Şamaxıda
yarım ilin hesabatı geniş müzakirə olundu
Ölkənin bütün rayonlarında olduğu kimi, Şamaxıda da 2011-ci ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş hesabat yığıncağında çoxsaylı uğurlardan, göstəricilərdən söz açıldı. Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov hesabatında bunu Prezident İlham Əliyevin Şamaxının inkişafını daim diqqət mərkəzində saxlaması kimi qiymətləndirdi. Bildirdi ki, şamaxılılar bu qayğının, bu diqqətin cavabı olaraq böyük uğurlara imza atıblar, uğurlar qazanıblar.
Tədbirdə qeyd edildi ki, 2011-ci ilin ötən altı ayı ərzində rayonda qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı xeyli iş görülüb. Bu gün isə daha böyük işlərin görülməsinə start verilib. Belə ki, vacib problemlərin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qədim paytaxt şəhər olan Şamaxının abad, müasir və inkişaf etmiş bir rayona çevrilməsi, onun keçmiş arxitektura ənənələrinin bərpa edilməsi üçün qarşıya çox ciddi və təxirəsalınmaz vəzifələr qoyulub. Hazırda bu məqsədlə rayonun geniş sosial-iqtisadi inkişafı proqramı hazırlanır. Həmin proqramda rayonda həlli vacib bütün məsələlər öz əksini tapacaq və bu sahədə müəyyən edilən əsas hədəflərə uğurla nail olunacaq.
Cari ilin birinci yarısında rayonda 51,6 milyon manat dəyərində ümumi məhsul buraxılışı olub. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 milyon manat və yaxud 19 faiz çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 2,3, əsas kapitala yönəldilən investisiyaların həcmi 10,6, tikinti-quraşdırma işlərinin həcmi 9,5 milyon manat təşkil edib. Ötən altı ayda pərakəndə əmtəə dövriyyəsi 62,7, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 17,2 milyon manat olub. 2011-ci ilin altı ayında rayon üzrə 177 daimi iş yerləri açılıb.
Məlum olduğu kimi, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin birinci yarısı ərzində 16,7 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyon manat çoxdur. Bu il rayon üzrə 17354 hektar sahədə taxıl biçini aparılmalıdır. Havaların əlverışsiz keçməsinə baxmayaraq sahələrdə bol məhsul yetişdirilib. Nəticə sevindiricidir. İndiyədək 15900 hektar sahədən 27489 ton məhsul toplanıb.
Beşinci ildir ki, Şamaxıda "Aqrolizinq" ASC- nin rayon filialı fəaliyyət göstərir. Yığıncaqda təəssüflə qeyd olundu ki, filialın fəaliyyəti fermer və fərdi sahibkarlıqla məşğul olan kənd təsərrüfatı işçilərinin tələblərinə cavab vermir. Belə ki, filialın balansında cəmi 9 ədəd kombayn vardır ki, onun da gücündən səmərəli istifadə olunmur. Kombaynların çatışmaması halları ilə əlaqədar rayon icra hakimiyyətinə şikayətlərin daxil olması faktı bunu bir daha sübut edir. Bundan başqa rayonda digər kənd təsərrüfatı texnikasının da çatışmaması müşahidə olunur.
Ulu öndərimiz Heydər Əliyevin rayona göstərdiyi böyük qayğı sayəsində keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonralar keçmiş SSRİ hökumətinin məlum qərarı və buna uyğun olaraq respublika rəhbərlərinin düşünülməmiş iqtisadi siyasəti nəticəsində üzümçülüyün məhv edilməsilə rayon iqtisadiyyatına ağır zərbə vurulub. Neçə illərdir ki, bu sahənin dirçəldilməsi istiqamətində ilk addımlar atılmağa başlanılıb. 2011-ci ilin altı ayı ərzində 32 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1125 hektara çatdırılıb. Təhlillər göstərir ki, üzümlüklərin əkilməsi işi pərakəndə qaydada aparılmaqla mövcud potensialdan, sponsor gücündən lazımınca istifadə edilməyib.
Taxılçılıq və üzümçülüklə yanaşı, heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin birinci yarısında rayonda iribuynuzlu mal-qaranın baş sayı 35424-ə, xırdabuynuzlu heyvanların baş sayı 162974-ə, quşların sayı isə 203929-a çatdırılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət istehsalı 891, süd istehsalı 768,9, yun istehsalı 3,4 ton və yumurta istehsalı 2,3 milyon ədəd artıb. İlin altı ayında isə arı ailələrinin sayı 4625-ə çatdırılıb ki, bu da ötən ilin eyni dövründəkindən xeyli çoxdur.
2011-ci ilin birinci yarısında, xüsusilə ötən üç ay ərzində ən yaddaqalan hadisələrdən biri də rayonda tikinti-quruculuq işlərinin sürətləndirilməsi, bu sahədə əsaslı işlərin görülməsinə başlanılmasıdır. Hazırda Azərbaycan hökumətinin və Dünya Bankının maliyyə dəstəyi ilə Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilir. Artıq layihənin birinci mərhələsi başa çatdırılıb. Pirsaat çayı vadisində nəzərdə tutulan tədbirlər həyata keçirilib. May ayından layihənin ikinci mərhələsinə start verilib. Qısa müddət ərzində şəhərin H.Əliyev, N.Nərimanov və S.Ə.Şirvani küçələrində su, kanalizasiya və qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Son günlər isə N.Nərimanov küçəsinin asfaltlaşdırılmasına başlanılıb.
