Müəllim ömrü

 

Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir yoxdur.

 

Heydər ƏLİYEV,

ümummilli lideri

 

Gənc nəslin müstəqil həyata hazırlanması, onun dünya baxışının formalaşması, yəni gələcəyin mütəxəssisinin ilk hazırlığı orta məktəb illərindən başlayır. Bu günün şagirdlərini gələcəyin ixtisaslı mütəxəssisi kimi qəbul etməliyik. Bu baxımdan qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri "Təhsil əsri" elan etmişdir, bu da təhsil sahəsinin bütün dünyada diqqət mərkəzində olduğunu göstərir.

Azərbaycanda hələ ötən əsrin 90-cı illərinin əvvələrindən təhsil sistemində islahatlar haqqında müzakirələr getsə də, yalnız 1999-cu ildə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" təsdiq olundu. Daha sonra isə ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanına muvafiq olaraq mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsilin keyfiyyətinə nəzarət səlahiyyəti Təhsil Nazirliyinə verildi. Qısa müddət ərzində təhsilin keyfiyyətinə nəzarət mexanizmi yaradıldı. Aydındır ki, təhsilin keyfiyyətinə bir çox amillər təsir etsə də, burada əsas şərt müəllimlərin hazırlıq səviyyəsidir.

Hər bir valideyn övladının məktəbli yaşına çatmasını səbirsizliklə gözləyir və nəhayət, öz övladının taleyini MÜƏLLİMƏ etibar edir. Müəllim kimi şərəfli bir peşədən və bu peşənin daşıyıcılarından danışarkən, təbii ki, ilk növbədə insanın öz müəllimləri yada düşür. Müəllimlərimizin hər biri öz görkəmi və xarakteri ilə gözlərimiz önündə canlanır. Biz müəllimlərimizi sevirdik və bu gün də onları xoş xatirələrlə xatırlayır, imkan daxilində görüşməyə çalışırıq. Çünki biz onlara sözün həqiqi mənasında əsl müəllim - ideal insan kimi münasibət bəsləyirik.

Bu gün heç bir təmənna ummadan savadlı, layiqli insan yetişdirmək istəyən nə qədər müəllim tanıyıram. Adına və peşəsinə hörmət gətirən, həyatını dəyərli işinə həsr edən müəllimlərimiz az deyil. Bizim hər birimizin həyatında müəllim əməyi var və hər birimiz müəllim əməyinin, müəllim sevgisinin bəhrələriyik. Müəllim bizə həmişə mənalı həyat yaşamağı tövsiyə edir, çünki əsl müəllim həmişə yaxşı şagird - əsl insan yetişdirməyə çalışır. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən, artıq üçüncü ildir ki, "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri keçirilir ki, bu da müəllimlərin maddi və mənəvi həvəsləndirilməsinə, məktəblərin tədris - maddi bazasının möhkəmləndirilməsınə güclü təsir göstərir. Bu sərəncama əsasən, qalib seçilən 50 ümumtəhsil müəssisəsinin hər biri 10000 manat, 100 müəllimin isə hər biri 5000 manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılır.

2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" nominasiyasındakı qaliblər arasında Kəlbəcər rayonu Başlıbel kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, rayonun işğalından sonra isə Xırdalan şəhər 6 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirən Hüseyn Müseyib oğlu Şahbəndəyev də var. Müəllimlərimizin fəaliyyətinə verilən bu yüksək qiymətə görə, ilk növbədə, İlham Əliyevə, mədəniyyətimizin və təhsilimizin hamısi olan hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildırərək sevimli müəllimim Hüseyn Şahbəndəyevi təbrik edir, ona şəxsi həyatında və pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayıram.

