Biləsuvar
sürətli inkişaf yolunda
Bakıdan cənub bölgəsinə uzanan magistral yolun orta məsafəsində yerləşən Biləsuvar ölkəmizin sürətlə inkişaf edən rayonlarındandır. Burada 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda da qeyd edildiyi kimi, son illərdə dövlət qayğısı sayəsində Biləsuvarın siması xeyli dəyişmiş, çoxsaylı sosial obyektlər tikilmiş, əhalinin həyat şəraiti xeyli yaxşılaşmışdır. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin hesabat məruzəsi maraqla dinlənildi. O bildirdi ki, müstəqil respublikamız son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu bir yol keçmiş, regionda və bütövlükdə dünyada mövqelərini daha da möhkəmləndirmişdir. 2011-ci ilin birinci yarısı da çox yüksək inkişaf göstəriciləri ilə xarakterizə olunmuşdur. Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında məhz əldə olunmuş uğurlardan, qarşıda duran vəzifələrdən və onların həlli yollarından əhatəli şəkildə danışılmışdır.
Biləsuvar rayonunda da sosial-iqtisadi, mədəni inkişaf ilə bağlı ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2011-ci ilin birinci yarısında rayon ərazisində tikinti və abadlıq sahəsində xeyli iş görülmüşdür. Belə ki, Ələt-Astara və Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yollarında təmir işləri aparılmışdır. Şəhərin beş küçəsində, ümumilikdə 3,6 kilometr asfalt-beton örtüklü yol çəkilmişdir. Eyni zamanda, rayon kəndlərində 40 kilometr məsafədə yol-təmir işləri həyata keçirilmişdir. Qarabağ əlilləri və şəhid ailələri üçün şəhər ərazisində 4 mərtəbəli, 16 mənzilli yaşayış binasının və kəndlərdə 9 fərdi yaşayış evinin tikintiləri başa çatdırılmışdır.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçədə abadlıq və yenidənqurma işləri, eləcə də Əliabad kəndinin giriş hissəsində qəhrəmanın ailə üzvləri üçün iki mərtəbəli yaşayış evinin tikintisi, ərazidə yaşıllıq zolaqlarının salınması, 400 metr məsafədə magistral avtomobil yolunun genişləndirilməsi, asfaltlaşdırılması və müasir işıqlandırma dirəklərinin quraşdırılması başa çatmışdır. Səmədabad kəndində yanğından mühafizə bölməsinin, şəhər ərazisində "Aqrolizinq" ASC-nin rayon aqroservisi üçün inzibati bina və texnika parkının, Biləsuvar-İran sərhədi avtomobil yolunun sol tərəfində "Bayraq meydanı" və 2 hektar ərazidə yeni parkın tikintiləri davam etdirilir.
Şəhər ərazisində rayon maliyyə idarəsinin inzibati binasında, Əliabad kəndində 192 şagird yerlik orta məktəb binasında əsaslı təmir işləri aparılmış, şəhərin Heydər Əliyev küçəsində vergi terminalının tikintisinə başlanılmışdır.
Sosial-iqtisadi sahədə də müəyyən irəliləyişlər olmuşdur. Altı ayda kənd təsərrüfatı üzrə ümumi daxili məhsulun həcmi 8,5 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsi 50,3 milyon manat olmuşdur.
Pensiya və müavintələrin son artımı Biləsuvarda 7 min pensiyaçıya şamil olunacaqdır. Hazırda 6798 nəfər qocalığa, 4173 nəfər əlilliyə, 1202 nəfər isə ailə başçısını itirdiyinə görə pensiya alır. Cari ilin əvvəlindən rayonda pensiya və müavinətlər üzrə 7,3 milyon, ünvanlı sosial yardım alanlar üzrə isə 938 min manat vəsait ödənilmişdir.
Biləsuvar rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Taxılçılıq, pambıqçılıq və heyvandarlıq kənd təsərrüfatında geniş yer tutur. Ərzaq proqramı ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Subsidiyalaşdırma, lizinq xidməti əsasında ərzaq istehsalçılarının lazımı texnika və avadanlıqlarla, mineral gübrələrlə güzəştli təminatı və digər mexanizmlərin tətbiqi nəticəsində kənd təsərrüfatında sahibkarlıq inkişaf edir, əhalinin pul gəlirləri artır.
