkibinə dövlət
qurumlarının təmsilçilərinin
və tanınmış
ekspertlərin daxil olduğu işçi qrupun yaradılması layihənin hazırlanmasının
sürətləndirilməsinə xidmət edəcək.
Ən başlıcası isə
qərara alınıb
ki, komissiyanın iclasları Milli Strategiyanın layihəsinin
tam hazır olmasınadək
hər həftə keçirilsin.
Hələ üç il əvvəl Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tövsiyə etmişdi ki, neft sektorundan əldə edilən vəsaitin bir hissəsi intellektual kapitala, yəni insan kapitalına çevrilməlidir. Bunun üçün
heç nəyin əsirgənməyəcəyini bildirən dövlət başçısı böyük
əminliklə söyləmişdi
ki, gələcəkdə
nə zamansa ölkəmizin təbii sərvətləri tükənərsə,
o zaman intellektual səviyyəli kadrlarımız
həmin boşluğu
doldurmaq imkanına malik olacaqlar. Bunun üçün isə milli təhsilimizi müasir elmi-texniki tərəqqinin ən son nailiyyətləri səviyyəsində
qurmalıyıq. Prezident o zaman
bu tezisləri söyləyərkən təhsilin
konkret bir sahəsindən - informasiya-kommunikasiya
texnologiyalarından istifadənin
genişləndirilməsinə dair Dövlət Proqramının icrasından
bəhs etmişdi.
İndi isə söhbət bütövlükdə Azərbaycan
təhsilinin yenidən
qurulmasını təmin
edəcək Milli Strategiyadan gedir.
Yeri gəlmişkən,
bir məqamı da qeyd edək. Belə ki,
ulu öndər Heydər Əliyevin 1998-ci
ilin martında imzaladığı sərəncamla
müstəqil Azərbaycanda
təhsil sahəsində
əsaslı islahatların
həyata keçirilməsi
məqsədi ilə xüsusi proqram hazırlayan Dövlət Komissiyası yaradılmışdı.
Həmin komissiya tərəfindən hazırlanmış
"Azərbaycan Respublikasının
təhsil sahəsində
İslahat Proqramı"
geniş müzakirələrdən
sonra - 1999-cu il
iyunun 15-də, bilavasitə
Qurtuluş Günü
Prezident fərmanı
ilə təsdiq olunmuş və icrası çox böyük nəticələr
vermişdi. Konseptual ideyaları və
təməl prinsipləri
ulu öndər Heydər Əliyev tərəfindən müəyyən
edilən həmin islahatlar Azərbaycan təhsilini Müstəqil
Dövlətlər Birliyi
çərçivəsində ən yüksək səviyyəyə qaldırmışdır.
Ancaq cəmiyyət həyatının
bütün sahələrində
olan ən yüksək inkişaf göstəriciləri ilə
razılaşmayan, daha
böyük tərəqqilərə
nail olmağa çalışan
Prezident İlham Əliyev təhsil sektorunu da indiyədək
görünməmiş bir
səviyyəyə qaldırmaq,
yeni nümunələr
yaratmaq əzmindədir.
Bu prosesdə ən çox qazanan isə təhsil ictimaiyyətimiz və bütövlükdə
xalqımız olacaqdır.
Akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçən iclasda qeyd edilib
ki, yeni islahatlar təhsilin bütün mərhələlərini
əhatə edəcəkdir. Həmin tezis
bir təhsil müəssisəsi rəhbəri
kimi məni də çox məmnun etdi. Doğrudur, bizim kollecin hələ cəmi 5 yaşı var və əslində fəaliyyətimizin bütün
sahələri yeni prinsiplər üzərində
qurulub. Bunu 5 illik yubileyimizdə
iştirak edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev də məmnunluqla dilə gətirmişdi.
Hörmətli nazirimiz
bildirmişdi ki, Mingəçevir Turizm Kollecinin 5 illiyinin Azərbaycanda elan olunmuş "Turizm ili"nə təsadüf
etməsində biz bir
rəmzi məna da görürük. Yəni həyatda təsadüfi heç nə olmur. Biz 5 illik
fəaliyyətimizlə, ölkəmizin
turizm sahəsinə verdiyimiz ixtisaslı mütəxəssislərlə dövlətin qarşıya
qoyduğu ümumi vəzifələrin həllinə
kömək etmiş oluruq.
Yeri gəlmişkən,
Mingəçevir Turizm
Kolleci bu gün öz fəaliyyətini ölkənin
ümumi inkişafına
uyğun, milli və beynəlxalq təhsil təcrübəsinə
əsaslanaraq həyata
keçirir. Dövlətin qarşıya qoyduğu
əsas vəzifələrdən
birinin - ölkədə
turizm sektorunun daha yüksək səviyyədə inkişaf
etdirilməsi tapşırığının
uğurla icra olunmasında bizim kollektivin də özünəməxsus payının
olmasından məmnunuq.
Professor-müəllim heyətimiz və kollektivimizin digər üzvləri bundan sonra da qarşıya
qoyulan vəzifələri
yüksək səviyyədə
yerinə yetirəcəkdir.
Əminik ki, hazırlanma
prosesində olan təhsilin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi digər
təhsil müəssisələri
kimi bizim kollecin fəaliyyətini də stimullaşdıracaq,
daha da səmərəli
edəcəkdir.
Kollektivimiz bir təhsil müəssisəsinin təmsilçiləri,
ölkənin təhsil
ictimaiyyətinin nümayəndələri
kimi, hörmətli dövlət başçımızın
təşəbbüsü ilə hazırlanan təhsilin inkişafı üzrə Milli Strategiyanın təsdiq olunmasını səbirsizliklə
gözləyir. Əminik ki, cənab
dövlət başçısının
digər addımları
kimi bu sənəd
də ölkənin ümumi inkişafına böyük təkan verəcəkdir.
Əyyub ƏYYUBOV,
Mingəçevir Turizm Kollecinin
direktoru, iqtisad elmləri
doktoru,
professor
Xalq qəzeti.- 2011.-
24 iyul.- S. 3.