Qəbələ III Beynəlxalq Musiqi Festivalı başlanmışdır

 

Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ III Beynəlxalq Musiqi Festivalına iyulun 23-də start verilmişdir.

"Qafqaz Resorte" mehmanxanasında keçirilən musiqi bayramının açılışından əvvəl iştirakçılar Ağdam rayonunun ermənilər tərəfindən işğalı zamanı şəhid olanları və iyulun 22-də Norveçdə baş vermiş terror aktının qurbanlarını bir dəqiqəlik sükutla yad etmişlər.

Konsertə Norveç bəstəkarı Edvard Qriqin əsəri ilə başlanılmışdır.

Birinci hissədə Norveçin tanınmış pianoçusu Einar Steen Nokleberq və məşhur ingiltərəli violonçel ifaçısı, Şubert ansamblının banisi Saymon Blendis Edvard Qriqin violin və fortepiano üçün sonatasını səsləndirmişlər. Tbilisi Dövlət Konservatoriyasının rektoru, Gürcüstan Musiqi Müsabiqələri Fondunun direktoru, pianoçu Manana Doidjaşvili ingiltərəli violin ifaçısı Saymon Blendisin və İngiltərə Milli Operasının və London Simfoniettasının solisti Timoti Gillin müşayiəti ilə Avstriya bəstəkarı Frans Şubertin əsərini səsləndirmişdir.

Konsertin ikinci hissəsində Azərbaycanın violonçel ifaçısı Aleksey Miltıx, vokalçılar Səbinə Əsədova, əməkdar artist, Prezident təqaüdçüsü Əvəz Abdullayev, əməkdar artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılova, Yusif Eyvazov çıxış etmişlər.

Üç saat davam edən kamera musiqi axşamında iştirak edən 500-ə yaxın yerli və xarici qonaq səsləndirilən klassik musiqi əsərlərini böyük maraqla dinləmişlər.

Konserti izləyənlər sırasında ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə, Milli Məclisin deputatı Fəttah Heydərov da olmuşdur.

Xatırladaq ki, avqustun 5-dək davam edəcək festival konsertlərində Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və "Yeni Rusiya" Simfonik Orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaqdır.

 

 

Xalq qəzeti.- 2011.- 24 iyul.- S. 2.