Magistral yolun rayondan keçən hissəsində təmizlik və yenidənqurma işləri davam etdirilir. Sabir qəsəbəsinin giriş hissəsi müasir arxitektura tələbləri səviyyəsində əsaslı təmir edilib. Həmin ərazidə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə gələn il anadan olmasının 150 illiyi qeyd olunacaq görkəmli şairimiz M.Ə.Sabirin heykəli ucaldılacaqdır. Qəsəbənin yaxınlığında, eləcə də magistral yol boyunca 600 ədəddən çox ağac xüsusi texnika vasitəsilə transfer edilərək əkilib və onlara aqrotexniki qulluq göstərilib. Magistral yolun ətrafında milli üslubda məişət avadanlıqlarından ibarət kompozisiyalar yaradılaraq yaşıllaşdırma işləri aparılıb. Qəsəbənin su təminatının yaxşılaşdırılması məqsədilə artezian quyuları qazılıb, bu yaşayış ərazisinin yolboyu evləri təmir edilib.
Rayonda elm, təhsil və digər sosial obyektlərin tikintisi bu gün xüsusi diqqət mərkəzində saxlanılır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2008-ci il və 21 iyul 2009-cu il tarixli sərəncamlarına uyğun olaraq Şamaxı Astrofizika Rəsədxanasında başlanan tikinti-təmir işləri hazırda sürətlə aparılır. Bu yaxınlarda Kərkənc kəndində 120 şagird yerlik məktəb binasının özülü qoyulacaq. Yaxın günlərdə Göylər, İkinci Çaylı və Həmyəli kəndlərində yeni məktəb binalarının tikintisinə, şəhər 1saylı uşaq bağçasının əsaslı təmirinə də başlanılacaqdır. Hazırda isə rayon uşaq-incəsənət məktəbi üçün müasir binanın inşası davam etdirilir.
Məruzəçi onu da qeyd etdi ki, bu gün rayon mərkəzindəki küçələr, eləcə də kənd və qəsəbələrdəki mövcud yollar bərbad vəziyyətdədir. Bu, bir tərəfdən baxımsızlıq, digər tərəfdən isə rayonun relyefinin nəzərə alınmaması nəticəsində yaranıb. Odur ki, rusiyalı mütəxəssislər tərəfindən Şamaxı şəhərinin sel sularından etibarlı şəkildə qorunmasını təmin etmək məqsədilə xüsusi layihə hazırlanır. Kommunikasiya xətlərinin çəkilişi başa çatdıqdan sonra bu layihənin həyata keçirilməsinə başlanacaqdır.
İcra başçısı hesabatında rayonun elektrik təsərrüfatında olan nöqsanlara da yer ayırdı. O bildirdi ki, elektrik verilişlərində ciddi fasilələrə yol verilir. Qış fəslində rayonun 17 kəndini enerji ilə qidalandıran 35 kilovoltluq Pirqulu hava xəttində bu günə kimi əsaslı təmir və layihəyə uyğun xəttin yenidən tikilməsinə başlanmayıb. Şəbəkədə rəhbər kadr və mütəxəssislərin olmaması mövcud problemlərin başlıca səbəblərindəndir. Rayonun elektrik təsərrüfatındakı problemlərin köklü həllinə nail olmaq üçün Nazirlər Kabinetinə və "Azərenerji" ASC-yə müraciət olunub, konkret və əməli kömək göstərilməsi xahiş edilib. Rayon rəhbəri təhsil, səhiyyə və mədəniyyət sahələrindəki uğurları qeyd etməklə yanaşı, nöqsanlardan söz açaraq bildirdi ki, təhsil sistemində tədrisin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti, müəllimlərin hazırlıq səviyyəsi son dərəcə aşağıdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı heç bir iş görülməyib. Bağçaların ərzaqla təminatı, məktəbəqədər və məktəbdənkənar müəssisələrin fəaliyyəti acınacaqlı vəziyyətdədir. Məhz belə ciddi nöqsanlara görə təhsil şöbəsinin müdiri tutduğu vəzifəsindən kənarlaşdırılıb.
Rayon mərkəzi xəstəxanasında əhaliyə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmasına baxmayaraq bu imkandan, xüsusilə müasir tibb avadanlıqlarından səmərəli istifadə olunmur. Həkimlərin və orta tibb işçilərinin peşəkarlıq səviyyəsi müasir standartlara cavab vermir. Məhz elə buna görə də ciddi xəstəliklərin əlamətləri müşahidə olunan kimi pasiyent rayon mərkəzi xəstəxanasına deyil, Bakı şəhərinə üz tutmalı olur. Səhiyyə sisteminin idarə edilməsi sahəsində yol verilən nöqsanlar bir sıra xoşagəlməz hadisələrin, xüsusulə qeyri-sağlam münasibətlərin yaranmasına rəvac verir.