Ölkə başçısı möhtərəm İlham Əliyevin təhsilə, müəllimə göstərdiyi bu diqqət və qayğı öz sıralarında 3 elmlər doktoru və 20-yə yaxın elmlər namizədini birləşdirən Başlıbel kənd orta məktəbinin məzunlarını da çox sevindirir. Nəzərə alsaq ki, müəllimlərimiz, eyni zamanda, məktəblərimizin simasıdır, onda "İlin ən yaxşı müəllimi" adını qazananlara verilən bu qiymət həm də onların məzunu olduğu məktəblərə aiddir. Məlumat üçün qeyd edək ki, Hüseyn Şahbəndəyev 1974-cü ildə Başlıbel kənd orta məktəbini, 1979-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Başlıbel kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Sonralar Hüseyn müəllim İsmayıllı rayonunda, Bakı şəhərində, "Araz" kurslarında özünü sınamışdır. Nəhayət bütün sınaqlardan üzüağ-alnıaçıq çıxan hörmətli müəllimimiz hazırda Xırdalan şəhər 6 saylı orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.

Görkəmli alman pedaqoqu A.Disterveq öz əsərlərində qeyd edirdi ki, pis müəllim şagirdlərə həqiqəti təqdim edir, yaxşı müəllim onu tapmağı öyrədir. Təsadüfü deyildir ki, xalq arasında da belə bir deyim formalaşıb, "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Bu məsələyə alman filosofu İ.Hötenin münasibəti isə belə idi: "Kimlərdən biz öyrəniriksə, düzgün olaraq bizim müəllimlərimiz adlandırılırlar, lakin hər öyrədən bu ada layiq deyil. Bu ada layiq olmaq üçün "təhsildə kamilliyə çatmaq lazımdır". Bu gün tam əminliklə qeyd edə bilərəm ki, yüzlərlə gəncin yaxşı mütəxəssis, vətənpərvər vətəndaş, xeyirxah bir insan kimi formalaşmasında əvəzsiz xidmətləri olan Hüseyn müəllim məhz "təhsildə kamilliyə can atan", oz sahəsinə dərindən bələd olan bir pedaqoqdur. Daim öz üzərində çalışan Hüseyn Şahbəndəyevin müxtəlif kurs və treninqlərdə iştirak edərək sertifikatlar alması, İKT-nin təhsilə tətbiqi üzrə proqramı müvəffəqiyyətlə başa vurması, Azərbaycan Müəllimlər İnstitutunda "Öyrədənlərin öyrədəni" kursunu bitirməsi, müxtəlif elmi və elmi-publisistik məqalələrlə çıxış etməsi və s. yuxarıda qeyd olunanları bir daha təsdiq edir.

Məhşur pedaqoq V.A.Suxomlinski "Yaxşı müəllim nə deməkdir" sualına belə cavab vermişdir: "Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünya görüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır".

Hüseyn Şahbəndəyev də məhz yuxarıdakı keyfiyyətləri özündə birləşdirən bir pedaqoqdur. Şagirdlərinin səsi beynəlxalq olimpiadalardan, dünya universitetlərindən, Prezident təqüdçüləri sıralarından gələn Hüseyn müəllim həm də XI sinif üçün "Ədəbiyyat" dərsliyinin rəsmi rəyçisi, "Əli və Nino romanının təhlili" mövzusunda metodik vəsaitin müəllifidir. Bütün bunlar isə Hüseyn Şahbəndəyevin əsl müəllim , V.A.Suxomlinskinin "yaxşı müəllim" meyarlarına tam uyğun olduğunu sübut edir.

Müəllim adı ümumiyyətlə, Azərbaycanda həmişə çox uca tutulub. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsəd və vəzifəsi də müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil haqqında" Qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir". Bütün müəllimlərimizə, xüsusilə ölkə başçısının müvafiq sərəncamı ilə mukafatlandırılan "İlin ən yaxşı müəllimləri"nə, Hüseyn müəllimin timsalında bu vəzifənin yerinə yetirilməsində böyük uğurlar arzulayıram.

Müəllimlər övladlarımızı savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şəxslərdir. Qoy övladlarımız bir vaxt öz müəllimlərindən ayrılanda bizim kimi gözləri dolmasa da, şair - pedaqoq Musa Yaqubun bu misralarını ürəkdən deyə bilsinlər:

 

Hamıya pay verib ömründən bir az,

Məndədir, səndədir müəllim ömrü.

 

 

Aqil ƏSƏDOV,

Başlıbel kənd orta məktəbinin

məzunu, iqtisad elmləri namizədi,

dosent

 

Xalq qəzeti.- 2011.- 24 iyul.- S. 5.