Məruzəçi dedi ki, bu il 46,1 min hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun yarıdan çoxunu payızlıq, qalanını isə yazlıq əkinlər təşkil edir. Son 16 ildə ilk dəfə bu il 9 min hektar sahədə pambıq əkilmişdir. Mülkiyyətçilərin əkdiyli 24384 hektar sahədə taxıl biçini başa çatmış, ümumilikdə 55 min tondan çox arpa-buğda əldə edilmiş və hektarda orta məhsuldarlıq 23.7 sentner təşkil etmişdir.
Biləsuvar fermerləri tərəfindən Bakı şəhərindəki yarmarkalara 6 ay ərzində 420 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulu göndərilmişdir.
Hər il olduğu kimi, 2011-ci ildə də Biləsuvarda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə işin yaxşılaşdırılmasına diqqət gücləndirilmiş, həmin sahələrin maddi-texniki bazası möhkəmlənmişdir.
Rayonda mövcud səhiyyə ocaqlarının bütün ixtisaslardan olan həkim və orta tibb işçiləri ilə komplektləşdirilməsi təmin edilmişdir.
Əhalinin asudə vaxtının səmərəli təşkilində, keçirilən mədəni-kütləvi tədbirlərin daha geniş auditoriyanı əhatə etməsində mədəniyyət müəssisələri işçilərinin üzərinə mühüm vəzifələr düşür. 2011-ci ilin "Turizm ili" elan olunması Biləsuvarda da bu sahənin inkişafını zəruriləşdirir. Hazırda rayonun daxili turizm marşurutları üzrə ekskursiyalar keçirilməsinə hazırlıq görülür. Mahmudçala qoruğunun, tarixi keçmişi əks etdirən memarlıq və arxeoloji abidələrin mühafizəsi gücləndirilməlidir.
Gənclərin hərtərəfli inkişafı ölkəmizdə həyata keçirilən prioritet məsələlərdən biridir. Ölkə Prezidenti tərəfindən bu ilin birinci yarısında təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" bunun bariz nümunəsidir. Artıq rayonda da bu istiqamətdə müəyyən işlər həyata keçirilir.
Mahir Quliyev daha sonra dedi:
- Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrin uğurlu həlli hər kəsdən böyük məsuliyyət, yüksək icra intizamı tələb edir. Lakin kollektivlərdə əmək intizamının vəziyyətini öyrənməkdən ötrü rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən idarə, müəssisə və təşkilatlarda aparılan reydlərin nəticəsi göstərir ki, DSMF-nin rayon şöbəsinin, torpaq şöbəsinin, arxiv idarəsinin və s. idarə, müəssisələrin rəhbərləri başçılıq etdikləri kollektivlərdə nizam-intizam yaratmaq əvəzinə, heç bir üzürlü səbəb olmadan özləri əmək intizamını pozurlar ki, bu da digər işçilər üçün arzuolunmaz nümunədir. Belə hallara inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə də yol verilir.
Adı çəkilən şöbələrə müraciət edən vətəndaşların problemlərinin həlli ilə axıradək məşğul olunmur, adamlar yersiz incidilir ki, bunun da nəticəsində haqlı narazılıqlar yaranır. Işə belə laqeyd münasibət yolverilməzdir.
Bu il və qarşıdakı illərdə də mühüm vəzifələri həyata keçirməliyik. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonumuzun inkişafı üçün də mühüm işlər nəzərdə tutulmuşdur. İri sosial və sənaye obyektlərinin tikintisinə, yol infrastrukturunun və elektrik təsərrüfatının yenidən qurulmasına, yaşayış məntəqələrinin qazlaşdırılmasına, asfalt yolların, içməli su və kanalizasiya xətlərinin çəkilməsinə və digər infrastruktur layihələrin həyata keçirilməsinə böyük önəm verilmişdir. Dövlət Proqramına uyğun olaraq yaxın günlərdə rayon mərkəzindəki Gənclər parkının yenidən qurulmasına və parkda müasir arxitekturaya uyğun olaraq Heydər Əliyev muzeyinin, Gənclər Mərkəzinin, şahmat məktəbinin, elektron kitabxananın tikintilərinə başlanılacaq, Heydər Əliyev prospektində müasir işıqlandırma sistemi quraşdırılacaq və rayonda davamlı abadlıq işləri aparılacaqdır.
Bir sözlə, rayonumuzda Dövlət Proqramından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrimizi səfərbərliyə alacaq, Biləsuvarın tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Məruzə ətrafında müzakirələrdə iştirak edənlər yarım ildə görülmüş konkret işlərdən danışdılar və qarşıya qoyulan vəzifələrin uğurlu həlli üçün mövcud potensialı bütünlüklə hərəkətə gətirmək əzmini ifadə etdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 24 iyul.- S. 4.