Mədəniyyət və turizm şöbəsinin fəaliyyətində isə daha ciddi nöqsan və çatışmazlıqlar mövcuddur. Son vaxtlar rayon icra hakimiyyəti tərəfindən əhalinin asudə vaxtının və mədəni istirahətinin səmərəli təşkil olunması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Lakin mədəniyyət və turizm şöbəsi əsas vəzifəsi olan belə tədbirlərin təşkil olunmasında fəal iştirak etmir, mədəniyyət evlərinin, klubların, kitabxanaların və digər mədəni-maarif müəssisələrinin gücünü səfərbər edə bilmir. Şamaxı turizmlə bağlı geniş imkanlara malik olsa da, şöbə tərəfindən bu sahənin işi koordinasiya edilmir. Tarixi abidələrin qurunması bərbad vəziyyətdədir.
Rayonda əhalini narahat edən problemlərin bir qismi bələdiyyə, idarə və müəssisələrin fəaliyyəti ilə bağlıdır. Vaxtında həmin problemlərin həll edilməməsi bir çox hallarda qanunsuzluqlara və sui-istifadə faktlarına yol verilməsinə, əsaslı şikayətlərə şərait yaradıb. Bu yaxınlarda rayonda yerləşən 1 saylı ruhi-əsəb evində baş verən ciddi qanun pozuntuları məhz şikayət əsasında aşkarlanıb. Faktlar göstərir ki, bəzi bələdiyyələr torpaqların alqı-satqısında və istifadəsində qanunları, eləcə də vətəndaşların hüquqlarını kobud surətdə pozurlar. Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən şikayət əsasında Şamaxı və Mədrəsə bələdiyyələrində qanun pozuntuları müəyyən edilərək həmin bələdiyyə sədrləri məsuliyyətə cəlb ediliblər. Bundan əlavə, rayon torpaq və xəritəçəkmə şöbəsinin də fəaliyyəti yoxlanılarkən ciddi qanun pozuntuları aşkar edilərək şöbənin müdiri məsuliyyətə cəlb olunub. Dövlət Əmlak Məsələləri Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestri xidməti Şamaxı ərazi idarəsinin fəaliyyəti ilə bağlı əhali tərəfindən şikayətlər ara vermirdi. Rayon icra hakimiyyətinə daxil olan belə şikayətlər nəticəsində həmin idarənin rəisi tutduğu vəzifədən azad edilib. Asif Məmmədov qeyd etdi ki, bu gün rayon icra hakimiyyətinin və onun ərazi dairəsi üzrə nümayəndəliklərinin qarşısında mühüm vəzəfələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə çalışan dövlət qulluqçularından birinci növbədə işlərini müasir tələblər səviyyəsində qurmaq və çevik fəaliyyət göstərmək tələb olunur. Başçı onu da bildirdi ki, rayon icra hakimiyyəti başçısı aparatında çalışan işçilərin əksəriyyətinin hazırkı fəaliyyəti bu tələblərdən geri qalır.Onların iş keyfiyyəti, təşkilatçılıq və hadisələrin önündə getmək qabiliyyətləri kifayət etmir. Bu baxımdan rayon icra hakimiyyəti başçısının ərazi vahidi üzrə nümayəndələrinin fəaliyyətndə daha ciddi nöqsan və çatışmazlıqlar vardır. Onların bir çoxu vəzifələrini layiqincə yerinə yetirmir, sosial-iqtisadi problemlərin həlli və əhalinin rifah halının yaxşılaşdırılması ilə ciddi məşğul olmur. Bunu son aylar kənd və qəsəbələrdə keçirilən görüşlər, rayon icra hakimiyyətinin ünvanına daxil olan müraciətlər də bir daha təsdiq edir. Məsələn, ötən altı ay ərzində müxtəlif təşkilatlara Sabir qəsəbə və Mirikənd kənd icra nümayəndəliklərindən 31, Mədrəsə qəsəbə icra nümayəndəliyindən 24, Göylər kənd icra nümayəndəliyindən 22, Məlhəm kənd icra nümayəndəliyindən 18, Birinci Çaylı və Çarhan kənd icra nümayəndəliklərindən 17, Quşçu kənd icra nümayəndəliyindən 16 müraciət daxil olub.
Yəqin ki, diqqətli oxucu aydın hiss etdi. Şamaxıda ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri ikinci yarımilliyin və sonrakı illərin uğurlarına zəmin yaradacaq bir şəkildə müzakirə olunub. Görüləcək işlər sadalanıb, qarşıda duran vəzifələr müəyyən edilib. Ən başlıcası isə Şamaxının yeni inkişaf istiqamətləri konkretləşdirilib. Rayonun bütün idarə və müəssisə rəhbərləri bu istiqamətlərin reallaşdırılmasının zəruriliyini vurğulayıblar və ümumi inkişafa hamının öz töhfəsini verməsinin vacib olduğunu bildiriblər. Çünki birgə fəaliyyətin nəticəsinin üz ağlığı olduğunu Şamaxıda yaxşı bilirlər.
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 24 iyul.- S. 3.